“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” dərgisinin “Biri ikisində” layihəsində bu dəfə sizlərə böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində yazılar təqdim edirik.
İsa HƏBİBBƏYLİ
AMEA-nın prezidenti, akademik
BÖYÜK AZƏRBAYCAN ŞAİRİ
XAQANİ ŞİRVANİ
Görkəmli şair və böyük mütəfəkkir Əfzələddin Xaqani Şirvani (1126-1199) çoxəsrlik Azərbaycan ədəbi və ictimai fikrinin qüdrətli simalarından biridir. XII əsr Şərq intibahı dövrünün görkəmli nümayəndəsi olmuş və yaşadığı dövrdə geniş şöhrət qazanmışdır. Onun adı Azərbaycan ədəbiyyatının və Şərqin görkəmli ədəbi simaları ilə birlikdə çəkilir.
Xaqani Şirvani əsərlərində özünün “əcəm türkü” olduğunu, lakin dəricə (farsca – İ.H.) əsərlər yazdığını bəyan etmişdir. Məlum olduğu kimi, orta əsrlərdə, bütün Şərqdə, o cümlədən Azərbaycanda ərəb dili elm, türk dili hərb dili olaraq işlədildiyi kimi, fars dili də şeir dili olaraq qəbul edilmişdir. Qafqazdan Hindistana və Misirə qədərki böyük coğrafiyada yaşayıb-yaradan şairlər, o cümlədən Əfzələddin Xaqani də fars dilində yazılmış əsərləri ilə türk-müsəlman dünyası miqyasında tanınmış, geniş ədəbi rəqabət mühitində böyük sənət uğrunda mübarizə aparmışlar. Xaqaninin əsərləri öz dövründə Şərq ölkələrinə yayılmış, oxunmuş, şeirlərinə həm sağlığında, həm də sonralar çoxsaylı nəzirələr yazılmışdır.
Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda mükəmməl mədrəsə təhsili almış Xaqani Şirvaninin keşməkeşli həyatı, əsasən, Dərbənddə, Təbrizdə və Bağdadda keçmişdir. Sadə peşə adamı olan Əli Nəccarın oğlu İbrahim İbn Əli Şirvani Xaqani gənc yaşlarında Şirvanşahlar sarayında dövrünün tanınmış simalarından olan Əbüləlanın “məliküş-şüəra”lıq etdiyi ədəbi məclisin böyük istedada və hərtərəfli hazırlığa malik üzvü kimi tanınmaqla, dövlət katibi vəzifəsinə qədər yüksəlmişdir. Həyatının böyük bir dövrü Şirvanşah hökmdarlarından Mənuçehr və onun oğlu Axsitanın sarayında xidmətdə keçmişdir. Bütün çətinliklərə və fikir ayrılıqlarına baxmayaraq, Şirvanşahlar sarayında vəzifə tutması onun ictimai dünyagörüşünün inkişafında, həyatın ziddiyyətlərini və insanları daha yaxından tanımasında mühüm rol oynamışdır. Əxilik cərəyanına bələd olması onun dünyagörüşünə müsbət təsir göstərmişdir.
Xaqani Şirvanşahlar sarayı ilə münasibətlərində yaranmış gərginliyə görə, Şabran qalasında həbs cəzası çəkməli olmuşdur. Mənbələrin yazdığına görə, şair özünün məşhur “Həbsiyyə” qəsidəsini Şabranda ikən yazmışdır. Həyatının sonrakı mərhələsində Təbrizin ictimai-mədəni mühitində adlı-sanlı simalardan biri kimi qəbul edilməsinə baxmayaraq, şair doğulduğu Şirvan diyarına dərin hüsn-rəğbət bəsləmişdir. Saraylarda olduğu illərdə öz xalqını, qürbətdə olarkən Vətənini düşünən şair, bu böyük ideallara ürəkdən bağlanmış, yaradıcılığı da vətənpərvərlik notları üzərində köklənmişdir.
Şairlik istedadı ilə yanaşı, cəmiyyətdə də özünəməxsus fikirləri, ictimai baxışları ilə seçilən Əfzələddin Xaqani, həm də dövrünün tanınmış ictimai-siyasi xadimlərindən biri idi. O, Atabəylər dövlətinin hökmdarı Qızıl Arslan, İraq sultanı Məhəmməd ibn Mahmud və onun baş vəziri Xacə Cəlaləddin Dərgəzini, Xalxal hökmdarı Məhəmməd ibn Əbdürrəhim Toğanyürək, Xarəzmşah Atsız, Mosul Atabəyinin vəziri Cəmaləddin Mosuli kimi tanınmış dövlət adamları ilə münasibətdə olmuş, siyasi məsələlərlə bağlı öz fikirlərini bildirmişdir.
Əsərlərinə əsasən müəyyən edilmişdir ki, Əfzələddin Xaqani Şamaxı, Gəncə, Şabran və Təbrizdən başqa, həm də Dərbənddə, Bağdadda, Reydə, Kuhistanda, Həmədanda, Qəzvində, Diyarbəkirdə, Konyada, Şamda, Kufədə, Məkkədə, Mədinədə olmuşdur. Səfər etdiyi ölkələrin dini məkanlarını, tarixi abidələrini ziyarət etmiş, görkəmli şəxsiyyətləri, siyasi xadimləri, alimləri, şairləri ilə görüşmüşdür.
