XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
17—Cİ DƏRC
Yaradıcılığında olduğu kimi, davranışında da tam sərbəst idin, müstəqil idin, təəssübkeşlikdən, həmrəylikdən doğan mərdlik nümayiş etdirirdin. Həyat yolunda belə misallar az deyil. Dissidentlik müxalifətçilik deyil, müstəqilliyin göstərilməsidir, deyirlər.
1966-cı ildə Leninqradda (indiki Sankt-Peterburqda) Səməd Vurğunun 60 illik yubileyi keçirilirdi. Yubiley komitəsinin sədri Rəsul Rza idi. Tədbirdən sonra təşkil olunan banketdə Sən o zaman Leninqraddan sürgün edilən İosif Brodskinin sağlığına tost demisən...
”Mən bu qədəhi üç şəhər poeziyasının – Aleksandr Puşkinin Peterburqunun, Aleksandr Blokun Petroqradının və İosif Brodskinin Leninqradının şərəfinə qaldırıram. Leninqrad Yazıçılar Təşkilatının katibi, şair, müharibə veteranı, tankçı Serqey Orlov, mənim tostumdan sonra “Seyças vernus, ob etom pozje poqovorim“ (İndi qayıdıram, bu haqda sonra danışarıq) deyib, məclisi tərk etdi. Danışmağımız alınmadı. Restorandan çıxanda mən Rəsul Rzaya dedim: “Nahaq dedim bu sağlığı?” O, çox ucadan: “Nahaq dedin, amma əcəb elədin”, - dedi”.
Cavanşir Səni tanıtdıranda xeyirxahlığından, hələ sovet vaxtında kimlərinsə işinə yarımağından ağız dolusu danışırdı. Mən də Səni tanıyandan dəfələrlə bunun şahidi olmuşam. Tanıdığın-tanımadığın adamlara dəstək olmaq üçün kimlərəsə ağız açır, onların işini təmənnasız düzəltməyə çalışırdın. Bu iş baş tutanda özündən razı qalırdın. Kimlərəsə maddi yardım edəndə deyərdin: “Çoxdan etmək asandır, əsas azdan etməkdir...”. Sənin sevimli yazıçın Çexovun “yazıçının işi kimisə ittiham etmək, günahlandırmaq, təqib etmək deyil, ittiham olunmuşları, cəza çəkən günahlıları belə müdafiə etməkdir, onsuz da ittihamçılar, prokuror, jandarmlar yetərincədir” fikrini elə bil özünə yol yoldaşı etmişdin.
Həbs olunmuş siyasət adamlarının taleyinə biganə qalmayıb, onların azad olunması üçün siyasi-mənəvi köməklik göstərmisən. Fizik alim, keçmiş xarici işlər naziri Tofiq Qasımovun, Vaqif Hacıbəylinin, bir neçə başqa həbsdə olanların müdafiə komitəsinin sədri kimi ölkə Prezidenti Heydər Əliyevə etdiyin müraciətlər müsbət həllini tapmışdı. Həmrəylik nümayiş etdirərək dəfələrlə kimlərinsə zaminə götürülməsiylə bağlı müraciətlərə qoşulmusan.
1996-cı ildə OMON-çuların müdafiəsinə qalxan ilk adam oldun: “...Alman faşizmi üzərində Nürnberq məhkəməsi quruldu. Orada müttəhimlər kürsüsündə bir nəfər də olsun sıravi əsgər, yefreytor, serjant oturdulmadı. Çünki onlar əmrə tabe adamlardır. Ancaq onların rəhbərləri cavabdehlik daşıyırdılar. Və OMON-nun hərəkətində qeyri-qanuni bir şey olubsa (bunu tarix göstərəcək, olub ya yox), onun rəhbərləri ittiham olunmalıdır, sıravilər, yüzlərlə uşaq yox...”.
Onların əfv olunması üçün dövlət başçısına müraciət etdin.
Millət vəkili olduğun zaman Azərbaycan Pespublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü oldun. İlk vaxtlar iclaslara kimlərəsə kömək edə bilmək niyyətiylə gedirdin. Çoxlu xahiş məktubları gəlirdi. Mən də oxuyurdum onları. Ana-ata, arvad-uşaq naləsi. Hamı imdad istəyir. Hamıya kömək etmək mümkün deyil, başa düşürəm. İmkan dairəsində çalışsan da, hər şey Səndən asılı olmur...
Mülki cinayətlərlə hərbi cinayətlərin (fərarilik) eyniləşdirilməsi, ayrı-ayrı şəxslərin subyektiv və şəxsi maraqlarını önə çəkməsi Sənə çox pis təsir edir. Sənin hansı duyğular keçirdiyini anlamaq çətin deyildi. Susur, siqaretə ara vermirdin. Ara-sıra cürbəcür bəhanələrlə iclaslara getmirdin, sonradan isə heç getmədin...
