Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

24—CÜ DƏRC                                                          

 

Sən özünü bir çox sahələrdə uğurla ifadə edə bilirdin. Sənin çox maraqlı, səmimi həmsöhbət olmaq istedadını da əlavə etsək, Sənin obrazın tam olar. Müxtəlif əhvalatların, hadisələrin, lətifələrin xəzinəsi yatırdı içində. Dostl arla, tanışlarla, özünlə baş vermiş hansısa əhvalatı elə canlı, obrazlı danışırdın ki, məftun olmamaq mümkün deyildi Sənə. Azərbaycan dilinin bütün ləhcələrində gözəl danışır, kimlərisə çox dəqiq yamsılayırdın. Əsl aktyorluq istedadın üzə çıxırdı.  Bəzən mən eşitdiklərimə təkrar-təkrar qulaq asanda belə bu darıxdırıcı olmurdu, çünki o hadisəyə yeni çalar, rəng  qatırdın.    

Bir yerdə yaşadıqca mən Səni, Sən də məni yenidən tanıyır, tanıdıqca da daha çox bağlanırdıq bir-birimizə. Mən özümlə də yenidən tanış olurdum: Şairin xanımı, sevgilisi ilə... Deyirdin, “həyat yoldaşı” sözündən xoşum gəlmir. Böyük şair İosif Brodskinin “Sevimli qadın olmaq lazımdır, həyat yoldaşı yox” fikrini Sən də təsdiqlədin öz etiraflarınla, mənə həsr etdiyin şeirlərlə...

- Sən  məhəbbət şeirləri yazanda onlarda bir obraz olub?

- Nuşa, dünyanın ən yaxşı məhəbbət şeirlərində şair qadını yox, özünü yazır. Burada hiss şairin özü olur. Ancaq konkret məhəbbət şeirləri də olur. Mən konkret sənə şeirlər yazmışam. Nuşa, sən həyatımda yeganə qadınsan ki, ona ünvanlı şeirlər yazmışam... 

Bu dünya, bir də sən olmasaydınız

Harada, kiminlə mən tək qalardım,

Başqa bir yalqızın sığınmağıyçün

Yəqin ki, həm dünya, həm sən olardım...

Bilirsən Vaqif, hər dəfə mənə həsr etdiyin şeiri oxuyanda içimdə anlaşılmaz hisslər oyanır. Qürurlanıram. Amma büruzə vermirəm, üzdən sakit qəbul edirəm bu qiymətsiz hədiyyəni...  Mən xoşbəxt qadınam...                                                    

İlk şeirini mənə təzə evlənəndə yazmışdın: “Bağışla...”.

Bağışla ay yenə göydə diridir,

Bitmişdi sözlərim bu axşam yenə,

Bağışla küsülü qalsam əbədi,

Bağışla səninlə barışsam yenə...  

Küləklə gələnlər getdi yağışla

Bağışla deyirəm, bağışla yenə...                        

Bu mahnı mətnini qardaşım Mobil Babayevə verdin ki, musiqi yazsın ona. Mahnını Flora Kərimova, Mirzə Babayev oxudular.

Vaqif, bu yaxınlarda Rusiya yazıçısı Yuriy Naqibinin bir xatirəsini oxudum: “Heminqueyin “Əlvida, silah!” əsərində leytenant Henri “Xoşbəxtlik nədir?” sualına belə cavab verir: “Xoşbəxtlik sevimli qadındadır”. Bunu oxuyanda cavan idim, fikirləşdim ki, İlahi, necə də bəsit fikirdir... Daha böyük xoşbəxtlik yaradıcılıqdadır, səyahətlərdədir, sərgüzəştlərdədir... Sevimli qadını isə həmişə tapmaq olar... Mənim 75 yaşımın tamam olmağına az qalıb və mən indi leytenant Henrinin və Heminquenin bu son dərəcə müdrik fikrinə gəlib çatdım: “Xoşbəxtlik sevimli qadındadır”.

