Fariz Əhmədov,
“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Ulu diyarın mədəni həyatı son günlər xeyli rəngarəng olub. Xəbər verdiyimiz kimi, Noyabrın 6-da növbəti tədbir diqqət mərkəzinə düşüb - Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Dəmir yumruğun nağılı” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqə Muxtar Respublikanın mədəniyyət naziri səlahiyyətlərini icra edən Fazil Məmmədovun iştirakı ilə keçirilən mərasimdə qeyd olunub ki, müsabiqəyə 18 əsər təqdim olunub, onların da müəlliflərindən 16-sı muxtar respublika, 1-i Gəncə şəhər, 1-i isə Bərdə rayon sakinidir.
Təqdim olunan əsərlər 5 nəfərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndirilib.
Yekun qərara əsasən ilk 3 yerin qalibləri aşağıdakılar olublar:
1-ci yer:
Abbasov Alməmməd Eldar oğlu,
Azərbaycan Yazıçılar Birliyinin üzvü.
2-ci yer:
Fariz Məhəmməd oğlu Əhmədov,
“Məktəbli” qəzetinin baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi.
3-cü yer:
Hicranə Əflatun qızı Əhmədova,
Naxçıvan Dövlət Universitetinin tələbəsi.
Qaliblərə müvafiq diplom və pul mükafatı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilib.
Müsabiqənin məqsədi “Dəmir yumruq” rəmzinin ifadə etdiyi milli birlik, həmrəylik, dövlətçilik və qələbə ruhunun uşaqlara bədii əsərlər vasitəsilə aşılanmasıdır. Eyni zamanda, müsabiqədə yer tutan əsərlərin gələcəkdə dərsliklərə daxil edilməsi, məktəblərdə tədris və təbliğ olunması gözlənilir.
İndi oxucularımıza müsabiqədə 2-ci yerə layiq görülən hekayəni təqdim edəcəyik.
Fariz ƏHMƏDOV
Qarabağın sehrli çiçəyi və "Dəmir yumruq"
(hekayə)
Eşitdim ki, bu dünyada bir Qarabağ var idi, bir də başqa yer yox idi…
Daşları ləl, torpağı zər, suyu şəfa, bal idi. Göylər ona çətir açmış, Günəş nurunu səpmişdi. Sanki bu torpağı haqq özü bəzəmişdi. Qarabağın baharı bir ayrı gözəl olar, dağlarına yaşıl xalılar sərilib min bir rəngdə çiçəklər boy atardı. Səhərlər Günəş onun zirvələrini qızıl şəfəqlərlə boyayar, axşamlar Ay işığı qayalara əfsanəvi nağıllar söyləyərdi. Bu diyarın ən ülvi, ən sehrli gözəli isə Xarıbülbül adında qəribə bir çiçək idi. Dünyanın heç bir yerində ona tay çiçək tapılmazdı. Xarıbülbül tək deyildi; göylərdən hər şeyi izləyən Müdrik Qartal onun başı üzərində dövr edər, on bir igid qardaşı isə o səfalı torpağın keşiyində durub hər daşını, hər qayasını göz bəbəyi kimi qoruyurdular. Onlar gündüzlər Cıdır düzündə at çapıb yarışır, İsa bulağının sərin suyundan içib dincəlir, axşamlar ulduzlarla dərdləşirdilər. Namərdlik nədir bilməz, haqsızlığa baş əyməzdilər.
Günlər ötür, aylar dolanır, illər bir-birini əvəz edirdi. Qarabağın hər səhəri bir bayram, hər axşamı bir nağıl idi. Uzaq dağların arxasında, gün üzü görməmiş qaranlıq mağarada yaşayan, daş ürəkli qara Div bu xoşbəxtliyə göz dikmişdi. O, Qarabağın gözəlliyinə, Xarıbülbülün ətrinə, igidlərin pozulmaz birliyinə paxıllıq edirdi. Gecələrin birində min bir fitnə-fəsadla yatmaq istəyən div öz yaramaz nökərini çağırıb dərdini danışdı. Nökərə aləmə qorxunc səs salan, ucunda ölüm daşıyan qara, zəhərli bir silah verdi. Zəhərli ilan kimi sürünən yağı düşmən atını dörd nalla İsa bulağına çapdı. Xarıbülbülü bulaq başında tənha yaxalayıb qorxunc silahını ona tuşladı. Bir anda dağları titrədən dəhşətli səs qopdu. Silah Xarıbülbülün zərif ləçəklərinə dəydi. Zərif çiçək inilti ilə torpağa yıxıldı və vurulduğu yerdə dərindən-dərinə, illər sürəcək bir yuxuya getdi. O anda İsa bulağının şırıltısı kəsdi, dağların başını qara buludlar aldı və zərif çiçəyin qoxusu havadan çəkildi. Müdrik Qartal qanadlarını qatlayıb qəmgin-qəmgin dağlara üz tutdu.
