“Bir şair, bir şeir”də Məlahət Yusifqızı Featured

Ülviyyə Əbülfəzqızı,

"Ədəbiyyat və İncəsənət" portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, dəyərli izləyicilərimiz, xoş gördük.

Bu dəfə Sizə çox fərqli bir mövzuda şeir təqdim edəcəyik.

Bu şeirdə bəzi qadınların gizli qalan, kədərlə yazılan bioqrafiyası oxunur.

Şeirin adı da diqqət çəkəndir: "Kişi əlləri"

Gəlin şeirin müəllifi Məlahət xanım haqqında məlumatlarla tanış olub şeiri də birgə oxuyaq.

                             

Məlahət Abdullayeva- (Qasımova) – Məlahət Yusifqızı.

25 sentyabr 1959-cu ildə(sənəddə 30 sentyabr) Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub, həmin kənddə orta məktəbi (1966-1976-cı illər), Bakı şəhərində Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kitabxanaçılıq fakultəsini (1980-1985-ci illər) bitirib. 

 Yaradıcılığa 70—ci illərdən şeirlə başlayıb.
1979-cu ildən bəri yazıları, əsasən şeirləri ilə oxucularla üz-üzə dayanan  Məlahət Yusifqızı ardıcıl olaraq dövri mətbuatda, seir toplularında çap olunub.

“Od parçası” adlı ilk şeirlər kitabı 1991-ci ildə “Yazıçı” nəşriyyatı, “Qədərində götür”adlı şeirlər kitabı 2007-ci ildə “Vektor” nəşrlər evi”, “Gözlədim yalana qədər” adlı şeirlər kitabı 2009-cu ildə “Yazıçı” nəşriyyatı, II Qarabağ Müharıbəsində qəhrəmancasına döyüşüb, şəhid olan İlkin Məmmədova həsr olunmuş “Vətənin ilkinliyni qoruyan İlkin” adlı kitabı 2024-cü ildə”İmza Nəşrlər Evi” tərəfindən çap olunub.

2012-ci ilin Prezident təqaüdçüsü.

Yazıçılar Birliyib(2000), 80-ci illərdə gənc yazıçıların “Respublika Ədəbi  Birliyi”nin (rəhbəri şair Məmməd İsmayıl), 90-cı illərdən “Məcməüş-şüəra”, Vahid adınaPoeziya Məclisi”, “Pərvanə Ədəbi Məclisi”, 1992-ci ildə Abşeron rayonu Mədəniyyət Evinin nəzdində yaranan “Çıraq” poeziya klubunun üzvü, 2001-ci ildən isə rəhbəri, eyni zamanda 2001-ci ildən Abşeron rayon Mərkəzi Kitabxanasının nəzdində yaratdığı  “Od parçası” ədəbi məclisinin rəhbəridir.

1986-cı ildən Abşeron rayon MKS-də bir sıra vəzifələrdə, 2001-ci ildən 2022—ci ilədək MKS-nin direktoru, 2024-cü ilin oktyabr ayınadək şöbə müdiri vəzifəsində çalışıb.

 

 

KİŞİ ƏLLƏRİ

 

Bu kişi əli,

Babamın əli.

Tumarı saçımdadı.

 

Bu kişi əli,

Atamın əli.

Qabarı hələ də yadımdadı.

 

Bu kişi əli,

Ərimin əli.

Barmaqları gözümdə,

izi boğazımdadı.

 

Bu kişi əli,

Qardaşımın əli.

Parça-parça düşmənə ötürür Vətəni.

Ocağımızın başında düşmən gözəli.

 

Bu kişi əli,

Oğlumun əli.

Böyüyənədək yaxamda,

böyüdümü məndən uzaqlarda.

«İgid oğul dayısına oxşayar».

 

Bu kişi əlləri,

Təklənmiş əllər.

Həyatdan aldılar məni.

 

Bu kişi əlləri

Uzandı tabutuma sarı

üzü qəbirliyə kişi karvanı.

Eləmədiyinə yanan başların, ürəklərin,

tabutuma uzanan əllərin

birliyi havasına öldüyüm gün

və ya öldürüldüyüm gün.

 

Karvanınız xeyir, kişi əlləri!

Sabahkı unutqanlığınız mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.