Qəribə bir oxşarlıq, deyilmi? Naqibinin bu xatirəsi Milli Dram Teatrında Sənin 75 illiyinə həsr edilmiş gecədə mənə etdiyin sevgi etirafını xatırlatdı... Hamını kövrəldən sevgi etirafın...

Sevil, qadın, yenə sevil,

sevil, dönə-dönə sevil,

sevil əsrə, sevil günə,

sevil şeirə, sevil dinə,

sevil hər an,

sevil, qadın...

 

Anamın qırxını verdikdən sonra biz mənim ata evimə köçdük. Maksim Qorki, 27 ünvanına. Orada qızım qalırdı. Xaqani küçəsindəki ev 500 dollara bir xarici xanıma kirayə verildi. Xavər xanım pulun 300 dollarını bizə verir, 200 dolları özü götürürdü. Bu pul bizim maddi durumumuzu xeyli düzəltdi. Xaqanidəki ev mənə doğma olmuşdu. Ürəkaçan, işıqlı otaqlar. Orada başlamışdı bizim münasibətimiz, sevgimiz... Sən bu evdə ananla 16 il yaşamısan. Bacınla, qardaşınla bir həyətdə. Sənin 7 il yaşadığın, sonra qızlarına verdiyin üzbəüz binadakı üçotaqlı ev də həmin həyətdə idi. Doğrusu, bizim bu evdən köçməyimizi Sənin belə asanlıqla qarşılamağın məni təəccübləndirdi. Amma sonradan başa düşdüm ki, qurduğun yeni ailənlə (biz iki il bu evdə yaşadıq) yeni evdə, yeni məkanda yaşamaq Sənin üçün vacib imiş. Hətta sonralar bu evə qayıtmaq imkanımız olanda belə, mənim istəyimə baxmayaraq, Sən o evi satmağa qərar verdin...

Atam evinə köçəndə Sənin qətiliyin məni ruhlandırırdı. Əsl nizam-intizamlı adam kimi, Sənin tez səfərbər olmağın bizim qısa bir zamanda yığışmağımıza kömək etdi. Əşyalarımızın bu evdən o evə daşınmasında Yusifin verdiyi maşın kara gəldi.

Mənim hərdən andığın bir sən var, o da yaddaşımda qoruduğum mən özüməm...

Mənim ömrümdən keçən və həyatımın müəyyən mərhələlərində öz möhrünü qoymuş böyük şəxsiyyətlər: Lev Tolstoy, Maksim Qorki, Xaqani, Mirzə Fətəli Axundov və Sən – Vaqif Səmədoğlu. Sizləri birləşdirən Qələm, Söz, bir də Mənəm...

Lev Tolstoy küçəsində dünyaya gəldim, Maksim Qorki küçəsində uşaqlığımı, gəncliyimi yaşadım, Xaqani küçəsində püxtələşdim, Mirzə Fətəli küçəsində yaşa doldum... Sən – Vaqif  Səmədoğlunda taleyimi tapdım.

Lev Tolstoy küçəsində həyatımın ilk dörd ilini yaşadım. Çox nadinc, nənəm demişkən, nodərəməd uşaq olmuşam. Hoppanıb-düşməkdən tez-tez qolum sınar (anam deyərdi ki, sınıqçılarda qalmışdıq), dizlərim yaralanardı. Hətta 2-ci mərtəbədən qonşunun islağa qoyduğu paltar dolu vannasına yıxılıb, sag da qala bilmişəm.

