Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

 

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

27—Cİ DƏRC                                                          

 

Düşüncələrin çoxdan qaysaq bağlamış bəzi xatirələrini dirildib, onun ağrısını yaşadırdı Sənə bəzən. “Yaman pis yerdə yaxalayır adamı ömrün pis xatirələri. Yaddaş adamı oturduğu  yerdə diksindirir. Ağır-ağır gəlib-gedir”.

Yaddaşında eşələnirdin həddən ziyadə. Bəlkə də elə bu qoymadı Səni xatirələrini yazmağa. Yazsan düzünü-düz, əyrini-əyri yazacaqdın, ya hər şey olduğu kimi yazılmalıdır, ya da heç nə yazılmamalıdır. Ancaq hər şeyi anlaya-anlaya yenə deyirəm ki, min heyif, milyon heyif ki, bu xatirələr yazılmadı. Axı bu xatirələr həm də Sənin ailən, uşaqlığın, gəncliyin, yaşadığın şəhər, məhəllə, gəzdiyin küçələr, dost-tanışlar, sevib-sevmədiklərin, görüb-eşitdiklərin, başına gələnlər haqda böyuk, tarixi bir kitab olacaqdı.  Sən heyifsilənirdin: “Bizim ədəbiyyatda Bakının öz romanı yoxdu. Şəhərin tarixi ilə bağlı yazı demirəm. Balzakın Parisi, Dikensin Londonu kimi. Görünür, belə kitab bizdən sonra gələn nəsillərin qələmindən çıxacaq”.

Belə bir kitabı Sən yaza bilərdin. Bir dəfə Səndən soruşdum:

- Bilirəm, Bakını çox sevirsən. Yenə də Avropa ölkələrindən hansında yaşaya bilərdin?

- Heç birində. Amerikada yurd salmaq olardı, Bakı orada tikilmiş olsaydı. Dilləri də bizim dil olsaydı. İngilis dili yox.

Mən haqlıyam. “Vaqif Səmədoğlunun Bakısı” adlı kitab Sənin öz qələmindən çıxa bilərdi.  Sənin gözlərinlə baxacaqdıq Bakıya, Bakı həyatına. Birgə gəzəcəkdik Bakı küçələrini. Birgə heyifsilənəcəkdik ağacların qırılmasına, şəhərdə yaşıllığın azalmasına, şəhərin ruhu, siması olan qədim tarixi binaların sökülməsinə, əvəzində hündür, yöndəmsiz binarın tikilməsinə, birgə sevinəcəkdik şəhərə yaraşıq verən yeni tikililərə, yollara. Sənin kitabın bir abidə olacaqdı o illərin, bu illərin Bakısına, o dövrün, bu dövrün insanlarına. Mütləq o kitabda Sənin uşaqlıq xatirələrinə xüsusi yer veriləcəkdi.

Gündəlikdən: “Uşaqlıq hafizəsi nə qədər güclüdürsə, yazıçı da o qədər güclüdür”.

Sənin qədər uşaqlığına ciddi yanaşan insan az tapılar. Uşaqlıqda yaşanılan hisslər öz dərinliyinə görə heç də böyüklərinkinlərdən seçilmir, bəlkə də daha təsirli, daha kəskindir. O illərin də öz dramı, bəzən faciəsi olur. O dövrdə qoyulan möhür yaddaşımıza kök salır, keçilən ömür yollarında onun izləri görünür. 

Gündəlikdən: “İnsan ayrılıq haqda ancaq cismən nədənsə, kimdənsə uzaq düşəndə başlayır fikirləşməyə. Ancaq insan daima ayrılıq içindədir. Saniyə-saniyə, anbaan keçmişdən ayrılır, uzaq düşür. Qürbətdən vətənə qayıtmaq olar, illərlə üzünə həsrət qaldığın övladlarınla görüşə bilərsən. Ancaq uşaqlığa insan ömründən nə yol var, nə körpü. Əsl ayrılıq da budur. Övlad, vətən həsrəti yox...”.                                                   

Yadıma böyük yapon rejissoru Akira Kurasavanın 77 yaşında olarkən Sənin sevimli İsveç rejissorun 70 yaşlı İnqmar Berqmana yazdığı məktub düşdü. Kurasavanın yazdıqlarıyla Sənin fikirlərin üst-üstə düşür: “İnsan uşaq doğulur, oğlan olur, gənclik dövrünü yaşayır, ömrünün çiçəklənmə dövrünə çatır və, nəhayət, yenidən uşaq olur. Məncə, bu, ən ideal həyat yoludur. Düşünürəm, siz də mənimlə razılaşarsınız ki, insan ikinci dəfə uşaq olanda əsl şedevr yarada bilər”. Mən də əminəm, əgər başının üstünü dalbadal xəstəliklər almasaydı, mütləq Sən o şedevr əsəri yaradacaqdın. Memuarmı, pyesmi, romanmı, poemamı olacaqdır o əsər, bilmirəm, ancaq bilirəm ki, Sən o əsəri yazacaqdın.

