İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Qərbi Azərbaycandan – bir zamanların azman İrəvan xanlığından indi yalnız xatirələr qalıb. Biz Qərbi Azərbaycan kökənli insanları daha çox təbliğ etməli, onları daha çox dinləməliyik. Axı onların ürəkləri yaralıdır və onlar – o torpaqların bizə məxsus olduğunu genkodunda daşıyan sonuncu aborogenlərdir. Orada doğulan ən gənc insan – 1989 təvəllüdlü ola bilər. Təəssüf ki, həmin ildən sonra o torpaqlarda bircə azərbaycanlı qalmayıbdır.
Azərbaycan dövlət xadimi Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycan Meğri rayonunun Maralzəmi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləyib, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunub, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq edib.
Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik edib, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs deyib. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranıb, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görüb, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunub.
Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilib, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulub. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilib. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina edib.
Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini, sonra baş redaktoru vəzifələrində işləyib. Bu illərdə "Gənclik" nəşriyyatında böyüməkdə olan nəsillər üçün dəyərli kitablar, o cümlədən Azərbaycan klassik ədəbi irsi, flokloru, tarixi keçmişi sistemli şəkildə nəşr edilib yayılıb. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm bir hadisədir.
Hidayətin təşəbbüsü və rəhbərliyi ilə 15 cildlik "Azərbaycan folkloru", 25 cildlik "Macəra və fantastika", 17 cildlik "SSRİ Xalqları Ədəbiyyatı" kitabxanalarının, bir sıra mühüm seriyaların nəşrinə də həmin illərdə başlanıb. Hidayət ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırlarımına, yaşadığımız günlərin problemlərinə həsr olunan 150-dən çox məqalənin, publisist qeydlərin müəllifidir. Onun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" monoqrafiyası ingilis, rus, gürcü, türk, ərəb, qırğız dillərində də nəşr olunub.
Kitabları
Yazıçının altmışdan çox poeziya, nəsr, publisistika, tərcümə və s. kitabları nəşr olunub. Hidayətin xarici dillərdə nəşr olunan "Mən belə yaşayıram", "Nura qovuşacağıq" (rus dilində), "İntizar", "Sənsiz" (gürcü dilində), "Sabaha çox var" (Dağıstan dillərində), "Dağlar nəğməsi" (özbək dilində) və s. kitabları maraqla qarşılanıb. Əsərləri otuzdan çox dilə çevrilib.
1. "Məni səsləyəndə" (şeirlər və poema)
2. "Məhəbbət qocalmır" (şeirlər və poemalar)
3. "Bir az gözləyin məni"
4. "Məhəbbət qocalmır" (şeirlər və poemalar)
5. "Zirvə cığırı" (şeirlər)
6. "Bir teatrın üç aktyoru" (publisistika)
7. "Dənizi harayladım" (şeirlər)
8. "Eviniz analı olsun" (şeirlər və poemalar)
9. "İrəvanda xal qalmadı" (dramaturgiya, nəsr, publisistika)
10. "Qatardan məktub" (şeirlər)
və s.
Mükafatları
1. Ermənistan SSR Əməkdar mədəniyyət xadimi
2. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
3. "Ləyaqət" ordeni. (Gürcüstan)
4. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi
5. Rus Pravoslav kilsəsinin "Müqəddəs Mömin Moskva Knyazi Daniil" ordeni
6. "Şöhrət" ordeni
7. Dağıstan Respublikasının Fəxri Fərmanı
9. Çuvaşıstan Respublikasının ali ədəbi mükafatı – Paydulla İskeyev adına Çuvaş Beyənlxalq Ədəbi Mükafatı
9. Rus Pravoslav kilsəsinin "Şöhrət və Şərəf" ordeni
“Ədəbiyyat və incəsənət”
(05.09.2025)