Maksim Qorki küçəsi, 27 nömrəli evə köçəndə beş yaşında idim. Ömrümün böyük hissəsini yaşadım bu evdə. Səninçün Fioletovdakı 6 nömrəli ev (indiki akademik Əlizadə küçəsi) nə qədər əziz idisə, mənə də Qorkidəki ev o qədər əziz və doğmadır. Bizim ev Bakının mərkəzində, “Beşmərtəbə”yə yaxın, qədim “Fantaziya” hamamının yanında yerləşirdi. İkimərtəbəli olan bu binanı keçən əsrin əvvəllərində, sonradan Amerikaya mühacirət edən bir mühəndis öz layihəsi əsasında tikdirmişdi. Bütün qədim Bakı evlərində olduğu kimi, evin iki girişi vardı - əsas qapıdan və həyətdən. Çox da böyük olmayan həyətdə qollu-budaqlı əncir ağacı ucalırdı. Hər evin öz siması olduğu kimi, əncir ağacı da bu evin siması idi. Evi kiməsə tanıtmaq istəyəndə, həyətində böyük əncir ağacının olduğunu deyirdim. Ona bu evin ağsaqqalı da demək olardı. Qonşular dəyişir, ağac qalırdı. Ağac cox bərəkətli idi. Hər il bol, dadlı bar verirdi. O dadı sonralar hər yediyim əncirdə axtarsam da, tapa bilmədim. Əncir yetişəndə ağac öz bəhrəsini səxavətlə qonşularla bölüşürdü. Hətta başqa qonşu evlərdən də əncir sorağına gələnlər olurdu. Bütün həyəti mürəbbə, doşab ətri bürüyəndə həyat daha da şirinləşirdi...

Bu evdə dünyaya gəlir, dünyadan köçürdülər. Qız köçürüb, gəlin gətirirdilər. Neçə-neçə sakinin ömrünü üstələmişdi bu ev. Burada bəxti gətirənlər də oldu, bəxti gətirməyənlər də. Əclaflar, içkiyə qurşananlar, dedi-qodu düşkünləri bu evin, bizim küçənin “bəzəkləri” idi. Bizim küçəni “italyansayağı məhəllə” də adlandırırdılar. Ara-sıra dava-şava da olurdu, uzunmüddətli sülh şəraiti də hökm sürürdü bu evdə. Hamı doğmalaşır, mehribanlaşırdı şadlıqlarda, hüzndə. İmkansız qonşuların xeyrinə-şərinə pul da yığılırdı. Üzbəüz binanın qonşuları bu evin, bu binanın qonşuları o evin həyatında fəal iştirak edirdi. Yazılmamış qayda-qanunla, öz qanunuyla dolanırdı bu qədim Bakı evlərindən biri...                                                   

 Həyətə həyat verən həm də uşaq səsləri idi. Xüsusən, həyət futbol meydançasına çevriləndə. O zamanlar Bakının yeri də, göyü də futbolla nəfəs alırdı. Küçələrdən, həyətlərdən, dalanlardan gələn “pas”, “mazila”, “qol” qışqırıqları şəhər həyatına rəng qatırdı. Hər oğlan uşağının bənzəmək istədiyi sevimli futbolçusu vardı. Bizim də həyətdə öz Banişevskimiz, Tuayevimiz, Markarovumuz oynayırdı. Uzun Tolik başla yaxşı oynayırdı, Nazim gözəl fəndlər edirdi. Kotik də pis oynamırdı müdafiədə. Həyət qışqırıqlara tab gətirməyəndə, ya top kiminsə pəncərəsinin şüşəsini sındıranda, oyun küçədə davam etdirilirdi. Qonşu həyətdən də oyuna qoşulanlar olurdu. Onların içində Eysebio da var idi. Bu ləqəbi ona Portuqaliya komandasının məşhur hücumçusu Eysebioya oxşarlığına görə vermişdilər, oyununa görə yox. O görünən kimi: “Eysebio, inca biyo” (Eysebio, bura gəl) qışqırıqları eşidilirdi. Oyunun azarkeşləri də olurdu böyüklü-kiçikli. Mən də tutulmuşdum futbol azarına. Atam məni bir neçə dəfə stadiona futbola baxmağa da aparmışdı. Televizorla heç bir futbol oyununu buraxmırdım. Başım da pis çıxmırdı oyundan. Hərdən həyətdə oynayan uşaqlara qoşulurdum. Qapıda dururdum adətən. Fədakar oyunuma görə məşhur sovet qapıçısı Yaşinin “davamçısı” kimi “Yaşin” ləqəbinə layiq görülmüşdüm. Hətta bir dəfə ağır zədə də aldım. Topa vurulan zərbə ayağıma dəyəndə. Dözülməz ağrıdan gözümdən qığılcım çıxsa da, ağlamadım. Bir ayağı üstə hoppana-hoppana evə gəldiyimi görən anam hirslə dedi: “Belə getsə, bir gün şikəst olacaqsan”. Ondan sonra daha oynamadım. Ancaq eyvandan azarkeşlik etdim. Xoşbəxtlikdən Sən də futbolu sevirdin. Bir yerdə oyuna baxır, təhlil edirdik. Mənə deyirdin: “Səndən yaxşı futbol şərhçisi çıxardı...”.

