Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

 

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

34-CÜ DƏRC        

 

29.1.2015.

Səni Azdramaya aparırlar. Cənazən Azdramanın səhnəsinə qoyulur. Səninlə vidalaşma saatları... Kamil Cəlilovun qaboyu səslənir. 20 Yanvar günlərini yada salır... Şairi şeirləri... şeirlərinə yazılan musiqi yola salmalıdır...

1995-ci il. Xaqanidəki evdə üz-üzə oturub, Bill Evansın “All Mine” kompozisiyasına qulaq asırdıq. Siqaret çəkə-çəkə dedin: “Nuşa, məni bu musiqi ilə dəfn edərsiz...”       

Bağışla, sevgilim, bu, mümkün olmadı. O günün ssenarisi Sən istədiyin kimi yazılmadı...  Çıxışlar başlayır... üzüntü, qüssə-kədər əl çalır onlara...

 

Niyə görəsən adam bilmək istəyir

kim nə deyəcək o öləndə?

Kim necə ağlayacaq onun meyiti üstə?

Neçin insan oğlu

gizli bir həsrətlə

öz dəfnini görmək istəyir?

         

Fəxri xiyabana gətirirlər Səni. Atan Səməd Vurğun qoynunu açıb Səni gözləyir. Yusif sağ qolunda, Səni də sol qoluna alacaq indi uşaqlıqda olduğu kimi...

Ömrünün son çiçək yağıçı yağdı... torpağına sarıldı, torpağınla öpüşdü çiçəklər... çiçəklərin arxasından dünyaya, həyata gülümsəyən şəklin ucalır...   

Gündəlikdən: “Mən o dünyada bu dünyadan şikayət etməyəcəyəm. Yalnız yaxşılıqlardan danışacağam”.

Həmin gün bir bayraq endi Sənin adınla...

Ağlıma bir fikir gəlir,

Yalqız şərab içəndə,

Bir bayraq da enməyəcək,                 

Mən dünyadan köçəndə...

Gənc ədib Sərxan Carçı bu şeirini oxuyaraq, evində olan Azərbaycan bayrağını endirdi...                               

Vaqifsizliyə boyanmış evimizə qayıdıram...  Şeirinlə Səni çağırıram...

          Sinəm bəd harayla dolub,

           Qovruluram yana-yana.     

            Bir əlac tap qurban olum,

            Səsin hardadır, Vaqif?

             Bel bağlaya bilməyirəm

             Nə doğruya, nə yalana.

             Yerini itirmişəm,

              Səsin hardadır, Vaqif?

            ...Milyon insan səhrasında

               Yalqızlıqdan dona-dona.

               Günəşlə aram soyuyur

               Səsin hardadır, Vaqif?     

(Son misralarda “səsim”i “səsin”lə, “ay ana”nı “Vaqif”lə əvəz etdim)

2005-ci ildə Sən Strasburqda olanda yazmışdım:

Sən Strasburqdasan...

Darıxıram desəm, yalan olar.

Sənsiz mənsizləşmişəm...

Elə bil, məni bölüblər yarı,

Yarım gedib, yarıma sarı,

Rəngim olub, sarıdan sarı,

Ey Ayrılıq, gəl yaramı sarı...

Səhər zəng etdin. Soruşdun: “Necəsən?” Yazdığım şeiri oxudum. Dedin: “Bəh, bəh, lap Tufarqanlı sayaqdır ki...” Bir neçə gün sonra Sən qayıtdın. Gəlişin yaramı sarıdı...

Mən o şeiri yazanda nə bilərdim ki, 10 il keçəcək və onun ağrılı davamını yazacam...

Arada qısa ayrılıqlar olurdu. Ancaq nə Sən özünə, nə mən özümə qıyırdım uzun müddətli həsrəti...

Dünya fırlanırdı Sənin ətrafında...

Fələk hökmünü verdi... 

İnamı ümidə, ümidi duaya bağladıq. O da qırıldı...

Fələk bizdən güclü çıxdı. Bizi ayırdı...

Dayandı vaxt, dayandı baxt...

Dünya kiçildi, yadlaşdı ətraf...

İndi gəl yaşa, ümidsiz, inamsız, bu sıxılmış məkanda,

Üzünü arxaya, dünənə çevirmiş məhəbbətinlə.

İki zaman ayrıcısında vurnuxa-vurnuxa: keçmiş və indiki...

Dünəni bu gün yaşamaq... Yaşamaq  və yaşatmaq...

Sənin yoxluğundan bir Sən toxumaq,

Sənin xatirələrindən, yazılarından, əşyalarından...

Bu günümün ən sadiq, ən etibarlı həmdəmlərindən.

İlahi, xatirə də insana arxa olarmış...

Hər səhər otağınla salamlaşır, gecələr sağollaşıram,

Sənə boyanmış, Səndən nurlanmış otağınla.

Necə də yüngül nəfəs alınır orda,

Hər əşyada Sənin nəfəsin, əl izlərin...

Əşyalar da yetim qalarmış, ay Allah...

Ən böyük yetimliyi onlar duyur, bəlkə də,

Nə dil deyə bilirlər, nə ağı Sənin üçün...

Toxunuram onlara...

İçimdəki həyəcana necə tab gətirirəm, özüm də bilmirəm.

Araxçınını sıxıram sinəmə bərk-bərk...

