XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
13—CÜ DƏRC
1960-cı illərdə Qara Qarayev Sənin şeirlərinlə tanış olduqda, onların dərin mənasını və müasirliyini çox yüksək qiymətləndirmişdi. Yaş fərqinə baxmayaraq, o zamanlar siz möhkəm dost olmusunuz. Lakin qohumluq münasibətləriniz çox az sürdü. Qara Qarayev sənətinə, şəxsiyyətinə hörmətini, sevgini isə Sən həmişə uca tutdun.
O illər Sənin Qara Qarayevlə isti münasibətlərin Rüstəm İbrahimbəyovun taleyinə müsbət təsir göstərib. Bu haqda mən Rüstəm İbrahimbəyovun Sənin qırxında yazdığı “Başsağlığı əvəzi...” yazısından bildim: “1967-ci ildə mənim ilk ssenarimi Bakıda qəbul etmək istəmirdilər. Vaqif olmasaydı, mənim ssenarimin taleyi çox acınacaqlı olacaqdı. Tanıdığım və tanımadığım adamlar “Bir cənub şəhərində” filminin çəkilməsi üçün əllərindən gələni etdilər. Ancaq bu işdə Vaqifin rolu həlledici oldu. O, ssenarini oxumaq üçün Qara Qarayevə verir. Ssenari Qarayevin o qədər xoşuna gəlir ki, o da öz növbəsində onu oxumaq üçün teatrşünas, MK-nın ideologiya üzrə katibi Cəfər Cəfərova təqdim edir. Və beləliklə, mənim gələcək həyatımda mühüm rol oynayan işimin taleyi həll olundu. Biz Vaqiflə bu haqda heç vaxt danışmadıq, çox guman ki, o da bu hərəkətinə heç bir əhəmiyyət verməyərək, o dəqiqə unudub...”.
İbrahimbəyovun ssenarisi əsasında “Bir cənub şəhərində” filmi 1969-cu ildə (rejissor Eldar Quliyev) çəkildi və Azərbaycan kinosunun ən parlaq nümunələrindən oldu.
Çox illər sonra, 2012-ci ildə Rüstəm İbrahimbəyovun sədr olduğu Azərbaycan Kinematoqrafçılar İttfaqı Hökumət Evindəki ofisindən çıxarıldı. Şəfiqə Məmmədovanın sədri olduğu yeni ittifaq yaradıldı. Həmin il iyun ayının 21-də Rüstəm İbrahimbəyov yenidən Ittifaqın təsis edildiyini bildirdi. Kinematoqrafıçılar İttifaqı iki hissəyə bölündü. Sən Rüstəmi dəstəkləmək üçün onun yeni təsis etdiyi İttifaqa üzv oldun. Halbuki heç vaxt Kinematoqrafiya İttifaqının üzvü olmamışdın. Mövcud vəziyyətdə Sən başqa cür də hərəkət edə bilməzdin, bu addımınla Rüstəm İbrahimbəyovu müdafiə etdin.
- Vaqif, qayıdaq bir az əvvələ, Sənin məktəb illərinə. 1946-1956-cı illər...
- 10 illik musiqi məktəbində təhsil aldığım illəri ömrümün ən şirin çağları hesab edirəm. Konservatoriyanın nəzdindəki bu məktəb mənə çox şey verdi. Məktəbdə gözəl kosmopolit mühit vardı. Yəni dar, milli çərçivəyə qapanmırdıq. Bütün bunlar illər sonra mənim yaradıcılığımda özünü göstərdi.
