“Ədəbiyyat və incəsənət” portalının “Hekayə saatı” rubrikasında bu gün sizlərə Mirnəsiyət Mürsəllinin “Qonaq” hekayəsi təqdim edilir.
MİRNƏSİYƏT MÜRSƏLLİ
QONAQ
(hekayə)
Mən rayonda Mərkəzi Xəstəxanaya işləməyə gələndən təxminən bir il sonra Rusiyada işləmiş bir həkim yoldaş da gəldi və poliklinikada işləməyə başladı. Rusiyada kənd xəstəxanasının, rayonda Mərkəzi Xəstəxananın, vilayət xəstəxanasının baş həkimi işləmiş həkim nəsə elə bil sıravi sahə həkimi kimi işləməyi özünə sığışdırmırdı. Xasiyyətində, hərəkətlərində özündənrazılıq, təkəbbürlük açıq-aşkar hiss olunurdu. O vaxtkı səhiyyə naziri ilə bir bölgədən idilər.
Tez-tez bu yaxınlığı da xatırladırdı. Atalar deyib ki: "Niyyətin hara, mənzilin ora". Bizim bu həkim yoldaşımız da yavaş-yavaş vəzifə pillələrində ucalmağa başladı. Əvvəlcə Həkim Ekspert Komissiyası sədri, sonra Poliklinika şöbəsinin müdiri, sonra da Mərkəzi Xəstəxananın baş həkimi oldu. Vəzifəsi dəyişdikcə xasiyyəti də tündləşirdi. Xırda bir nöqsan üstündə əməkdaşları danlayır, töhmət verir, aşağılayırdı. İşə tələsən həkim yolda onu keçib gedirdisə, dərhal onu otağına çağırıb tənbeh edirdi. Xəstəxanadan icazəsiz çıxmaq mümkün deyildi. Hər hansı şöbə müdiri, tanınmış həkim Bakı şəhərinə gedərdisə, ertəsi gün onu çağırıb deyərdi: "Sən nə üçün Bakıya getmişdin? Baş həkim olmaq istəyirsən? Açın qulağınızı, eşidin, bu mümkün deyil.
Səhiyyə bizim əlimizdədi. Mən özüm işləyəcəyəm".
İclaslar, yığıncaqlar olanda ancaq xüsusi adamlara söz verərdi. Gənc həkimlərə, tanınmış həkimlərə heç vaxt söz verməzdi. Bir dəfə yaşlı həkimlərdən biri bunu ona irad tutmuşdu. O, belə cavab vermişdi: "Mən bir işi məndən yaxşı görən adama imkan vermərəm ki, o işi görsün".
Bir gün xəbər yayıldı ki, bizim nazirimizi işdən çıxarıb yerinə başqasını təyin ediblər. Baş həkimin rəngi bir az qaralmışdı, amma əvvəlki ədasından da əl çəkmirdi. İşçilərlə daha çox kobud davranırdı. O ərəfələrdə bir iş yoldaşımızın qardaşı dünyasını dəyişmişdi. Biz - Cərrahiyyə şöbəsinin kollektivi imkan tapan kimi yas yerinə baş çəkdik, həmkarımıza başsağlığı verib işimizə qayıtdıq. Həmin gün də əməliyyatımız var idi. Təzəcə işə başlamışdıq ki, baş həkimin katibəsi gəlib söylədi: "Hamı gəlsin, yas mərasiminə gedirik".
Şöbə müdiri baş həkimin yanına gedib dedi ki: "Biz yas mərasiminə getmişik, bu gün də işimiz çoxdu. İcazə verin, biz işimizlə məşğul olaq".
Baş həkim əlini qəzəblə masaya vurdu: "Bütün işlər dayandırılsın, əməliyyat zad yoxdu, bu gün olmayacaq. Mən tək getməli deyiləm ki, birlikdə gedəcəyik". Beləliklə, xəstəxananın bütün həkimləri toplaşıb yas məclisinə getdilər.
Xəstəxananın giriş qapısının yaxınlığında bir taksi dayandı.
Maşından nimdaş plaşlı və papaqlı arıq bir kişi düşdü.
Qonaq xəstəxananın həyətinə daxil olub bir az ətrafı müşahidə etdikdən sonra xəstəxanaya gedən insanlara qoşularaq Poliklinika şöbəsinə daxil oldu. Şöbənin axrına qədər gedərək insanlara diqqət yetirirdi. Hamı həkimlərin yerində olmamasından şikayətlənirdi. Sonra baş həkimin kabinetinin yerini soruşub ikinci mərtəbəyə qalxdı. Baş həkimin kabinetinin qarşısında beş-altı nəfər dayanmışdı. Qapıya yaxınlaşıb astaca itələdi. Qapı açılmadı. Ətrafa üzünü tutub soruşdu:
– Görəsən, baş həkim haradadır?
Yanaşı dayanmış ucaboy, kök kişi:
– Yasa gedib. İndi harda olsa, gələr.
Birdən həmin kişinin rəngi dəyişdi, tez əl-ayağa düşdü. Özünü səhmanlayıb gələn qonağa əlini uzatdı: “Xoş gəlmişsiniz, cənab nazir”.
Qonaq əlini dodaqlarının üstünə qoyub “sus” işarəsi verdi və astadan sotuşdu:
– Sən kimsən? İş vaxtı burada nə edirsən?
– Cənab nazir, mən Baş Apteklər İdarəsinin rəisiyəm. Baş həkimlə işim olduğu üçün bura gəlmişəm.
Qonaq sakitcə oradan uzaqlaşıb ayrı-ayrı şöbələri gəzməyə başladı. Terapiya şöbəsində, Cərrahiyyə şöbəsində bir nəfər həkim belə yox idi. Hamı yasa getmişdi. Qonaq öz-özünə dedi: “Deyəsən, xəstəxana matəm içindədir”. Qonaq gəzə-gəzə gəlib Laboratoriya şöbəsinə çatdı. Şöbənin qarşısında xeyli adam var
idi. Analiz üçün material gətirən, cavab üçün gələn, bir sözlə hamı bir-birinə qarışmışdı. Qonaq içəri daxil oldu. Divardan düşən kafellərə, döşəmədən qopan metlaxlara, səliqəsiz yığılan köhnə invertarlara baxıb dedi: “Bunları niyə düzəltmirsən, bu köhnə əşyaları niyə çıxartmırsan?” Ağzında bir dənə də dişi olmayan həkim ağzını açıb göstərdi və dedi: “Görürsən, pulum olsaydı, dişlərimi düzəltdirərdim. Yoxdu. Nə ilə düzəldim? Demişəm, anbarda yer yoxdur. Yer olanda onları da aparacaqlar. Bir de görüm, sən kimsən? Analiz üçün nəsə gətiribsənsə, qoy masanın üstünə, sabah gəlib cavabını alarsan. Başımı çox ağrıtma”. Qonaq başını bulayıb otaqdan çıxdı.
Birdən yas yerində oturanların arasında çaxnaşma düşdü. Hamı tez-tələsik yas yerini tərk etdi. Kollektivsiz gəlmək istəməyən baş həkim dərhal xəstəxanaya tərəf şütüdü. Baş həkimin maşını xəstəxanaya çatanda qonağın maşını xəstəxananın həyətindən çıxdı. Maşından düşən baş həkim qonağın arxasınca xeyli baxdıqdan sonra köks ötürüb xəstəxanaya qayıtdı...
Bir həftədən sonra həmişə aşağıladığı müavinini onun yerinə baş həkim təyin etmişdilər.
“Ədəbiyyat və incəsənət”
(24.11.2026)


