XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı bir müddət idi ki, Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edirdi. Bu sondan əvvəlki təqdimatdır.
“Mən sənin yuxunam”da onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
35-Cİ DƏRC
YENƏ PARİSDƏ
2017-ci il iyun ayının 6-da Parisdə Azərbaycanın Fransada tanıdılması, mədəniyyətinin, tarixinin təbliğinə xidmət edən “Azərbaycan Evində” fransız dilində Sənin “Mən bir gün təbəssüm olmuşdum...” kitabının təqdimatını keçirdim. Tədbirin təşkilində “Azərbaycan Evi”nin sədri, vətənpərvər xanım Mirvari Fətəliyeva öz köməyini əsirgəmədi. Şeirlərini fransızcaya bu dilin bütün incəliklərini bilən Aliyə xanım Səmədova tərcümə etdi. “Vaqif müəllimin şeirləri mənim ruhumu tutdu, bütün hisslərimi alt-üst etdi” - deyən, zəngin dünyası olan bu xanım Sənin poeziyanı dərindən duyub, içindən keçirərək fransız dilinə çevirmişdi. Həmin gecədə fransalı şair və ədiblər, jurnalistlər, Azərbaycanın Fransadakı səfiri iştirak etdi. “Vaqif Səmədoğlu dünya ədəbiyyatında xüsusi çəkisi olan şairdir. O, dərin mənalı şeirlərini dünyanın ən mütəfəkkir söz adamları kimi sadə, həzin dildə yazıb...”. Fransız mütəxəssislərinin Sənin şeirlərin haqda söylədikləri bu kimi fikirlər, o deməkdir ki, Aliyə xanım orijinala xas olan əhval-ruhiyyəni ustalıqla yarada bilib. Aliyə xanım Sənin şeirlərini fransızcaya tərcümə edə-edə özü də fransızca şeir yazmağa başlayıb. Betti Bleyer bunu ingiliscə edən kimi.
Bu dəfə sevgililər şəhərinə Sənsiz getdim. Yaddaşımda isə ilk dəfə Səninlə Parisə getməyim, mənə bağışladığın sevinc... O zaman biz Parisdə altı gün qaldıq. Tanımaqdan ötrü çox az vaxt olsa da, vurulmaqçün kifayət idi. Ora çatdığımız gün qəribə hal yaşadım, heç bir başqa şəhərdə keçirmədiyim hisslər. Yadındadır, elə hey Sənə deyirdim: “Hər kəs burada tanış gəlir mənə, hər yer yaxın, doğma. Mən bunları görmüşəm axı...”.
Sanki Hüqonun, Merimenin, Mopassanın qəhrəmanlarıyla birgə gəzirik ətrafı həmişə qaynayan Eyfel qülləsini, möhtəşəm Notrdamı, Parisin ən romantik və gözəl bağlarından olan Lüksemburq bağını, gözəl, əyri-üyrü küçələri olan Monmartrı... Qarşımızda yerli bohem həyatının mərkəzi olan Monparnas, məşhur “Klozeri de Lila” kafesi... Heminqueyin ən sevdiyi kafe. Kimlər olmayıb burada: Emil Zolya, Pol Verlen, Oskar Uayld, Jan Pol Sartr... XX əsrin əvvəllərində burada keçirilən ədəbi gecələrə gələn yaradıcı adamlar kafenin ab-havasından və tünd qəhvəsindən ilham alırmışlar. Heminquey “Fiesta” romanını burada yazıb. Sənin də üzündən təbəssüm əskik olmurdu Parisdə olduğumuz günlərdə... Qaldığımız “Kastilyon” hotelinin yaxınlığında sevilən aktyor, rejissor Rober Osseynin adıyla tanınan, bədii rəhbəri olduğu “Teatr-Marinyi-Rober Osseyn”... Tikildiyi vaxtdan bu teatr binasının arxitekturasında dəfələrlə dəyişiklik edilib. Dairəvi formada tikilən teatrda XX əsrin əvvəllərinə kimi müzikl, balet tamaşaları böyük uğurla oynanılıb. Biz fəvvarəli bağçada yerləşən bu teatr binasını görəndə, o, yenə də təmirə bağlı idi. Onun yanından keçəndə xəyalımda teatrın bağlı qapıları arxasında səhnə, Rober Osseynin özünəməxsus oyunu, “bravo” sədaları altında səhnəyə atılan güllər canlandı. Sənə bu xəyalımdan bəhs edəndə gülümsəyərək: “Çox romantiksən...”, – dedin...
