İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O torpaqlarda çox böyük milli-mədəni irsimiz aldı, insanlarımızı qovdular, abidələrimizi dağıtdılar, amma ruhumuz qaldı. Hələ də bizim sözləri işlədib, bizim musiqiləri dinləyib, bizim yeməkləri bişirib yeyib bizi dansalar belə, bu ruh onların başından basır.
"Araz" ali ədəbi mükafatı laureatı, Qərbi Azərbaycanın ən tanınmış yazarlarından olan Əli Vəkilin bu gün doğum günüdür.
O, 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olub.
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini qiyabi bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Xəbərlər Baş redaksiyasında redaktor, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda laborant, Yazıçılar İttifaqının orqanı "Qrakan Adrbecan" ("Ədəbi Azərbaycan") jurnalı redaksiyasında şöbə müdiri, sonra məsul katib, Azərnəşrdə "Göy qurşağı" redaksiyasının müdiri olub.
Əli Vəkilin ilk kitabı 1963-cü ildə İrəvanda işıq üzü görmüş "Sona bulağı" kitabı olub, şairin oxucunları ilk görüşü uğurlu alınıb. Göyçə mahalında el arasında məşhur olan Sona bulağına həsr edilmiş poema-əfsanə bədii təxəyyülün və müəllifin mövzuya yanaşma tərzinə görə maraq doğurub.
Əsərləri
1. Ömür karvanı
2. Kişi ömrü
3. Fərizə-İlham dastanı
4. Cərrah Vaqif möcüzəsi
5. Əbədi qəhrəmanlıq
6. Qoşmalar
7. Aqillər, ariflər, alicənablar
8. Doğma yollar
9. İki günəş
10. Sona bulağı
11. Yeddi dağ
2013-cü il iyunun 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şairin 75 illik yubileyi keçirilib. Tədbirdə Ramiz Quliyev, İzzət Rüstəmov, Vaqif Qələndər, Eldar İsmayıl, İslam Sadıq, Sara Göyçəli, Oqtay Rza və başqaları çıxış edib. Şair 80 illiyini də yaşayıb. Amma 85-ə cəmi bir il çatmayıb.
Əli Vəkil 7 fevral 2022-ci ildə ürəyində Basarkeçər həsrəti dünyanı tərk edib.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(10.06.2025)