Burada Babək Qurbanovun xatirələri yerinə düşər: “...Oxuduğumuz musiqi məktəbi olduqca istedadlı şagirdlərdən ibarət idi. Ümumi dərslərlə yanaşı, bir çox musiqi və ixtisas fənləri tədris edilirdi. Çoxları belə bir yükü daşıya bilmədiklərindən yavaş-yavaş bu məktəbi tərk edir, digər şəhər məktəblərinə keçirdilər. Bu səbəbdən də hər il sinifimizdəki şagirdlərin sayı azalmaqda idi. Nəticədə, dərslərin öhdəsindən gələ bilən istedadlı şagirdlər qalırdı. Bu şagirdlər arasında bəstəkar Sevda İbrahimovanı (yazıçı Mirzə İbrahimovun qızı), şair Rəfiq Zəka Xandanı (o zamanlar atası Cəfər Xəndan Azərbaycan Dövlət Universitetinin rektoru idi), Gültəkin Mahmudovanı (komedioqraf Sabit Rəhmanın qızı), Fikrət Mirzəbəyovu, Ziya Bağırovu, o zamanlar sadəcə Vaqif Vəkilov kimi tanınan Vaqif Səmədoğlunu və isimlərini unutduğum başqalarını qeyd edə bilərəm. Uşaqlar çox səmimi və mehriban idi. İmtahan vaxtı birlikdə çalışmağımız da olurdu. Ancaq məktəb illərində ən çox dostluq etdiyim, saatlarla bir yerdə olduğum, sənət və musiqi mədəniyyəti ilə ilgili söhbətlərimizdən doymadığım Vaqif idi. O artıq 8-ci sinifdən başlayaraq yavaş-yavaş yaşıdlarından fərqlənirdi. O, dövrün stereotiplərindən uzaqlaşırdı. Bizim hamımızdan daha azad və müstəqil idi. Dərslərinə də bizim kimi o qədər də səy göstərmirdi. Bununla belə bilirdim ki, o, dünya klassiklərinin əsərlərini böyük həvəslə oxuyur. Bu əsərləri həmişə mənimlə paylaşardı. Vaqif hər cür yeknəsəkliyə, stereotiplərə, gərəksiz təkrarlara və təqlidçiliyə yad idi. Məktəbdəki dərslərin tədrisindəki yanlışlıqları bir çox pedaqoqlarımızdan bəlkə də daha yaxşı görürdü. Bəzi dərslərə olan laqeyd münasibəti də elə buradan meydana çıxırdı. Onun böyük musiqi istedadı vardı. İlk fortepiano müəlliməsi Vaqifin bir musiqiçi kimi gələcəkdə böyük uğurlar qazanacağına çox inanırdı. Sözün düzü, mən də böyük ümidlər bəsləyirdim. Onun 10-cu sinfi bitirdiyimiz zaman filarmoniyanın yay salonunda geniş tamaşaçı auditoriyası qarşısında F.Şopenin “Mi major etüdü”nü böyük məharətlə ifa etdiyinin şahidi olmuş və bu ümidimin gerçəkləşəcəyinə tam inanmışdım...”.
Şopen...
Bu səslər, bu akkordlar
həmişə mənimlədir
etibarlı qadın kimi...
Sənin ilk musiqi müəllimən sevimli Anna Yakovlevna Kopeleviç...
-Məktəb illəri deyəndə yadıma ilk növbədə dünya gözəli fortepiano müəlliməm Anna Yakovlevna Kopeleviç düşür, indiki konservatoriyanın birinci mərtəbəsində yerləşən məktəbdəki sinif otağımız, “Bexşteyn” royalı. Bəzən 2-3 saat davam edən musiqi dərsləri. Vurulmuşdum müəlliməmə. Onun ətrinə, səsindəki məlahətə... Böyüdükcə bu hisslər daha da güclənirdi. Onun xoşuna gəlmək üçün saatlarla məşğul olur, pianoçu kimi böyük ümidlər doğururdum... Bədii ədəbiyyat oxumağı, başa düşməyi o mənə öyrədib...
Çox illər ötsə də, Anna Yakovlevanı xüsusi sevgiylə, nastolji hisslərlə yada salırsan. Gündəliyindən: “İndi bilmirəm Anna Yakovlevna haradadır. İsraildə? Deyirdilər, İtaliyadadır. Kim bilir...”. Bir yerdə onu xatırlayandan sonra yazırsan: “Gözəl qadını bir ağaca bənzətmək olmaz, gözəl qadın meşədir...”.
1956-61-ci illərin maraqlı, canlı tələbəlik dövrü. Konservatoriyanın mədəni həyatında fəal iştirak edirsən, həm tələbəlik illərində, həm də səkkiz il orda müəllimlik etdiyin dövrdə. Şənliklərə, yeni il gecələrinə ssenarilər yazırsan. Divar qəzeti çıxarırsan, rəssamlıq bacarığından məharətlə istifadə edirsən. Konservatoriyanın tarixində ilk dəfə Sən ana dilində divar qəzeti çıxarmışdın.
1962-ci ilin iyul ayında Bakıda “Çiçəklən, Azərbaycan!” adı altında keçirilən gənclərin III festivalının laureatı adını qazanaraq birinci dərəcəli diploma layiq görüldün. Ancaq bilmirəm bu qələbə Səni nə dərəcədə sevindirdi, çünki artıq əlinə qələm almışdın, şair olmaq fikrində israrlı idin...