Sənin uşaqlığın Bakının Fioletov küçəsindəki (indiki Əlizadə küçəsi) evdə keçib. Bir dəfə şair Səlim Babullaoğlu bu evi görəndə dedi: “Belə evlərdə (o, indiki Səməd Vurğun Muzeyini də nəzərdə tuturdu) doğulub, yaşayan Vaqif Səmədoğlu başqa cür şeir yaza da bilməzdi...”.

Bizim uşaqlığımız nağıldan başlayır. Bu evdə Sən Abdulla Şaiqin məşhur “Tıq-tıq xanım”, “Tülkü həccə gedir” və sairə nağıllarını çənəni dizinin üstünə dayayıb, onun öz ağzından eşitmisən...

“Abdulla Şaiq əsl ziyalı idi. Özü də çox qəribə, alicənab, mehriban xasiyyəti vardı. Milçəyi əli ilə tutardı, öldürməzdi, nəfəsliyi açıb, oradan bayıra buraxardı...”.

Sənin də uşaqlığının öz ətri olub - ananın, atanın, nənən Bikə xanımın ətri. Sən bu evdə 15 yaşınadək yaşamısan. Evin içində velosiped sürmüsən. Bu evdə Xavər xanım xoşbəxt olub. Ev köhnə univermağın üstündə, dördüncü mərtəbədə idi. Mənə evi, pəncərənizi göstərərdin.

- Nuşa, gedək ora?

- Gedək.

Bir qədər tərəddüd etdin.

-  Sonra gedərik.

Sonra olmadı...

Çiynim yenə də söykənir

Evimizin divarına,

Bu günüm göz yaşı tökür,

Uşaqlığımın məzarına... 

 

-Nuşa, məni uşaqlıqdan kağız, karandaş özünə çəkib. Papa hər dəfə Moskvadan bizə – Yusifə, Aybənizə, mənə bloknotlar, dəftərlər gətirərdi. O zamankı kağızlardan nə gözəl iy gəlirdi, aman İlahi. Necə qəşəng cib dəftərləri satılırdı köhnə univermağın birinci mərtəbəsində. Hər gün gedib, yekə başımı əyə-əyə onlara baxırdım. Hətta bir kərə satıcıların belə söhbəti oldu. Heç yadımdan çıxmır...

-       Etot malçik kajdıy den prixodit, smotrit i smotrir, niçeqo ne beret. (bu oğlan hər gün gəlir, baxır-baxır, heç nə almır)

-       A mojet on qluxonemoy? (bəlkə o lal-kardır?)

Piştaxtadan aralanıb getməyə başladım yavaş-yavaş. Arxadan söhbət eləyən satıcı qadınlardan biri dalımca bir-iki dəfə qışqırdı:

-       Malçik, malçik, podoydi syuda, malçik. Malçik ne boysya, çto tebe nujno? (oğlan, ay oğlan, bura gəl. Qorxma, oğlan, sənə nə lazımdır?)

-       Ya je qovorila, on ne slışit. (mən dedim də, o eşitmir)

Dayanmayıb getdim. Bir ay univermağa ayaq basmadım. Sonra gedib gördüm ki, orada daha həmin qadınlar yox, bir kişi işləyir. Dayanıb, yekə başımı əydim. Dəftərlərə, bloknotlara baxmağa başladım. Elə gözəl iy gəlirdi ki. Kaş indi biləydim məni lal-kar sayan qadınlar hardadır. Vallah, gedib deyərdim: “Zdravstvuyte, ya ne qluxonemoy... (Salam, mən lal-kar deyiləm)”.

Danışdığın hazır hekayədir.

- Mənim kağız iyindən, karandaşla yazma və pozanla pozma prosesindən xoşum gəlir. Şagird kimi. Karandaşı cib bıçağı ilə yonuram. Bıçaqları da özüm itiləyirəm. Nuşa, evimizdə heç vaxt küt bıçaq olmayacaq.

- Hərbi planşetinə qoyurdun bütün bunları səliqəylə...

- Nuşa, axı mən uşaqlıqda hərbçi olmaq istəmişəm. Küçədə hərbi geyimli adam görəndə ayaq saxlayıb, həsrətlə ona baxmışam. Hərbçi paltarından çox xoşum gəlir.