Mən bu evdən dəfələrlə köçmüşəm başqa evə, ölkəyə, ancaq yenə də ora dönmüşəm. Getdiyim bütün yollar məni o evə qaytarıb. İndi isə Səninlə dönürdüm ora. Dönürdüm ki, Sən, mən və Mirvari bir ailə olaq, bir evdə yaşayaq. Bu evə Səninlə qayıdanda mən özüm də qəribə hisslər keçirirdim. Uşaqlığımdan bu yana bu evdə gördüklərimi, hiss etdiklərimi Sənə danışdıqca məni o zamanla bağlayan insanlar qəfildən gözümün önündə peyda olur, yaddaşım hörümçək toru örtmüş xatirələri silkələyib, yenidən yaşadırdı olanları-keçənləri. Bu evin “komendatı” tyotya Şura, onun oğlu, gözəl, məxməri baritona malik eston müğənnisi Qeorq Ots kimi oxumağa çalışan Anatoliy  Brodski (o, müğənni olmaq arzusuna çatdı, Rusiyanın Sverdlovsk şəhərinin Musiqili Teatrının solisti oldu), rus romanslarını pianoda çalıb, özünəməxsus tərzdə ifa edən dyaya Borya (bizə telefonla danışmağa gələndə mən onu pianoda çalıb-oxumamış getməyə qoymazdım) və onun dedi-qodu gəzdirən arvadı tyotya Zoya qucağındakı “Reks” adlı bolonka, tyotya İda və onun ömrünü dəlixanada başa vuran pianoçu qızı Sara, tutqun, qaşqabaqlı, dodaqaltı deyinən Çərkəz xala. Bu ev Səni, Sən də bu evi bəyəndin. Çox tez isinişdiniz bir-birinizə. Qonşular da Səninlə qonşu olmalarından qürur duyurdular. Məsləhətə, xahişə gəlirdilər yanına. Mirvari Səni bu məhəllənin Don Karleonisi adlandırırdı. Deyəsən, bu müqayisə Sənin də ürəyindən idi. Hətta Göyçaydan bir zənbil pay da gəlmişdi rüşvət kimi. Qonşunun oğlunu institutdan qovulmağa qoymadığına görə. Bir gün evə gələndə dedin:

- Nuşa, aşağıda Əşrəf kişini gördüm. Mənə deyir ki, SSRİ-də iki adam Stalinin qapısını təpiklə açıb. Onlardan biri Səməd Vurğun olub.

-  Sən nə dedin?

- Heç nə. Mənası yoxdur... Nə qədər mif yaranıb sənin haqqında, ay papa, Allah sənə rəhmət eləsin... 

Əşrəf kişi üçün isə dedin: “Maraqlı  tipdir...”.

Arıq, cılız, armud saplağına bənzər quru bədəni olan Əşrəf bu evdə qalan köhnə qonşulardan idi. Yaşı 80-ni keçmişdi. Ancaq uşaqlıqdan tanıdığım Əşrəfin vərdişləri, xasiyyəti dəyişməmişdi, yalnız yaşının üstə yaş gəlmişdi. Əşrəf kişi çox az yeyir, çayını xoruzquyruğu içir, damağını siqaretsiz qoymazdı. Başqalarının hesabına vurur, tez-tez içkili olurdı. Kefinin kök vaxtında radioya səs verir, xallar vura-vura, müğənni Bülbül kimi oxuyurdu. Üstəlik çırtma vurub, rəqs edirdi süzə-süzə.

