Nigar Xanəliyeva, “Ədəbiyyat və İncəsənət”
Şamama Məmmədkərim qızı Ələsgərova 1904-cü il martın 8-də İrəvan şəhərində dünyaya gəlmiş, ilk təhsilini gimnaziyada almışdır. Çətin və keşməkeşli bir həyat yolu keçən Şamama xanım 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş və elə həmin ildə cəbhəyə göndərilmişdir...
Müharibə dövründə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, daha sonra isə kadrlar idarəsinin rəisi vəzifələrində çalışmışdır.
1945-ci ildə N. Krupskaya adına 5 nömrəli klinik doğum evinə baş həkim təyin olunan Şamama Ələsgərova ömrünün sonunadək – 1977-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərmişdir. Onun güclü təşkilatçılıq bacarığı nəticəsində doğum evi respublikanın aparıcı müalicə-profilaktika müəssisələrindən birinə çevrilmiş və keçmiş Sovet İttifaqında geniş nüfuz qazanmışdır.
Şamama Ələsgərovanın elmi və praktik fəaliyyəti əsasən ana və uşaq sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına yönəlmişdir. O, eyni zamanda respublikada malyariya və helmintoz xəstəliklərinə qarşı aparılan mübarizə tədbirlərində fəal iştirak etmişdir.
Görkəmli həkimin fəaliyyəti mərkəzi və yerli mətbuatda da geniş işıqlandırılmış, “Pravda”, “Komsomolskaya pravda”, “İzvestiya”, “Bakı”, “Baku” və digər nüfuzlu qəzetlərdə onun haqqında mütəmadi məqalələr dərc olunmuşdur.
Şamama xanım 1958-ci ildə “Səhiyyə əlaçısı”, 1960-cı ildə isə “Əməkdar həkim” fəxri adlarına layiq görülmüşdür. 1969-cu il fevralın 5-də ona göstərdiyi xidmətlərə görə “Sosialist Əməyi Qəhrəmanı” adı verilmişdir. O, Azərbaycanda bu ali ada layiq görülən ilk səhiyyə işçisi olmuşdur.
Şamama Ələsgərova Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı seçilmiş, “Lenin”, “Şərəf nişanı” ordenləri və müxtəlif medallarla təltif edilmişdir.
Tanınmış həkim 1977-ci ildə vəfat etmişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(23.12.2025)


