Payız ovqatlı şeirlər Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

 Salam, "Ədəbiyyat və İncəsənət" portalının poeziyasevər izləyiciləri, "Ruhun pıçıltısı" rubrikasında bu dəfə Sizə şair İbrahim Yusifoğlunun  şeirlərini təqdim edirik. Şeirlər payız ovqatlıdır, günümüzlə sələşirlər.

 

 

MƏNƏ BİR MƏHƏBBƏT ŞEİRİ OXU!

 

Bilirsən, nə qədər susuzam, acam,

Gətirmə dilinə, sən ALLAH, yoxu...

Nə vaxtdır bir həzin səsə möhtacam,

Mənə bir məhəbbət şeiri oxu. 

 

​Həsrətlə gözləyir saz köynəyində,

Gələrsən görüşə yaz köynəyində.

Əlində eyləsin naz örpəyin də,

Şirin pıçıltıyla bir naxış toxu

Mənə bir məhəbbət şeiri oxu. 

 

​Gərək yollarına elə qaçam ki,

Sənə qollarımı elə açam ki,

Məhəbbət nurunu elə saçam ki,

Sanasan, bu anı şipşirin yuxu

Mənə bir məhəbbət şeiri oxu. 

 

​Səsindən buludlar dolub, ağlasın,

Sısqa buludlar da coşub-çağlasın,

Qəlbini qəlbimə elə bağlasın,

Həsəd aparsınlar görənlər çoxu

Mənə bir məhəbbət şeiri oxu!

 

 

RUHUMA BİRCƏ BU YAĞIŞ DOĞMADI

 

Bu da bir taledi, başım üstündən,

Bulud çəkilmədi, günəş doğmadı.

Heç nə istəmirəm Tanrıdan ki, mən,

Ruhuma bircə bu yağış doğmadı. 

 

​Mənim günahımı yazan mələklər,

Sizə də xoş gəlmir turş çiyələklər.

Yoluma dikilən qara bəbəkdən,

Ruhuma ələnən baxış doğmadı. 

 

​Mənim qismətimə ağrıyan qarı,

Dövrü lənətləyib qarğıyan, qarı.

Ümidi Tanrıya bağlayan qarı,

Ruhuma bircə bu qarğış doğmadı. 

 

​Mənim qazancımdan küsən gözəlim,

Evimdə bənövşəm, süsən gözəlim,

Ömrümə meh olub əsən gözəlim,

Ruhuma bircə bu barış doğmadı. 

 

​Mənim şeirlərim yanğılarımdı,

Onlarda məhəbbət, kədər varımdı,

Qəlbimdən ələnən yağışlarımdı,

Ruhuma bircə bu yağış doğmadı.

 

 

PAYIZ ŞEİRLƏRİ YAZACAM DAHA

 

Yazdıqca qələmim qəmlənəcəkdi,

Quru vərəqlərim nəmlənəcəkdi,

İlhamım coşacaq, dəmlənəcəkdi

Payız şeirləri yazacam daha. 

 

​Baxmayın bahara, baxmayın yaya,

Gül kimi sözləri axıtdım çaya,

Baxın qismətimə siz düşən paya,

Payız bazarında satacam baha,

Payız şeirləri yazacam daha. 

 

​Nədəndi ürəyim boşalır, dolmur,

Ürəkdə ilk sevgi saralıb, solmur.

Ömrün payızında ilk sevgi olmur,

Ötən xatirələr çevrilir “ah!”a,

Payız şeirləri yazacam daha. 

 

​Qurtarmır yer ilə göyün davası,

Olmuşam həm göyün, yerin yavası.

Payız havasıdı şair havası,

Payız şeirləri yazacam daha!

Payız şeirləri yazacam daha!

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.