Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

12-Cİ DƏRC                                                          

 

Qayıdaq mənim ailəmlə xatirələrimə.

Bizim evdə bütün ad günləri, bayramlar qeyd olunurdu. Atam bayramları sevir və bayram düzəltməyi bacarırdı. Böyüklü-kiçikli hamımıza hədiyyələr edir, bizə yaşatdığı sevincdən zövq alırdı. 14 may – atamla anamın toy günü ailəmiz üçün xüsusi gün idi. O günlər evimiz atamın aldığı güllərin, xüsusən də anamın sevdiyi yasəmən güllərinin ətriylə nəfəs alırdı. Qonaqlarımız da olurdu o gün. Yumoristik deyimlərlə müşayiət olunan fotokollaj da düzəldirdik. Anam dadlı, iştahaçan qoxusuyla adamı doyduran yeməklər bişirər, atamın xoşladığı, qat-qat xəmirdən “Napoleon” tortu və pirojkilər hazırlayardı (qat-qat xəmirin reseptini anamdan götürənlərdə ondakı kimi alınmırdı). Həmin gün əsl bayram əhvalı yaşayırdıq. Musiqi, şeir, rəqs... Toylarının 45-ci il dönümündə Bakıda ezamiyyətdə olan atamın moskvalı tanışı öz xanımıyla bizim qonağımız oldu. Gedərkən məclisdən aldığı təəssüratın təsiri altında: Kakoy je tı sçastlivıy, Raşid Karayeviç”, – dedi. (Rəşid Qarayeviç, sən necə də xoşbəxt adamsan)

Düz bir il sonra, 1990-cı ildə sevdiyi, gözlədiyi gün – mayın 14-də atam dünyasını dəyişdi. Çox gözlənilməz oldu bu itki bizimçün, qohumlarçün. (Sən həmin gün Daşkəndə getmişdin. Gecə yuxuda görmüsən ki, mən çoxlu adamların içində Səni axtarıram...) Xeyli adam yığıldı evimizə o gün. Gəncədən gələn qohum-əqraba, dost-tanış, çoxlu güllər. Yəqin atam razı qalardı onun əziz günündə “çağrılan-çağrılmayan qonaqların” gəlişindən. Gələn “qonaqlar”ın üzündəki çaşqınlıq, üzüntü, göz yaşları, güllərin ətrini üstələyən mistik bir əhval-ruhiyyə gətirən halvanın sehrli iyi, mollanın bütün küçəyə yayılan təsirli avazı bu evə gələn dərddən xəbər verirdi. Anam yeddi il atamdan çox yaşadı. Daha doğrusu, onsuz ömrünü başa vurdu. Hərçənd yanımızda xiffət çəkdiyini büruzə verməməyə çalışırdı, amma bu, onun gözlərindən oxunur, davranışından hiss olunur, sözlərindən sezilirdi. Biz anamızı içini qurd kimi yeyən yalqızlığından qurtara bilmədik. Bir yandan da gözlənilməz xəstəlik. Bizim əlacsızlığımız. O ağır günlərdə Səni yenidən tanıdım mən. Özümü arxalı gördüm. Anamın yanında bacım qaldı. Mən də qalmaq istəyəndə anam qoymadı: “Qızım, sən evinə get. Vaqif də atan kimidir, arvadı yanında olmalıdır...”. Bu gümansız xəstəliklə biz nə qədər çarpışsaq da, onun qarşısında aciz idik. Sənin gözlərin önündə əzizinin can üstə olarkən, ona heç nəylə kömək edə bilməməyin, ancaq dişlərini var gücünlə bir-birinə sıxıb, içində qopan fəryad çölə çıxmasın deyə, içindəcə boğub, çarəsizlikdən axıtdığın göz yaşlarıyla sonu gözləmək... Bax, əsl dəhşət budur... Bu hissləri Səninlə yenidən, daha ağrılı yaşadım... Çünki arxam yoxluğuna söykənirdi...                                       

Anamın son günlərində dodaqaltı: “Rəşid sağ olsaydı, mən çoxdan ayağa qalxardım”, – deməsi  onun qüdrətli saydığı ömür-gün yoldaşına etdiyi, bəlkə də ən böyük məhəbbət, inam etirafı idi. Anamın xəstəliyi az sürdü. Üç həftə. 1997-ci il avqustun 16-da anam gözlərini yumdu...   

