Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”
Görkəmli xalçaçı-rəssam Kamil Əliyev barədədir bugünkü söhbətim.
Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində dünyaya göz açmışdır. İrəvan torpaqları onun nəslinin dədə-baba yurdu olmuşdur. Mövcud məlumatlara əsasən, Kamil Əliyev tanınmış ictimai və elm xadimi Əziz Əliyevin bibisi Gülsüm xanımın nəvəsi idi.
1905-ci il İrəvan qırğınları zamanı Müseyib kişi ailəsi ilə birlikdə qaçqın düşmüş, əvvəlcə Gəncəyə, daha sonra isə Türkiyənin Qars şəhərinə köçmüşdür. Təxminən bir ildən sonra vəziyyətin nisbətən sakitləşməsi ilə ailə yenidən İrəvana qayıtmışdır. Bu ağır və keşməkeşli illər gələcək rəssamın yaddaşında silinməz izlər buraxmışdır. 1930-cu illərdə isə Kamil Əliyevin ailəsi Bakıya köçərək Çəmbərəkənd məhəlləsində məskunlaşmışdır.
Kamil Əliyev 1930-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumuna qəbul olunmuşdur. Təhsil aldığı dövrdə paralel olaraq “Azərxalça” birliyinin bədii-təcrübə laboratoriyasında növbətçi rəssam kimi çalışmışdır. Burada Qəzənfər Xalıqov, Əmir Hacıyev və Lətif Kərimov kimi görkəmli sənətkarlarla birgə fəaliyyət göstərmişdir.
Texnikumu bitirdikdən bir il sonra İkinci Dünya müharibəsi başlamışdır. Gürcüstanda üç aylıq hərbi hazırlıq keçdikdən sonra Kamil Əliyev birinci Belarus cəbhəsinə göndərilmişdir. Polşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş, Berlinə qədər döyüş yolu keçmişdir. Bir neçə dəfə yaralansa da, cəbhəni tərk etməmişdir. 1945–1946-cı illərdə Almaniyada Sovet Ordusunun tərkibində xidmət etmiş, 1946-cı ildə ordudan tərxis olunaraq vətənə qayıtmışdır. 1947-ci ildən etibarən xalça istehsalı-yaradıcılıq kombinatında rəssam kimi fəaliyyətə başlamışdır.
1958-ci ildə dahi şair Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə Kamil Əliyev onun portretini xalça üzərində yaratmışdır. Zaman keçdikcə yaradıcılığı daha da yetkinləşmiş, o, Nizami Gəncəvinin, milli dramaturgiyanın banisi M.F.Axundovun portretlərini də xalça sənətində canlandırmışdır. 1973-cü ildə UNESCO xətti ilə qeyd olunan İmadəddin Nəsiminin yubileyi münasibətilə toxuduğu “Nəsimi” xalçası onun diqqətçəkən əsərlərindən biri olmuşdur.
1985-ci ildə Kamil Əliyev Hindistana yaradıcılıq səfərinə getmiş və bu səfər nəticəsində “Hindistan”, “İndira Qandi”, “Rabindranat Taqor” adlı əsərlərini ərsəyə gətirmişdir. Onun yaradıcılığı Misir, İtaliya, Hindistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, İsveçrə, ABŞ və Almaniyada keçirilən beynəlxalq və fərdi sərgilərdə nümayiş olunmuşdur.
Rəssamın sənətində fərdilik və orijinallıq mühüm yer tutur. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəcibə Abdullayeva onun yaradıcılığı barədə qeyd edirdi ki, “Xilə-buta”, “Tirmə”, “Xonça”, “Ləçək-turunc”, “Butalı”, “Təbriz” kimi xalçalar Kamil Əliyevin özünəməxsus və təkrarolunmaz üslubunun formalaşdığını təsdiqləyir.
1996-cı ildə Kamil Əliyev “Azərxalça” İstehsalat Birliyinin müdiri vəzifəsində çalışmışdır. 1998-ci il onun yaradıcılıq fəaliyyətində xüsusi yer tutur. Həmin ilin mart ayında Cenevrədə 136 ölkənin iştirak etdiyi beynəlxalq sərgidə Azərbaycan xalçası “Ən keyfiyyətli ticarət markası” adına layiq görülmüşdür. Elə həmin ilin iyulunda sənətkara “Qızıl Amerika” mükafatı təqdim edilmiş, eyni zamanda ona professor elmi adı verilmişdir.
Kamil Əliyev 1960-cı ildə “Tətbiqi incəsənət ustası” fəxri adına layiq görülmüş və bu ada sahib olan ilk şəxs olmuşdur. 1967-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə isə “Xalq rəssamı” fəxri adları ilə təltif edilmişdir. O, iyirmiyə yaxın orden və medalla, o cümlədən 1999-cu ildə Azərbaycanın ən ali dövlət təltiflərindən biri olan “İstiqlal” ordeni ilə mükafatlandırılmışdır.
Görkəmli xalçaçı-rəssam Kamil Əliyev 2005-ci il martın 1-də vəfat etmişdir.


