Nemət Pənahlı,
ictimi xadim.
“Ədəbiyyat və incəsənət” üçün
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə minbir şəfa arzusu ilə bu kiçik həcmli yazı ilə ilk növbədə başda şəhid və qazilərimizin ailələri olmaqla bütün xalqımızı 8 Noyabr - Zəfər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Əminliklə ifadə edə bilərəm ki, Müzəffər Ali baş Komandan İlham Əliyevin liderliyində qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə əbədiyyətə qədər əzmlə qorunacaq və Azərbaycanın bütövlüyünün təmin olunmasına müstəsna xidmət edəcək.
Hörmətli oxucular, bir zəfəri qazanmaq nə qədər çətin və məsuliyyətlidirsə, onu düzgün tarixiləşdirmək də bir o qədər çətin və məsuliyyətlidir. Dünya tarixində fərdi qəhrəmanlıqlar nə qədər çoxdursa, xalqların kütləvi qəhrəmanlığı bir o qədər azdır. Azərbaycan xalqı 1988-1990-cı illərdə olduğu kimi Vətən müharbəsi adlandırdığımız ikinci Qarabağ savaşında da dünyada misli görünməmiş kütləvi qəhrəmanlıq göstərərək Azadlıq salnaməsi, möhtəşəm qəhrəmanlıq dastanı yazdı. 44 Günlük Vətən müharibəsində Azərbaycan xalq olaraq qalib gəlib. Bu mənada Vətən müharibəsinin əzəmətini gələcək nəsillərə olduğu kimi çatdırılmasında bədii ədəbiyyatın rolu əvəzedilməzdir.
Bəhsimin davamı məhz bu mövzunu əhatə edir.
Bu kontekstdə Azərbaycan ədəbiyyatında fitri istedadı və unikal yaradıcılıq üslubu ilə seçilən, bir-birindən gözəl əsərlər yazan Sabir Şahtaxtının yaradıcılığına toxunmaq istəyirəm. Yazıçının Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə ithaf etdiyi “Duman çəkiləndə” siyasi-tarixi romanı 44 günlük Vətən müharibəsinin bütün əzəmətini özündə yaşadan unikal bir əsərdir. Azərbaycan Ordusunun qazandığı tarixi Qarabağ Zəfərinin bütün elementləri, haqq savaşımızın siyasi-fəlsəfi quruluşu romanda çox gözəl şəkildə öz əksini tapmışdır. Əsərdə Ali Baş Komandanın Zəfər Əzizi adlandırılması romanın siyasi-mənəvi baxımdan ən yüksək zirvəsidir.
Müəllifin digər əsərləri də Güneyli-Quzeyli bütün Azərbaycanın tarixini və müasirliyini özündə əks etdirir.
Sabir Şahtaxtının əsərləri ilə son aylar tanış olmuşam və bu kitabları oxuduqdan sonra heç bir tərəddüd etmədən onun əsərlərini ədəbi estetik gücünü dünya ədəbiyyatının bədii memarlarından hesab etdiyim Cek London, Fyodr Dostoyevski, Çingiz Ayıtmatov kimi korfeylərin əsərləriylə müqayisə edirəm. “Duman çəkiləndə” romanı Azərbaycan xalqının Vətən müharibəsindəki kütləvi qəhrəmanlığını tərənnüm edir. Sabir Şahtaxtının bu siyasi-tarixi romanı xalqın qəhrəmanlıq dastanı olmaqla bərabər, həm də ibrətamiz eşq dastanı olduğu üçün hər bir ailənin masaüstü kitabı olmağa haqq edir. Hər bir vətənsevər azərbaycanlı romanda özünə ideal tapmaq imkanındadır.
Akademik Nizami Cəfərovun ön söz müəllifliyi ilə qardaş Türkiyədə nəşr olunan və Türkiyə Cümhurbaşkanlığında təqdimatı keçirilən “Duman çəkiləndə” siyasi-tarixi romanı Azərbaycan xalqının milli-azadlıq hərəkatının bütün elementlərini, azadlığımızın bütün simvollarını özündə ehtiva edir.
Yaxın gələcəkdə yazıçının milli-ideologiyanı xarakterizə edən digər romanları da daxil olmaqla bütün yaradıcılığı barədə geniş məqalə ilə çıxış etmək niyyətindəyəm. Hələliksə yazıçının oxucu üçün Azərbaycan dilində yeganə əlçatan əsəri var - “Qanun” nəşriyyatı tərəfindən nəşr edilmiş “Mil” romanı - Güneyli-Quzeyli bütün Azərbaycan xalqına, xüsusilə gənclərimizə bu əsəri oxumağı tövsüyə edirəm.
Sonsuz sevgi və sayqılarla!
“Ədəbiyyat və incəsənət”
(06.11.2026)


