Qəlibə salınmış hər şeyin bir adı var - ədəb Featured

Atlaz Rzayı,

bədii qiraətçi, yazıçı-şair.

 

"Ədəbiyyat və İncəsənət" üçün

 

Ədəbiyyat həyatı obrazlı şəkildə təqdim edən söz sənətidir. Bu sənət sözdən əvvəl ədəbə söykənir. Ədəbiyyat bütün sahələrin anasıdır desəm, yanılmaram. İnsan ədəbdən sonra sözə bağlı olan varlıqdır. Söz təkcə ünsiyyət vasitəsi deyil. O uca, ilahi bir kəşfdir. Bu kəşfin müqəddəsliyini qorumaq bizim mükəlləf olduğumuz ən ali vəzifədir. Sözümüz bizi ucalda da bilər, alçalda da bilər. Söz sənətimiz olan ədəbiyyat hər sahədə öz varlığını göstərir.

 

Ədəbiyyat sahəsində ən yüksək mükafatlara layiq görülən onlarla ədibi misal gətirmək olar. Eləcə də  ədəbiyyatı qorumaq üçün canını belə fəda edən minlərlə ədəbiyyat fədailərini misal çəkmək mümkündür. Bəs ədəbiyyat sahəsində uğur qazanmaqla və yaxud da canını fəda etməklə ədəbiyyata olan borcumuzu bitmiş hesab edə bilərikmi?

Əlbəttə ki, yox! Yuxarıda qeyd etdiyim kimi bu söz sənətini hər an ucuzluqdan qorumaq bizim vəzifəmizdir. Ədəbiyyatı lazımsız təsirlərdən təmizləmək bütün ədəbiyyat sevənlərin üzərində olan haqdır.  Cəmiyyətin zövqünü korlayan hekayə, şeir, məqalə və.s hər nə varsa, söz sənətindən kənardır. Korlanmış söz cəmiyyətimizin korlanması, gələcəyimizin məhvi deməkdir. Dünən laylayla, nazlama, oxşama, şeirlə, nağıllarla böyüyən uşaqlar elə tərbiyənin əsas hissəsini də oradan alıblar. Bəs bu gün bəzi "müəlliflər"  yazdığı yazıları cəmiyyətə "cəsarətli" yazı deyərək təqdim etdikdə, əslində gələcəkdə cəmiyyətin təməlinin sarsılmasına zəmanət vermirmi? Əlbəttə ki, tərbiyədən uzaq olan yeni nəsil hər cür pisliyə doğru yol alacaq. Unutmasınlar ki, bu nəslin içində elə onların da övladları, nəvələri olacaqdır.

İllərlə xüsusi şöhrət sahibi olmuş bir ədib cəmiyyət içində müəyyən bir imic qazanır. Bu hörməti isə hansısa lazımsız sözə qurban vermək ədəbsizlikdir. Cəmiyyətin gələcəyini şəxsi mənafeyi və ucuz reklamı xatirinə qurban vermək olmaz!

Ədəbiyyat bütün zövqləri formalaşdırır, cilalayır.  Qəlibə salınmış hər şeyin bir adı var - ədəb.

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.