Adətən sir-sifətindən zəhrimar yağar, dodaqaltı deyinər, daima kimisə söyərdi. Kitab alıb, kitab satardı. Çox mütaliə edərdi. Oxuduqlarını, eşitdiklərini maraqla, özünəməxsus tərzdə ya rusca, ya da azərbaycanca danışardı. Səlis danışardı siqaretini sümürə-sümürə. Stalinə, Atatürkə, Səməd Vurğuna pərəstiş edərdi. Atam ona Türkiyədən gətirdiyi Atatürkün şəkillərindən ibarət təqvim bağışlayanda kişi sevincindən hoppanaraq antraşasayaq ayaqlarını bir-birinə vurmuşdu da. Yaxşı dəridən olan tünd-qəhvəyi rəngli ayaqqabılarını hər gün sürtüb parıldadır, onları 20 il geyinməsi ilə öyünürdi. Ancaq ayaqqabılarına göstərdiyi qulluğu ailəsinə göstərə bilmirdi. Deyəsən, Əşrəfin dünyada heç istədiyi adam olmayıb. Arvadlarının, uşaqlarının sayı bilinməsə də.

Sonuncu arvadı Törədən əkiz uşaqları – oğlan və qız olmuşdu. Boylu-buxunlu, səliqəli üz cizgiləri olan Törə saçlarına, üzünə boya vurmaz, gümüşü rəngdə, çox da qalın olmayan saçlarını arxadan yığardı. Əyninə-başına fikir verməzdi. Deyərdi ki, bugünkü günümə baxıb, mənə qiymət verməyin. Cavanlığımda görərdiz məni. Törənin içində sağalmaz yara - birinci əriylə, o dövrün məşhur aktyoruyla xoşbəxt olduğu günlərin ağrısı kök salmışdı, için-için həsrətini çəkdiyi günlərin. İnsan bu günündə rahatlıq tapmayanda xatirələrin qucağına atılır. Yaşca Törədən xeyli böyük olan aktyor gənc qızı görən kimi vurulmuş, ailəsinin razılığını alandan sonra tezliklə toy edib, evinə gəlin gətirmişdi. Bu toyun sorağı çox illər sonra Xavər xanımdan gəldi. Onun uşaqlıq xatirəsində Törənin toyundan bir gənc gəlinin gözəlliyi, bir də başına qoyulmuş brilyant tac qalmışdı. Keçən əsrin 30-cı illərində Törənin aktyor əri “xalq düşməni” damğasıyla tutulub, sürgün edildikdən sonra Törənin və onun üç övladının firavan həyatına son qoyulmuşdu. Əşrəfə ərə gedən Törə çətinliklə dolanar, yolunu tez-tez lombarddan salardı. Kiminsə yaxşı yaşaması ər-arvadı əməlli-başlı əsəbiləşdirir, Əşrəfi gözəl xəttiylə qohum-qonşudan anonim məktublar yazmağa sövq edirdi. Bu hirs-qəzəb ər-arvad arasında dava-dalaşa, söyüşə də çevrilirdi vaxtaşırı. Yaşlı vaxtında iflic olan Törə deyirdi: “Əşrəf kimi əyyaşdan vaxtında canımı qurtarsaydım, bu günə düşməzdim”. Birinci ərini gözləməyib, Əşrəfin yaraşığına, cavanlığına uyduğu üçün xəcalət çəkdiyini deyir, bədbəxtliyinin səbəbkarı kimi Stalini lənətləyirdi.

Törənin qızı özünün və qardaşlarının ağır, ehtiyac içində keçən uşaqlıq, gənclik illərinə, dəlixanada ölən kiçik qardaşına görə, atalarını gözləməyib ərə getdiyi üçün ömrünün sonuna kimi Törəni bağışlamadı. Vaxtaşırı anasıyla o illərin haqq-hesabını çəkərdi. Törənin böyük oğlunun aqibəti daha yaxşı olmuşdu. O, sovet dönəminin pul qazanmağı bacaran, imkanlı iş adamlarından biri oldu və ömrünün sonuna kimi anasına, onun ailəsinə kömək etdi. Əkizlər böyük qardaşa arxalanır, Əşrəf isə ondan çəkinirdi. Böyük oğluyla qürur duyan Törə hər yerdə onu rüsvay edən qızından gileylənərdi. Əşrəf Törədən sonra öldü. Yarıac, yarıtox, siqaret sümürə-sümürə, deyinə-deyinə, söyə-söyə, zümzümə edə-edə...