Reallığı ayıq, soyuq başla təhlil etməyin, perspektivi görmək bacarığın məni həmişə heyrətləndirirdi. Milli Məclisdə maraqlı, uzaqgörən təkliflər irəli sürürdün.
- Xanlar rayonunun adı dəyişdirilib “Göygöl” adlandırılanda təklif etdim ki, Xanların qədim adı Yelenendorf özünə qaytarılsın. Çünki bu şəhəri vaxtilə buraya köçürülən almanlar salıb. Xanların öz keçmiş adını özünə qaytarmaqla Almaniya dövlətinə müraciət etmək olardı ki, burada çoxlu sayda alman yaşayıb və indi buranı inkişaf etdirmək lazımdır. Buraya xeyli sayda alman köçərdi və Ermənistanla sərhəddə bir alman anklavı yaranardı. Əgər gələcəkdə buraya bir erməni mərmisi düşsəydi, Almaniya dövləti də o zaman öz ikili vətəndaşlıq hüququna malik olan vətəndaşlarını qorumağa məcbur olardı. Ancaq başa düşdüm ki, mənim bu təklifim keçməyəcək, necə ki keçmədi.
2001-ci il fevralın 23-də Prezident Heydər Əliyevin iştirakıyla Milli Məclisin iclasında Qarabağla əlaqədar millət vəkilləri öz təklifləri ilə çıxış etməli idilər. Sənin yazılı və şifahi müraciətinə baxmayaraq, Milli Məclisin spikeri Murtuz Ələsgərov Sənə söz vermədi. Heydər Əliyevin məlumatı olmamışdı. Evə pərt gəldin. İclasda üç təklif olub, heç biri qəbul edilməmişdi.
- Vaqif, heç olmasa müsahibə ver, təkliflərin orda səslənsin.
İstəmədin...
Artıq bu təkliflərə ehtiyac olmasa da, oxucunu onunla tanış etməyi lazım bilirəm: “Ermənistanla hər hansı bir sülh müqaviləsi Azərbaycan Prezidentinə qarşı xalqda narazılıq doğuracaq. Ermənistandan da hər hansı bir sülh müqaviləsi Ermənistanın Prezidentini ölümə məhkum edəcək. Odur ki, Azərbaycan Prezidenti Qarabağla bağlı sülh müqaviləsini bağlamaqla başqa bir müqavilə də bağlamalıdır: Bütün region dövlətlərin iştirakıyla – Türkiyə, Gürcüstan, İran və hətta Rusiya olmaqla Ermənistan dövləti bu dövlətlərə qarşı ərazi iddialarından əl çəkir”.
- Qarabağ problemi başlayanda AXC-nin hakimiyyəti dövründə Sən bir təklif irəli sürmüşdün...
- Hə, təklif etmişdim ki, Azərbaycan dövləti Şimali Azərbaycan adlandırılsın. Ermənilər və azərbaycanlılardan ibarət mühacirətdə fəaliyyət göstərən Dağlıq Qarabağ hökuməti yaradılsın. Buna razılıq verən kifayət qədər Krasnodar vilayəti, Şimal bölgəsi və Moskvada yaşayan ermənilər var idi.
- O zaman da təklifin eşidilmədi.
- Təəssüf ki, Xalq Cəbhəsi hakimiyyəti dövründə əsas diqqət bir-biriylə çəkişmələrə yönəlmişdi, əsas iş vaxtının cəmi 10%-ə yaxını Qarabağa həsr olunurdu...
- AXC-dən getdin...
- Elədi, 1993-cü ilin yanvarında mətbuatda bəyanatla çıxış edərək, AXC sıralarını tərk etdim. Baxmayaraq, Əbülfəz Elçibəy haqda çox yüksək fikirdəyəm. Yalnız vətənpərvərliklə və son dərəcə təmiz insan olmaqla dövləti idarə etmək mümkün deyil.
Əbülfəz Elçibəy Azərbaycanın müstəqilliyi yolunda misilsiz xidmətlər göstərmiş ziyalıları ayrı-ayrılıqda qeyd edərək dəyərləndirmişdi. Bir sənətkar, bir insan kimi Səni yüksək qiymətləndirən Elçibəy 1999-cu ildə 60 illiyinlə əlaqədar təbrik məktubunda yazırdı: “...Sizin poeziyanız bizim mürəkkəb dövrümüzün tərcümeyi-halıdır. Bizim çağdaş poeziyamızın ilk müxalifətçilərindən – yenilikçilərindən biri Siz olmusunuz. Yalnız ədəbiyyatda deyil, fikirdə, düşüncədə, məfkurədə yenini, millini, dünyəvini təsdiq etmək əsl inqilabdır. Təsadüfi deyil ki, Sizin ədəbiyyatdan başlanan mübarizə yolunuz Milli Azadlıq hərəkatına qovuşdu. Azərbaycan Milli Azadlıq hərəkatı tarixində böyük Səməd Vurğunun iki sənətkar övladının – Sizin və mərhum Yusif Səmədoğlunun adının olması bizim hamımız üçün şərəfdir...”.