Bunu görən on bir igid qardaşın ürəyi parça-parça oldu. Xarıbülbülün yuxuya getməsi ilə sanki onların da qollarından güc, gözlərindən işıq çəkildi. Onlar da bir-bir torpağa yıxılıb ağır yuxuya daldılar. Düşmən sevinir, qələbə çalır, Cıdır düzündə özünə kef məclisi qururdu. O gündən başladı düşmənin toy-bayramı. Cənnət adlanan bu torpağın dağlarında yad nəfəs dolaşdı, bulaqlarının başında yad səslər eşidildi. Cıdır düzündə at kişnəməz, çəmənlərdə uşaqların gülüşü eşidilməz oldu. Xarıbülbülün ətrini həsrət, torpağın gözəlliyini nisgil bürüdü.
Amma o nadan bilmirdi ki, Xarıbülbül öz kökünü bu torpağın elə dərin qatlarına salıb ki, heç bir silah, heç bir zülüm onu tamamilə yox edə bilməz. İllər bir-birini qovdu. Ana torpaq hər gecə laylaları ilə Xarıbülbülün yaralarını sardı, yağışlar ləçəklərini yudu, səhərlər Günəş ona yenidən can verdi. Babalar nəvələrinə, atalar oğullarına, analar qızlarına Qarabağa “Bir gün qayıdacağıq!” adı altında verdiyi vədlər nəsildən-nəslə and kimi keçdi. Və nəhayət, o mübarək gün yetişdi. Torpağın bağrından ilahi bir səs ucaldı:
Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan.
Bu səsi eşidən Xarıbülbül və on bir igid qardaş birdən gözlərini açdılar. Göydən Müdrik Qartal süzülüb gəldi, dağlar silkələndi, qayalar oyanmağa başladı. Düşmən Cıdır düzdündəki əlçatmaz, ün yetməz, fəth edilməz “Şuşa” qalasına sığınmışdı. O yenə öz qorxunc silahını qaldıranda dağlar titrədi, qayalar lərzəyə gəldi. Bu an igidlərin ürəyi bir ürəyə çevrildi. Əllər bir-birinə uzandı, qollar bir-birinə dayaq oldu, biləklər birləşdi. Güclər bir gücə, ürəklər bir ürəyə çevrildi. Və birdən göydən və yerdən gurultulu bir səs qoparaq bir ələ, bir qola, bir biləyə birləşən “Dəmir yumruq” meydana gəldi! O elə bir nərə çəkdi ki, Cıdır düzünün dağları yerindən oynadı. Özünü məğlubedilməz sayan düşmən bu ilahi gücün qarşısında qum dənəsi tək sovruldu. İgidlər onları Qarabağdan “itiqovan” kimi qovub sıldırım qayalardan ataraq “gorbagor” etdilər. O gündən sonra Qarabağa yenidən bahar gəldi. Bürüdü aləmi Xarıbülbülün təravətli ətri. Ətri yayıldıqca ömrü uzandı. Ömrü uzandıqca əbədiləşdi, bu torpağa daha da dərin kök saldı. Uzaq diyardan gələnlər gördü, görənlər bihuş oldu.
Artıq Xarıbülbül tək deyil, on bir igid qardaşı da yanındadır. Müdrik Qartal isə yenidən azad səmalarda qanad çalır. İndi Şuşada gecələr sakitlik çökəndə, ulduzlar Cıdır düzünə nurunu tökəndə, külək dağların pıçıldayan ruhunu gətirər, bu mənzərəni görən hər kəs bu sehrin qarşısında başa əyər!
Eşitdim ki, o gündən İsa bulağının hər damlasında Zəfər nəğməsi oxunur, Xarıbülbülün ləçəyinə toxunan hər meh şəhidlərin nəfəsi ilə pıçıldayır. "Dəmir yumruq" isə artıq sadəcə, bir güc deyil, görünməz bir qalxan olub Qarabağın səmasında bərq vurur.
“Ədəbiyyat və incəsənət”
(13.11.2026)