-Hə, 60 illiyində jurnalist Şəmistan Nəzərli Sənə hərbi geyim hədiyyə etmişdi. Sənə çox yaraşır hərbi forma. Hərdən geyinib evdə gəzirdin. Şəklini də çəkdim bu formada, yadındadır?

-       Bağda çəkmişdin...

Hərbi planşetin indi muzeydə qorunur...  Evimizdəki bıçaqlar tez-tez kütləşir..

Ağlayıb qucağa alınmadığım

uşaqlığın yaraları

bu gün açılır bir-bir

Uşaqlığımın qanı damır

bu günün torpağına...

Bu yaraları

heç nəylə sarımaq olmaz daha

indi öz qanına bulana-bulana

oturasan gərək,

qulaq asasan

uzaqda ağlaya-ağlaya ölən

uşaqlığına...                                    

-Uşaqlığının ən təsirli, acı xatirələrindən biri lombard qarşısında gördüyün müdhiş mənzərə idi. Lombard köhnə univermaqla üzbəüz yerləşirdi.

-Müharibədən sonrakı illər lombardın qabağına demək olar ki, hər gün onlarla insan yığılırdı. Üzlərindən dərd-sər, çarəsizlik yağan bu insanların yanından hər gün sıxıla-sıxıla keçirdim. Onlar ailələrinə bir tikə çörək aparmaq xətrinə hansısa əşyalarını lombarda qoymaq üçün matəm sükutunda, səbirsizliklə onun açılmağını gözləyirdilər. Yaxınlıqda isə içi dolu ərzaq mağazası... İlk dəfə həyatın sərt həqiqəti ilə üz-üzə gəlmişdim...”   

Allah, bu yollamı gedəcək dünya,

Beləmi başlanıb, bitəcək dünya?

Sizin binada müxtəlif millətlərin nümayəndələri yaşayırdı. Həyət uşaqları – süpürgəçi Qavatulinin oğlu Zika, Slavik Qorelko və Zaxarla dostluq etmisən. İlk uşaqlıq sevginin həm sevincini, həm də faciəsini yaşamısan bu evdə – 8 yaşlı balaca balerina Lyalyanın. Onunla xəyallara dalır, gələcək haqda istəklərinizi bölüşürdüz...

“1948-ci ilin yayında mən valideynlərimlə Kislovodskiyə, o da anasıyla Aşqabada, qohumlarıgilə qonaq getdi. Böyük səbirsizliklə onunla görüşəcəyim günü gözləyirdim. Onunçün farfordan balaca balerina heykəli də almışdım. Nəhayət, Bakıya qayıtdıq. Əlimdə balaca balerina heykəli həyətə, onun yanına qaçdım. Həyətdə qoca arvadlar məni əhatəyə aldılar. “Vaqifçık ne xodi tuda... Net bolşe Lyaleçki... Ona poqibla... V Aşxabade bılo zemletryaseniye”. (Getmə ora, Vaqifçik... Lyaleçka daha yoxdur... O, Aşqabadda zəlzələdə həlak olub...).  

1948-ci il oktyabrın 5-dən 6-a keçən gecə Aşqabadda baş verən zəlzələdə yüz mindən çox adam ölmüşdü...  

“O an içimdə baş verənləri sözlə ifadə etmək, yəqin ki, mümkün deyil. Mənə elə gəldi ki, ətrafda hər şey dayandı... Səslər, qoxu, hətta rənglər yox olub, şiddətlə fırlanan burulğana qoşuldu. Mən farfor balerinanı bağrıma basıb, “Lyaya yoxdur, bir də heç vaxt onu görməyəcəyəm” sözlərinin çarəsizliyini başa düşə bilmirdim... 9 yaşımda həyatıma dəhşətli “heç vaxt” sözü daxil oldu...”.

Şeirlərində balaca balerina Lyaya yadına düşəcək:

Sənin bir ahından yüz min yel dəyirmanı fırlanır...

Sənin barmaqların varyete səhnəsinə

lüt-çılpaq çıxmış çöp kimi arıq qız uşaqlarıdır.

Yetişməmiş qız uşaqları...

Sənin ahın, barmaqların dağda təkənin ayağı altdan

qaçmış bir daş kimi gəlir üstümə.

Bilirəm o daş gicgahıma dəyəcək əvvəl-axır.

Və mən öldüyüm anda alışıb,

 iki nəhəng məşələ dönəcək təkənin buynuzları.

İşığa qərq olacaq dünya başdan-başa.

Və o işıqda görəcəksən getdiyimi.

Gedərkən çiynimlə şkafın üstündən

yerə saldığım farfor balerinanın qırıntılarını...

Bir ah çəkəcəksən dərindən. O an

fırlanmağa başlayacaq yer üzünün yel dəyirmanları.

