“Ədəbiyyat və incəsənət” portalının “Hekayə saatı” rubrikasında növbəti təqdimatımızdır, sizlərə İlahə Səfərzadənin “Azyaşlı ana” hekayəsi təqdim edilir.
İLAHƏ SƏFƏRZADƏ
AZYAŞLI ANA
(Hekayə)
Evdən yenicə çıxmışdı. Az sonra edəcəklərini düşündükcə çəlimsiz bədəni qorxudan tir-tir əsirdi. Eyni zamanda bir o qədər də cəsarətli idi. Eləbil, hansısa adını bilib özünü görmədiyimiz qara bir qüvvə içinə girmişdi və onu bu işi görməyə sövq edirdi. Yalnız onda az da olsa, rahatlıq tapacağına inanırdı.
Addımlarını yeyinlədib bağın içərilərinə doğru getdi. Birdən dayanıb nəfəs belə almadan qaranlıq bağın xəfif xışıltısına qulaq kəsildi. Nəfəs belə almadan bir neçə saniyə ərzində fikrini toplayaraq qərar verməyə çalışdı. Ayağının altındakı quru budaq qırıntıları yarpaqsız ağaclarla qorxunc görüntü yaradan qaranlıq bağın vahimələndirici səssizliyini pozaraq sındılar. Həmin an yaxalanacağı qorxusu ilə dodağını dişlədi və isti qanın dadı ağzına yayıldı.
Lənətə gəlmiş üzücü sükut bağın üstünə qara parça kimi enmişdi. Qucağındakı körpəyə diqqətlə baxdı. Ağacların arasından bağa sızan Ayın xəfif parıltısı uşağın məsum üzünü işıqlandırırdı. Az sonra günahdan yaranmış bu məsum varlığın həyatına son qoyacaqdı.
Əlləri körpəsinin balaca nazik boğazında gəzdi. Özünü ələ alıb tez qorxu içində çevrilib artıq uzaqlaşdığı evə baxdı.
İndi o, anadan daha çox sanki öz qurbanının nəfəs aldığı son dəqiqələrə şahidlik etmək istəyən iblis idi. Bütün günahların toplandığı bir damla yaş gözündən körpənin üzünə düşərək uşağı titrətdi.
Qucağındakı körpə dəqiqələr keçdikcə gözünə daha məsum, daha günahsız görünməyə başlamışdı. Bəs niyə məhz indi? Onun heç yaşanmamış həyatını sonlandırmaq istədiyi gün. Doqquz aydır ki, bu körpəni onu dünyaya gətirib öldürmək üçün bətnində saxlamışdı. Beləcə, ona pislik edən insanlardan intiqam alacaqdı.
Hələ on yeddi yaşı vardı. Ancaq bu yaşında valideynlərinin məcburiyyəti ilə özündən çox böyük kişiyə ərə verilmişdi. Onun yerinə yaşamalı olduğu həyatı müəyyənləşdirmişdilər. Az əvvəlki mərhəmət duyğusunu yenidən hiss etməsin deyə evləndiyi günü düşündü. Xatırladı ki, o da valideynləri qədər qəddar ola bilsin. Heç tanımadığı, istəmədiyi adamla birgə yaşamaq və ondan asılı olmaq da ölümə bərabər deyildimi? Bəlkə də, deyildi. Çünki bu ona ölümdən daha betərdi. Bəs evləndiyi adamın ona əşya kimi yanaşması, pozğun düşüncələri ilə ona işgəncə verməsi?!
Ona təcavüz olunmuşdu. Bu, təkcə cismani yox, həm də mənəvi idi: Tanımadığı hansısa adam və ən pisi öz doğmaları tərəfindən...
Addımlarını sürətləndirib evdən bir az da irəli getməyə çalışdı. Üzünü çevirib getdikcə ondan uzaqlaşan və qucağındakı körpəni ölümə bir az daha yaxınlaşdıran böyük evə baxdı. Özündən çox yaşlı, heç sevmədiyi və bu aylar içində yalnız məcburiyyət kimi gördüyü əri isti yatağında hər şeydən xəbərsiz bir şəkildə yatmışdı.
Qucağındakı uşaq qımıldanıb oyanmaq istədi. Sanki ani olaraq gözlərini açıb anasına gülümsədi. Körpənin yenidən yuxulaması üçün onu qollarında yellədi. Keçirdiyi sarsıntıdan bir addım belə ata bilməyib durduğu yerdə təxminən yarım saata yaxın dayandı. Körpəsi yenidən dərin yuxuya getmişdi. Onu bağrına basıb soyuq burnu ilə isti nəfəsini hiss etdi. Özünü toplayıb gözləri dolmuş halda yenidən evə qayıdıb balasını öz yerində yatdırdı. Həmin gecə körpə oyanıb ona yenidən gülümsəsin deyə gözlərini belə qırpmadan saatlarca gözlədi...
“Ədəbiyyat və incəsənət”
(21.10.2026)


