“Biri ikisində”nin tribunasında tələbə Röya Rəcəbova Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbə Tribuna rubrikasınındır, sizlərə tələbə Röya Rəcəbovanın məqaləsi təqdim edilir.

 

Röya Rəcəbova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alır. Bu yazı onun ilk qələm təcrübəsdir. İlk qələm təcrübəsi olmasına rəğmən, bu yazıda tənqidi təfəkkürün ilkin işartıları görünür. Yazı manerasında ədəbi təsirlə bərabər, ciddi özünəməxsusluq da diqqət çəkdi. Yazı müəllifi hekayə haqqında ədəbiyyatşünaslıq qənaətlərinin təsiri altından çox tez çıxır. Buradakı essevari düşüncələr oxucunu öz cazibə dairəsində saxlamaq gücündədir.

 

 

 

Röya RƏCƏBOVA

 

HÜQUQİ ŞAHİDLİKDƏN KOSMİK ŞAHİDLİYƏ:

   “Ayın şahidliyi” hekayəsində susma və mənəvi məsuliyyət problemi

 

Giriş

 

Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı Azərbaycan realist nəsrinin inkşaf tarixində xüsusi yer tutur. Sənətkar əsərlərində məişət hadisələrinin bədii təsviri ilə kifayətlənməmiş, həm də cəmiyyətdə baş verən fundamental problemləri incəliklərinə qədər əks etdirmişdir. Bu baxımdan Azərbaycan ədəbiyyatının maarifçi realizm mərhələsində yaranmış, Haqverdiyevin, şərti olaraq, yaradıcılığının birinci mərhələsində – XX əsrin əvvəllərində qələmə aldığı hekayələrindən olan “Ayın şahidliyi” ideya miqyasına, simvolik tutumuna görə, digər hekayələrdən fərqlənir. Hekayə Haqverdiyevin dünyagörüşünü, fəlsəfi düşüncə tərzini və tənqidi mövqeyini aydın şəkildə əks etdirən bədii nümunələrdən biridir. Mətn zahirən bir gecədə baş verən adi quldurluq əhvalatından, bir röyadan bəhs edirmiş kimi görünsə də, mahiyyət etibarilə tarixi yaddaş, ədalət, şahidlik kimi mənəvi problemləri bədii təsvirin mərkəzinə çəkmişdir. Bu hekayəni sadəcə fabula müstəvisində oxumaq onun məna və mahiyyətini kasadlaşdırmaqdan başqa bir şey deyildir. Məqalənin məqsədi “Ayın şahidliyi” hekayəsindəki simvolik obrazları, ictimai-tarixi konteksti və müəllifin milli-mənəvi tənqidini elmi aspektdən təhlil etməkdir.

 

Təbiət təsviri: insan faciəsinə aparan estetik fon

 

Hekayənin başlanğıcında verilən təbiət təsviri sırf dekorativ funksiyaya malik deyil. Bu təsvir hekayənin ideya-estetik yükünü daşıyan əsas struktur komponentlərindən biridir. “Peyzaj təfərrüatı Ə.Haqverdiyev yaradıcılığında az işləndiyi kimi, həm də şərti xarakter daşıyır. Yəni peyzaj onun əsərlərində müəyyən epizodun, situasiyanın real mənzərəsini canlandırmaqdan daha çox, konkret situasiyanın, yaxud ümumi məzmunun motivinə uyğunlaşdırılaraq romantik-psixoloji təsir qüvvəsini daha da artırmaq məqsədi ilə işlədilir”(G.Qocayeva).