Öpüşürəm içində qalan ətrinlə...

İlahi, necə də doğma öpüşdür bu,

Həyatımın ən ehtiraslı, ən dadlı, ən şirin öpüşü...

Dodağımda təkliyimin dadını hiss edirəm

Heç kimə arzulamadığım bir öpüş, bir dad, Sevgilim...

 

Gündəlikdən: “Yazıçının, yaradıcı insanın iki ömrü var: biri yaşadığı dövr, digəri isə ölümündən sonrakı dövr. Və həyatda insan ömür parasını yaşayanda bu ömür parasına ilk addımdan başladığı kimi öləndən sonra da ölüm həyatına ilk addımdan başlayır”. 

Vaqif,  başladı dediyin o ikinci ömür dövrün...

Yazı masan, başqa əşyaların gəldi muzeyə. Yer az olduğundan əşyalarının çoxu evimizdəki kabinetində qaldı. Qəribədir, bu əşyaları elə bil, indi başqa cür görürəm. Yox, onlar dəyişməyib. Onlara baxışım dəyişib. Sənsizlikdən baxan gözlərim... 

 Əşyaların muzeydə olan başqa əşyalara qovuşdu. Atanın, ananın, qardaşının, bacının əşyalarına. Təsəvvür edirəm, onlar yiyəsi haqda necə maraqlı hekayələr danışa bilərdilər. Böyük həvəslə, məhəbbətlə alınan bu əşyalar indi bu səssiz-səmirsiz məkanda hayan olarlar bir-birinə...

Sənin adına mərkəz, Poeziya Teatrı yaratdıq, adına medal təsis etdik. Bu işdə ailənizə, xüsusən də Sənə böyük sevgi bəsləyən Səməd Vəkilov yardımçı oldu. Hüquqşünas kimi onun məsləhətləri yerinə düşür.

Görən mənə nə deyərdin Sənsiz gördüyüm işlərə? Nə replika, atmaca atardın? Axı həmişə Səninlə məsləhətləşmişəm, razılaşdırmışam görəcəyim işləri. Sənin fikrin mənimçün önəmli olub axı həmişə.

Mən ilk dəfə S.Vurğun muzeyinə Səninlə gəldim. Gəncliyin keçən məkana. Sən burada şair kimi, pianoçu kimi yetişmisən. Otaqları mənə göstərdin. Royalda çaldın. Unutdum ki, muzeydəyəm. Sən də özünü evdəki kimi hiss edirdin. Yəqin xeyli müddət yaşadığın, xatirələrlə dolu evi sonradan muzey kimi qəbul etmək çətin olur. Eyni hissi Xavər xanımda, Aybəniz xanımda, Aygündə görürdüm... Xavər xanım desə də ki, bu evdə xoşbəxt olmadım, düşmədi bu ev mənə, ancaq burada rahatlıq tapırdı o. Xavər xanım uzaqgörənliklə Səməd Vurğunun əlyazmalarını, ona mənsub olan əşyaları göz bəbəyi kimi qoruyub saxlayıb. Xavər xanım deyirdi: “Səmədin əzib, zibilliyə atdığı əlyazmalarını götürüb, sığallayıb bir qovluğa yığırdım. Onun böyük şair olduğunu hiss edirdim və nə vaxtsa ona muzey açılacağına ümid edirdim”.

20 ilə yaxın bu əşyalar öz növbəsini gözlədi. Xavər xanımın böyüklüyü həm də ondadır ki, atanın arxasında onun istedadına qiymət verməyi bacaran qadın oldu. Qızı Aybəniz ömrünü atasının yaradıcılığının təbliğinə həsr etdi. Cismani yoxluqla sevgi yox ola bilməz. Görülən bütün işlər bu sevgidən güc alır.      

Mənim heç ağlıma da gəlməzdi ki, zaman ötəcək, ardıcıl itkilər olacaq və tale məni bu muzeylə bağlayacaq. Bu gün mən Yusif Səmədoğlunun ömür-gün yoldaşı Nəmidə xanıma minnətdaram. Onun inadkarlıqla “Yusifin əşyalarını mən ancaq sənə etibar edə bilərəm“ deməsi, məni muzeyə rəhbər gəlməyə inandırdı. Sən bu dünyadan köçəndə dedim: “Vaqif, mənə Sənsizlik reseptini qoymadın...”. Sən demə, bu resept muzey olacaqmış... Sənin adınla görəcəyim işlər olacaqmış...  Muzeydə Yusifə, Sənə həsr olunan ekspozisiyalar, Xavər xanımın, Aybəniz xanımın guşələri yaradıldı. Bu işləri istedadlı xalçaçı-rəssam, nurlu xanım Afaq Kərimovanın dəstəyi ilə gördüm.

-Vaqif, bütün etdiklərimin adı həm də təskinlikdir. Qalan ömrümü təskinlikdə tapıram, təskinliklərlə doldururam günlərimi...         

Evdəki kabinetinə Ayla bir il girə bilmədi. Mən hər dəfə kabinetinin yanından keçəndə yumruğumu sıxırdım özüm də hiss etmədən. Sonradan bu misralar yarandı: 

Sənsiz qalan günlərimi

yığdım ovcuma...

Beləcə,

bir ovuc ömürlə

Sənsiz həyatımı

vururam başa...

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.