Ömür boyu qohum-əqrabanın hər dərdinə-sərinə şərik çıxanlar, özləri heç kəsə əziyyət vermədən dünyadan köçdülər. Elə insanlar var ki, öz böyük insani qüvvələriylə ailələri üçün gördükləri gündəlik işlərlə, çəkdikləri zəhmətləriylə ailə qəhrəmanı adına layiqdirlər. Belə qəhrəmanlara onları sevənlərin qəlbində heykəllər ucalır. Heç bir siyasi ab-hava bu heykəlləri uçura bilmir. Mənim valideynlərim də belə ailə fədaisi idilər. Mən uşaqlıqdan, özümü dərk etdiyim gündən qorxduğum hissi – valideyn itkisini yaşadım. Bəlkə də valideyn övlad üçün həyatla ölüm arasında sədd rolunu oynayır. Valideynlərimizin ölümüylə biz artıq özümüz övladlarımızla ölüm arasında səddə çevrilirik.

 2023-cü ili doğmalarımın itkisi ilə yola saldım. Noyabrın 10-da  Azərbaycan musiqi mədəniyyət tarixinə zəngin yaradıcılıq irsi qoymuş istedadlı bəstəkar Mobil Babayev, dekabrın 14-də pedaqoq, bacarıqlı viola ifaçısı, “Dan ulduzu” instrumental ansamblının ilk ulduzlarından olan Esmira Babayeva  dünyasını dəyişdilər.

Mənim böyük qardaşım və bacım...

 Uşaqlıq nağılımın ağacında üç alma qalırdı

 İkisi düşdü, qaldı biri – o da mən...

 Nağıl sona yetir...

Atamın ölümündən doqquz il sonra, mayın 14-də anamla atamın yanında böyüyən bacım Esmiranın böyük qızı İlahənin oğlu dünyaya gəldi. Əslində, uşağın aprelin sonlarında doğulması gözlənilsə də o, vaxtından gec və çətinliklə doğuldu. Həmin günə keçən gecə atam İlahənin yuxusuna gəlib. İlahəni dar tuneldən keçirən atam oradakı ağ xalatlı ahdamlara: “Bu, mənim nəvəmdir, bu gün onun oğlu olacaq, adını Rəşid qoyacaq”, – deyib. Onlar tuneldən anamın, xalamın olduğu çiçəkli-çəmənli, şəlaləli bağa çıxıblar, İlahə o bağda qalmaq istəsə də, atam ona icazə verməyib...

Rəşid zahirən atama bənzəməsə də, alicənablığı atamı xatırladır. O, magistraturanı elektrik mühəndisi ixtisası üzrə uğurla bitirmiş və hal-hazırda öz sahəsinin aparıcı mütəxəssisi hesab olunur. Eyni zamanda aykido üzrə qara kəmər ustasıdır.

Anamın ilini verdiyimiz gün – 1998-ci il avqustun 16-da Yusif Səmədoğlu vəfat etdi. Yaraşıqlı, dodağı təbəssümlü, xoş sözlü, ailənizin ən mehriban üzvü Yusif... 

“Səməd Vurğunun ailəsi ikinci dəfə çat verdi – ikinci çat... Yusif sevincə, gözəlliyə yaraşan adam idi. Mən bu saat zərrə qədər də tərəddüd  eləmədən Yusiflə yerimi dəyişərdim...”.

Bu sözləri Sən Yusifin matəm günündə dedin. Bu qardaş ağısı, qardaş yanğısı idi. Böyük qardaşıyla qürur duyan, uşaqlıqdan ona oxşamağa çalışan kiçik qardaşın adamı lərzəyə salan ağrılı etirafı idi. Mən Yusiflə biz evlənəndən sonra tanış oldum. O, xeyir işimizdə iştirak edə bilmədi. Bizi bağ evinə qonaq çağırdı. Onun mehmanpərvərliyi, mehribançılığı mənimçün gözlənilməz oldu. Yusif maraqlı söhbətlər edir, yumorundan da qalmırdı. Sintezatorda yeni bəstələdiyi melodiyanı çalıb, bizə həsr etdi. Bağı gəzdirdi. Sevincli görünürdü o gün Yusif. Xavər xanım deyirdi ki, Yusif Vaqifin ailə qurmağına çox sevinir. Bir gün də bizə gələndə Xavər xanım dedi: “Yusifi gördüm, mənə dedi ki, mama, evi Vaqifin adına niyə keçirmirsən? Vaqif, oğul, yubatma, “JEK”dən öyrən, nə lazımdırsa edək, bu evi adına keçir...”. Söhbət Xaqani, 26 ünvanında yaşadığımız  evdən gedirdi. Bu ev Xavər xanımın adına idi.    

