Heç urdu dili barədə eşitmisiniz? “Güldəstə” kitabı bu dildədir Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda ədəbi ictimaiyyətin böyük marağına səbəb olan qeyri-adi tədbir keçirildi, tədbirdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri, şair və yazıçılar, qiraətçilər, gənc qələm sahibləri və ədəbiyyatsevərlər iştirak edirdilər. Tədbirin qeyri-adiliyi onda idi ki, bu kitab təqdimatında təqdim edilən kitab urdu dilində idi.

 

 “Söz körpüsü” ədəbi birliyinin təşkilatçılığı ilə Türkiyə Respublikasının vətəndaşı, tərcüməçi Tahirə Günəşin Azərbaycan klassik poeziyasından urdu dilinə tərcümələrini əhatə edən “Güldəstə” kitabının təqdimatı barədə danışırıq.

Bəri başdan deyim ki, urdu dili dünyanın ən zəngin ədəbi ənənələrindən birinə malik dillərdən biridir. Hind-Avropa dil ailəsinin Hind-İran qolunun Hind-Aryan qrupuna daxildir. Bu dildə əsasən Pakistan və Hindistanda danışılır.

Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, tanınmış yazıçı Seyran Səxavət, şair və publisist Qulu Ağsəs, Xəyal Rza, Güləmail Murad, Rəbiqə Nazimqızı, Rəfail Tağızadə, Əli bəy Azəri, Narıngül Nadir, Təranə Yusifqızı, Elnarə Zeynalova, Fidan Nəsirova, qiraətçilər Bəhiyyə Nağıyeva və İsmayıl Etibarlı, eləcə də gənc şairlər Emrah Tənha, Aypara Ayxan, Nazlı Çiçək və digər ədəbiyyat nümayəndələri iştirak edirdilər.

Tədbirin aparıcısı, ziyalı və ədəbiyyat təəssübkeşi Leyla Səmədova mərasimi yüksək peşəkarlıq, zəngin nitq mədəniyyəti və xüsusi aparıcılıq məharəti ilə idarə etdi. Leyla Səmədova tədbirin ayrı-ayrı məqamları arasında uğurlu keçidlər edərək, iştirakçılar və qonaqlar arasında səmimi ədəbi ünsiyyət mühitinin formalaşmasına mühüm töhfə verdi.

Təqdim olunan “Güldəstə” kitabı Azərbaycan klassik poeziyasının zəngin bədii irsini urdudilli oxuculara çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bu nəşr  xalqımızla bu dildə danışan kəsimin ədəbi-mədəni əlaqələrinin inkişafına, Azərbaycan poeziyasının beynəlxalq miqyasda tanıdılmasına xidmət edən dəyərli ədəbi təşəbbüsdür.

Kitabın ön sözü və urdu dilinə tərcümə prosesində müəllifə göstərilən xüsusi ədəbi və yaradıcı dəstək azərbaycanlı şair Aysel Nəsirzadəyə məxsusdur. Onun bu layihədəki iştirakı Azərbaycan poeziyasının başqa bir dil və mədəniyyət mühitində tanıdılması baxımından təqdirəlayiqdir.

Tədbir iştirakçıları kitabın nəşrini Azərbaycan ədəbiyyatının təbliği, milli poeziyamızın dünya xalqlarına tanıdılması və xalqlar arasında mədəni körpülərin qurulması istiqamətində əhəmiyyətli hadisə kimi qiymətləndirdilər. Qonaqlar “Güldəstə”ni böyük maraqla qarşılayıb, nəşrin ədəbi və mədəni əhəmiyyəti ətrafında fikir və təəssüratlarını bölüşdülər.

Tədbirin sonunda təşkilatçılar – Aysel Xanlarqızı, Aysel Nəsirzadə və Həmidə Yaqubova iştirakçılara və qonaqlara təşəkkürlərini bildirdilər. Səmimi və xoş ovqatda keçən görüş xatirə şəkillərinin çəkilməsi ilə başa çatdı.

“Güldəstə” Azərbaycan poeziyasının söz çələngini urdu dilində təqdim etməklə ədəbiyyatın sərhəd tanımadığını, sözün və sənətin xalqları birləşdirən ən möhkəm körpülərdən biri olduğunu bir daha nümayiş etdirdi.

Gözəl təcrübədir. Təki, davamı gəlsin.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.