Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

 

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

32-Cİ DƏRC                                                           

                       

2014-cü ilin fevral ayında Betti Bleyer və Jalə Qəribova bizə gəldilər. Sarışın, hündürboy, mavi gözlü bu mehriban xanım “Azerbaijan International” jurnalının yaradıcısı və baş redaktoru idi. Jurnalın hər səhifəsi bu xanımın Azərbaycana, onun mədəniyyətinə, sadə adamlarına sevgi etirafı ilə nəfəs alırdı...                                               

Betti sadə, sakit təbiətli insan təəssüratı yaratsa da, görünüşünün arxasında  mübariz bir xanım dururdu. Onunla gəlmiş ingilis dilini gözəl bilən ağıllı, təmkinli Jalə xanımın professional səviyyədə etdiyi tərcümələr Bettiyə yardımçı olub həmişə. Betti bu dəfə Səndən müsahibə almaq üçün deyil, kompüterdə ingiliscə şeirlər kitabının hazır variantını göstərmək üçün gəlmişdi. Həm də xəstəliyindən xəbər tutmuşdu. Əsl loğman kimi, özüylə Amerikadan bir torba vitamin, qidaya bioloji əlavələr, bir də böyük bir məlumat kitabçası gətirmişdi. Kitabçadan gətirdiyi hər bir vitamin haqda məlumatı oxuyur, Jalə tərcümə edir, mən də deyilənləri yazırdım. Dönə-dönə onları içməyini xahiş edirdi. “Mənim kimyaterapiyama “Betti terapiya” da əlavə olundu”, – deməyin əhvalımızı açdı.                                    

Betti bu xəstəlikdən atasını itirmiş, indi də anası yataqda idi. Bizim ağır günlərimizdə Bettinin biganə qalmaması, Sənin xəstələyini öz yaxınının dərdi kimi qəbul etməsi, ürək yanğısıyla yanaşması onun Sənə olan münasibətinin ən təsiredici məqamıdır, məncə. Betti kitabın nəşrinə Sənin razılığını alıb, Amerikaya qayıtmalı idi. Kitabın üz qabığı Sənin ürəyincə olmasa da, nəşrinin vaxtının uzanmaması üçün razılaşdın. Çünki kitabının Amerikada nəşri söhbətindən nə az, nə çox, düz 19 il keçirdi. Sən nəşrin xərcini öz üzərinə götürmək istədin. Jalə xanım dedi: “İnciyər, deməyin”.

Yadıma Bettinin bizə ilk gəlişi düşdü. Betti Jalə xanımla və Məzahir Pənahovla gəlmişdi onda.  Biz o zaman Xaqani küçəsində yaşayırdıq. Səndən “Azerbaijan International” jurnalına Səməd Vurğun haqda müsahibə almaq istəyirdi. Sonralar hər Bakıya gəlişində bizə də gəlirdi. Hər sahədə – istər tarix olsun, siyasət olsun, istərsə də ədəbiyyat ya musiqi olsun, Səninlə söhbət etmək, fikrini bilmək Bettiyə maraqlı idi. Gecədən xeyli keçmişə kimi söhbətlər, sual-cavab davam edirdi. Bu söhbətlər yorucu olmurdu. Çünki Sən vardın, Sənin arada danışdığın məzəli əhvalatlar, etdiyin zarafatlar vardı. Betti deyirdi: “Sizə gələndə istirahət edirəm”. Betti evimizin yaxınına çevrilmişdi. Səni bir istedad, bir insan kimi çox istəyirdi. Sən də ona ərkyana “əmiqızı” deyirdin. Poeziya sevməyən Bettini Sənin şeirlərin məftun etmişdi. 

                  Meşədə də                       

                  adam öldürürlər, 

                  Allah,

                 o qədər ağacın      

                gözü qabağında!     

Meşə saflıqdır, gözəllikdir. Ağaclar canlıdır, bu məkanda cinayət törətmək günahdır, buranı ləkələmək olmaz... Bettinin özünün dediyi kimi, diksindirmişdi bu şeirin onu. Sənin poeziyandan təsirlənən Betti özü şeir yazmağa başlamışdı. “Mən Amerika ədəbiyyatına Betti Bleyer adında şair bağışladım”. Bu sözləri Sən akademik Rafael Hüseynovun direktoru olduğu Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində Sənin 75 illiyinə həsr edilmiş tədbir çərçivəsində ingilis dilində nəşr edilmiş “Zülmətdən Günəşə şərqi...” kitabının təqdimat mərasimində dedin (2014-cü ilin sentyabrında). Bu kitaba görə Bettiyə öz minnətdarlığını bildirdin. Çıxışın çox kədərli, təsirli oldu...“Son vaxtlar əlim nə fortepianonu tutur, nə də qələmi... Deməyə söz çoxdur, ancaq o sözlərin qarşısını “xərçəng” adlanan bir açar bağlayıb. Yaxşı ki, düşünməyə mane ola bilmir, arzulara mane ola bilmir... Ölümdən qətiyyən qorxmuram, səmimiyyətimə inanın, zərrə qədər də ölümdən qorxmuram, çünki mən onu tanımıram...”.  Və hamını yasına dəvət etdin...

Gözlənilmədən royal arxasına keçdin... son dəfə...

