“Ədəbiyyat və incəsənət” portalı “Cümə qiraəti” rubrikasında Fariz Süleymanoğlunun şeirlərini təqdim edir.
ŞÜKR ELƏ
İçimdən bir səda deyir:
“Bunca çilə olmaz” demə, şükr elə!
Ötüb keçər, gəl qəm yemə, şükr elə!
Susuz çölü, səhraları yada sal,
Sərin mehə, bu şəbnəmə şükr elə!
Necə ağır çağlar görüb bu dünya,
Yaşadığın dövrə, dəmə şükr elə!
Ətrafını zülmət görüb üzülmə,
Köksündəki yanan şəmə şükr elə!
İnan, çoxun çox da dərdi-səri var,
Əldəkinə, aza, kəmə şükr elə!
Düzdü, dünya bədxahlarla doludu,
Sən xeyirxah bir həmdəmə şükr elə!
Məkkədəki o Zəmzəmə çatmasan,
Nuş etdiyin hər “zəmzəmə” şükr elə!
Bir yaranın əgər varsa dərmanı,
Sınaq sayıb, sən məlhəmə şükr elə!
Deyiblər ki, dərd insanı duruldar,
Üsyan etmə, döz sitəmə, şükr elə!
Başdan-başa möcüzədi bu aləm,
Hikməti gör, gəl kərəmə şükr elə!
Həssas ürək bəxş edibdi Yaradan,
Duy ürəyə, yaz qələmə şükr elə!
Tanrı səni sevir, seçir, öylə bil,
Qərib, O Rəbbülaləmə şükr elə!
QƏRİB
Bu döyüşün qaydası yox,
O xəbərsiz vuruşubdu.
Üsyan etsə faydası yox,
Yarış bitib, yarışıbdı.
“Düşeş” ummur daha zərdən,
Usanıbdı yol, səfərdən,
Bu sürgündə qəm-kədərdən,
Bel bükülüb, qırışıbdı.
Sözlər qoşur söz yanından,
Od yandırır köz yanından,
Gənclər “qovub” öz yanından,
Ahıllara qarışıbdı.
Tanrı susur yaxarına,
İnsan baxır çıxarına.
Buraxıbdı axarına,
Taleyiylə barışıbdı.
Bəlkə, tale seçib gəlib?
Sınaqlardan keçib gəlib?
Üst məqama köçüb gəlib?
Neçə pillə bəs aşıbdı?
Gələcəksən... təkbaşına,
Qərq olaraq göz yaşına,
Bax Qəribin başdaşına,
Düzünü de: Yaraşıbdı?!
“Ədəbiyyat və incəsənət”
(27.11.2026)


