Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri olmu Əkbər İrəvanlı Featured

 

 

İnci Məmmədzadə. “Ədəbiyyat və incəsənət”

 

Qərbi Azərbaycanda maddi və mənəvi irsimizi tam olaraq məhv etdilər ermənilər. İndi o torpaqlarda yetişmiş ziyalılarımızın irsi bizə təsəllidir. 

Ermənistan SSR Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri olmu

Əkbər Yeravanlı (İrəvanlı) barədə danışacağıq. Bu gün onun anım günüdür. 

 

Əkbər İrəvanlı 1921-ci il iyunun 17-də İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirib. İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil alıb. 

Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlayıb, ədəbi işçi, məsul katib, tərcüməçi, Ağbabada, Basarkeçərdə müəllim işləyib. 

1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olub, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olub, 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləyib. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparıb, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası", "Cəlil Məmmədquluzadə və erməni xalqı", "Nəsimi", "Xatabala" jurnalı Azərbaycan haqqında"  kitabları çap olunub.

İrəvan şəhərində Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri", "M. Ə. Sabir və erməni xalqı", "Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı", "Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı" tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunub. Əkbər İrəvanlının  Sabir Rzayevlə birgə yazdıqları 166 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1980-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunub.

Cəfakeş tədqiqatçı, nasir, dramaturq 28 avqust 1982-ci ildə İrəvan şəhərində vəfat edib, valideynlərinin yanında dəfn olunub.

O, 1988-ci il deportasiyasından xəbərsiz dünyadan köçüb. Amma növbəti deportasiya içi onun əzizləri qarışıq bütün azərbaycanlıların o torpaqlardan qovulması ilə sonuclanıb. 

 

Əsərləri

Ədəbi

Mənim günəşli ölkəm

Gözəllik və səadət nəğmələri

Azadə

Yay gecəsində

Qəlbimin çırağı

Yeddinci övladın anası (rus. Мать седьмого ребенка)

 

Elmi 

1. Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası 

2. Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri.

3. M. Ə. Sabir və erməni xalqı

4. Cəlil Məmmədquluzadə və erməni xalqı

5. Azəri-erməni ədəbi əlaqələri (Qədim dövrdən XVIII əsrin sonuna qədər)

6. Nəsimi

7. "Xatabala" jurnalı Azərbaycan haqqında

8. Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı.

9. Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı

10. Yunis Nuri

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.