          Fikrimizi hekayədən götürülən parça ilə əsaslandıraq: “Həqiqət nəsimin əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri – hamısı bir-birinə qarışıb, ruha sükunət verən qərib bir ahəngi-təbii əmələ gətirmişdilər. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dəryatək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlərtək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi”.  Müəllif ilk olaraq təbiətdə baş verən bu proseslərin təbii harmoniyasını ön plana çıxarır. Burada təbiət müxtəlif səslərdən ibarət olan bir xaotik məkan kimi deyil, bu səslərin ahəngindən ibarət olan canlı bir sistem kimi təqdim olunur. Müəllif bu ahəngi “qərib” adlandırır, çünki o, insan iradəsinin xaricində yaranıb. Nəticədə, bu ahəng insanda aldadıcı bir rahatlıq yaradır, əslində isə, hekayənin gedişatında baş verəcək faciənin emosional təsir gücünü artırmaq funksiyasını daşıyır. Məhz bu yerdəcə insan taleyi ilə təbiətin nizamı kontrast təşkil edir. Çünki yaradılış etibarilə nizamlı olan təbiət az sonra insanın törətdiyi mənfur əməllə çalxalanacaq. Təbiətin bu dərəcədə sakitliyi insanın faciəsini qaçılmaz edir. Sünbüllərin “məzlum-məzlum başlarını aşağı salması” zahirən botanik müşahidə təsiri bağışlasa da, əsərin alt qatında mənəvi-əxlaqi simvolikaya çevrilir. Dolu sünbül  zəhmətkeşliyin, əməyin təcəssümüdür. Onun başını aşağı salması isə təvazökarlığın nəticəsidir. Boş sünbülün başını dik tutması yersiz qürurun verdiyi özünəinamdan qaynaqlanır. Sanki təbiət hadisəsi ictimai münasibətlərin alleqoriyasına çevrilir. Bu simvolikləşmələr “biçin” motivi ilə tamamlanır. Müəllif  “dolu başların” cəmiyyətdə daha tez qurban verildiyini vurğulayır. Boşlar dolu sünbüllərə yersiz qürurla baxırlar, çünki özlərini ondan üstün sayırlar. Bu hadisəni sosial müstəviyə gətirsək, daxilən boş, puç olan insanların cəmiyyətdə mühüm vəzifə sahibi olmalarını müəllif diqqət mərkəzinə gətirir. Lakin o, bu illüziyanı çox keçmədən dağıdır: “Amma onlar səhv edirlər”. Bu cümlə sanki hökm xarakteri daşıyır. Yəni müəllif bu zahiri aldadıcılığın ömrünün heç də uzun olmadığını bəyan edir.

Ən diqqətçəkən məqam isə ədibin biçinçiləri “cəllad” adlandırmasıdır. Təbiət üçün zəruri olan biçin hadisəsini müəllif insan müstəvisinə gətirəndə bu hadisəni zorakılıq kimi qələmə verir. “Qətlinə fərman verilmiş müqəssirlər” ifadəsi heç bir günahı olmadığı halda, təqsirləndirilən insanlar ilə eyniləşdirilir. Bu hadisəni sosial müstəvidə dəyərləndirəndə “zəhmətkeş insanlar cəmiyyət tərəfindən daha tez “biçilir”” nəticəsinə gəlirik. Elə bu yerdəcə “Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi” cümləsi hər şeyi aydın anlamağa kifayət edir. Müəllif işarə edir ki, ədalətsiz sistem ilk növbədə dəyərli olanı məhv edir. Boş başların da sonradan kəsildiyini deyən müəllifdə bu hadisə təsəlli yox, ümidsizlik yaradır. Yəni hər iki tərəf məhvə məhkumdur. Sadəcə, bu prosesdə “dolu başlar'” daha tez qurban gedir.

 

Susma motivi: mənəvi məsuliyyətin itirilməsi

 

“Ayın şahidliyi” hekayəsində müəllif susma hadisəsini fiziki sükut səviyyəsindən çıxarır, ona mənəvi məsuliyyət qazandırır. Hekayənin ideya quruluşuna nəzər yetirəndə, danışmaq və susmaq qarşıdurması batinən xeyirlə şərin, məsuliyyətlə laqeydliyin qarşıdurmasıdır.