- Yadıma Milli himnimizlə bağlı mübahisələr düşdü. 1989-cu ildə Xalq Cəbhəsinin iclasında dövlət himni ilə bağlı məsələni Sən qaldırmışdın?
– Rəsmi olmasa da, Xalq Cəbhəsinin İdarə Heyəti tövsiyə etdi ki, bu işlə məşğul olum. Söhbət Azərbaycan Cümhuriyyətinin atributlarının bərpasından gedirdi. Artıq üçrəngli bayraq meydanlarda ucalmışdı. Gerb ortaya çıxmışdı, bircə Himn qalmışdı. Bəstəkar Aydın Əzimov Himni orkestrləşdirdi, bəstəkar Ramiz Mustafayev xorla birlikdə məşq elədi. Əsər ictimaiyyətə təqdim ediləndən sonra müzakirələr başladı. Musiqisi Üzeyr Hacıbəyliyə aid olan Azərbaycan SSRİ-nin Dövlət himninin musiqisinə mətn kimi Səməd Vurğunun “Azərbaycan” şeirinin qəbul olunması variantını təklif edənlər var idi.
- Səməd Vurğunun sözləri xalqın qavraması baxımından Əhməd Cavadın sözlərindən daha yaxşıdır. Niyə bu təklif keçmədi?
- Biz Azərbaycan Cümhuriyyətinin varisi olduğumuzu bəyan etmişiksə, onun atributlarını da qəbul etməliyik. Mən Əhməd Cavadın sözlərində xeyli dəyişikliklər elədim...
- Himn təsdiq olunandan sonra hətta Sənə, Səməd Vurğunun oğlu kimi onun şeirinin dövlət himninin mətni kimi qəbul olunmasının istəməməyini atana qarşı getmək kimi qiymətləndirənlər də oldu.
- Mən Səməd Vurğuna qarşı getməmişəm. Çalışdım ki, tarixə qarşı getməyim. Tarixən himn budur. Səməd Vurğun mənim atamdır, onunla həm övlad, həm şair, həm də azərbaycanlı kimi fəxr edirəm. Ancaq Azərbaycanın himni səslənəndə hamının ayağa qalxmasına övlad kimi sevinib, qürur hissi keçirməyə Əhməd Cavadın oğlu Yılmazın məndən qat-qat çox tarixi və mənəvi haqqı var.
- Himn ilk dəfə harada çalındı?
- Himn ilk dəfə Naxçıvanda, Şərur rayonundakı mitinqdə səsləndi. Orada qəribə əhvalat oldu. O vaxtlar Xalq Cəbhəsinin keçirdiyi mitinqlərin əvvəlində və sonunda həmişə Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası səsləndirilirdi. Mitinqin aparıcısına dedim ki, mitinqin sonunda “Koroğlu” uvertürasını qoyma. Azərbaycan Cümhuriyyətinin himnini yazdırmışam, onu qoyarsan. Onun təəccübdən gözləri böyüdü: “Bəy, cazdı?” Dedim, caz nədi, Üzeyir Hacıbəylinin musiqisidi, 1918-ci ildə yazıb.
Gündəlikdən: “Şair, dramaturq kimi mən siyasətçi Vaqif Səmədoğludan qat-qat güclüyəm. Mən siyasətdə səhv buraxa bilərəm, Poeziyada isə heç vaxt...”.
- Qarabağ məsələsi ortaya çıxandan Sən siyasətə qoşuldun.
- Ancaq mən heç vaxt siyasətlə məşgul olmağa can atmamışam. Sadəcə, siyasət özü gəlib məni tapdı. Özümü siyasətçi saymıram. Ancaq digər tərəfdən, illərlə çap olunmamışam. Bu özü də bir siyasət idi. Mən siyasətdə də şairəm... Millət vəkili kimi də şairəm...
Sən 1989-cu ildə xalq hərəkatına qoşulanda bu, təbii alındı. Çünki Sən dissident ruhlu şair kimi tanınırdın. Əsl şair olduğun üçün üsyanı da ədəbiyyatda etdin. Sənin poetik “mən”in üsyan edirdi... Yaratdığın yeni poeziyanla istiqlalını, müstəqilliyini qazanan birincilərdən oldun.
