Smaylik - HEKAYƏ Featured

Pərvanə Əliqızı,

“Ədəbiyyat və incəsənət”

                 

“Bu hekayədə kiçik də olsa, atamın işıqlı obrazını yaratmağa çalışdım”.

  

       İclası bitirib telefona tərəf döndü. İş haqqında danışanda fasilə verməyi sevməzdi. Əməkdaşlar otağı tərk edəndən sonra gələn ismarıca baxdı. Xaricdə təhsil alan nəvəsindən gəlmişdi. Dəniz ilk nəvəsi idi. O birisi nəvələrin yanında hiss etdirmək istəməsə də, ona sevgisi bir başqaydı.

—Baba, necəsən? Sənə yaxşı xəbərim var!

Cümlənin ortasında gülən üz işarəsi qoyub ardınca yazmışdı:

—Sonuncu imtahandan da əla qiymət aldım. Tezliklə oradayam...

—Xoş gəlirsən! — Həyəcandan ayağa qalxıb var-gəl etməyə başladı.

Telefon təkrar titrədi, yenə də ekranda gülümsəyən üz işarəsi göründü. Əvvəl yazmaq istədi ki :”Bunun yerinə bir söz yazsaydın” —amma fikrindən döndü. Sözlərin  xətrinə dəyəcəyindən ehtiyatlanıb səbir etməyi qərara aldı. Dəniz şıltaq olduğu qədər də istedadlı idi. İlk dəfə babasının yolunu davam etdirmək istədiyini deyəndə birlikdə gəzintiyə çıxmışdılar. Evə dönəndə artıq qəti qərar verilmişdi: o, Türkiyədə təhsil alacaqdı. Axşam hamının yanında arzularını bildirəndə birinci Dənizin atası narazılıqla dilləndi:

—İnana bilmirəm, bizə qarşı ötkəm ata nəvələrin bir istəyini eşidən kimi:”Bu dəqiqə mən həll edərəm”, —deyib hərəkətə keçir.

Bəzən övladları “qısqanclıq”edib nəvələrlə baba-nənənin arasını vurmaq istəyirdilər. Bugünkü xəbər ürəklərincə olsa da, onların ittifaqını müzakirə  etdilər. Oğlu bacısına göz vurub atmaca atdı:

—Biz uşaq olanda heç nə belə deyildi. Elə bil bu uşaq-muşaqları çox ərköyün böyüdürlər.

Bacısı sözünə qüvvət verdi:

—Həə, haqlısan, daha biz yaddan çıxmışıq.

“Yaddan çıxmışıq “sözünü xüsusi vurğuyla tələffüz edəndə Kamran müəllim həyat yoldaşını köməyə çağırdı:

—Ay xanım, görürsən, nəvələrimizə paxıllıq edənlər var. Gəl arxamda dur!

Həyat yoldaşı əlindəki işini yarımçıq qoyub onun müdafiəsinə gəldi:

—Buradayam, indi sözünü de.

Əlini onun çiyninə qoyub təşəxxüslə övladlarına acıqlandı:

—Siz hələ bilmirsiniz nəvə nə deməkdir. Allah ömür versə, sizin də nəvələrinizi necə sevdiyinizi görəcəyəm, darıxmayın!—söylədi.

Məsələ beləcə həllini tapdı.

İllər yaman uzanırdı. İlk günlər nəvəsi:”Baba, çox darıxıram “, —yazırdı. O da kövrəldiyini bildirməmək üçün səs göndərmir:”Səbirli ol, qızım, tezliklə yaşadığın şəhərə öyrəşərsən “—deyə cavab verirdi. Sonra otağına keçib  şəkillərə baxır, ya da balaca vaxtı yanından ayırmadığı oyuncaqlarına sığal çəkirdi.

 

***

Kamran müəllim birinci dəfə səsli ismarıc göndərməyi öyrənəndə sevinmişdi. Hətta bu funksiyanı tərifləmişdi də:

—Bax, bu yaxşı cəhətdi, çünki görmə qüsurlu insanlar  rahatlıqla istifadə edə bilərlər. Axır vaxtlar nəvələri yazının ortasında “smaylik “ deyilən simvollar göndərirdilər. Bu, heç xoşuna gəlmirdi. Hələ bir dəfə  bayramda şablon təbrik göndərən qohumuna:

—Əgər sözlü və səsli rabitə varsa və mümkünsə, əcaib-qəraib işarələr atmaq nəyə gərəkdir? Mənə ürəyindən gələn sözləri yaz, —deyərək irad tutmuşdu. Sonra könlünü almaq üçün :—Elə öz uşaqlarıma da belə deyirəm,—əlavə etmişdi. Nəvəsinin yazdıqlarını dönə-dönə oxumaqdan az qala hər kəlməsini əzbərləmişdi. Yenə o “smaylik” deyilən nəsnə ürəyincə olmamışdı. İkisinin ortaq nöqtəsi vardı: peşəkar kimi fikirlərini bölüşürdülər. Hərdən hansısa layihənin çertyojlarını hər kəsdən qabaq ona göndərirdi. Çox danışmağı sevməyən qız fikrini simvollarla göstərməklə, sanki daha çox söz dediyini düşünür:”Babam dünyagörüşlü adamdır, bəlkə də, bunları bizdən yaxşı anlayır”, —deyirdi.