Hekayədə susmanın bir neçə tipi ilə qarşılaşırıq. Bu susmaların hamısı müxtəlif mənəvi vəziyyətləri ifadə edir. Quldurun susması amoral xarakter daşıyır. O, cinayəti mümkün ola biləcək ən böyük soyuqqanlılıqla icra edir. Körpələri yetim qalan kişinin acı ah-naləsi quldura zərrə qədər də təsir etmir. Bu, heyvani sükutdur: içində heç bir insaniyyət olmayan, heç bir mənəvi ölçüsü olmayan sükut. Cəmiyyətin susması isə daha ağrılı və təhlükəli sükutdur.  Binəva Səlmanın ölümünün cinayət olması, ən azından, ordan bəllidir ki, quldur ona atəş açmışdır;  yəni hamıya bu hadisənin cinayət olması bəllidir. Bu susqunluq itaətdən doğur. Müəllif bu növ susmanı quldurun etdiyi fərdi qorxaqlıq kimi yox, haqlı olaraq, kollektiv vicdansızlıq kimi təqdim edir. Burada susmaq günaha şərik olmağa qədər aparıb. Ana Kitabda oxuyuruq: “Buna görə də,  Biz İsrail oğullarına belə yazmışdıq: Kim bir nəfəri - bir cana qarşılıq və ya yer üzündə fitnə-fəsad törətməyə görə öldürərsə, sanki bütün insanları öldürmüş kimi olar. Kim də bir nəfəri yaşadarsa (onu ölümdən qurtararsa), sanki bütün insanları yaşatmış kimi olar” (Maidə, 32).

Ədalət sisteminin susması isə ən ağır tənqidə məhkumdur. Divanda yalan andların qəbul edilməsi, günahsız Süleymanın şərlənərək həbs olunması zorakılıqla və güc münasibətləri ilə şərtlənir. Burada Allahın “Qurani-Kərim”də buyurduqlarının büsbütün pozulmasına şahidlik edirik: “Haqqa batil donu geyindirməyin və bilə-bilə haqqı gizlətməyin” (Bəqərə, 42). Müəllif bu minvalla demək istəyir ki, ədalət sistemi danışmadıqca, cəmiyyətdəki bütün əxlaq normaları pozulur, əxlaq strukturu çökür.

Ayın susması isə bütün bu susmaların üzərində dayanır. Ay tarixə şahidlik edib, hər şeyi görüb, lakin bütün bunların müqabilində yenə də susur. Ay anlayır ki, onun danışması nəyisə dəyişməyəcək, yəni Ayın susması onun qorxaqlığından deyil, ümidsizliyindən irəli gəlir. Məhz bu səbəbdən Ayın susması ən faciəli olanıdır. Beləliklə, susma motivi təkcə hadisələrin fonunda özünü göstərən davranış deyil, mətnin fəlsəfi dayağı kimi də ortaya çıxır. Müəllif maarifçi realizmin açıq tendensiyalılığından istifadə etsə də, oxucunun qabağına qəti hökm qoymur.

Müəllif insan şahidliyinə olan inamını itirdikdən sonra üzünü təbiətə – Ay, Dağ, Daş, Su, Külək kimi ünsürlərə tutur. Səlmanın üzünü Aya tutaraq onu şahid çağırması, insanın həqiqəti ifadə etmək qabiliyyətinə olan etimadın tam çökdüyü məqam kimi dəyərləndirilə bilər. Burada şahidlik hüquqi və ictimai çərçivədən çıxaraq daha geniş - metafizik bir müstəviyə keçir.

Ayın şahid kimi seçilməsi isə təsadüfi deyil. İslam ənənəsində də Ayın “şahidlik” funksiyasına işarə edən motivlər mövcuddur. Qısa şəkildə xatırlasaq, rəvayətlərə görə, Hz. Peyğəmbərin möcüzələrindən biri olaraq Ayın iki yerə bölünməsi hadisəsi – “Şəqqul-qəmər” baş verir və bu zaman insanlara “şahid olun” çağırışı edilir. Lakin bu açıq hadisəyə baxmayaraq, bir çoxları yenə də həqiqəti qəbul etmir. Məhz bu kontekstdə Ay obrazı xüsusi semantik yük qazanır. Ay burada, sadəcə, fiziki səma cismi deyil; o, insanın subyektivliyindən və yalan potensialından kənarda duran “dəyişməz müşahidəçi” kimi çıxış edir. İnsan şahidliyi manipulyasiya oluna, alınıb-satıla bildiyi halda, Ay kosmik bir şahid kimi nə susdurula, nə də təhrif edilə bilər. Bu mənada,  Ay ilahi həqiqətin daşıyıcısı, insanın qurduğu saxta hüquqi sistemlərdən kənarda mövcud olan alternativ şahidlik modelidir.

