Turanə Orucova,
İncəsənətin Tərəqqisinə Dəstək İB-Sədri, “Ədəbiyyat və incəsənət” üçün
Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində yerləşən, əsrlər boyu xalqımızın yaşadığı, nəfəs aldığı, qurub-yaratdığı qədim yurdlarımız bizim tariximizin, mədəniyyətimizin və kimliyimizin ayrılmaz parçasıdır. Bizi bu torpaqlardan deportasiyalarla, zorakı köçlərlə, etnik təmizləmələrlə uzaqlaşdırmağa çalışdılar. Amma bizi yaddaşımızdan, ruhumuzdan silə bilmədilər.
Bu torpaqlar bizə yad deyil; orada qalan evlərimiz bizim idi, çiçəklənən bağlarımız, axan çeşmələrimiz, ucalan məscidlərimiz - hamısı bizim idi. O torpaqlar bizim babalarımızın ayaq izləri, nənələrimizin laylası, sazımızın səsi ilə yoğrulmuş müqəddəs Vətəndir.
Tarixi yaddaş bir millətin ölməməsidir. Biz Qərbi Azərbaycan yaddaşını sözümüzlə, sazımızla, nağıl və dastanlarımızla, həsrət dolu bayatılarla qoruduq. O torpaqlar təkcə fiziki yox, mənəvi varlığımızın beşiyidir.
Prezident İlham Əliyevin 5 dekabr 2025-ci il tarixində verdiyi bəyanat bu yaddaşın artıq yeni mərhələyə keçdiyini göstərdi. Dövlətin siyasi iradəsi, xalqın mənəvi gücü və beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyimiz bu qayıdışın gerçəkliyə çevriləcəyini sübut edir. Qayıdış artıq xəyallarda deyil - gələcək planlarımızda, gündəmimizdə və fəaliyyətimizdədir.
Biz -milli kimliyi bəlli olan, keçmişini unutmayan, gələcəyini isə qurmaq əzmində olan xalqıq. Bu torpaqlara qayıdış yalnız fiziki dönmək deyil, orada yenidən həyat qurmaqdır. Babalarımızın tikdiyi evləri biz – onların nəvələri yenidən inşa edəcəyik.
Sazımız yenə səslənəcək o yurdlarda, muğamımız dağlardan, dərələrdən yenidən eşidiləcək.
Uşaq gülüşləri, ana laylası, qoca duaları yenidən Qərbi Azərbaycanın ocaqlarında yaşayacaq.
Nənələrimizin bayatısı, babalarımızın söhbəti itmədi. Biz varıqsa, onlar da yaşayır. İndi o yurdları yenidən dirçəltmək növbəsi bizə çatıb. Biz quracağıq, yaradacağıq. Bizim səsimiz –haqqın, ədalətin səsi o torpaqlarda eşidiləcək.
Qərbi Azərbaycanın səsi yenidən yüksələcək – kamança səsləri, tarın avazı, aşıq havaları, xalq nəğmələri o dağlarda, o çəmənlərdə yenə oxunacaq. Yaddaşın üzərinə düşən toz silinəcək, unudulmuş izlər yenidən canlanacaq. Bu, bizim milli varlığımızın yenidən ayağa qalxması olacaq.
Unutmayaq: tarixi yaddaş silinməz! Hər bir dağ, hər bir bulaq, hər bir daş – bizimdir. Bizim haqqımızdır. Və biz bu haqqı təkcə tələb etmirik biz bu haqqı qazanırıq.
Tarix bizi çağırır – biz cavab veririk.
Kimliyimiz bizi çağırır Biz qayıdırıq.
Qərbi Azərbaycan - bizimdir! Yaddaşımız qədər, sazımız qədər, sözümüz qədər bizimdir!
Və biz yenidən o torpaqlardasözümüzü deyəcək, musiqimizi səsləndirəcək, həyatımızı quracağıq.
“Ədəbiyyat və incəsənət”
(10.12.2025)