Hətta uşaq vaxtı teatrda rast gəldiyi üzünün bir yanı gülən, digəri ağlayan maskanın mənasını da ondan öyrənmişdi:”Həm də babam bilir ki, müasirliyi qəbul etməsək, inkişaf olmaz“.

 

Simvolları anlamaq baba üçün çətin deyildi, narahatlığı, canlı və sözlü ünsiyyətdən qaçış idi. Çünki insanlarla dil tapmağı, hər kəsi öz dilində danışdırmağı bacarıq sayırdı. Gənclərin canlı münasibətdən uzaqlaşmağı onu düşünməyə vadar edirdi ;” Ağlayan-gülən  işarələrlə insanların nə hiss etdiyini anlamaq olarmı? Qabaqlar bir yerə toplaşır, danışıb-gülürdülər, hazırda  hər şeyi telefonla müzakirə edirlər “. Başını bulayıb qayğılı-qayğılı özünə söz verdi:”Onlara bu mövzuda dərs vermək lazımdır. Gəl, birinci Dənizdən başlayaq”.

 

 ***

 Nənə artıq əziz qonağını qarşılamaq üçün tədarükə başlamışdı. Hansı yeməkləri sevdiyini, şəhərin hansı yerlərində gəzmək istədiyini yada salır və Bakıda olduğu müddətdə yaxşı dincəlməsinə şərait yaratmağa çalışırdı.

Hərdən gəlinə bərk-bərk tapşırırdı:

—Allah eləməmiş, birdən uşağımın istədiyi nəsə yadımdan çıxar, sən xatırlat.

Vaxt daraldıqca lap darıxırdılar. Nəhayət, bu gün təyyarə bileti alınmalı idi, babasından pul göndərməsini xahiş etdi və ardından yenə də “ürək”smayliki göndərdi.

—Bəli, bax indi əlimə fürsət düşdü! —deyərək planı həyata keçirdi.

Uşaqlara nəsə izah etmək istəyəndə birinci onlara məzəli əhvalat danışar, ardından isə əsas məsələyə gələrdi. Yenə belə bir zarafat etdi:

“Gözəl nəvəmin gəlməsini çox səbirsizliklə gözləyirəm, lap dörd gözlə baxıram yollara. Bilet pulu üçün narahat olma, dərhal göndərirəm”.Telefonda pul emojisini seçib göndərdi.

Bir neçə dəqiqədən sonra qız təşəkkür edib bolluca “öpücük”lər göndərdi.

Baba mina quraşdırmış kəşfiyyatçı təlaşı ilə gözləməyə başladı. Onun necə karıxacağını təsəvvür edib, için-için güldü.

Arada otağa girən köməkçi :

—Maşallah! Deyəsən, əhvalınız çox yaxşıdır? — deyə maraqlandı.

—Əlbəttə, nəvəm gəlir. Onunçün belə sevinirəm.

Çox çəkmədi gözlədiyi “partlayış “baş verdi.

—    Baba, deyəsən səhvən pulu başqa karta göndərmisən!

İsrarla :

—Ola bilməz, mən pulu göndərmişəm və çatdığına əminəm, —yazdı.

Qız kartın balansını  göndərdi:

—Bax, mənə bir manat da gəlməyib!

Axır ki,  istədiyinə nail olmuşdu:

—Gözəl həmkarım, mən sənə pulun özünü yox rəsmini göndərmişəm. Düşündüm, bəlkə işə yarayar.

“Hiyləyə “tuş gəldiyini anlayıb təzədən zəng vurdu. Guya incik, bir az da Kamran müəllimi təqlid edən səslə:

—Yola çıxdığım vaxtda bu nə zarafatdır? —dedi.

—Canım-gözüm, sənin göndərdiyin “ürəklər”, “öpücüklər “—heç biri gəlib mənə çatmır ki... Mən sənin səsini eşitmək, özünü görmək istəyirəm.

—Mən elə bilirdim onlar sənə maraqlı gəlir,— yanındakı dostlarının gülüş səsləri eşidildi, ardından onlarla birlikdə, əllərində bilet tutmuş gülərüz foto göndərdi.

Kamran müəllim saatına baxıb evə tələsdi...

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.