Müəllif şahidlik anlayışını hüquqi müstəvidən çıxararaq kosmik və metafizik səviyyəyə yüksəldir. Bu isə, sadəcə, bir inam böhranı deyil, eyni zamanda, həqiqətin ünvanının dəyişməsi deməkdir: insanlardan kainata doğru. İnsan danışmadıqda, yaxud yalan danışdıqda şahidliyi təbiətin üzərinə köçürməyə ehtiyac yaranır. Lakin paradoks da elə burdan başlayır. Bəli, Ay hər şeyi görür, şahidlik edir. Fəqət onun müdaxilə etmək qabiliyyəti yoxdur. Şahidlik yalnız hansısa həqiqəti bilməklə bitmir; bəli, burada başlayır, amma bitmir. Şahidlik – məsuliyyət daşımaqdır, bildiyini söyləməyin məsuliyyətini daşımaq. Bu baxımdan,  Ayın şahidliyi – kosmik şahidlik real ədalət doğurmur.

 

Qisasın estetikası: ədalət, yoxsa faciənin davamı?

 

Əbdürrəhim bəy Haqverdiyevin hekayəsində aparıcı ideya xətti ilahi ədalətin ontoloji zəruriliyinin qaçılmazlığı prinsipinə əsaslanır. Müəllimimiz prof. Təyyar Salamoğlu mühazirə zamanı deyirdi: “Dünyanın bütün filoloqları bir araya yığışsa, “heç kim Allahın lütfündən və ya cəzasından kənarda qalmaz” tendensiyasının “Ayın şahidliyi”ndən qırmızı bir xətt kimi keçdiyini inkar edə bilməz”.  Həqiqətən də, əsərin poetik strukturu göstərir ki, müəllif fərdi faciəni təsadüfi hadisə kimi deyil, ilahi nizamın daxilində baş verən mənəvi hadisə kimi təqdim edir. Süleymanın qisas alması hekayənin dramatik kulminasiyası kimi görünə bilər. Maarifçi realizm tendensiyasına uyğun olaraq, oxucuda “ədalətin bərpası” hissini oyatsa da, müəllif bu gözləntini, qismən də olsa, pozur. Bəs necə? Qisas səhnəsi çox ani, gözlənilmədən, sanki təsadüfən baş verir. Qisas emosional yüksəliş, yaxud pafosla təqdim olunmur. Hadisə sakit, qısa və sanki mexaniki olaraq baş verir.  Səlmanın qətli və qatilin sonrakı aqibəti süjetin  inkişafı kimi təqdim olunsa da, struktur baxımından bu, əxlaqi qanunauyğunluğun təcəssümüdür. Qatil zamanın keçməsi ilə törətdiyi bədxah əməlin unudulduğunu zənn edir, ən azından,  buna inanır. Lakin hadisənin baş verdiyi məkanın yenidən süjetə qayıtması göstərir ki, zaman ilahi yaddaşı silmək qüdrətindən məhrumdur. Tədqiqatçı haqlı olaraq vurğulayır ki, hekayədə Ay qədər Dərə də şahiddir: “Səlman Ayla bərabər daşı da, torpağı da şahid tutmuşdu və bu dərə olanlara, ən azı, Ay qədər şahidlik edir. Elə bu üzdən də, bundan sonra baş verənlər eynilə təkrarlanır, quldur “tüfəngini düzəldib” Səlmanı vurduğu qayda ilə qardaşı Süleyman da “tüfəngini düzəldib” qulduru vurur” (M.Vahid).