Varyete səhnəsinə çıxacaq barmaqların yenə.

Dirilib, onlara qoşulacaq farfor balerina.

Oynaya-oynaya yüz min dəfə adımı pıçıldayacaq sana...

Bir-birindən əlvan, rəngarəng, sirli, nağıllara bənzər uşaq xəyalları. Hansı arzuların çin oldu, görən? Bəlkə də bu xəyalların əlçatmazlığındadır onların gözəlliyi. Həm də əgər həyatda hər şey biz istədiyimiz kimi alınsaydı, sonradan heyifsilənməyə səbəb tapmazdıq axı...    

Mən sağ ikən

yox olsa Xəzər,

kəsilsə qağayıların səsi,

silinsə qağayıların kölgəsi...

 Mən sağ ikən

 barmağımdan üzük kimi

ömrümdən Xəzər çıxsa, Xəzər itsə...

Neylərəm, neylərəm

dəniz də getsə...

...Xəzər sahili boyu bir oğlan uşağı qaçır. Bu, Sənsən. Ayaqyalın, yarıçılpaq, dərisi gündən daha da qaralmış, arıq, yekəbaş oğlan. Sənin əlində çəlpələng küləyə sarı qaçırsan. Yanınca özündən də böyük Reks adlı it, arxanca Sənə bənzər bir dəstə qarayanız, yarıçılpaq, ayaqyalın uşaq qaçır. Sizin qışqırığınız qağayıların çığırtısında itir. Sən xoşbəxtsən... Sən azadsan... Qulağında dalğalarıyla sahilə çıxmaq istəyən Xəzərin uğultusu, üzünü, saçlarını oxşayan mehli axşamlar, göz vuran səma altında xəyallara dalmağın öz ləzzəti olurdu...   

Gündəlikdən: “Kaş ki, indi Reks olaydı yanımda. Bağ, 49-50-ci illərin yayı, isti. Zənbil içində quyuya sallanmış qarpız...”

Mən o oğlanla Ləhişdəki bağımızda tanış oldum. Sənin içində yaşayan o dəcəl oğlanla. Velosiped sürəndə, çərpələng uçuranda, dənizdə, hovuzda üzəndə, masaüstü futbol, hokkey oynayan oğlanı mən lap çox istədim. Uduzanda cığallıq edən, küsərək: “mən bir də səninlə oynamayacam”, deyən “oğlanı”... Sənin oyuncaqlara olan həvəsin... Bu uşaqlıqda oynaya bilmədiyin, doya bilmədiyin oyuncuqlara dönməkdir, o hissləri yenidən yaşamaqdır. Bir gün mənə dedin: “Dəmiryolu istəyirəm quraşdırım evdə. Üstündə qatarlar getsin. Al da mənimçün”. Aldım. Bağda quraşdırdıq. Xoşuna gəlmədi. Balaca idi. Sən istədiyin böyük idi, evin yarısını tutardı. Almadıq...

Qatarla yola çıxmağı sevərdin. Qatarın yeknəsək taqqıltısı altında pəncərədən sürətlə bir-birini əvəz edən mənzərələri seyr etmək təkrarolunmaz hisslər oyadırdı səndə. Deyirdin: “Nuşa, qatarda səninlə uzun yola çıxmaq istəyirəm... Avropaya...”. Maraqlandım, cəlbedici olsa da, baha başa gəlirdi bu səfər...

Qatarın qoxusu, soyutma toyuq, yumurta... Bunlar da uşaqlığından qalan daddır, qoxudur...  

Gündəliyindən: “Yaponiya milli kimono stilində qadın xalatı. Köhnə “mejdunarodnıy” vaqon, vaqon-restorana calanmış. “Krasnıy Moskva” duxusunun ətri, moruq sabununun iyi, Çin termosunda çay. Stansiyalarda soyutma toyuq, budaqları ilə hörülmüş gilas, gilənar, duzlu xiyar satan rus qarıları. Vedrə qarışıq alma da götürmək olurdu.

Rostov oğruları. Guya eşikdən vaqon pəncərələrinə qarmaq atıb, şey-mey dartırdılar. Ancaq 40-cı illərin axırlarında Rostova yaxınlaşan vaqonların pəncərələrini qatarda gedənlər kip bağlayırdılar, pərdəni də çəkirdilər. Qadınlar hay-küylə təkid eləyəndən sonra. Ancaq kişilər daxildə qadın isterikasına yəqin ki, minnətdar olurdular o vaxt. Özləri də qorxurdular çünki... Kislovodckiyə gedən yolda”.

 

“Ədəbiyyat və incəsənət”

(28.10.2026) 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.