Xaqani 1176-cı ildən ömrünün sonuna, yəni 1199-cu ilə qədər Şirvandan ayrılaraq Təbrizdə yaşamalı olmuşdur. Şirvanşahlar sarayında onun böyük istedadına və bacarığına qarşı yersiz qısqanclıqdan doğan mürəkkəb vəziyyətdən çıxış yolu kimi şair Təbrizə köçməyə qərar vermiş və ömrünün, təxminən, 24 ili bu şəhərdə keçmişdir. Xaqani Şirvani Təbrizdə yaşadığı illərdə Atabəylər dövlətinin hökmdarı Qızıl Arslanla görüşsə də, əsasən, “padşahların dərgahından uzaq” olan həyat tərzinə üstünlük vermişdir. O, bu illərdə Atabəylər dövlətinə Qızıl Arslandan əvvəl başçılıq etmiş Məhəmməd Cahan Pəhləvanın kürəkəni Seyfəddin Bəktəmir və Xoy şəhərinin rəisi Xacə İmad Xoylu ilə dostluq etmişdir.
Əfzələddin Xaqani Şirvaninin zəngin bədii yaradıcılığı Azərbaycan ədəbiyyatında humanizm və ədalət uğrunda mübarizənin parlaq bədii salnaməsidir. Erkən yaşlardan bədii yaradıcılığa başlayan Xaqaninin “Divan”ına müxtəlif mövzularda yazılmış qəsidələr, qəzəllər, qitələr, rübailər və s. daxildir. Bu əsərlərdə o, dövrünün mühüm mətləblərini böyük məharətlə tərənnüm etmişdir. Müasirləri ilə müqayisədə onun şeirlərində ictimai motivlər daha çoxdur. Xaqani Azərbaycan klassik ədəbiyyatında dərin ictimai-fəlsəfi məzmunlu əsərlərin əsas yaradıcılarındandır. Keşməkeşli həyatı, çətin ömür yolu onun şeirlərində dərin ictimai məsələlərin mənalandırılmasını şərtləndirmişdir.
Poeziyada Xaqani daha çox qəsidə ustası kimi fərqlənmişdir. Onun “Qəsideyi-şiniyyəsi” hələ öz dövründə çox məşhur olmuşdur. Şərqin bir çox tanınmış şairi bu əsərə nəzirə yazmışdır.
Şairin dünyaca məşhur əsərlərindən biri də “Mədain xərabələri” (1176-1177) qəsidəsidir. Xaqaninin Məkkəyə ikinci ziyarətinin məhsulu olan bu əsərdə şairin zəmanədən şikayətləri daha kəskin xarakter almışdır. “Mədain xərabələri” geniş mənada xarabazara çevrilmiş ölkələrə yazılmış mərsiyədir. Xaqani bu əsərində hökmdarların ədalətsizliklərinə, müharibələrə və qarşıdurmalara qarşı üsyan səsini ucaltmışdır.
Böyük sənətkarın məşhur əsərlərindən biri də “Töhfətül-İraqeyn” adlı məsnəvidir. Birinci Məkkə səfərində aldığı təəssüratların nəzmə çəkildiyi bu əsər nəsrlə yazılmış müqəddimədən, altı məqalədən (bəzən yeddi də deyilir), sonluq bölməsindən ibarətdir. Əsərin müqəddiməsi Azərbaycan ədəbiyyatında ilk bədii nəsr nümunəsi hesab olunur. Poemanın maraqlı cəhətlərindən biri burada Günəşə edilən xitablardır. Bu xitablarda şairin müxtəlif fəlsəfi fikirləri əks olunmuşdur.
Poemanın digər qiymətli cəhəti burada şairin özünün tərcümeyi-halının mühüm məqamlarının öz əksini tapmasıdır. Şairin həyatı ilə bağlı bəzi məlumatlar bu əsər sayəsində üzə çıxarılmışdır.
Azərbaycan ədəbiyyatşünaslığında Əfzələddin Xaqaninin həyatı və yaradıcılığının tədqiqi sahəsində mühüm işlər görülmüşdür. Görkəmli Azərbaycan alimi, filologiya elmləri doktoru, professor Qafar Kəndli-Herisçinin “Xaqani Şirvani (həyatı, dövrü və mühiti)” monoqrafiyasında şairin dövrü və mühiti, tərcümeyi-halı və müasirləri ilə əlaqələri geniş tədqiq olunmuş, yaradıcılıq yolu barədə elmi ümumiləşdirmələr aparılmışdır. Bu əsər Azərbaycan xaqanişünaslığının əsas təməllərindən biridir. Bundan başqa, Məmmədağa Sultanov, Həmid Araslı, Solmaz Rzaquluzadə və s. kimi tədqiqatçıların da şairin həyat və yaradıcılığının, dünyagörüşünün öyrənilməsində əvəzsiz xidmətləri vardır.
Ölməz əsərləri ilə müasir dünyanı da humanizmə, bərabərliyə, ədalətə çağıran Xaqaninin yaradıcılığı, Azərbaycanda dövlət müstəqilliyinin yaratdığı yeni imkanlar sayəsində, bu gün də eyni sevgi və maraqla araşdırılmaqda davam edir. Məsələn, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı” şöbəsində hazırlanmış “Xaqani Şirvani: həyatı və yaradıcılığı” monoqrafiyası ədəbiyyatşünaslıq elminin müstəqillik dövrü nailiyyətləri əsasında meydana çıxmış fundamental elmi tədqiqat əsəridir.
“Ədəbiyyat və incəsənət”
(06.11.2026)