“Qardaşım Yusifin, dostum Anarın başlarına gələn ilahi bəlaya mən də düçar olmuş, ədəbiyyatın, poeziyanın tilsiminə düşmüşdüm... Bir dəfə biz Anarla bizim mətbəxdə ikimiz olanda mən ona öz şeirlərimi oxudum. Anar şeirlərimi elə təriflədi ki, geri çəkilə bilməzdim. O, atasına göstərmək üçün şeirləri özüylə apardı”.
Anarın xatirələrindən: “Vaqif gözəl musiqiçi, pianoçu idi. Söhbət əsnasında gördüm ki, geniş ədəbi erudisiyası var, ədəbi savadı, ədəbi zövqü var. Amma ədəbi istedadının olub-olmadığını bilə bilməzdim. Ona görə dedim ki, ədəbiyyat haqqında fikirlər söyləyirsən, yaxşı olar tənqidi məqalələr yazasan. Bir müddətdən sonra Səməd Vurğunun indiki muzeyində, mətbəxdə mənə dedi ki, sən mənə dedin tənqidi məqalə yaz, ancaq mən bir neçə şeir yazmışam. Oxudu. Başa düşdüm ki, bizim ədəbiyyatımızda tamamilə yeni nəfəsi, tamamilə yeni sözü olan, tamamilə yeni bucaqdan həyata baxa bilən şair meydana gəlib...”.
“Belə gətirib ki, mənim taleyim Anarla bağlıdır. Məktəbdən tanıyırdıq bir-birimizi. Dostluğumuz məktəbi bitirdikdən sonra başladı. Anarın təmkini, davranış tərzi cəlb edirdi. Bizim komandamız yarandı: Anar, Emin Sabitoğlu, Araz Dadaşzadə, Rəhman Bədəlov və mən. Lider Anar idi. Tez-tez yığışardıq bizdə, ya Anargildə, ya da Arazgildə. Dövrün aktual siyasi məsələlərini, sənət hadisələrini müzakirə edirdik, mübahisələrimiz bitib-tükənmirdi. Söhbətlərimiz səhərə kimi davam edirdi bəzən”.
Sizi, 60-cılar dövrünün gənclərini bir araya gətirən həm də amal birliyi idi. Mən gəncliyimdə Anarı şəhərdə, tez-tez də Hüsü Hacıyev küçəsində (indiki Azərbaycan) görürdüm. İllər sonra Moskvada, Qorki küçəsində (indiki Tverskoy) yerləşən Mərkəzi Teleqrafın önündə gördüm. Anar bacımla salamlaşıb, hal-əhval tutdu. Bacım məni Moskvaya Kabilə yola salmağa gəldiyini dedi. Anar mənə yaxşı yol, uğurlu səfər arzuladı. İllər ötəcək və mən biləcəyəm ki, Moskvada ötəri tanış olduğum görkəmli yazıçı Anar Sənin həyatında müsbət rol oynamış önəmli insandır. Sənin həyatında çoxlu dost-tanışın olub, ancaq Anara münasibətin fərqli idi.
Yadımdadı, 1995-ci ildə “Mən burdayam, İlahi” kitabını çapa hazırlayırdım. Sən evə gələndə əlindəki qovluqdan bir neçə vərəq çıxardın: “Ön sözdür, Anar yazıb dedi ki, nəyi bəyənməsən içindən çıxar”. Tez oxudum. Böyük, dəyərli yazıydı. Anar Sənin poetik dünyan haqda bir ədəbiyyatçı, yazıçı kimi fikirlərini, düşüncələrini dilə gətirərək şeirimizdə bənzərsiz, təkrarsız, unikal hadisə hesab edirdi. Esseni oxuduqca qürur duyurdum (axı mən Sənin poeziyanla təzə tanış olurdum). Ancaq dostluğunuza ərk edərək Anarın orda səsləndirdiyi “hərdəmxəyallığın” kimi fikirlər məni təəccübləndirdi: mən bilmirdim heç... (Anar “nəyi bəyənməsən çıxart” dedikdə, bu yerini nəzərdə tuturmuş yəqin) Sən tez Anara zəng edib, gülə-gülə dedin: “Anar, Nüşabə deyir ki, Sənin bu xüsusiyyətlərini bilsəydim, heç Sənə ərə gəlməzdim...” Mən ucadan dedim: “Yox, elə deməmişəm...”.
