XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
16—CI DƏRC
Sən öz gəncliyindən maraqla, xiffətlə danışanda mən o illərdə Sənin yanında olmadığım üçün heyifsilənmişəm, həm də qısqanmışam. Sən motosikletdə Bakını, Abşeronu ələk-vələk edəndə arxadan Səni bərk-bərk qucaqlayıb oturan, “daha sürətlə sür” deyən niyə mən olmamışam? O illərlə bağlı nəsə demək istədikdə: “Sən o vaxtlar uşaq idin”, – deyirdin. Amma təəssüf hissini də gizlətmirdin: “Niyə axı gənc yaşlarında qarşıma çıxmadın?”
Bilirsən, mən də bu haqda düşünmüşəm. Vaxtındamı gəldim mən Sənin həyatına, yoxsa gec? Bilmirəm. Gəncliyimdə mən ərköyün, tərs olmuşam. Öz bildiyimi heç kəsə güzəştə getməyi sevməmişəm, ancaq həm də (öz aləmimdə) ədalətli olmağa çalışmışam. Yaşlılara, bəxti gətirməyən “yazıq”lara, zəiflərə qarşı rəhmdil olmuşam həmişə. Məktəbdə də sinif uşaqları kimisə saymadıqda, onun başını tumarlamağa, xoş danışmağa çalışmışam. Kiminsə haqqında xoşagəlməz sözlər eşidəndə, o adamda müsbət nəsə bir şey tapmağa çalışmışam. Yerli-yersiz kimlərisə müdafiə etməyim evdəkiləri hirsləndirərdi çox vaxt. Anam deyərdi: “Sən gərək vəkil olasan...”. 5 yaşım olanda Molokan bağı ilə üzbəüz yerləşən uşaq bağçasına getmişəm (çox az getdim). Bağçadan məni ya anam, ya da bacım gətirərdi. Mən də adətən onların əlindən qaçır, yolüstü erməni kilsəsinə baş çəkir, məni məftun edən gözqamaşdırıcı şamların işığına baxmaqdan doymurdum...
Yer üzünün məscidlərində,
kilsələrində
neçə milyard şam yanır hər gün?
Amma yenə hər yan qaranlıq...
O zaman Parapet bağı (indiki Fəvvarələr meydanı) tərəfdə əyni-başı çirkli, əlil balaca bir kişi yerdə oturub, dilənərdi. Bağçadan anamla qayıdanda adamı həmin yerdə görən kimi anamdan pul götürüb, ona verir, həm də yalvarırdım ki, onu evimizə aparıb, çimizdirib, yedizdirib, yanımızda saxlayaq. Bir dəfə istəyim o dərəcəyə çatdı ki, atam məni sakitləşdirmək üçün bu məsələni yoluna qoyacağına söz verdi. Sonralar o adamı daha orada görmədim. Atam ürəyi yumşaq adam idi. Yəqin doğrudan da, bu məsələni yoluna qoymuşdu...
Xavər xanım bir dəfə məndən soruşdu:
- Qızım, yaşlıların hörmətini saxlamaq haradandır səndə?
Düzü, onun bu sualı məni təəccübləndirdi:
- Xavər xanım, gözümü açandan yanımda nənəmi görmüşəm...
Bu gün dünəndən başlayır. Sənin bugünkü həyatında sürətlə nələrsə dəyişir, dünən yaşadıqların da özünü vaxtaşırı yada salır və sən anlayırsan ki, indiyə kimi baş verənlər bu gün əldə etdiklərinin müqəddiməsi imiş... Vaqif, bilmirəm, görüşümüz gecikmiş olub ya zamanında, ancaq Sənin sayəndə həm də “eqo”mla sağollaşdım...
Təsəvvür edirəm əgər hər bir insan, bütün bəşəriyyət öz “eqo”sundan əl çəksəydi bütün aləm, yer üzü necə gözəlləşərdi...
Biz yox,
Allah inanmır bizə
əlimiz qana batanda,
insan insana daş atanda.
Ancaq göy üzü
uşaq təbəssümü kimi görünəndə gözə,
insan “Dünya gözəldir” deyəndə
üzünü tutub dənizə,
biz yox,
Allah inanır bizə...
- Sənin nə həyat tərzin, nə yaradıcılığın sovet standartlarına uyğun gəlirdi. Belə xüsusiyyətlərlə heç kəsi xaricə yollamırdılar. Bəs onda nə əcəb Sənə icazə verdilər?
- Elədi. Bohem həyatı yaşayırdım. Siyasi rəhbərlərdən lətifələr danışır, mövcud sistem haqqında tənqidi fikirlər söyləyirdim. Məmurlar yaradıcılığımı “antisovet” kimi tənqid edirdilər. Belə xarakteristikası olanları xaricə buraxmırdılar. Yalnız İqor Plavskinin dəstəyi və Zaur Rüstəmzadənin səyləri nəticəsində mən ilk dəfə 1971-ci ildə SSRİ-dən çıxa bildim. “Tatariya” teploxodunda Skandinaviya ölkələri üzrə kruizə çıxdım. İlk dəfə başqa dünya gördüm. Ağ-qara dünyadan rəngli dünyaya düşdüm... Norveç, İsveç, Danimarka, Finlandiya...
Bu ölkələrin hərbiri öz tarixi, mədəniyyəti, memarlıq gözəllikləri, insanlarının nəzakətli davranışı ilə diqqətini cəlb edir. “Yaddaşıma qonaq gələcək Norveçdəki bağ”, “Solveyqin nəğməsi” kimi şeirlərin o səyahətdən yadigardır...
