“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Gülayə Şınıxlının şeirləri təqdim edilir.
Layihə ən dəyərli ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
GÜLAYƏ ŞINIXLI
SƏNDƏN SƏNİ SEVMƏK ÜÇÜN AYRILDIM
Baxışların od əbədi üstümə,
Yandı canım için-için, ayrıldım.
Səndən sənə gəlmək üçün ölürəm,
Səndən səni sevmək üçün ayrıldım.
Yarı yolda yar atmağa nə vardı?!
Göz yaşıydı, qurutmağa nə vardı?!
“Unudardım, unutmağa nə vardı?!”,
Səndən səni sevmək üçün ayrıldım.
Saçlarımı sərdim səndən o yana,
Çiçəklərdi, dərdim səndən o yana,
“Yol görünmür, gördüm səndən o yana”,
Səndən səni sevmək üçün ayrıldım.
Ayrılığın köynəyini geyinib,
Ağrısını, göynəyini geyinib,
“Gecə gözlüm” eynəyini geyinib,
Səndən səni sevmək üçün ayrıldım.
Qoy yaşasın baxışların gözümdə,
İlmələrin, naxışların gözümdə…
Ayrılığın yağışları gözümdə,
Səndən səni sevmək üçün ayrıldım.
Bircə damla göz yaşına qıymadım,
Ağlayırsan, de, nə üçün ayrıldım?
Ayrılığı ayağına gətirib,
Səndən səni sevmək üçün ayrıldım
YALAN SEVMİŞƏM
Bağlıdır əfv yolu, barışıq yolu,
Yoxdur bəraəti, bil, bu günahın.
Səbəbi mənliksə, Allah eşqinə,
Öldür, ölümümlə sil bu günahı;
Sevmişəm mən səni, yalan sevmişəm.
Mənimtək sevənin varsa dünyada,
Deməli, yar sevib, yar anmamışam.
Ya mən mən deyiləm, deyim ki, ya da,
Yalanam, hələ də yaranmamışam,
Sevmişəm mən səni, yalan sevmişəm.
Bircə sevincini bölüm demirəm,
Dərdin dərə-dərə bölməmişəmsə.
Bir kərə ölümə ölüm demirəm,
Bir anda min kərə ölməmişəmsə,
Sevmişəm mən səni, yalan sevmişəm.
Bir yana qalsın qoy fədakarlığım,
Sənsiz almışamsa tək bircə nəfəs.
Baxışım, gülüşüm, bütün varlığım,
Yalandı bu haray, yalandı bu səs-
Sevmişəm mən səni, yalan sevmişəm.
Aləmə səs salıb deyəcəm: “Bilin,
Bilin, bir vəfalı yarın yarıyam.
Əyilən qamətin, qırılan belin,
Ağaran saçların günahkarıyam!”
…Sevmişəm mən səni, yalan sevmişəm.
Yoxdursa fırtınam, ya fəlakətim,
Yoxdursa zülm evim, zindan əzabım,
Yoxdursa yolunda gücüm, taqətim,
Yoxsa əzabına “dözmək əzabım”,
Sevmişəm mən səni, yalan sevmişəm.
Yoxdur bəraəti ölümün belə,
Keçmə günahımdan, demə, keçmişəm.
Həqiqi aşiqlər çətin ki ölə,
Mən ölsəm, deməli, yalan sevmişəm,
Sevmişəm mən səni, yalan sevmişəm.
DÜŞDÜM QARĞIŞINA QARANQUŞLARIN
Məmməd Arazın “Qaranquş” şeirinə
Yıxdığım yuvadan yıxıldım özüm,
Dağıldı çör-cöpüm hara, bilmədim.
Bir anda yıxdığım bir yuvanı mən,
Bir ömür çalışdım, qura bilmədim.
Mən öz sualıma cavab tapmadım,
Necə yandırmışam, necə yaxmışam?!
Bir çöp hörəmmədim bircə yuvaya,
Görən, bir yuvanı necə yıxmışam?!
Düşdüm qarğışına qaranquşların,
Hər bahar gözümü yaşladı mənim.
Bir yuva uçurdum uşaqlığımda,
Bir böyük həsrətim başladı mənim.
