Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Bu yağışlı payız günlərində Bakının mədəni həyatının nəbzi Bakı Ekspo Mərkəzində döyünür desəm, əsla mübaliğəyə yol vermərəm. Orada 12-ci Beynəlxalq Kitab Festivalı keçirilir. Avtobuslar, şəxsi minik avtomobilləri şəhərin mərkəzindən qalaq-qalaq insan daşıyırlar. Aeroport yolu mərkəzdən nə qədər uzaq olsa da, kitab sevgisi bu yolu xeyli qısa edir.
Söhbətimsə festival çərçivəsində 23 oktyabr 2026-cı il tarixində Türkiyənin Kərkük Kültür Dərnəyi tərəfindən Türkiyə türkcəsində nəşr olunan “Xarı-bülbül” antologiyasının təqdimat mərasimi barədədir.
Tədbirin aparıcısı “Can, Azərbaycan” və “Ustad dərsi” verilişlərinin aparıcısı, İTV-nin əməkdaşı Pərvanə Nadir idi. Ədəbi-bədii mərasimdə tanınmış ziyalılar, şairlər, mədəniyyət nümayəndələri və ədəbiyyatsevərlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Pərvanə Nadir antologiyanın ədəbi və mədəni əhəmiyyətindən danışdı, nəşrin ərsəyə gəlməsində əməyi olan tərtibçilərə - Kərkük Kültür Dərnəyinin sədri, doktor Şəmsəddin Kuzəçiyə və professor, şair Rəsmiyyə Sabirə minnətdarlığını bildirdi.
Təqdimat mərasimində professor, şair Elçin İsgəndərzadə, professor, şair Rəsmiyyə Sabir və doktor Şəmsəddin Kuzəçi çıxış etdilər. Çıxışlarda antologiyanın ədəbi-mədəni əhəmiyyəti, poeziyanın xalqlar və mədəniyyətlər arasında mənəvi körpü rolunu oynaması, milli-mənəvi irsin qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərinə toxunuldu.
“Xarı-bülbül” Azərbaycan xalqının yaddaşında Qarabağın, Şuşanın, doğma torpağa bağlılığın və milli kimliyin rəmzi kimi xüsusi yer tutur. Bu rəmzi adla nəşr olunan antologiya da poeziyanın birləşdirici gücünü, söz sənətinin mənəvi dəyərini və Azərbaycanla Türkiyə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində ədəbiyyatın rolunu bir daha ön plana çıxarıb.
Tədbirin bədii hissəsi də yaddaqalan məqamlarla zəngin oldu. Azərbaycanın əməkdar artisti Elza Seyidcahan sözləri professor Mahirə Nağıqızına məxsus olan “Şuşa kompozisiyası”nı ifa etdi. Musiqi ilə poeziyanın vəhdətini əks etdirən bu ifa iştirakçılara duyğulu anlar yaşatdı, Şuşanın milli-mənəvi dəyərlərimizdəki əvəzsiz yerini bir daha xatırlatdı.
Gənc şair Banu Məhərrəmin bədii qiraəti isə tədbirin ədəbi ovqatını daha da zənginləşdirdi və mərasimə xüsusi rəng qatdı.
“Xarı-bülbül” antologiyasının təqdimatı söz sənətinə, poeziyaya və milli-mədəni irsə verilən dəyərin ifadəsi olmaqla yanaşı, müxtəlif ədəbi mühitlərin nümayəndələrini bir araya gətirən əlamətdar mədəni hadisə kimi yadda qalıb. Təqdimat mərasimi bir daha göstərdi ki, poeziya xalqların tarixi yaddaşını, mənəvi dəyərlərini və ortaq duyğularını yaşadan, mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı və dostluq əlaqələrini gücləndirən mühüm mənəvi körpüdür.
“Ədəbiyyat və incəsənət”
(26.10.2026)