Heç nə çıxarılmadı, Anar necə yazmışdı, elə də çapa getdi. Anar 1968-ci ildə Sənin ilk “Yoldan teleqram” kitabına “Gələcəyə teleqram” adlı məqalə yazmışdı. Anarın yazdıqları istedadına inandığı şairə həm də dost dəstəyi idi. Anarın nəcibliyindən gələn bir xüsusiyyəti var – özü bəyəndiyini başqalarına da tanıtmaq, sevdirmək istəyi. Onun Yusif Səmədoğlunun “Qətl günü” romanı haqda mülahizələrində həmin istək sezilir: “...“Qətl günü” bir oxucu kimi məndə ən işıqlı, ən xoş duyğular oyatdı, fikrimə yeni təkan verdi, düşüncələrimi arıtladı, durultdu. Hisslərimi, mülahizələrimi yalnız əsər müəllifiylə deyil, başqalarıyla da bölüşmək istədim”.
“Anar etibarlı dostdur. İllər keçdikcə bu münasibətlər başqa keyfiyyətə keçdi – Anarın mənə münasibəti də böyük qardaş, mənəvi ata münasibətinə oxşayır, aramızda bir yaş üç ay fərq olsa da. Bəlkə ruhlarımızın yaxınlığıdır? Bir zamanlar o, mənə görə bəzən yuxusuz, nigaran qalıb, gecələr şeirlərimi makinada yazıb, qovluqda saxlayıb. Mən şeir yazanda, hansısa misranı işlədəndə Anarın üzü gəlir durur gözümün önündə...”
“... Vaqif Səmədoğlu şairlər içində mənə ən yaxın olanı, ruhumun inikasıdır, ikinci “mən”imdir. Mən özümü onun kimi şeirlə ifadə edə bilmərəm, onun kimi yazmaq isə mümkün deyil. Onunla danışdıqda heç kəs onun necə şair olduğunu başa düşə bilməz, əgər onun şeirlərini oxumayıbsa. O, bütünlüklə özündədir...”
Vaqif, məncə, Anar Səninlə dostluğunda daha möhkəm olub, nəinki Sən. Ancaq 2014-cü ildə xəstəliyinlə apardığın qeyri-bərabər mübarizə vaxtı: “Nuşa, Azdramada Yazıçılar İttifaqının XII qurultayı gedir, mən getməliyəm, Anarı müdafiə etmək lazımdır”, – deyərək, çətinliklə də olsa, özündə güc tapıb ora getməyin, (zala girərkən gurultulu alqışlarla qarşılandın) çıxış etməyin, Sənin Anara qarşı göstərdiyin son vəfanın, yüksək sədaqətin nümayişi idi... Sən Yazıcılar İttifaqının binasının itirilməsi təhlükəsindən danışdın. Əslində isə, Sən Anarı müdafiə edirdin, Sənə doğma olan insanı... Mənim çoxbilmiş Vaqifim...
Biz Mirzə Fətəli küçəsindəki evə köçəndə, otaqlardan birini özünə kabinet ayırdın. Yazı masasının yanındakı divara Sənə əziz olan insanların şəklini asdın. Yusifi sol tərəfdən, Anarı sağ tərəfdən. Lap başda atanın böyük portretini. Heç nəyi dəyişmədim, hamısı yerindədir, Vaqif. Muzeyə apardığım yazı masasından savayı... (Ayrıca kabinetin olandan sonra elə bil yazmaq həvəsin də azaldı...)
Gənclik illərində Anara həsr etdyin şeir həm də Sənin vəsiyyətin oldu ona:
...Sevdiklərim də,
sevmədiklərim də
yazılır içimə,
qalır içimin
qalın səbr dəftərində...
Dostum,
mən öləndən sonra
basarsan bu maqnitofonun
səs qaytaran düyməsini,
bir dəfə də eşidərsən
artıq döyünməyən
qəlbimin səsini...
Anarın da Sənə ithaf etdiyi şeirdən bir parça:
Ömrün o uzaq vaxtı,
İlk gənclik çağımızda
“Son yelkəni dolduran
Son küləkdir”- demişdin.
Nə biləydik küləklər
Hələ çox əsəcəkmiş...
...Keçir qatar ömür tək,
Gənclik tək uzaqlaşır
Qatarın son fit səsi.
Bu son ümiddir bəlkə,
Payızın qürubunda
Çıxdı bir gün qarşıma
Son eşqin möcüzəsi...