Sən dövlətçiliyin tərəfdarısan. “Qul quldar olacaqsa, azadlıq yalandır”, – deyərək, inqilablara qarşı çıxırsan. Bəşər tarixinin təsdiqlədiyi bu həqiqəti bir başqa fikrində də təkrarlayırsan: “Ən xoş niyyət də pisliyə dönür əvvəl-axır, qalib gəlib hakimiyyət olmuş inqilab kimi...”.
2000-ci ildə Sənin deputat olmaq məsələn qalxanda mən öz etirazımı bildirdim. Dedin: “Nuşa, yəqin sən yer üzündə yeganə qadınsan ki, ərinin deputat olmasını istəmirsən”.
Niyə istəmirdim? Çünki əmin idim ki, deputatlıq Sənin yaradıcılığına mane olacaq. Ancaq o biri tərəfdən də başa düşürdüm ki, Sənin kimi genişmiqyaslı bir şəxsiyyət, dərin zəkalı bir insan parlamentdə olmalıdır. Müsavat Partiyasının siyahısı üzrə (Sən Müsavat Partiyasının sıravi üzvü idin) Qazax dairəsindən deputatlığa namizədliyin irəli sürüldü. Seçicilərlə görüşlərdə mən də iştirak edirdim. İki həftədən çox Qazaxda qaldıq. Qazax camaatının Səməd Vurğuna sözlə ifadə edə bilmədiyim sonsuz məhəbbətinin bir daha şahidi oldum. Olduğumuz müddətdə mehriban üzlər, xoş sözlər əhatəsində sevgidən, ehtiramdan doğan Qazax qonaqpərvərliyini gördüm. Həyatımda ilk dəfə səhər-səhər xəngəl yedim, qurutlu Qazax xəngəli. Buludlarda gələn xəngəlin biradamlıq olduğu deyiləndə heyrətimi gizlədə bilmədim...
Heç kimdə Qazax mahalının Sənin – Səməd Vurğunun oğlunu deputat seçəcəyi şübhə doğurmurdu. (Baxmayaraq ki, müəyyən maneələr oldu). 2000-ci il noyabrın 5-də Sən deputat seçildin. Səni ilk təbrik edənlərdən biri Müsavat Partiyasının sədri İsa Qəmbər oldu. O, Aktyor evində “Mamoy kişinin yuxuları” pyesinin premyerasında səhnəyə çıxıb, Səni oradan təbrik etdi.
Sonradan Müsavat Partiyası iclas keçirdi və orada qərara alındı ki, Müsavat Partiyası parlamentdə iştirak etməsin. Bu qərar gözlənilməz olduğu qədər də təəccüb doğurdu. Səninlə məsləhətləşmədən, Sənin iştirakın olmadan qərar qəbul olunmuşdu. Bu, Sənin üçün qəbuledilməz idi. Səninlə əmr dilində danışmaq olmaz...
Sən parlamentin ilk iclasında iştirak etdin. Və həmin gün jurnalistin: “Vaqif bəy, niyə Milli Məclisin iclasında iştirak etdiniz? Axı Müsavat Partiyası imtina edib” sualını özünəməxsus ötkəmliklə cavablandırdın: “Mən Müsavat Partiyasının üzvü olaraq, həm də Azərbaycanın Xalq şairi Vaqif Səmədoğluyam. Altmış bir yaşım var. Heç kim, heç bir siyasi quruluş, heç bir iqtidar məni dəyişə bilmədiyi kimi, indi də heç kəs dəyişə bilməz. İş ki qaldı təzyiqlərə - yuxarıdan və aşağıdan, iqtidar və müxalifətdən edilən təzyiqlər – heç biri mənə təsir etmir. Mən nə iqtidar, nə də müxalifət despotizmini qəbul edirəm. Mən mənəm. Öz sözümü hər yerdə demişəm”.
Həmin gün Müsavat Partiyası Divanının növbədənkənar iclasının qərarı ilə Sən Müsavat Partiyasının sıralarından uzaqlaşdırıldın. Bu, artıq formal xarakter daşıyan qərar idi.
Özünün dediyin kimi: “Məni heç kim Müsavatdan çıxara bilməz, çünki Müsavat mənim üçün ilk növbədə Məhəmməd Əmin Rəsulzadədir, Fətəli xan Xoyskidir, Topçubaşovdur. Nəhayət, unutmayaq ki, M.Ə.Rəsulzadənin yaratdığı Müsavat Partiyasının 21 Mərkəzi Komitə üzvündən üçü – Mustafa ağa Vəkilov, Məmmədrza ağa Vəkilov, Rəhim ağa Vəkilov mənim babalarımdı...”.
“Ədəbiyyat və incəsənət”
(14.10.2026)


