Yazıçı Varis qubalılarla görüşdü Featured

Quba şəhərinin Heydər Əliyev Mərkəzində II Quba Kitab Sərgisi keçirildi

 

Kənan Məmmədli,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Şimal bölgəsinə ənənəvi kitab bayramı şənbə günü gəldi - Quba şəhər Heydər Əliyev Mərkəzində II Quba Kitab Sərgisinin açılış mərasimi keçirildi.

 

Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və BP şirkətinin təşkilatçılığı ilə keçirilən sərginin əsas məqsədi bölgədə mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, əhalinin kitaba marağının artırılması, uşaqların və gənclərin intellektual inkişafının dəstəklənməsi, eləcə də oxucularla yazıçılar və nəşriyyatlar arasında əlaqələrin genişləndirilməsi idi.

Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndələri, ziyalılar, yazarlar, nəşriyyat təmsilçiləri, müəllimlər, şagirdlər, tələbələr, mətbuat nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edirdilər.

İki gün davam edən sərgi çərçivəsində tanınmış yazıçı və şairlərlə görüşlər, imza saatları, konsert proqramı, uşaqlar üçün intellektual ustad dərsləri, mütaliə saatları, əyləncəli tədbirlər və səhnəciklər təşkil olundu.

Sərginin ən diqqətçəkən cəhəti o idi ki, ora valideyinlər öz azyaşlı uşaqlarını da gətirir, onların kitabla təmasını təşkil edirdilər. Axı kitabla nə qədər tez dostlaşsa, uşaq bir o qədər inkişafa meyillənmiş olar.

Tədbirin birinci günü yazıçı Varislə görüş özlüyündə böyük izdiham yaratdı. Görüşə tək Quba şəhərindən deyil, rayonun kəndlərindən, hətta qonşu Xaşmaz rayonundan oxucular gəlmişdilər. Yazıçı kitabın dəyərindən, mütaliənin faydasından söz açdı, ümumən ədəbiyyat barədə, öz yaradıcılığı barədə danışdı, oxucuların çoxsaylı suallarını cavablandırdı.

O, həm də qubalılara Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə nəşri olan çağdaş dövrün ən populyar yazıçı və şairlərinin əsərlərindən ibarət “Mütaliə üçün seçmələr” antologiyasını hədiyyə etdi.

Tədbirin sonunda imza saatı baş tutdu.

Onu da qeyd edək ki, qubalıların sərgiyə böyük maraq göstərdiklərini “Xan” nəşriyyatının baş redaktoru Səbuhi Şahmursoy kitab satışının həcmi ilə isbatladı. Nəşriyyatın çıxardığı əksər kitablar artıq şənbə günü satılıb qurtarmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.