Bir maraqlı cəhət də ondan ibarətdir ki, quldur Səlmanın doğmaca qardaşı tərəfindən öldürülür. Başqa bir tədqiqatda oxuyuruq: “Göründüyü kimi, mifoloji sistemin qanunauyğunluqları hadisələrin əvvəlindən sonuna qədər tam surətdə saxlanılır. Yəni mifoloji baxımdan burda total mifin bütün parametrləri, zaman – məkan – insan sxemi özünü doğruldur” (G.Qocayeva). Tədqiqatçı fikrini davam etdirərək aşağıdakı qənaətə gəlir: “Halbuki, əvvəldə qeyd etdiyimiz kimi, bu, sadəcə olaraq, təfəkkürdə yaşayan mifik inamların izləri ola bilər və çox güman ki, yazıçı tərəfindən əsərə düşünülmüş şəkildə gətirilməmişdir”. Bu tezis ədəbiyyatşünaslıqda birmənalı qarşılanmayıb. M.Vahid yazır ki, müəllifin sonuncu qənaəti ilə razılaşmaq olmur. Epiqrafından başlayaraq bütün obrazların, hadisələrin və zamanın uyğunluq yaratdığı hekayədə məkanın təsadüfi bir element kimi daxil olduğu inandırıcı görünmür. Doğrudan da, sanki G.Qocayeva ikinci mülahizəsi ilə birinci söylədiyi fikri danır. M.Vahidin fikirlərinə dəstək verərək deyək ki, hekayədə baş verən,  az qala, ən xırda hadisədən ən mühüm hadisəyə qədər hər şey bütöv bir vəhdət təşkil edir, ona görə də, yazıçının hekayədəki hansısa hadisəni təsadüfi şəkildə süjetə daxil etməsi fikri ilə razılaşa bilmərik. Yazıçı məkanın və situasiyanın təkrarlanmasının təsadüfdən, yaxud ədalətin dövri xarakterindən deyil, qaçılmazlığından irəli gəldiyini vurğulayır. Beləliklə, bədii məntiq sübut edir ki, insan öz əməlinin fövqündə mövcud ola bilməz.

Hekayə məhz qətlin qisası hadisəsi ilə yekunlaşmır. Ay obrazının funksiyası burada xüsusi əhəmiyyət kəsb edir. Ay zamandan üstün mövqedə dayanır; o, fərdi talelərin fövqündə, həm də tarix və sivilizasiya proseslərinin şahidi kimi təqdim olunur. Yuxu səhnəsində Ayın dilə gəlməsi və bəşər tarixinin müxtəlif mərhələlərinə işarə etməsi isə artıq fərdi hadisənin ümumbəşəri kontekstə daxil edildiyini göstərir. Səlmanın ölüm anında Ayı və təbiət ünsürlərini şahid çağırması hüquqi yox, ilahi müraciət kimi dəyərləndirilməlidir. Onun bu müraciəti, insanın başına nə gəlirsə gəlsin, ilahi ədalətə olan inamının ifadəsidir. Fiziki müstəvidə məğlubiyyət baş versə də, mənəvi müstəvidə haqq öz hökmünü qoruyur. Süjetin sonrakı inkişafı – qatilin ölümü  bu inamın bədii təsdiqidir.

 

Ayın tarixi monoloqu: xronologiya yox, mənəvi eniş qrafiki

 

Hekayənin röya epizodunda Ayın dilindən səslənən tarixi monoloq sadə xronoloji sadalama deyil. Bu ardıcıllıq nə hadisələrin dəqiq tarixi xronologiyasını, nə də dini bilik nümayişini hədəfləyir. Ay tarixdən danışmır, insanlığın vicdan tarixini oxuyur. Monoloqun başlanğıc nöqtəsi Hz. Adəm və Həvva ilə işarələnir. Bu, yalnız insanlığın fiziki yaranışı deyil, mənəvi başlanğıc mərhələsidir. Burada günah var, amma ümid də var; sürgün var, amma bağışlanma ehtimalı da mövcuddur. Ay bu mərhələni xatırlamaqla demək istəyir ki, insanın tarixi səhvlə başlayıb, lakin düzəlmə imkanı ilə davam edib.

Hz. Yusif obrazı isə sınaq və səbir mərhələsini təmsil edir. Quyu  tənəzzülün, zülmün simvoludur, lakin Yusif hekayəsində bu tənəzzül mənəvi yüksəlişə çevrilir. Burada ədalətsizlik müvəqqətidir, səbir və iman qalib gəlir. Ayın bu mərhələni xatırlatması təsadüfi deyil: müəllif göstərir ki, bir vaxtların nahaq əziyyəti mənəvi kamilliyə apara bilər.

