Bəzi yolların yoxluğu - HEKAYƏ Featured

Aytən Ağasıyeva,

“Ədəbiyyat və incəsənət”

 

Özümü bildim biləli “ev”im olmayıb. Hər yerə, hər evə qonaq olmuşam. O vaxtlar düşünürdüm ki, görəsən öz evim olacaqmı bir gün? Orda yalandan gülmədiyim, sözlərimə sahib çıxmadığım, baxışlarımdan çox dilimin danışdığı ev.

 

Səhər oyandım, nənəm yanımda deyildi. Onu çağırdım, amma evin künc-bucağından asılı qalan sükutdan başqa heç nə yox idi. Küçə qapısından bizim döngəyə açılan yola baxırdım. Kimsə yox idi. Qonşumuzdan xəbər aldım nənəmin nahara qədər özünü evə çatdıracağını.

Nahar oldu, nənəm qırmızı halda özünü evə çatdırmışdı. Yanaqları sanki od tutub yanırdı, həmişəki yaylığı ilə başını elə bağlamışdı ki, gözləri qıyılmışdı.

Qolunda təzyiq aparatıyla elə hey danışıb ağlayırdı. “Mən nə etmişəm ki, belə şeylər mənim başıma gəlir?” “Allah öldürsün məni, tez öldürsün”.

Xatırladığım qədəri ilə atamın ikinci həyat yoldaşının qalan paltarlarını yığıb aparmışdı. Təhvil-təslim başa çatsa da bir müddət bizim evdə yas mərasimi olacaqdı. Deyəsən, atamın ikinci həyat yoldaşının başqası ilə danışdığını tutmuşdular. Beləcə, bizim evin cəmiyyəti onunla da belə vidalaşmışdı.

Hələ beşinci sinifdə oxuyurdum. Özümü qırmızı yaylığın altında göz yaşlarını silən qadınla baş-başa gördüm. Ata evindən gəlin köçürürdülər mənim atamın evinə. İlk başlarda onu kişiyə oxşadırdım. Düşünürdüm, bəlkə atamın dostudu. O qədər qaraqabaq və qaşqabalı olurdu ki, bəzən qorxurdum.

Qardaşımla mənə deyirdi ki, ona “mama” yox “ana” deyək. Sonralar ona səslənməmək, ya da “ana” sözünü işlətməmək üçün (çünki ona ana demək istəmirdim) lazım olanda ona yaxınlaşıb sözümü deyirdim. Ya da əlimlə toxunub sual soruşurdum.

Yavaş-yavaş böyüyürdüm. Bir gün suyun altında dolu qab var idi, mənsə dişlərimi fırçalamalı idim. Amma su qabı dolu olduğuna görə yer tapa bilmədim. Yanımda o da var idi. “Bunu burdan götürə bilərsən?” deyə soruşanda qarnına baxdı. Aradakı susqunluq gələcək olan uşaqdan xəbər verirdi. 

Sonralar həmin uşaqla birlikdə atamı da götürüb ayrı evə köçdülər.

On beş-on altı yaşlarımda nənəmin israrıyla atamı görməyə gedirdim. Yəni atamın evinə qonaq gedirdim. (İndi bu sətirləri yazanda düşünürəm ki, insan da öz atasının evinə qonaq gedər?)

Hər dəfə də görüşü qısa tuturdum. Hər dəfə bir bəhanə ilə tez qayıtmaq istəyirdim nənəmin yanına. Bir gün “hava qaralır”, başqa bir gün “dərsim var”, o biri gün “nənəmə dedim, bir saata qayıdacam” bəhanəsilə..

Sonlaralar bu görüşlər də azaldı. Anamla yanaşı atamın da yoxluğunu tamamilə qəbul etmişdim.

Artıq daha bağımsız, daha ciddi biri olmuşdum, həyatın üzümə şapalaq kimi vurduğu gerçəklikdə sonu “üç alma” ilə bitən nağıllardan çox erkən oyanmışdım..

İndi yaşımın iyirmi beşə doğru addımladığı yolda o günləri qismən xatırlayıram. Atamın evinə qonaq gedən biri olsam da daha o yolları xatırlamıram.

İndi daha öz yolumdayam. Bəzi yollardan geri dönüb tanımadığım yollara bilet almışam. Bəzi yollardan heç qayıtmamışam. Və bəzi yollara bir də qayıtmayacam. Bəzi yollar da mənim üçün heç var olmayıb, ya da elə səliqəli olub ki, görməmişəm o yolu..

İndi qəlbimin göynədiyi vaxtlarda bəzi yolların yoxluğu mənə elə səliqəli görünür ki, adamın özü utanır bu səliqəlilikdən.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.