Siz iki qardaşın oxşar cəhətləriniz kimi, fərqli cəhətləriniz də olub. Yusifin atan kimi misilsiz ünsiyyətcilliyini, insanlara qarşı Səndən qat-qat dözümlü olduğunu deyirdin. Xavər xanım üç uşağının içində bircə Yusifdən onun xətrinə dəyəcək acı söz eşitmədiyini, hətta “yox” sözünü belə adamın ruhunu incitmədən dediyini söyləyirdi. Yusif öz ailəsinə – xanımı Nəmidəyə, qızları Mehriban və Humaya, nəvələrinə çox bağlı idi. Ömrünün ən böyük əsərini – “Qətl günü”nü qızlarına həsr etmişdi.

Son zamanlar insanlar bəzən səbəbli-səbəbsiz özlərini yorğun hiss edirlər. Yusif də, Sən də yorğunluqdan şikayət edirdiniz. Sən deyirdin, bu yorğunluq ata-babadan qalıb bizə. Yusif Səndən yorğunluq haqda bir şeir yazmağını istəmişdi. Şeiri yazıb, Yusifə həsr etdin.    

 

Yorğunluq axşamıdır,

Böyüyüb saat səsi,

Evdə təkcə özüməm,

Gözləmirəm heç kəsi.

 

İçimdə baş qaldırıb

Yenə də ölüm eşqi,

Ümid dərsləri bitib,

Qurtarıb arzu məşqi.

 

Qızardılmış mal əti,

Bir az gürcü çaxırı,

Ya günün əvvəlidir,

Ya da ömrün axırı.

 

Bərq vuran tülkü gözü

Sönməz həyat şamıdır,

Böyüyüb saat səsi,

Yorğunluq axşamıdır...

 

Yusif Səndən dörd yaş böyük idi. Yusiflə Sənin münasibətin böyük qardaşa ehtiram əsasında idi. Uzun zaman onun yanında siqaret çəkməməyin də ona olan sayğından gəlirdi. Deyirdin, bu, atamın tərbiyəsidir. Bəzən böyük qardaş özündən kiçiklərə qarşı təkəbbürlü olur. Onun hər şeyə hüququ var, kiçiyin isə böyük qardaşın bu hüququ ona icazə vermə həddinə kimidir. Bu müəyyən dövrə kimi davam edir, ta kiçiyin özünü təsdiq etməsinə qədər. Yavaş-yavaş böyükdə təəccüb dolu fəxr hissi yaradır kiçik qardaşın hər müvəffəqiyyəti. Sizdə olduğu kimi. Tələbələrlə görüşdə Yusifin onların: “Vaqif Səmədoğlu sizinçün kimdir?” sualına - “Azərbaycanın ən böyük şairi” – cavabını verməsi, böyük qardaşın kiçik qardaşıyla qürrələnməsinin göstəricisi idi...       

Gündəlikdən: “Yusif şeirlərimi redaksiyaya (1985-ci ildə Yusif “Ulduz” jurnalında baş redaktor işləyəndə) aparıb, uşaqlara verib ki, oxusunlar. Deyirdi, guya furor eləyib yazılarım. Qəribədi, adam tərif, xoş söz eşitmək arzusuyla yaşasa da, tərif qarşısında nədənsə utanır. İnsan xoş söz, məhəbbət qarşısında da, deyəsən başıaşağı imiş”. (İlahi, bu boyda təvazökarlıqmı olar, Vaqif?!)

Yusif də, Sən də uşaqlıqdan öz xasiyyətinizə, istəklərinizə uyğun hərəkət etmisiz. Sən velosiped sürmüsən, həyət uşaqlaryla, yaşıdlarınla futbol oynamısan, o isə heç vaxt nə topa, nə velosipedə, nə də sonralar sürdüyün motosikletə həvəs göstərib. Yusif uşaqlıqda dəcəl olmasa da, ərköyün olub. Özündən yaşca böyüklərlə durub-oturub. Davranışı, ədalarıyla çoxlarından fərqlənib.

-Yusifi uşaqlığından qızlar ayırdılar. Elə özü də qızların xatirinə uşaqlığından böyük məmnuniyyətlə ayrılmışdı.