Hz. Musa mərhələsi isə ilahi vəhy və qanun mərhələsidir. Bu, ayrı-ayrı fərdlərin yox, cəmiyyətin əxlaqi tənzimlənməsi mərhələsidir. İlahi söz qaydaya çevrilir, ədalət normativ əsas qazanır. Ayın bu mərhələni vurğulaması maarifçi realizmin qanun və məsuliyyət ideyasına verdiyi önəmi əks etdirir.

Kərbəla isə monoloqun dramatik zirvəsidir. Burada mənəvi fədakarlıq ən yüksək həddə çatır. İmam Hüseynin şəhadəti məğlubiyyət yox, əxlaqi qələbə kimi təqdim olunur. Bu mərhələdə insan zülmə boyun əymir, ölümü seçərək haqqı yaşadır. Ay bu səhnənin şahidi olduğunu deməklə, mənəvi yüksəlişin zirvəsini – insanın çata biləcəyi  mümkün olan ən son zirvəni göstərir.

Lakin bu zirvədən sonra hekayədə yeni bir yüksəliş mərhələsi yoxdur. Ay “indi”yə gəlir və burada yalnız tənəzzül var. Bu, artıq konkret bir dövrün yox, davamlı mənəvi süqutun təsviridir. Müəllif burada açıq şəkildə bildirir ki, problem tarixin hansı mərhələsində olmağımızda deyil; problem insanın tarixlə münasibətində, ondan nəticə çıxara bilməməsindədir. Ay dəyişmir, dövr edir. Tarix təkrarlanır.

Ayın islam simvolu kimi təqdim olunması bu ideyanı daha da kəskinləşdirir. Ay əsrlər boyu islam mədəniyyətində müqəddəslik, istiqamət və zaman ölçüsü rəmzi olmuşdur. Lakin burada Ay fəxr etmir, gileylənir. Onun üzərindəki “qara ləkə” belə, kosmik hadisə yox, mənəvi tüstü kimi yozulur. Bu, müsəlman cəmiyyətinin geriliyinin və daxili boşalmasının simvoludur.

Burda müəllif nə romantik idealizmə sığınır, nə də keçmişi ideallaşdırır. Tarix müqəddəs deyil; müqəddəs olan ondan çıxarılan nəticədir. Ayın monoloqu da məhz bunu göstərir: böyük tarixə sahib olmaq heç də böyük olmaq demək deyil, o tarixi yaşamaq və məsuliyyətini daşımaq lazımdır.

Ayın tarixi monoloqu hekayədə, sadəcə, fəlsəfi pauza yox, ideya hökmüdür. Bu hökm oxucuya ünvanlanıb və açıq sualla bitir: əgər bu qədər şahidlikdən sonra da dəyişmiriksə, problem hardadır – tarixdə, yoxsa bizdə?

 

Qara ləkə metaforası: kosmik miqyasda mənəvi böhran

 

Ay üzərindəki qara ləkənin “ah tüstüsü” kimi yozulması hekayədə qurulan simvolik sistemin kulminasiya nöqtəsidir. Bu metafora artıq təkcə estetik obraz deyil; o, fərdi faciəni aşaraq ümummilli və hətta ümumbəşəri mənəvi böhranın nişanəsinə çevrilir. Müəllif bu nöqtədə oxucuya hər hansı təsəlli mexanizmi təqdim etmir; əksinə, onu mənəvi məsuliyyətlə baş-başa buraxır.

Ənənəvi elmi baxışda Ay üzərindəki qara ləkələr fiziki hadisə kimi izah olunur. Lakin hekayədə bu elmi izah məqsədli şəkildə kənara qoyulur və yerini etik yozum tutur. Ayın “ah tüstüsü” ilə qaralması kosmik hadisə yox, insani faciələrin yığılıb qalınlaşmış izidir. Beləliklə, kainatın özü insan əməllərinin daşıyıcısına çevrilir.

