“Ədəbiyyat və incəsənət” portalı gənc istedadların şeirlərini təqdim etməkdədir.
Sırada Ərtoğrul İsmayılovdur.
Onun 28 yaşı var, Bakı şəhərində yaşayır, ali təhsillidir, ADNSU-nu bitirib.
ƏRTOĞRUL İSMAYILOV,
MƏNİ
Etiraf eyləyək, olaq səmimi,
Necə əlinizdə yoğurduz məni?
Sanki əlinizdə oyuncaq kimi,
Necə istəyirdiz, qururduz məni.
Siz guya xətrimi istəyirdiniz?
Yalandan məhəbbət bəsləyirdiniz.
Ehtiyac olanda səsləyirdiniz,
Ehtiyac bitəndə qovurduz məni.
Qəlbimin bağından çiçək dərirdim,
Düzürdüm, siz gələn yola sərirdim.
Sizə əllərimlə sevgi verirdim,
Həmin o əllərlə boğurduz məni.
Təkliyin içində tək sıxılanda,
Durmadan qəlbimə qəm yığılanda,
Ayağım büdrəyib mən yıxılanda,
Hansınız əyilib tuturduz məni?
İnanıb hər kəsin yalan sözünə,
Bir dəfə düşmədim düzün izinə.
Sizi qaldırırdım göyün üzünə,
Siz yerin dibinə soxurduz məni.
Mən sizə hər zaman sevgi saçırdım,
Siz məndən qaçanda, sizə qaçırdım.
Mən sizə güvənib ürək açırdım,
Siz də ürəyimdən vururduz məni.
Siz çəkən dağları artıq aşmışam,
Siz hardan biləsiz, dolub-daşmışam.
Mən sizdən məcburən uzaqlaşmışam,
And ola Allaha, yorurduz məni.
OLMUSAN
Mən sənə işıqlı, böyük bir cahan,
Sən mənə qaranlıq qəfəs olmusan.
Mən qəfəs içində alışıb yanan,
Sən məni söndürən nəfəs olmusan.
Sən mənim duymaqdan sıxılmadığım
Bir nəğmə olmusan, bir səs olmusan.
Sən idin hər kəsdən fərqli saydığım,
İndisə hər kəsə hər kəs olmusan.
Mən elə bilirdim, dəyər səninçün,
Dəyməzmiş sən demə, əbəs olmusan.
Elə sən də mənim qədər mənimçün,
Sadəcə üç bəndlik həvəs olmusan.
QƏMLİ XƏYALLAR
Bitmişdi hekayə “bitdi” sözündə,
Bilsən də sevmirəm qəmli sonları.
Sənli xəyallarım qalıb gözümdə,
İnsafın olsun, gəl, apar onları.
Rəsmlər, küçələr, keçən xoş anlar,
Bitibsə, günahı bil ki, sənindi.
O qədər puç olmuş xəyallarım var,
Mən xəyal qurmağa qorxuram indi.
Susmasa xəyallar, danışsa, dinsə,
Nə cavab verərəm soruşsa səni?
Siz məni yaşaya bilmirdinizsə,
Bəs niyə boşuna qururduz məni?
Susardım önündə xəyallarımın,
Deməzdim getməyi, o özü seçib.
Sayardım olmayan günahlarımı,
Getdiyin yollara gözümü dikib.
Hələ də o yolun tam ortasında,
Dayanıb susmuşam hamıdan xəlvət.
Mən hazır durmuşam yolayrıcında,
Qismətdə var isə, görüşərik əlbət..
ADAM
Gəlməyən birinin baxıb yoluna,
Hər gecə qəlbini dağlayar adam.
Kənardan gülərüz görünər, amma
Daxilən içində ağlayar adam.
Nə yağan yağışdan, nə yağan qardan,
Nə yazdan, nə qışdan, nə də bahardan,
Bir şəkil qalıbdır yadigar yardan,
Ondan da ətrini qoxlayar adam.
O rəsmi gözünün önündən asar,
Baxıb yarasına yenə duz basar.
O qədər danışmaz, o qədər susar,
Səssizlik içində çağlayar adam.
Gələnin getdiyin bilsəydi əgər,
Hər gəlib gedənə verməzdi dəyər.
Elə ki, o getməz dediyi gedər,
Həmin gün qapını bağlayar adam.
Unuda bilməkçün yol alıb gedər,
Başqa bir ünvanda məhəbbət güdər.
Amma o qadından ölənə qədər,
İçində bir parça saxlayar adam…
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)