Neçə bahar gəldi ömrün üzünə,
Söndü də baharın odu, durmadı.
Hər bahar gözlədim eyvanımızda,
Gəlib o qaranquş yuva qurmadı.
Bir ömür bir sevinc bitirəmmədim,
Boy atdı göy dərdim, yer dərdim mənim.
Qaranquş əzabım, qaranquş dərdim,
Qaranquş həsrətim göyərdi mənim.
Ödəyə bilmədim bədəlini mən,
Ömrümü bu yolda eyləsəm də şam.
Bir ömür uzunu əfv diləmişəm,
Hələ də bəraət alammamışam.
Bilmədim neyləyim, təsəllim olsun,
Təsəllim olubdur baxıram, hər an.
Yuvası dağılmış o qaranquşun,
Rəsmini asmışam eyvanımızdan.
MƏNƏM GÜNAHKARI BU AYRILIĞIN
Bir ömür gözümdə güzgüləndi qəm,
Bir ömrün sevinci gözümdən gəldi.
Günahkar gəzmədim mən yer üzündə,
Mənə gələn bəla özümdən gəldi.
Nəğmətək oxudum ayrılıqları,
O nəğmə illərin dilində getdi.
Səni ayrılıqlar aldı əlimdən,
Ömrüm ayrılığın əlində getdi.
Səni ayrılığa verdim əlimlə,
Ömrün eyvanından uçdun quş kimi.
Toplaya bilmədim parçalarını,
Yuvası dağılmış qaranquş kimi.
Əlim yaxasında qaldı göylərin,
Dağıldı gözümdə yuxular rəng-rəng.
Ayağım altına daş yığıb hər gün,
Boyuna boylandım günəbaxantək.
Boynuma alıram öz günahımı,
Mən özüm bilirəm bu dərd nə dərddi.
Mənim “sevgi” adlı bu günahımın
Həyat bədəlini ağır ödətdi.
Güldüyün o gülüş sonuncu gülüş,
Sonuncu baxışmış baxdığın baxış.
Mən hardan biləydim, necə biləydim,
Dünyada sən boyda ayrılıq varmış.
Mənəm günahkarı bu ayrılığın,
Mənəm bu sevginin günahkarı, mən.
Sən boyda ayrılıq olmazdı bəlkə,
Səni dünya boyda sevməsəydim mən.
MƏN SEVGİMİZ BİTƏN YERDƏ ÖLMÜŞƏM
Yazılmır bu eşqin ölüm tarixi,
Gündə min yol mən bu dərddən ölmüşəm.
Sən necə yaşadın, bilə bilmədim,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Uçdu könlüm quşu, tuta bilməzsən,
Yıxdın can evimi, yapa bilməzsən.
Min il axtarsan da, tapa bilməzsən,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Ömür nədir?
Gültək solan, sevdiyim,
Yarı gerçək, yarı yalan, sevdiyim.
Bir şəkildir məndən qalan, sevdiyim,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Gözümdən asılan çilçıraq deyil,
Aldığım bu nəfəs haqdır, haqq deyil.
Hələ nəfəs almaq yaşamaq deyil,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Can çəkilir canım candan, demişdim,
Ölüm baxır hər bir yandan, demişdim.
Mən ki sənə sevən andan demişdim,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
Varım-yoxum itən yerdə ölmədim,
Ömrüm-günüm bitən yerdə ölmədim,
Ölüm gəlib yetən yerdə ölmədim,
Mən sevgimiz bitən yerdə ölmüşəm.
***
Tutmuşam mən yenə də körpəliyimin əlindən,
Çiçək şəkli çəkmişəm mən bu gecə anama.
Könlümün qibləsidir anaların ürəyi,
Mələk şəkli çəkmişəm mən bu gecə anama.
Qaranquş yuvaları qurmuşam eyvanımızda,
Yavru şəkli çəkmişəm mən bu gecə anama.
Ahımdan od düşübdür, təndir- təndir alışıb,
Çörək şəkli çəkmişəm mən bu gecə anama.
Əllərim titrəyibdir ürəyimin üstündə,
Ürək şəkli çəkmişəm mən bu gecə anama.
