XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
33-CÜ DƏRC
2014-cü ilin yayında özünü daha yaxşı hiss etməyə başladın. Heç kimə demir, içimdə sevinirdim. Düşünmək istəyirdim ki, xəstəlik əl çəkmək istəyir Səndən. Əhvalın da düzəlirdi. Ancaq sən demə, bu amansız xəstəliyin fitnəsi imiş... Payızdan zəifləməyə başladın...
Ağrıyan insana ağrısız yaşamaqçün çox yox, yarımca saat da böyük səadət imiş, ay Allah...
Gündəlikdən: “Görən hansı şeirin əlindən sağ çıxmayacam...”.
Ağrıdan yaranan şeir... S o n ş e i r i n... 2014-cü ilin oktyabrı...
İlahi,
yatağın nə sagında,
nə solunda,
nə bir gözəlin qolunda
yatmaq istəyirəm.
İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın
ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqlı qəm içində,
ağrısız
yatmaq istəyirəm...
Yenidən İsrailə getmək təklifi. Əsas Sənin istəyin idi. Çünki həkimlərin nə fikirdə olduğunu artıq bilirdim. Sən getmək istədin. Bu dəfə xüsusi təyyarədə, həkim nəzarətində getdik. Bizi təcili yardım maşınında “Assuta” xəstəxanasına gətirdilər. Klinikada yoxladıqdan və hər hansı tibbi əlacın mümkünsüzlüyünə tam əmin olandan sonra bizi Tel-Əvivin mərkəzində yerləşən reabilitasiya mərkəzinə köçürdülər. Çox işıqlı, ürəkaçan, girəcəyindən yuxarı mərtəbələrə kimi ağ mərmər döşənmiş 4-5 mərtəbəli, bayırdan beşulduzlu hotelə bənzəyən bina. Ancaq bura çox cansıxıcıdır. Hər mərtəbədə xəstələr vəziyyətlərinin ağırlığından-yüngüllüyündən asılı olaraq yerləşdirilirlər. Bizim mərtəbədə sərbəst hərəkət edə bilməyənlər, əsasən yaşlılardır. Yanlarında baxıcı qız. Kişi baxıcı da görmək olur. Hamı həkim nəzarətindədir. Gündə bir neçə dəfə təzyiq, şəkər yoxlanılır. Müvafiq dərmanlar verilir. Hər mərtəbənin öz yemək salonu. İstirahət günləri xəstələrin yaxın qohumları uşaqlı-böyüklü o salona yığışır, musiqi sadaları altında yeyib-içir, deyib-gülür, xəstəyə xoş əhval yaşadırlar. Sonra qohumlar dağılışır və bir həftə keçəndən sonra yenidən xəstənin ziyarətinə gəlirdilər.
Bura Səni darıxdırır. Yeriməyin lap çətinləşib. Əlil arabasındasan. Siqaret çəkməkçün Səni bir mərtəbə aşağıdakı oranjereyaya aparıram. Bir-iki saat orada olursan. Cavanlarla söhbət edirsən...
Əzab çəkirsən... Məni incitdiyinə görə tez-tez üzr istəməyin məni kövrəldir... Oradakı həkim mənə dedi:
- Sledite i vı za svoim zdorovyem (Siz də öz səhhətinizə fikir verin).
- Vsyo normalno. Dlya menya qlavnoye eqo sostoyaniye. A on perejivaet za menya, dumaet, cto muçaet menya, izvinyaetsya (Hər şey qaydasındadır. Mənimçün əsas onun vəziyyətidir. O isə mənə görə narahatdır, düşünür ki, mənə əziyyət verir, üzr istəyir).
- A skolko let vı jenatı? (Neçə ildir evlisiz?)
- 20 let, no znakomı 27 let (20 ildir, amma 27 ildir tanışıq).
- Stolko let vı vmeste i on izvinyaetsya... Nastoyaşiy mujçina. Duşa xoroşaya. (Neçə ildir bir yerdəsiz, yenə də üzr istəyir. Əsl kişidir. Ruhu gözəldir).
Aqarunov, Turan xanım, Arye Qut və başqa tanışlar vaxtaşırı Sənə baş çəkirlər. Bir gəlişlərində də İsrail Yazıçılar İttifaqının nümayəndəsi ilə Sənə İsrail Yazıçılar İttifaqın üzvlük kartını təqdim etdilər. Xəstə ikən sevinc duymaq çətindir...