Baxtıma ağalıq edir,
Bu ölmüş qadının səsi.
Məni tutub, yaman tutub
Bu gün Solveyqin nəğməsi...
XIX əsr böyük Norveç bəstəkarı Edvard Qriqin bu həmişəyaşar, gözəl musiqisini və mahnısını dinləyəcək, gözünün önündə Norveçin ecazkar təbiəti canlanacaq. Çox illər sonra Bakıda Norveç səfirliyinin təşkil etdiyi görüşdə xatırlayacaqsan bu ölkəylə bağlı təəssüratlarını...
Stokholmda gördüyün nizam-intizam, təmizlik, mağazalardakı bolluq yada salacaq Nazim Hikmətin dediklərini: “Əsl sosializmi İsveçdə gördüm...”.
Stokholmda gördüklərinin təsiri altda yazacaqsan:
Elə aydın gecə
görməmişdim həyatımda,
bir gün Stokholmda
seyr etdiyim gecə kimi...
Axı doğulduğum gündən bəri
ayın üzü ləkəli açılmışdı gözlərimə.
Ulduzların çoxu gizlənmişdi
buludlar arxasında...
Və mən ömrümdə ilk dəfə açıq göy üzü gördüm,
bildim ki, xəbərsiz olmuşam
gecələrdən...
Danimarka deyəndə ilk növbədə Hans Andersen, onun sehrli nağıl dünyası göz önünə gəlir...
Eşitmişəm bu yay bağda,
bir danimarkalının
nağılını oxuduğun yerdə
pəncərənə sərçə qonub...
...Gözlərin dolub birdən-birə,
ağlamısan
o danimarkalının nağılını
üzünə sıxıb.
Ağlamısan
yayın o istisində...
Bu şeiri 1966-cı ildə yazmısan. Danimarka səfərindən beş il qabaq. Kimdi o nağılı oxuyub, ağlayan bilmirəm. Doğrusu, onun kimliyi maraqlı da deyil. Çünki o dahinin ecazkar nağıllarının sehrinə həssas olan böyük də, kiçik də düşə bilər. Bu şeirdə mən doqquz yaşlı özümü gördüm. Yay tətilində Gəncədə Rəfiqə xalamın bağışladığı “Andersenin nağılları” kitabını böyük sevgiylə, həyəcanla oxuyub ağlamağımı, nənəmin: “Qadasın alaram balamın, bu istidə ağlama”, – deyib, məni sakitləşdirməyi...
-Nuşa, bilirsən, Kopenhagenin küçələrinin birində Andersenin nağılçı olmasına təkan verən bir hadisə baş verib. Pəncərənin qabağında balaca oğlan oyuncaqlarıyla – quyruqsuz at, bir neçə kubik və qırıq qalay əsgərciklə oynayırmış. Bu zaman anası ona deyir: “Bax, bizim şair, cənab Andersen gedir. Sən onun laylaları altında çox rahat yuxuya gedirsən”. Oğlan yeganə qırıq qalay əsgərciyini götürüb, küçəyə qaçaraq onu Andersenin ovcuna basır və dərhal geri qaçır. Bu, çox qiymətli hədiyyə idi. Andersen bu yüksək mükafatı qürurla boynunda gəzdirib. Mən bunu yazıçının mərd hərəkəti kimi qiymətləndirirəm.
1913-cü ildə Kopenhagendə heykəltəraş Edvard Erikson tərəfindən Hans Andersenin nağıl qəhrəmanına bürüncdən qoyulmuş “Su pərisi” heykəli ölkənin rəmzi sayılır.
- Yazıçının xatirəsinə ən böyük hörmət onun əsərinin qəhrəmanına heykəl qoyulmasıdır...
-Vaqif, yadımdadır dediklərin. İndi muzeyin otaqlarını Səməd Vurğunun “Vaqif” pyesinin qəhrəmanları – Molla Pənah Vaqifin və Məhəmməd Şah Qacarın, Yusifin “Qətl günü” əsərində sevdiyi qəhrəmanının – Kirlikirin, Sənin “Bəxt üzüyü” pyesinin qəhrəmanları – Moşu və Söylünün birmetrlik heykəlləri bəzəyir. Heykəlləri gənc heykəltəraş Kamran Əsədov hazırlayıb.
Səyahətinin sonuncu ölkəsi – Finlandiya. Helsenki şəhəri...
Parkda görkəmli fin bəstəkarı Yan Sibeliusun “Qəmli valsı” səslənir... Nağıllar aləminə səyahətim sona yetir...
- Yeni təəssüratlarla dolu bu səyahət mənim həyatımda xoş hadisəyə çevrildi... Üzümə azadlığın küləyi dəydi... Uzun müddət gördüklərimin təsirindən çıxa bilmədim...
Hardayam?
Hara gəlib düşmüşəm?
Niyə neçə zaman xəbərsizdim
təmiz havayla yoğrulmuş
bu yamyaşıl, göz oxşayan məsafədən?
Allahmı əlimdən tutub,
gətirdi məni bura?
Bu gördüyüm dünya
Bu dünyadadırmı?
Burdadırsa, şükür,
yer üzündə hələ neçə oxunmamış nəğmə,
yer üzündə neçə yazılmamış şeir,
yer üzündə neçə dəfə
deyiləcək “sevirəm” sözü varmış,
qalıbmış, Allah!..
“Ədəbiyyat və incəsənət”
(13.10.2026)


