Günümüzdəki kitab sevgisinin manifestini davamlı şəkildə yazan “Manifest” kitab evi Featured

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sovet dönəmindən sonrakı ilk illərdə ölkədəki kitab mağazalarının kapitalizm cəmiyyətinin tələblərinə uyğun baqqal mağazalarına çevrilməsi prosesi artıq arxada qalıb, xüsusən, 2000-lərin əvvəllərindən ölkədə yeni kitab epoxası başlayıbdır. Paytaxtda bir-birindən gözəl kitab evləri açılır, bu prosesin bölgələrə də sirayət etməsi isə daha təqdiredici fakt kimi kitabsevərləri sevindirir.

 

Noyabr ayı.

Bomboz hava.

Amma işıq dolu, rəngbərəng bir məkan.

Bura Sumqayıt şəhərindəki “Manifest” kitab evidir. Eksteryer və interyer dizaynı, çoxfunksionallığı, rahatlığı ilə Bakıdakı Xaqani bağındakı füsünkar Bakı Kitab Mərkəzini, eləcə də Avropanın böyük şəhərlərində gördüyümüz anoloji məkanları xatırladan bu ünvanda yazıçı Varislə görüş keçirilir.

Moderator Könül Bəkirova kitablar barədə geniş bilgilər verir, yazıçı ümumən ədəbiyyat barədə, öz yaradıcılığı barədə danışır, sual-cavab prosesi bu xoş atmosferi bir qədər də canlandırır, görüşə qatılan hər kəs nəsə yeni bir şey öyrənir, maraqlandığı hansısa sualına cavab tapır.

2024-cü ilin 29 dekabr tarixindən rəsmi fəaliyyətə başlayan “Manifest” kitab evinin əsas məqsədi mütaliə mədəniyyətini təşviq etmək, oxucular arasında ünsiyyət və fikir mübadiləsi üçün əlverişli mühit yaratmaq, eyni zamanda Sumqayıt şəhərinin mədəni həyatına töhfə verməkdir.

Kitab evinin direktru Rüfət Mahiroğlundan öyrənirik ki, “Manifest”in nəzdində həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuş iki kitab klubu fəaliyyət göstərir. Klublar çərçivəsində hər ay bir kitab seçilir, klub üzvləri həmin əsəri oxuyur, daha sonra isə təşkil olunan müzakirə günündə kitabın məzmunu, ideyaları və yaratdığı təəssüratlar ətrafında fikir mübadiləsi aparırlar. Bu isə mütaliəyə marağı direktivlər üzərində qurmayaraq daha interaktiv yollar seçməyin üstünlüyünü göstərir.

Kitab evinin qapıları daim giriş-çıxışlıdır, gənclik şəhərinin sakinləri böyük maraqla bu ünvana üs tuturlar. Rahat masada əyləşib gözəl ortamda kofe içərək kitab vərəqləmək bir ayrı zövq yaşadır.

Kitab evinin məqsəd və məramlarında tək kitab mağazası kimi – alqı-satqı obyekti kimi fəaliyyət göstərmək deyil, bir mənəviyyat ünvanı olaraq tanınmaq dayanır, bu da günümüzdə olduqca əhəmiyyətlidir.

Yazıçı Varislə görüş nəzərdə tutulduğu 2 saatdan da çox uzanır, tədbirə qatılanlar üzlərində razılıq ifadəsi kitab evini tərk edirlər. Personal isə dərhal növbəti tədbirin hazırlığına başlayır. Növbəti qonaqlar Dünya Quliyeva və Raqif Raufoğlu olacaqlar.

Qonaqlı-qaralı “Manifest” günümüzdəki kitab sevgisinin manifestini davamlı şəkildə yazmaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.