Bax, anasız bir ömrün qanadından asılıb,
Lələk şəkli çəkmişəm mən bu gecə anama.
Saçlarıma bükmüşəm köynəksiz körpəliyimi,
Bələk şəkli çəkmişəm mən bu gecə anama.
Anama lay-lay dedim, anasızlar oyandı,
Bu dərdi tək çəkmişəm mən bu gecə anama.
Ay Gülayə, beşikdə “ana” deyə ağlayan,
Bəbək şəkli çəkmişəm mən bu gecə anama.
SƏN OLMAYAN YER
Bilmərəm bu dünya neçə bucaqdır,
Əriyər, gözümdən yerə şam düşər.
Günəş batan yerdir sən olmayan yer,
Nə sabah açılar, nə axşam düşər.
Harda ki sən yoxsan, orda həyat yox,
Gələr sənsizliyin hüznlü səsi.
Sən olmayan yerdə göz qamaşdırar
Sən adlı həsrətin buz mənzərəsi.
Sən olmayan yerdə dayanar zaman,
Sənsizlik içində nə səsim mənim?!
Mənim azadlığım, bəraətim sən,
Sən yoxsansa, yoxdur nəfəsim mənim.
Pozular nizamı sənsiz həyatın,
İçər ürəyimdən su, dünya mənim.
Torpaq ayağımın altından qaçar,
Yıxılar başıma bu dünya mənim.
Köksümün üstündə göynəyən ahım,
Çəkə bilmədiyim ağrım-acımdır.
Hardakı sən yoxsan, sən olmayan yer,
İşgəncəm, zülmüm, dar ağacımdır.
Sən olmayan yerdə sabah açılmaz,
Həsrətin axşamı, sabahı yoxdur.
Mən kimə göndərim dualarımı,
Axı sənsizliyin Allahı yoxdur.
YUXUMU SULARA SÖYLƏMƏRƏM MƏN
Yadımdan çıxmayıb anamın səsi,
Hər səhər o səslə məni öyərdi.
Qorxulu yuxular görəndə: “Bala,
yuxunu sulara söylə,”- deyərdi.
Qarışıq yuxular gəldi üstümə,
Göylər göy donunu geydi, bilmədim.
Yağış yerdən göyə yağdı o gecə,
Göydən yerə yağan nəydi, bilmədim...
Bu atəş ölümü, bu su ölümü,
Yuxudu, gerçəkdi, bilmirəm nədi...
Bir od bir dənizi yandırdı-yaxdı,
Bir dəniz bir odu söndürəmmədi.
Yenə o qorxulu yuxunu gördüm,
Yarası göynədi yenə illərin.
Dənizdə məzarlıq görüb o gecə,
Yuxusu qaçmışdı qərənfillərin.
Götürə bilmədi dərdimi dəniz,
Yəqin ki, suların qəlbinə dəydim.
Olmazdı fəlakət, fırtına bəlkə,
Yuxumu sulara söyləməsəydim.
Günahlar boynunda qaldı suların,
Sular bu sirrini üzə vermədi.
Bizə verdiyini bizdən alsa da,
Bizdən aldığını bizə vermədi.
Gülayə, hönkürüb ağladı sular,
Bir də belə günah eyləmərəm mən.
Qorxulu yuxular görsəm də, daha
Yuxumu sulara söyləmərəm mən.
“GETMƏ...” DEYƏSƏN
Gör nələr bəslədim, bitirdim, gəldim,
Ömrü sənsizlikdə itirdim, gəldim.
Sonuncu ümidi gətirdim, gəldim,
Gəldim ki, bəlkə sən “Getmə...” deyəsən.
Ömrün baharında qəm çiçəklədi,
Özüm öz əlimlə dərdim də gəldim.
Həsrət köynəyini qolumun üstə,
Ömrümü yoluna sərdim də gəldim,
Gəldim ki, bəlkə sən “Getmə...” deyəsən.
Mən səndən xəbərsiz gedərdim, ya da
Uzaqdan-uzağa əl eyləyərdim.
