(“Ünvanımı tapan kitablar” silsiləsindən)
Şəfa Vəli,
“Ədəbiyyat və incəsənət” üçün
...Hamımız nə vaxtsa xatırlanmaqdan qorxmuşuq...
İngilisdilli oxucular hər il noyabr ayını “Aqata Kristi oxumaq ayı” elan edirlər. Dünya ədəbiyyatının “detektiv kraliçası”nın “Fillər də xatırlayır” əsərində bir cümlə var: “Keçmişin kölgəsi uzundur”. Bu cümlənin məni sürüklədiyi düşüncə döngələrində qarşıma çıxan manşırlama çərçivəsində oxuyuram: “Bəlkə, xatırlanmaqdan daha çox xatırlamağa qorxuruq?”
Cavabı bilirəm... Amma o cavabın məsuliyyətini bu gün müasir Azərbaycan ədəbiyyatında öz imzasını təsdiqləmiş başqa bir yazıçının üstünə atmağı seçirəm; belə daha asandır. Nazlı Çələbinin “Bir kabusun izi ilə” romanındakı Aygün obrazı öz qaçdığı keçmişiylə sinəsini irəli versin qoy!
Nazlı xanımın baş qəhrəmanının keçmişinin kölgəsi təkcə onun deyil, oxucuların da üzərinə düşür. Sorğulama başlayır: “Mən nədən qaçıram?”, “Harda gizlənirəm?”, “Kimin məni tapmağını istəmirəm?” Və bir də onda özümüzə gəlirik ki, artıq “bizi tapmağını istəmədiyimizə” bir mesaj gedib telefonumuzda: “Necəsən?” Utanc, peşmanlıq, özünü alçalmış hiss etmək... Və sonunda da illərdir, heç bir hissə yenilməyən məğrurluq:
Mən səni tərk etmədim,
Səndən qabağa düşdüm!
Aygün obrazında isə bu hisslərin heç biri yoxdur. Ümidin “mən də varam” deməyə çəkindiyi qorxu mühitində gün keçirir; onunku yaşamaq deyil. Hərçənd, biz ömür təqvimimizin bütün qara-qırmızı-boz günlərinin üstünə “yaşadım” etiketini yapışdırmağın tələskənləriyik. Aygünlə fərqimiz ordadır ki, o, nədən qorxduğunu da bilmir-kölgəsini görməzdən gəldiyi keçmişinə boylanmaq cəsarəti qalmayıb. Cəsarətin bu halı onun analıq cəsarətinin əzmi qarşısında çoxdan məzlumlaşıb...
Demişkən, Aqata xalanın “Məzlum” əsərini dəfələrlə oxumaq ehtiyacı duyan biriyəm. Bu il hələ oxumamışam-əlahəzrət vaxtın elçi daşında “günün ehtiyaclarının ödənməsi” yerini elə bərkidib ki, redaktor, kitab tərtibatçısı, korrektor, yazıçı olmaq o yana, heç oxucu kimi də yel olub yanından ötə bilmirəm... “Məzlum”da müəllif qısaca bu mənzərəni təsvir edib: “Hər vəchlə səni hövsələdən çıxarırlar, səbrinin son damlasını davranışlarıyla “içirlər”, dözməyib səsini çıxaranda da, sən olursan haqsız. Onlar isə təəccüblə ətrafa boylanırlar: “Nə etdim ki?”, “Bıy, buna noldu?”, “İçində əjdaha varmış ki!” Halbuki, o əjdahanın mağarasının ağzında “Yallı” getmək üzrə ustalaşmışlardır özləri...”
Ümidlənməyin, bu cümlələr yoxdur “Məzlum”da. Belə demək mümkünsə, əsərin məzmununu “göyçəli təfəkküründə” izah etdim. Bu izahatın içində Nazlı xanımın başqa bir qəhrəmanının-Narının taleyi var. Taleyin məcburən isterikaya sürüklədiyi Narın susqunluğu, gülərüzlülüyü, mehribanlığı ilə diqqət çəkir. Müəllif bir epizodda belə, Narının isterik olduğunu təsvir etmir. Yaxşı oxucu onun davranışlarının, qayğıkeşliyinin isterikasının pərdəsi olduğunu anlamaqda gecikmir. Nazlı Çələbi bu yazıçı manevri ilə bir daha göstərir ki, “bizim dediyimiz/yazdığımız qarşımızdakının/oxuyanın anlayış ölçüsünə sığır”. Təbii, ölçülər də insana görə dəyişir. Və də, dəyişməkdə haqlıdır!
...Xatırlanmaqdan xatırlamağa doğru uzanan cığıra düşmüşdük axı... Sağdakı mağaradan ağlımızın pıçıltıları, soldakı uçurumdan hisslərimizin əks-sədaları eşidilir. Hər iki səsi eşitməməyin - onlardan qaçmağın bircə yolu var: növbəti kitabı oxumağa başlamaq!
“Ədəbiyyat və incəsənət”
(13.11.2026)