Bizim üçotaqlı mənzil ikinci mərtəbədə yerləşirdi. Uzun, geniş dəhlizdə bizdən əlavə iki ailə də yaşayırdı. Onlardan biri, bizim qapı qonşumuz Məmməd əmi idi. Məmməd əminin faciəli ölümüylə bağlı danışdıqlarım Səni də təsirləndirdi.

 Enlikürək, bir az da dolubədənli Məmməd əminin 50-55 yaşı olardı. Zəhmli, qaradinməz idi. (Uşaqlıq xatirəmdə o, belə qalıb). Deyəsən, mühəndis işləyirdi. Böyük Vətən müharibəsində iştirak etmişdi. Deyirdilər ki, Məmməd əminin ağır xasiyyəti arvad-uşağı qaçırıb ondan. Qonşular da çəkinirdi Məmməd əmidən. Hətta o evdə olanda həyətdə oynayan uşaqları səs salmağa qoymurdular. Qonşular bizə – təzə sakinlərə Məmməd kişiylə ehtiyatlı davranmağı məsləhət görmüşdülər. Mən ailəmizin sonbeşiyi, ən ərköyünü, ən şıltağı hər dəfə növbəti nadinclik edəndə “Məmməd kişi gəlir ha” hədəsini eşidirdim. Lakin görünür, bu hədə-qorxu mənə heç kar etmirmiş. Çünki tez bir zamanda o, mənimçün ən mehriban, ən əziz adama – Məmməd əmiyə çevrildi. Mən onun evə gəlməsini səbirsizliklə gözləyir, səsi gələndə ya da otağının işığı yananda yanına getməyə tələsirdim. Məmməd əmi balaca bir otaqda yaşayırdı. İkinci böyük otaq həmişə bağlı idi. Oraya arvad-uşağının əşyaları yığılmışdı. Məmməd əminin otağı həmişə səliqəli və təmiz olurdu. Otağında paltar şkafı, dəmir çarpayı, kitab şkafı və yazı masası var idi. Böyük olmayan kitab şkafı kitab-jurnalla dolu olardı. Yazı masasının üstündə lampa, saat, təqvim qoyulmuşdu. Məmməd əmi adətən yazı masasının arxasında oturar, nəsə yazıb-oxuyardı. Mən də sakitcə bir tərəfdə oturub, onu izləyər, sonra sual dalınca sual verərdim. Məmməd əminin söhbətlərinə qulaq asmağı çox xoşlayardım. Mənim çoxsaylı uşaq suallarıma cavab verməkdən yorulmayan Məmməd əminin hər sözü qulağımda hökm kimi səslənirdi. Evdəkilər ona deyəndə ki, ay Məmməd qardaş, bizim qız deyəsən sizi yaman incidir, o cavabında: “Sizin qız çox mehriban və istiqanlıdır. Öyrənmək həvəsi də çoxdur. Onunla söhbət edəndə dincəlirəm”, – deyərdi. Məmməd əmi bizə də gəlməyə başlamışdı bazar günləri. Atam ondan iyirmi-iyirmi beş yaş cavan olsa da, söhbətləri tutur, şahmat, nərd oynayırdılar. “Başı adam götürməyən” Məmməd əmiylə təzə qonşular arasında yaranan ünsiyyət, onun ailənin kiçik qızına göstərdiyi mehriban münasibət, təmkin köhnə qonşularda təəccüb dolu qısqanclıq yaradırdı.  