Sən olan yerlərə gətirib, gəlib,
Tutub əllərimdən sənsizlik dərdim,
Gəldim ki, bəlkə sən “Getmə...” deyəsən.
Zamana sığmayan zaman dilədim,
Göy ana qovuşa, yer ana bəlkə.
Taledən bir anlıq aman dilədim,
Sığışa bir ömür bir ana bəlkə,
Gəldim ki, bəlkə sən “Getmə...” deyəsən.
Çəkmişəm adını hər nəfəsdə mən,
Hər bir nəğmədə mən, hər bir səsdə mən…
Gəldim minnətinə son nəfəsdə mən,
Gəldim ki, bəlkə sən “Getmə...” deyəsən.
Deyəsən: “Gözlərim uzağı görmür,
Bir də gözlərimdən itmə!” – deyəsən,
Gəldim ki, dilindən qıfıl qırılsın,
Gəldim ki, bəlkə sən “Getmə...” deyəsən.
İLANLARA DUA ETDİM BU GECƏ
Bir dua nəğməsi səpdim göylərə,
Dua yağışında bitdim bu gecə.
“Yerisin balası dalınca”, – deyib,
İlanlara dua etdim bu gecə.
Gözümdən bu gecə neçə “mən” keçib,
Özümdən ayrılıb, özümdən keçib.
Bu gecə iynənin gözündən keçib,
İlanlara dua etdim bu gecə.
Baxmadım ağına-qarasına mən,
Baxmadım, bilmədim başı necədir.
Gülüşü necədir, baxışı necə,
İlanlara dua etdim bu gecə.
Göylərin rənginə bükdüm səsimi,
Üzünə üz çəkdim yaralarımın.
Üstünə duz töküb yaralarımın,
İlanlara dua etdim bu gecə.
Asdım gözlərimdən günahsızlığı,
Səssiz ağrılara gözüm su çəkdi.
Hər gün ağrı çəkdim mən yer üzündə,
Göydə dualarım çiçək-çiçəkdir.
Mən öz ürəyimdə çıraq yandırdım,
Göyləri göy rəngdə naxışladım mən.
İlanlara dua edib bu gecə,
Bütün günahları bağışladım mən.
Gördüm ki, bu gecə süstdür yenə də,
Dindirdim, dinmədi, susdu yenə də.
“Bal içirdim, zəhər qusdu yenə də”,
İlanlara dua etdim bu gecə.
OYUNCAQ DEYİLMİŞ O GÖZ YAŞLARI
Mən sizə oyuncaq ala bilmirdim,
Gözümlə-qaşımla oynayardınız.
Gözümün yaşını oyuncaq bilib,
Mənim göz yaşımla oynayardınız.
Yatmazdım gecələr sabaha qədər,
Bilməzdim canımı qoyum mən hara.
Sizin gözünüzlə gedib baxardım,
Ala bilmədiyim oyuncaqlara.
Oyuncaq görəndə köks ötürərdim,
Sıxıb qucağıma dizlərimi mən.
Yanıma düşərdi qollarım mənim,
Yollara sıxardım gözlərimi mən.
Əllərim cibimdə buz bağlayardı,
Sizin üstünüzə boş qayıdardım.
Hər gün gözlərimdə yaş qayıdardı,
Mənim göz yaşımla oynayardınız.
“Uçun göy üzünə göyərçin kimi,
Oynayın Günəşlə, Ayla!” – deyərdim.
Ağlaya-ağlaya layla deyərdim,
Mənim göz yaşımla oynayardınız.
Verməzdim ağrıma, acıma sizi,
Verməzdim anama, bacıma sizi.
Köynək tapmayanda əyninizə mən,
Büküb bələyərdim saçıma sizi,
Mənim göz yaşımla oynayardınız.
Bax, belə yaşadıqbir ömürboyu,
Göyərçin ümidimyuvadaqaldı.
Sizinbir əlinizmənim əlimdə,
Obiri əlinizhavadaqaldı.
İndidə birqorxum, birnisgilimvar,
Çatılataleyinyenə qaşları.
Qorxuram, biləsizgününbirində,
Oyuncaqdeyilmiş ogözyaşları.
“Ədəbiyyat və incəsənət”
(14.10.2026)