Bu tüstü tək bir hadisənin yox, ardıcıl və sistemli pozuntuların cəmidir. Nahaq qanlar bu tüstünün ilkin qatını təşkil edir – Səlmanın öldürülməsi kimi günahsız cinayətlər tək-tək yox, ardıcıl şəkildə toplanır. Yetimlərin ahı bu tüstünü daha da ağırlaşdırır. Yalançı şahidlərin yaratdığı tüstü həqiqətin boğulmasını simvolizə edir; ədalət səsi bu tüstü içində itib-batır. Susan vicdanlar isə bu qaranlığı tamamlayan əsas komponentdir – çünki susmaqla insanlar zülmü adi hala çevirirlər. Bu nöqtədə mətn artıq klassik bədii təsvir çərçivəsindən çıxır. Oxucu estetik müşahidəçi mövqeyində qala bilmir. Müəllif onu istər-istəməz etik subyektə çevirir. Bu artıq ədəbiyyatın ədəbiyyat olmaqdan çıxıb məsuliyyətə çevrildiyi məqamdır. Mətn, sadəcə, oxunmur, həm də hesab soruşur.

Qara ləkənin kosmik miqyasda təqdim olunması təsadüfi deyil. Müəllif göstərir ki, mənəvi böhran lokal deyil. Bu, bir kəndin, bir ailənin, bir fərdin problemi olmaqdan çıxıb ümuminsanlıq məsələsinə – bəşəri mövzuya çevrilib. Ay hər gecə dünyanın üzərinə işıq salır, amma özü qaralır. Bu paradoks insanlığın vəziyyətini ifadə edir: dünya görünür, amma vicdan getdikcə görünməz olur.

Nəticədə, qara ləkə metaforası hekayənin ideya yükünü tamamlayır və yekunlaşdırır. Əgər əvvəlki hissələrdə ədalətsizlik hadisə səviyyəsində göstərilirdisə, burada o, kosmik diaqnoz formasını alır. Ay susur, amma onun üzündəki qara ləkə danışır. Və bu danışıq oxucu üçün ən ağır sualı yaradır: bu tüstünü kim təmizləməlidir?

 

Nəticə

 

“Ayın şahidliyi” maarifçi realizmin imkanlarının son həddində yazılmış bir mətndir. Ənənəvi maarifçi nəsrdə müəllif, adətən, çıxış yolu göstərir, islah çağırışı edir, gələcəyə ümid işarəsi buraxır. Bu hekayədə isə həmin mexanizm qəsdən işlədilmir. Müəllif nə proqram təqdim edir, nə də oxucunu təsəlli ilə yola salır. O, sadəcə, güzgü tutur  cəmiyyətə, insana və vicdana.

Ay susur. Amma bu susma taleyin hökmü deyil, son xəbərdarlıqdır. Ayın danışmaqdan imtina etməsi o demək deyil ki, həqiqət yoxdur; əksinə, həqiqət artıq o qədər aydındır ki, sözə ehtiyac qalmayıb. Burada susan Ay yox, əslində, danışmalı olduğu halda susan insandır. Müəllif oxucunu bu faktla üz-üzə qoyur və onu rahat müşahidəçi mövqeyindən çıxarır. Hekayənin bütün ideya xətti – dolu sünbüllərin kəsilməsi, nahaq qan, yalançı şahidlik, iflas etmiş ədalət sistemi, səssiz qisas və kosmik şahidlik – bir nöqtədə birləşir: məsuliyyətsiz susma. Ay hər şeyi görür, amma dəyişə bilmir. İnsan isə danışa bildiyi halda susur. Bu fərq hekayənin əsas fəlsəfi gərginliyini yaradır.

          “Ayın şahidliyi” oxucuya estetik zövqdən daha artıq bir şey verir –mənəvi narahatlıq. Bu narahatlıq keçici deyil, oxunuşdan sonra da insanı tərk etmir. Məhz buna görə, bu hekayə yaşayır, aktual qalır və hər yeni oxunuşda fərqli səviyyədə ağırlaşır. Çünki bu mətn oxucuya demir ki, nə etməlisən, o soruşur ki, niyə susursan?

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.