Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
BizimkəndAğrı dağınınətəyində yerləşirdi. Hər səhər nənəm deyərdi ki, “Ağrı bu gün də bizə baxır... dağlar adamın şahididir, qızım.” Mən isə uşaq ağlımla düşünərdim ki, dağ baxa bilərmi?
Sonralar başa düşdüm: o dağ yalnız baxmır, həm də görür, yadda saxlayır, susaraq danışır...
O kənddə babam da doğulmuşdu, atam da, mənim köklərim də ora bağlı idi. Atam deyirdi: “Hər bayramdan əvvəl kənd qəbiristanlığına gedərdik. Baş daşlarında Quran ayələri, gözəl oyma naxışlar, bir də qədim əl yazısı ilə yazılmış adlar vardı. Biz o daşlara toxunanda elə bil tarixə toxunurduq...”
Amma bir gün bizi oradan qopardılar. Qaçqın adını verdilər, amma əslində didərgin olduq. Təkcə evlərimizdən yox... ölülərimizin yanından da didərgin salındıq.
İllər keçdi... kəndimizdən bir görüntü tapdım. Qəbiristanlıqda daş qalmayıb. Ağrı dağının ətəyindəki o səssiz abidələr... yox edilib. Baş daşlarının yerində indi ot bitib, bəlkə də bəzilərinin üstündə maşın park edilib. Elə bil biz heç olmamışıq...
Bu necə unudulsun?
Bu necə bağışlansın?
Soyadımızın sahib adı sanki torpağın altındadır, amma üstündəki nişanəsi silinib. O baş daşında yazılmış dua indi mənim sinəmdə döyünür. Çünki qəbirlər susur, amma yaddaş danışır.
O kənd, o dağ, o məzarlar mənim yaddaşımdır. Onlar sındırılıbsa, mən ayaqda dayanmalıyam. Onlar unudulubsa, mən danışmalıyam. Onlar torpağın altında yatırlarsa, mən onları ruhumda yaşatmalıyam.
Qərbi Azərbaycan İcması bu məsələni işıq üzünə çıxarır və sübutlu faktlarla 2000-dən artıq xəritə çəkilişlərində aşkarlanamış bariz vandallıq nümunələrini nəzərə çatdırır. Onlar qəbristanlıqların nə vaxt dağıdıldığı barəsində məlumat əldə ediblər. Qəbirlər bizim abidələr qədər irsimizdir. Biz nə didərgin düşdüyümüz yurdu, nə də silinməyə çalışılan irsimizi unutmalıyıq. Ali baş komandanımız demiş: “Biz Aşıq Ələsgərin kəndində Aşıq Ələsgərin abidəsini qoyacayıq”. Biz yaşadığı yeri dağıdan yox, çiçəkləndirən, can verən ruhuq. Biz qayıdanda otumuzu, ağacımızı canlandıracaq, abidələrimizi, qəbiristanlıqlarımızı bərpa edəcəyik!
Bir gün qayıdacağıq. O torpağa, o dağın ətəyinə. Qəbirlər bəlkə də yox olacaq... amma biz yenidən ora dua ilə qayıdacağıq. Daş qoymasalar da, ruhumuzu qoyacağıq...
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)