Yanına bir qrup həkim gəldi. Sənə bioloji üsulla müalicə təklif etdilər. “Sağalmaq şansı çox cüzi olsa da, təcrübədən keçirmək olar”, – dedilər. “Ya ne podopıtnıy krolik ”, –deyib (mən təcrübə dovşanı deyiləm), rədd etdin bu təklifi. Onlar gedəndən sonra mən: “Qaqu, bəlkə razılıq verəsən”, – dedikdə, “Qurtardı söhbət, Nuşa, evə qayıdaq”, – dedin.
9 dekabrda Bakıya dönürük. Səninlə sağollaşmağa gələnlər kövrəliblər, Sən də pərişansan.
“Nuşa, Bakıya ölməyə gedirəm...”, – dedin.
Yağış yerə yetə bilmir,
Ömür zalım bitə bilmir,
Ölüm, yaman yordum səni,
Qaça-qaça, addım-addım,
Ölüm, səni çox yaşadım...
Klinikadan dərmanları gətirdilər. Bəd fikirləri Səndən uzaq etməkçün dedim: “Vaqif, Tatyana dedi ki, dərmanları yarımillik veririk”. Yenə yalan danışdım...
Tel-Əvivdən gələn gündən günbəgün, saatbasaat zəifləyirsən. Çarəsizlik lap öldürür məni. İsraildə son olaraq dedilər: “Əlimizdən nə gəlirdi, etdik. Onun indiyə kimi yaşamağı möcüzədir...”.
Yuxuda tez-tez Yusifi görürsən...
Bakıda Milli Onkologiya Mərkəzinin həkimlərinin nəzarətindəsən. Evdə sistem qoyulur Tel-Əvivdən gətirdiyimiz dərmanlardan. Xeyri yoxdur, bilirəm. Bu, ancaq Səni inandırmaqçündür. Yorulmusan, bilirəm. Son ümid də puça çıxdı...
İki dünya arasında çarpışan Vaqifim...
Nuşa, belə yaşamaq olmaz...
Reallıq ağır gəlir Sənə. Xilasını yuxuda tapırsan. Hər şeydən əli üzülən, qalan ömrünü yuxuda keçirmək istəyən Vaqifim...
Bu dünya yuxu bazarıdır,
onun səs-küyündən tutulub
Allahın qulaqları.
Ömür bu bazarda satılan mal imiş,
satılır yuxulara bükülüb...
Xəstəlik uzananda, ətrafdakılar üçün də adiləşir xəstənin vəziyyəti. Zənglər azalır...
Bu gün yeni ildir. 2014-cü il dekabrın 31-i. Bilirəm bu, bizim sonuncu Yeni ilimizdir. Mirvari Sənin sevdiyin yeməkləri hazırlayır. Səni heç nə sevindirmir. Axşam Nigarla qızı Məryəm gəldilər. Sən 21:30-a kimi bizimlə oturdun. Yarım dilim çörəklə qırmızı kürü, bir tikə paştet yedin. Dedin, bəsimdir. Yerinə uzandırdım. Qızlar Nigargilə getdilər. Saat 23:50-də Anar zəng etdi. “Vaqif yatır”, – dedim. Təəccübləndi, deyəsən. Düz saat 24:00-da otağına gəldim. Əlimdə bir bokal şampan şərabı. Sən yatırsan. Yavaşca qulağına pıçıldadım: “Yeni ilin mübarək, sevgilim...”. Başından, üzündən öpürəm. Göz yaşı dadır şampan...
Bu gün dedin: “Nuşa, otpusti menya...”. ( Nuşa, məni burax...).
Bərk-bərk qucaqladım Səni... Gözlərini var gücünlə açdın, dinməzcə üzümə baxdın...
Ağrı çəkə-çəkə dedin: “Nuşa, saçına boya qoy...”.
Təcili yardım maşını qapımızdan əskik olmur...
Yazıçının müqəddəs saydığın yazı masası döndü tibb masasına...
Acınacaqlı mənzərələrlə doldu ömrümüzün sonu...
- Nuşa, bağışla, ya protivno kapriznıy (mən çox şıltaqlıq edirəm), nə olar öldür də məni. Vallah, heç kəsə demərəm...
Mən gülümsədim, öpdüm üzündən. Sənin də solmuş bənizinə təbəssüm çökdü...
Gündəlikdən: “Ölümüm də çap olunmamış şeirə bənzəyəcək. İlk oxunuşdan yadda əzbər qalacaq bu şeirin bütün misraları. Əcəl vəznində yazılmış ilk və son şeirim...”.
İki günün içində halın tam dəyişdi. Gündə bir neçə dəfə təcili yardım maşını gəlir.
- Nuşa, qara plaşlı adamı gördün? O tərəfə keçdi...
Bu odur – Əzrayıl...
Bədənimdən elektrik keçir. Deməyə söz tapmıram. Bağırmaq istəyirəm, səsim çıxmır...
