Dost itirmək istəməyən Hafiz Baxış Featured

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Özünə o qədər “nəğməkar şair” deyənlər olub ki. Amma bəlkə də heç kəsin, Vahid Əziz istisna, şeirlərinə bu qədər mahnı bəstələnməyibdir. Bəstəkar Ələkbər Tağıyevlə tandemdə Hafiz Baxış onlarca dillər əzbəri mahnı bəstələyibdir. Elə iki mahnısının adını çəkim, məsələ bilməyənlərə agah olsun. Sovet dönəmində ekran və efirlərdən yığışmyan, vallara, kassetlərə yazıldıqca yazılan “Azərbaycan oğluyam” mahnısı var idi, Məmmədbağır Bağırzadə oxuyurdu, yaxud, “Eşqimi sönməyə qoymaram” mahnısı var idi, Nisə Qasımova oxuyurdu, lütfən o mahnıları tapıb bu gün dinləyin. Çünki bu gün o mahnıların sözlərini müəllifi Hafiz Baxışın doğum günüdür. Hörmətlə xatırlayır, Allah rəhmət eləsin deyirik.

 

Gəlin itirməyək dostları, qardaş!

Onsuz da çox deyil yaxşı dost, sirdaş.

Dostluq qalasından bir kərpic, bir daş

Uçurub aparır hər saat, hər il -

Bizim dost itirən vaxtımız deyil!

 

Bir könül həmdəmi tapana qədər

Can evi illərlə olur dərbədər.

Var-dövlət dünyada gəlib də gedər,

Hər şeyə göz yumub dosta et meyil-

Bizim dost itirən vaxtımız deyil!

 

Tutmursa xasiyyət, tutmursa ürək,

Havayı duz dadıb, kəsməyək çörək.

Dostun hər cövrünə qatlaşıb gərək,

Olaq yaxşısına, pisinə qayil -

Bizim dost itirən vaxtımız deyil!

 

Onsuz da qısadır, dönükdür ömür,

Tale biz deyəni həmişə demir.

Ey dost, biz nə daşıq, nə də ki, dəmir,

Əsl dost yolunda ikiqat əyil-

Bizim dost itirən vaxtımız deyil!

 

Dünyanı tutub ha qalan deyilik,

Əbədi məskən də salan deyilik.

Ömrü bir də satın alan deyilik,

Dostluqda hər anın qiymətini bil-

Bizim dost itirən vaxtımız deyil!

 

Canını istəsə, dosta qurban de,

Dərdinə çarə qıl, ona dərman de.

Dost sənə "çor" desə, sən ona "can" de,

Düşməni dost edir xoş söz, şirin dil-

Bizim dost itirən vaxtımız deyil!

 

Hafiz, dar ayaqda dosta ol dayaq,

Dostluğu müqəddəs bir nemət sayaq.

Fitnə-fəsadlara məhəl qoymayaq,

Çəkək nankorların gözlərinə mil -

Bizim dost itirən vaxtımız deyil!

 

Bu isə onun ən popular, ibrıtamiz şeirlərindən biridir…

Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Qərbi Azərbaycanda - Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirib. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləyib, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil alıb.

Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olub. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışıb. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərib.

 İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunub, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında, "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunub. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınıb. İyirmidən çox şeirinə musiqi bəstələnib.

Hafiz Baxış, dedik ki, ömrünün xeyli hissəsini Sumqayıtda yaşayıb və çalışıb, əməkdaşımız Elman Eldaroğlu yazır ki, onun yaşadığı 8-ci mikrorayonda Hafiz Baxışın əmioğlusu Fazil müəllimgil yaşayırdı, şair onlara gələndə bütün həyət əhli o cür məşhur mahnının müəllifinin tamaşasına durardılar.

Hafiz Baxış həm də alovlu vətənpərvər idi, 1988-ci ildə həmyerlilərinin Qərbi Azərbaycandan kütləvi şəkildə qovulmaları, erməni separatçılarının Qarabağ münaqişəsinə qol qoymasını ürəyinə salır, fikir edirdi. Nə yaşı var idi ki, cəmi 57 il yaşadı, elə həmin o qanlı-qadalı illərdə - 1989-cu il sentyabrın 7-də vəfat etdi.

İndi mahnıları və şeir kitabları sevənləri üçün təsəllidir.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.