Yay fəslininin bazar günlərindən biri idi. Ustalar həyətə çıxan eyvanı və taxta pilləkəni yenisiylə əvəz edirdi. Böyük, hazır pilləkəni yerinə qoymaqçün ustaların köməyinə qonşular da gəldi. Hamamdan təzə çıxmış Məmməd əmi də onlara qoşuldu. O, məhəccəri hələ qoyulmamış eyvana çıxdı. Pilləkənə bağlanmış yoğun kəndiri özünə tərəf çəkmək istədi. Ayağı sürüşdü. Müvazinətini saxlaya bilməyib, həyətə yıxıldı. Mən otaqda idim. Bayırdan qışqırıq səsləri gəldi. Tez dəhlizə yüyürdüm. Məmməd əminin otağının qapısı açıq idi. Yazı masasının üstündə içilməmiş limonlu çay dururdu. Pəncərədən həyətə boylandım. Məmməd əmi yerdə uzanmışdı. Bir əli qarnının üstündə, o biri yanına düşmüşdü. Ətrafında adamlar dolaşırdı. Təcili yardım maşını gəldi. Onu xəstəxanaya apardılar. Xilas etmək mümkün olmadı. “Yerə dəyəndə zərbənin gücündən içalatı partlayıb” dedilər. Yıxılan zaman Məmməd əmi əncir ağacının budaqlarından yapışmaq istəyib. Qolları sıyrıq-sıyrıq olmuşdu, ovcunda bərk-bərk sıxdığı əncir yarpaqlarını həkimlər güclə dartıb çıxarmışdılar. Məmməd əminin dəfn günü ev, həyət, küçə adamlarla dolmuşdu. Bağlı böyük otaq açılmış, arvadı, qızı qayıtmış, oğlu əsgərlikdən çağırılmışdı. O, bərk ağlayırdı. Məni də sakitləşdirə bilmirdilər Məmməd əmi yıxılan gündən. Onu basdırmağa aparanda, mən küçəyə baxan eyvanımıza tərəf qaçdım. Eyvanımız qara paltarlı, tanıdığım-tanımadığım arvadlarla dolu idi. Məni eyvana çıxmağa qoymurdular. Arıq canımı güclə də olsa onların arasından keçirib, eyvana çıxa bildim. Ayaq barmaqlarımın ucunda qalxıb, küçəyə baxdım. Üstünə yaşıl ipəkdən örpək salınmış cənazə həyətdən çıxarılırdı. Məmməd əmini aparırdılar. Eyvandakı arvadlar dil deyib, ağlaşdılar. Mən huşumu itirdim. Gözlərimi açanda, özümü eynəkli bir arvadın qucağında gördüm. Bu Məmməd əminin qohumu tyotya Asya idi. Ona “urus” Asya da deyirdilər. Çünki həmişə rusca danışırdı. Tyotya Asya məni bağrına basıb, ağlaya-ağlaya, nəsə deyirdi. Bu hadisədən sonra elə bil məni daha çox əzizlədilər. Tyotya Asya hər yasa gələndə mənə də baş çəkir, nağıl kitabları, rəngli karandaşlar hədiyyə edirdi. Aldığı kitabları oxumağa macal da tapırdı. Tyotya Asyanın sonrakı taleyi çox faciəli oldu. Hərbi qulluqda çalışan yeganə oğlunu itirdi. Bu dərdə dözməyib özünə qəsd etdi. Məmməd əminin ölümündən sonra arvadı Fəramuş xala və qızı evlərinə qayıtdılar. Bizimlə mehriban qonşu oldular. Bu evdən Məmməd əminin qızı gəlin köçdü, oğlu bu evə gəlin gətirdi. Mən tez-tez Məmməd əminin bağışladığı II Dünya müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlı əsgərlərin şəkillərinə baxırdım. Uzun müddət onları qoruyub saxlaya bilmişdim Məmməd əminin işıqlı xatirəsi kimi. Bir də təsəllimi onda tapırdım ki, o beş yaşlı qızcığaz öz təmiz, ilıq nəfəsiylə oğlundan-qızından ayrı düşmüş Məmməd əminin təklikdən, biganəlikdən sərtləşmiş ürəyinə cüzi də olsa, yumşaqlıq gətirə bilmişdi. Məmməd əminin ölümü həyatımda yaşadığım ilk itki oldu. Sən ilk dəfə ölüyə 9 yaşında nənən öləndə ağladın, mən 5 yaşımda... Özümü tanıyandan ölümün nə olduğunu gördüm. Ölümlə ilk tanışlığım, bir daha heç vaxt o adamı görə bilməyəcək anlamı, onun yoxluğu anlamı oldu. Məmməd əminin yoxluğu mənə qorxa-qorxa: “Mama, sən də öləcəksən? Papa da? Nənə də? Mən də?” – suallarını verdirdi.  Vaxtaşırı küçəmizdən Şopenin “Ölüm marşı”nın və ya klarnetin qəmli sədaları altında kimisə basdırmağa aparardılar. Musiqini eşidən kimi mən tez eyvana çıxıb, bu mərasimə tamaşa edərdim. Sonra da xeyli müddət gördüklərimin təsiri altında qalırdım. Göyümtul rəngli üzlərdə qalan ifadəni (əgər üzü açıq idisə), tabutun dalınca ağlaya-ağlaya, başdan-ayağa qara geyinmiş, aramla addımlayan adamları, lap öndə aparılan böyüdülmüş şəkil yiyəsini unuda bilmirdim. Xüsusən, əgər o şəkildən mənə gənc oğlan və ya qız baxırdısa...                                                                                                                  