Qayıtdıqdan sonra yorulmadan Sənin çəkdiyin fotolara, filmə, bir də divardan asdığım portretimə baxır, ötəri də olsa, təsəlli tapırdım onlarla. Şəkildə anı saxlamaq olar. Şəkildə xatirələr donur. Portretimlə bağlı o donmuş xatirəni yaddaşım əridir, xəyalım məni Parisin ən cəlbedici yerlərindən biri olan Monmartra, portretim çəkilən o may gününə aparır...
Bazar günü idi. Parisin üzünü buludlar örtmüş, narın yağış yağırdı. Əsl gəzməli yaz havası idi. Sənin və mənim xoşladığım hava. Vaxtıyla azad düşünən və azad yaşayan şair və rəssamların sevdikləri Monmartr indi də öz cazibəsini itirməyib. Rəssamlıq edənlər, rəsm əsəri satanlar, turistlər, yerlilər, bir sözlə canlı bir guşə dururdu qarşımızda. Buradan rəsmsiz getmək günah olardı. Hər halda mən belə düşünürdüm. Düşündüyüm kimi də etdim. Bir rəssamın qarşısında oturdum. Rəsmim çəkilən vaxt özümü sərbəst hiss etməkçün, eyni zamanda Səni və Əsgəri ayaq üstə dayanmaqdan xilas etmək üçün, yaxınlıqdakı kafedə gözləməyinizi məsləhət gördüm. Təklifim ürəyinizcə oldu. Portretimin çəkilməsi çox yorucu oldu, bir saata yaxın vaxt apardı. Hövsələmi güclə toplamışdım, rəssam da bunu hiss etdiyindən səs-səmirsiz əsəbiləşirdi. Bizim onunla dialoqumuz pantomimanı xatırladırdı. Rəsmim hazır olandan sonra məlum oldu ki, rəssam, sən demə, dillərinə bələd olduğum fars imiş (Bəlkə də İran azərbaycanlısı idi...).
Rəsmim çəkilən zaman ətrafıma xeyli adam yığıldı. Onlar üzlərində xoş bir ifadə portretin çəkilmə prosesinə tamaşa edib, başlarıyla razılıq əlaməti bildirərək yollarına davam edirdilər. Boy-buxunlu, yaşlı, kübar görünüşlü qadınla kişi isə getməyə tələsmirdilər. Onlar məni və çəkilməkdə olan rəsmimi diqqətlə izləyir, öz aralarında nəsə müzakirə edir, arada “Marqarita” deyirdilər. Bu səhnə beş dəqiqə, bəlkə də bir az çox davam etdi. Sonra qadın baş barmağıyla mənə əla işarəsini göstərib, ucadan “Marqarita” dedi. Yanındakı kişi də başıyla qadının dediyini təsdiqlədi. Beləcə, onlar “Marqarita” deyə-deyə mehribancasına mənə əl edib getdilər.
Səninlə Əsgər kafedən qayıdanda portretim demək olar ki, tamamlanmışdı. Sən şəklə baxıb, canlı portretimi daha çox bəyəndiyini söylədin. Sənə bir qadınla kişinin məni hansısa Marqaritaya oxşatdıqlarını dedim. “Yəqin onlar səni Bulqakovun Marqaritasına oxşadıblar”, - deyib, çox diqqətlə mənə baxdın. Deyəsən, Sən də mənimlə Bulqakovun Marqaritası arasında bir oxşarlıq axtardın. Yanılmamışdım. Birdən özünəməxsus bığaltı gülümsəyib dedin: “Qəribədir, görən onlar hardan biliblər ki, sən, mən – Master Vaqif Səmədoğlunun Marqaritasısan ...”.
Parisdən qayıtdıqdan sonra sakit olmayan duyğularım mənə bu misraları yazdırdı:
Anam fransız olmasa da,
Parisdə doğulmuşam,
Uşaqlığım keçib orda,
Sorbonda oxumasam da,
tələbəliyim keçib orda..
Fransıza vurulmasam da,
sevgimi tapdım orda,
fransız balaları doğmasam da,
ana oldum orda,
nənə də olacam, qocalacam orda...
Orda ölməsəm də, ruhum qalacaq orda –
Parisdə, Parisdə, yenə Parisdə…
Bu gəlişimdə isə... Yox, Paris dəyişməyib. Paris həmin Parisdir. Dəyişən mənəm Sən gedəli... Bilirsən, ilk dəfə duyduğum doğmalığı da hiss etmədim. Səninlə Parisdə yaşadığım doğmalığı. O doğmalığı mənə Sən yaşatmışdın, Sənin varlığın...
“Ədəbiyyat və incəsənət”
(10.11.2026)


