İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də mədəniyyət tariximizdə elə isimlər var ki, əsla unudulmyacaqdır, tarixdə qalacaqdır. Belə adlardan biri də televiziya rejissoru, mərhum Arif Qazıyevin adıdır.
Necə böyük layihələr bəxş edib Azərbaycana. Elə bir tək Muğam Teatrı nəyə desəniz dəyər.
Arif Qazıyev 1938-ci il mayın 17-də İrəvanda anadan olub, Gəncədə yaşayıb. Orta təhsilini Gəncədə başa vurduqdan sonra böyük bəstəkar Fikrət Əmirovun təkidi ilə Bakıya gəlib və Teatr İnstitutunda təhsilini davam etdirib. Arif Qazıyev hələ uşaqlıqdan bir çox musiqi festivallarının, konsertlərin iştirakçısı olub.
1956-ci ildən Azərbaycan Televiziyasında fəaliyyətə başlayıb, görkəmli sənətkarlarla təmasda olub və televiziyada ilk kişi diktoru olub. Daha sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasına keçib, bir müddət musiqi şöbəsində çalışıb.
O, Georgi Tovstonoqovun rejissorluq məktəbini keçib.
Arif Qazıyev 90-na yaxın musiqili filmin rejissoru və ssenari müəllifidir. 1967-ci ildə “Şur” muğamı əsasında çəkdiyi film böyük səs-küyə səbəb olub. Filmdə “Şur” muğamını oxuyan xanəndələr qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışıblar.
Arif Qazıyev “Şəhər üzərində mahnı” (1965), “Çalır Tamilla Mahmudova” (1966), “Məhəbbət haqqında əfsanə” (1967), “Üçüncü simfoniya” (1968), “Sevinc” (1968), “Təsnif” (1969), “Toyda görüş” (1970), “Torpaq patriarxları” (1971), “Çempionlar məktəbi” (1972), “Gülüstan Bayatı-Şiraz” (1972), “Avtomobildən qorun” (1974), “Payız melodiyaları” (1974), “Bəstəkar Qara Qarayev. Opus-78” (1979), “Bəstəkar Rauf Hacıyev” (1982), “Salam Zeynəb” (1982), “Elimin bayramıdır” (1989), “Qara Qarayev” (2003), “Məşədi İbad-94” (2005), “Xarıbülbül” (2006) və digər filmlərin müəllifidir.
Arif Qazıyev 1988-ci ildə Muğam Teatrını yaradıb, uzun müddət teatrın bədii rəhbəri və baş rejissoru olub. Əməkdar incəsənət xadimidir, 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 24 fevral 2022-ci ildə 84 yaşında insultdan vəfat edib. Nardaran qəbiristanlığında dəfn olunub.
Filmoqrafiya
1. Acılar bitməz
2. Avtomobildən qorun
3. Ayna
4. Bəstəkar Qara Qarayev. Opus-78
5. Bəstəkar Rauf Hacıyev
6. Bir ovuc torpaq
7. Bizim universitet
8. Çalır Kamera Orkestri
9. Çalır Tamilla Mahmudova
10. Çempionlar məktəbi
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(03.09.2025)