Yavaş-yavaş dərk edəcəyəm ki, Ölüm təkcə bir insanı, onun ədalarını, səsini, gülüşünü, yerişini aparmır. Onunla bağlı bir dünyanı aparır, dövrü aparır. Və yaşadığımız hər gün saatbasaat, dəqiqəbədəqiqə bizim ölüm vaxtımızı yaxınlaşdırır. Sənin şeirini pıçıldayıram: “Anam məni çağa ikən kəfənə bələyibmiş...”.

Biz o evdən köçəndən sonra birinci mərtəbədə yaşayan yeni qonşu evinə düşən işığın qabağını alır deyə əncir ağacını kəsdi. Halbuki, biz hələ köçməmişdən öncə o mənə ağacı kəsmək istədiyini deyəndə qoymamışdım: “Əncir ağacı ocaqdır, dedim, günahdır onu kəsmək”. Bilmirəm, ağacın kəsilməsiylə bağlıdır, ya yox, bir müddət sonra bizim o ev söküldü. Bakının daha bir qədim evi ömrünü başa vurdu. Yadımdadır, qış vaxtı idi. Sənə həyətimizdəki əncir ağacının bir-birinə sarılmış çılpaq budaqlarını göstərdim. Ayrılığın yaxınlaşdığını hiss edirmişlər kimi, sevişirdi ağacın budaqları sanki. Bu mənzərəyə “Həyat” adı verdim. Fotosunu çəkdin. Qarşıda Mirvarinin xeyir işi dururdu. Ürəyimcə olmasa da satmalı oldum evi. Ürəyimdə ağır yüklə köçdüm oradan. Həmin gün hisslərimi birnəfəsə vərəqə köçürdüm:

Sən Allah,

qoy dönüm, qayıdım ora.

Orda uşaqlığımın, gəncliyimin 

məndə gözü qalıbdır,

deməyə macal tapmadığı neçə sözü qalıbdır.

Doğmalarımın gözlərinin, əllərinin izi qalıbdır.

İlk eşqimin sızı, nazı qalıbdır.

Burda qəhqəhəmin işığı sönübdür,

göz yaşımın damcısı daşa dönübdür...

Sən Allah, qoy dönüm ora.

Orda həyatın bir üzü vardı,

Nağıl idi ya gerçək, bilmirəm?

Sən Allah,

qoy  dönüm, qayıdım ora,

mənim Ata evimə...

O evin yerində indi səkkiz mərtəbəli bina ucalır. XIX əsrin yadigarı olan “Fantaziya” hamamı hələ ki, yerindədir. Vaxtilə içində qızıl balıqlar üzən mozaika ilə bəzədilmiş fəvvarəli hovuzu, cəh-cəh vuran bülbülləri, 2-3 otaqlı nömrələri, göstərilən qulluğu ilə məşhur olan bu qədim hamam ölüm ayağındadır indi...  

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2026) 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.