Sizin ruh yaxınlığınız birgə yaradıcılığınızda da bəhrəsini verdi. “Gün keçdi” filmində (“Bir axşam taksidən düşdük payıza” mahnısı) , “Evləri köndələn yar” teletamaşasında mahnı mətnləri, “Keçən ilin son gecəsi” tamaşasında “Bəlkə” mahnısı... Bu mahnıların bəstəkarı Emin Sabitoğludur. Anar yazır: “Bu nəğmələr Vaqifçün də, mənimçün də yalnız sadəcə mahnı, həm də çox məlahətli, incə, təsirli mahnılar deyil, daha böyük anlamda ömrümüzün bir parçasıdır, birgə yaradıcılıq işlərimizin işıqlı günlərini, gecələrini oyadan uzaq gəncliyimizin munis xatirələrini canlandırır. Eminsiz qalıb, Eminsizliyin acısını duyduğumuz anlarda...”.
Bu sözləri Anar Emin Sabitoğlunun ölümündən sonra “Düşürsən yadıma...” xatirəsində yazıb...
- Emin öləndən sonra mən, demək olar ki, mahnı mətni yazmıram... Emin musiqisi ilə bərabər həm də son dərəcə böyük yumora malik insan idi...
- Vaqif, Sənin Eminlə yazdığın mahnıların xüsusi çəkisi, təravəti var...
- Bizim Eminlə birgə işlədiyimiz yüzdən artıq mahnı var. Burada əlbəttə, filmləri, teatr tamaşalarını da nəzərdə tuturam. Rəhmətlik Sabit Rəhmanın “Hicran” librettosu əsasında yaranmış tamaşadakı bütün mahnılar və sözlər birgə işimizin məhsuludur. Musiqisinin fonunda görürəm mən Emini. Bəstəkarlar var ki, yaratdığı mahnılarla ölkəsinin hansısa mərhələsini, dövrünü ifadə edirlər. Məsələn, XX əsrdə Amerikada mərhələ musiqisini Corc Qerşvin yaradıb. SSRİ-də İsak Dunayevski. Onların mahnılarına qulaq asarkən ölkənin müəyyən dövrünün tarixini öyrənmək olar. Azərbaycanda mərhələ musiqisi Tofiq Quliyevdə var idi. Tofiq Quliyevdən sonra Emin Sabitoğludur. Baxmayaraq ki, T.Quliyev dövründə Səid Rüstəmov, Cahangir Cahangirov və digər bəstəkarlar dahiyanə mahnılar yaratmışdılar, amma bunlar mərhələ deyildi. Eminin dövründə isə Emin mərhələsi idi.
Emin deyirdi ki, sazın, tarın, gitaranın, arfanın simlərinə, pianonun dillərinə toxunanda olduğu kimi, Vaqif Səmədoğlunun misraları da gözümə dəyəndə, qulağımda səslənəndə, ürəyimdəmi, beynimdəmi, həzin, kədərli, bəlkə də sözlə deyə bilmədiyim səslər eşidirəm...
Bacım qızı İlahənin ad günü idi avqustun 13-də. Esmiragildə qohumlar, dostlar yığışdı. O gün təkrarolunmaz bir gecə yaşadıq. Ssenari yazılsaydı, o cür canlı alınmazdı. Ekspromt idi hər şey. Emin çalır, hamımız xor oxuyur, deyib-gülmək zilə qalxırdı. Günəşın doğulmasını Eminin özünün bəstələdiyi “Bakı, sabahın xeyir” mahnısını çalıb-oxuması ilə qarşıladıq... Sən demə, o günü qonşular da yatmayıb, bizim nəğmələrdən, gülüşlərdən onlara da pay düşüb...
Emin dünyasını dəyişəndən sonra mən bunu yazdım:
“Bir gün taksidən payıza düşdük”,
Bildik daha yağmayacaq “Çiçək yağışı”...
“Bəlkə” nə vaxtsa görüşdük
“Uzaq yaşıl ada”da olmasa da...
Sözlərim düzülmür
Sənsizləşmiş not vərəqinə...
“Bağışla” musiqi,
“Bağışla” şeir...
Sən uzun müddət Eminlə son görüşün təsirindən özünə gələ bilmədin.
– Nuşa, axşam onunla ayrılanda mənə baxıb, əl eləməyi gözümün qabağından getmir. Elə bil vidalaşırdı Emin mənimlə...
“Rahat ölməkçün o dünya ümidi olmalıdır bu dünyada...”. Bəlkə də təskinlik üçündür bu sözlərin. Ancaq O dünyanın olması ümidiylə, sizin görüşünüzə inanmaq istəyirəm...
“Ədəbiyyat və incəsənət”
(08.10.2026)