İnternet səhifələrində ingiliscəyə çevrilmiş şeirlərin yayılırdı. Çoxlu rəylər yazılırdı. Belə rəylərdən birini Abdul Əziz adlı Banqladeşdən olan bir iş adamı yazmışdı. O, Bakıya işiylə bağlı tez-tez gəldiyini, Səninlə tanış olmaq arzusunu bildirirdi. Sən heç bir vəchlə bu görüşə razılıq vermək istəmirdin. Xəstəliyinlə bağlı halsızlığını səbəb gətirərək görüşü iki dəfə təxirə saldın. Biznesmen Bakıya növbəti gəlişində Səninlə görüşmək üçün yenidən izn istədi. Dedi ki, mən onun vaxtını çox almayacağam. Yalnız o böyük şairin əlini sıxmaq istəyirəm. Sən yenidən görüşü təxirə salmaq istəyəndə, dedim: “Vaqif, heç olmasa, bir nəfər azərbaycanlı iş adamının adını çək ki, getdiyi xarici ölkədə onların şairi, yazıçısıyla görüşmək istəsin...”.  

2014-cü ilin oktyabrında biz bağdan döndükdə, Abdul Əziz tərcüməçiylə bizə gəldi. Ortaboy, Şərq görünüşlü, orta yaşlarında olan Abdul Əziz ona vaxt ayırıb qəbul etdiyin üçün Sənə böyük ehtiramını, minnətdarlığını bildirdi. Çəkinə-çəkinə bir stəkan çay içdi. Bizə iki qutu çay, bir də mirvari boyunbağı gətirmişdi. Səndən ingilis dilində iki kitab istədi. Birini özünə, o birini ölkəsinin Milli Kitabxanası üçün. Bir də Səninlə şəkil çəkdirməyi xahiş etdi. Özünün dediyi kimi, həm bu gözəl gündən bir xatirə olaraq, həm də övladlarına, nəvələrinə böyük şairi tanıtmaq üçün...       

-       Vaqif, 1995-ci ildə mənə yazdığın bu şeir yadındadır?

Bəlkə də bu sağlamlıq

Bir gün gözə gələcək,

Canım taqətdən düşüb,

Ölgün sizə gələcəm...

Hər quş səsi, hər çiçək

Çiynimə yük olacaq,

Ən nazik ipək köynək

Əynimə yük olacaq...

Yuxudan yorğun durub,

Güzgüyə baxacağam,

Özümü görə-görə

Özgəyə baxacağam...

Ən pis qara yuxular,

Çin olur qocalıqda,

Bir azarı vur üçə

Min olur qocalıqda...

Bəlkə də ruha dönüb,

Gözə gələ bilmədim.

Bağışla, bəlkə ölüb,

Sizə gələ bilmədim...

Sən gedəndən sonra bu şeiri təkrar-təkrar oxuyur, oxuduqca da dəhşət bürüyürdü məni. 20 il sonra bu şeirdə dediklərin misra-misra, kəlmə-kəlmə çin oldu. Belə sevgi etirafı olarmı yenicə birgə həyata başladığın qadına? Yəqin olur, əgər bu etirafı Vaqif Səmədoğlu edirsə. Sən özün də bilmədən, şüuraltı olaraq ilk gündən məni Sona hazırladın... və taleyinin S O N unu yazdın bu şeirdə... 

Yenicə evlənmişdik, məni “mama” deyə çağırdın. Bu mənim xoşuma gəlmədi: “Sevdiyin qadına “mama” demək nə dərəcədə doğrudur?” Və bununla bağlı öz fikrimi izah etməyə başladım. İlahi, necə hirsləndin. Mənim dediklərimi alt-üst etdin. Yavaş-yavaş alışdırdın məni “mama”ya. Hər zaman öz balasının arxasında duran, başını tumarlayan, onun hər şıltaqlığını, kürlüyünü bağışlayan, nazını çəkən, dərdinə qalan, onun üçün canından keçməyə hazır olan “mama”ya. Bilirsən bunu nə vaxt dərk etdim?

Təzə evlənən vaxtlarımız idi. Kefi bir az kök idin. Eynəyini çıxarmışdın. Nəsə dodaqaltı şirin-şirin deyinirdin. İki əlimlə başını tutub, dinməz-söyləməz gözlərinin içinə baxdım. Gözlərini iri açıb, üzümə baxırdın. Çaşdım. İlahi, o iki cüt saf, təmiz gözlərdən mənə bir uşaq baxırdı. Oğlan uşağı. Başını qucaqlayıb, bağrıma basdım. O gün qəti anladım ki, o gözlərin yiyəsini heç vaxt tərk edə bilmərəm...    

Bir dəfə Xavər xanım bizdə olanda “mama”yla bağlı məzəli bir vəziyyət də yaranmışdı. O, qonaq otağında, mən isə mətbəxdə idim. Sən təzə gəlmişdin. Kabinetində ucadan “mama” dedin. Xavər xanım və mən ağız-ağıza verib: “Ay can”, – dedik. Ağzımı tutdum, mamanın bizdə olduğunu unutdum bir anlıq. Sən gülə-gülə kabinetdən çıxdın. Amma xoşbəxtlikdən, Xavər xanım mənim səsimi eşitməmişdi. Yoxsa deyərdi ki, gəlin analıq haqqımı əlimdən alıb...  

Son illər uşaq anasız dura bilmədiyi kimi, Sən də “mama”sız dayana bilmirdin. Tez-tez deyirdin: “Nuşa otur sənə baxım, səsini eşidim...”. Qolumdan bərk-bərk tutanda, Sənə qulluq göstərəndə, üzümə məhəbbət dolu gözlərlə baxanda anlaşılmaz hisslər bürüyür məni. Ürəyimi yarıb, içinə qoyub, qorumaq, qorumaq istəyirəm Səni... Bu gününçünmü mənə “mama” deyirdin? Bu gününümü fikirləşib yazmışdın: “Yaşlı kişinin yanında yaşsız qadın olmalıdır...”.

 Yox, qoruya  bilmədi “mama” öz “balası”nı... Bağışla ...    

                           (Davamı var)

“Ədəbiyyat və incəsənət”

(04.11.2026) 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.