Çingiz Hüseynovun “Doktor N” romanı özünün ağır, sanballı təhkiyəsi ilə o birilərini üstələdi Featured

Rəşad Məcid,

AYB sədrinin müavini.

“Ədəbiyyat və incəsənət”

 

Bakıdakı son Kitab sərgisində aldığım kitabları oxumağa gənc yazarların əsərlərindən başladım. “Dilləri var, görəsən, dilçəkləri də varmı?” düşüncəsiylə. Ya da məşhur tamaşadakı kimi, sonda “noolsun?” deməyəcəyəm ki?

 

Sərginin elə ilk günü aldığım, Mürşüd Mehdinin bestseller kimi təbliğ olunan “Məktubdakı qadın” kitabını bir günə oxudum. Detektivdir. Asan oxunur. Yəqin, oxucularda detektivə maraq çoxdur.

Verdim anam oxusun.

Orxan Saffarinin müharibədən bəhs edən “404” romanı çap olunub. 44 günlük Vətən müharibəsinin ovqatı, müharibədə iştiraka can atan gənclər, cəmiyyətin şəhid ailələrinə ehtiramı, qazilərə münasibət və s. - müəllifin bu mövzularla bağlı dəqiq müşahidələri və təsvirləri diqqətçəkən idi.

Sərginin onlayn səsverməsinin qalibi olan Kəramətin “Müharibə başlamadı” romanının dili əvvəlki yazılarındakı kimi axıcıdır, rahat oxunur. Kəramət detektivvari süjet seçib, hərbi xidmətdə həlak olan gəncin başına gələnləri yazıb, sevgi xətti də var. Maraqlı qənaətlər yaradır.

Sərdar Aminin miniatür, ovuc içi boyda “Yosma” romanını da birnəfəsə oxudum. Romanda sovet cəmiyyətinin simvolu qismində qonşuları pusan Zinaida Fyodorovna obrazı diqqət çəkir. Kimsəsiz qadın evində ölür, cəsədinin qoxusu ətrafa yayılır. Bir həftə sonra qonşular duyuq düşürlər. Əsərdən belə bir qənaət hasil olur: Sovetlər dağılsa da, onun çürümüş cəsədinin qoxusu bugünkü gəncləri rahat yaşamağa qoymur, həyatdan zövq almağa imkan vermir.

Bəs hansı əsərə “Nolsun?” dedim, hansı müəllifin dilindən əlavə, dilçəyinin də olduğunu gördüm? - indilik bunu gizli saxlayıram. Təkcə bir nüansı deyəcəyəm. Gənclərin problemi onda oldu ki, bu kitablarla yanaşı, İlqar Əlfinin tərcüməsində Çingiz Hüseynovun “Doktor N” romanını da oxuyurdum. Və bu roman özünün ağır, sanballı təhkiyəsi ilə o birilərini üstələyirdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.