Əzrayıl əsir götürmür...
Gecəni yatmırsan. Çətin nəfəs alırsan. Otağa qəribə səs yayılır hər aldığın nəfəslə.
- Eşidirsən, içimdə elə bil kran açılıb...
Eşidirəm... Dinmirəm... Ürəyim elə bil çıxacaq yerindən. Hönkürməməkçün özümü sıxıram var gücümlə... Bilirəm, bu, artıq sondur...
Ölüm yetim kimi durub qapı dalında...
Əllərini, ağzını silirəm. Əlimi dodaqlarına sarı gətirirsən. Dodaqların əlimə dəyir, taqətsiz əlimi buraxırsan, yanına düşür əllərin...
Səhər tezdən Mirvari Mehribana, Nigara zəng edir ki, gəlsinlər. Mehriban həyat yoldaşı Akşin Ziyadovla gəlir, sonra Nigar. Onları görən kimi gülümsəyirsən. Eynəyini çıxardıb, mənə verirsən. Onu pianinonun üstünə qoyuram. Soruşursan: “Hara qoydun eynəyimi?” Yerini göstərirəm. Ancaq Sən haldan-hala düşürsən. Mehriban deyir: “Nuşa, deyəsən yatmaq istəyir, yəqin iynənin təsirindəndir. Onlar gələndə təcili yardım hələ evdə idi. Soruşuram: “Qaquş, yatmaq istəyirsən?” “Hə”, - deyirsən. Mehriban deyir: “Gəl otaqdan çıxaq, yatmaq istəyir”. O, otaqdan çıxır. “Yatmaq nədir...” düşünürəm.
- Qaquş, özünü pis hiss edirsən?
- Hə, pis... Nuşa, mən ölürəm...
Yox... Üzümə gülümsəyirsən, göz vurursan... İlahi, Sən bu gücü haradan tapırsan...
- Məni rahla, Nuşa...
Rahlayıram. Özün də mənə kömək edirsən...
Ölümümə bir az qalmış
Darayacağam saçlarımı...
Sakitcə gedirsən... Şüurlu... Göz qapaqların yarı örtülür...
Gözlərini bağlayıram... Alnından öpürəm...
S o n ... Ömür həddən çox vaxt aparır...
28 y a n v a r, saat 11:10...
Bilmirəm ölüm yaxındır ya uzaq?
Bilmirəm, ölüm istidir ya sazaq?
Ancaq onu bilirəm, mən ölsəm,
Nüşabə yazıqdır...
Mən Səni itirdim... Bu, həqiqətdir. Bu dəhşətli həqiqətlə qaldım üz-üzə...
Robota dönürəm... Telefon zənglərinə cavab, bütün etdiyim hərəkətlər biixtiyardır... Ev telefonunun dəstəyini itirirəm... (3 ay sonra tapılacaq)... Özümü ələ almalıyam... çətindir... yoxluğunla barışa bilmirəm... tək qalmaq istəyirəm... var gücümlə qışqırmaq, bağırmaq, haray çəkmək istəyirəm... ancaq tək deyiləm... “Nuşa, möhkəm ol”. Sözlərin qulağımda səslənir... bacardığım qədər çalışıram, Vaqif... Niyə alışa bilmir insan oğlu əzizinin yoxluğuna xəstəliyini bilə-bilə... Hamıya cavab verməliyəm... Tükənirəm... Fərman təzə çapdan çıxmış ikicildlik “Dramaturgiya” kitablarını gətirir... gecdir...
Bu kədərin ləkəsini qan da yumaz, göz yaşı da...
Təbiət də Səni yola salır... Narın yağış yağır. Deyirlər, yağışın yağması həyatdan köçən yaxşı insan üçün təbiətin axıtdığı göz yaşıdır... Gün çıxır... Yanvar ayının sonu olur xoş bir yaz ayı...
Ölümümə bir az qalmış
Göy üzü mavi olacaq,
Buludlar köpük-köpük...
Səni yumağa aparırlar...
Bacımın kürəkəni Mətin dedi ki, məscidin həyətində qış vaxtı oxuyan quşlar haradan gəldi, bilmirəm. Elə bil quşlar yarışa girmişdilər bir-birləriylə. Bir dənə də qarğa yox idi...
Xəbər yayılıb. Zənglər çoxalır. İsraildən, Türkiyədən... Evə gəlib-gedənlər də artır...
Sonuncu gün evimizdəsən... Nigar, Dilarə (qardaşım qızı), Mirvari mənə hayan olurlar səhərə kimi...
“Ədəbiyyat və incəsənət”
(05.11.2026)