Sizin taleyinizin əsas göstəricisi ədəbiyyat oldu. Ədəbiyyatın nəsr sahəsini Yusif, poeziya sahəsini Sən seçdin. Kino ona, teatr Sənə. Bu razılaşdırılmamış bölgü idi.

-       Yusifin azərbaycançılıq, vətənpərvərlik hissləri olduqca güclü idi. Elə bu hisslər idi onu 1980-cı illərin sonları, 1990-cı illərin əvvəllərində meydana aparan. Yusif də, mən də Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən olduq. Yusif İdarə Heyətinin üzvü, mən Ağsaqqallar Şurasına seçildim.

Yusif Səmədoğlu deputat kimi səkkiz il (1990-1998) fəaliyyət göstərib. 1991-ci ildə Ali Sovetdə  SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilərkən buna qarşı çıxan 43 nəfər “İstiqlalçı deputat”dan biri olmuşdu.

Sizin bir çox maraqlarınız üst-üstə düşüb. Foto sənətinə məhəbbət, heyvanlara bağlılıq. İt, balıq, quş saxlamısız. Hər heyvanda bir gözəllik tapmısız. Ancaq Səndən fərqli olaraq Yusif ovu sevməyib. Yasa, dəfnə getməklə arası olmayıb. Deyərdi ki, kişi qəbiristanlığa bir dəfə gedər, o da başqasının çiynində...  

Yusif Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka sinfində səkkiz il oxuduqdan sonra başqa məktəbə keçdi, oranı qızıl medalla bitirdi. Təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda görkəmli rus nasiri K. Paustovskinin sinfində davam etdirdi. Yevgeni Yevtuşenko, Bela Axmadulina, Robert Rojdestvenski, Vasiliy Aksyonov, Nikolay Kuznetsov kimi Rusiyanın bu gün məşhur şair və yazıçılarıyla bir qrupda.

“Mən atamın ağlamasını görmüşəm, bir Stalin öləndə, bir də Yusif Moskvada Ədəbiyyat İnstitutuna qəbul olunanda. O vaxtın qaydalarına görə, məktəbi qızıl medalla bitirənlər ali məktəblərə qəbul zamanı imtahanlardan azad olunur, yalnız söhbətdən keçirdilər. Yusif institutun rektoru D.S.Polikarpovla yanaşı bir neçə müəllimin sorğusunda da iştirak edir. Həmin müddətdə atam institutun dəhlizində dayanıb gözləyir. Sorğu başa çatdıqda, içəridəkilər çıxırlar. Təbii ki, rektor da, institutun digər müəllimləri də Səməd Vurğunu yaxşı tanıyırdılar. Atam rektordan soruşub:

  - Nu kak moy sın? (Hə, mənim oğlum necədir?)

- Bud moya volya, ne prinyal bı eqo syuda. Pryamo seyças vruçil bı emu diplom. Potomu çto vse poluçivşiye diplom v sovokupnosti ne znayut i odnoy desyatoy iz toqo, çto znaet vaş sın, Samed Yusifoviç. Ne çitayut... (İxtiyar məndə olsaydı, onu buraya qəbul eləməzdim. Oğlunuza elə indi diplom verərdim. Çünki bizim diplom alanların hamısı birlikdə bu saat sizin oğlunuzun onda biri qədər bilmirlər, Səməd Yusifoviç.  Oxumurlar...)

Övladı haqda Qorki adına Ədəbiyyat İnstitutunun rektorundan bu cür sözlər eşitmək ata üçün qürurverici idi. Elə onda ağlamışdı atam. Bu uğur öz-özünə gəlməmişdi. Yusifin geniş mütaliə mədəniyyətinin nəticəsiydi”.

 Səni Yusifin mütaliəsi heyrətləndirirdi. Sənin oxuduğun ilk kitablar – Süleyman Rəhimovun “Ata və oğul”, “Serjant İvanov adına körpələr evi”, atanın Yesentukidə aldığı “Puteşestviye Xristofora Kolumba v Ameriku”. Və uşaq təxəyyülündə dərin iz buraxan Daniel Defonun “Robinzon Kruzo” romanı olub. Macəralar aləminə maraq, onun ecazkar tilsimindən uzun zaman çıxa bilməmək, dəfələrlə kitabın hər sətrini həzm edə-edə ləzzətlə oxumaq. Xatirələrindən: “11 yaşımda bir oturuma yüz səhifə oxudum. Uda-uda, içə-içə. Görəndə ki, kitab sona çatır, başladım on səhifə, sonra beş səhifə, bir səhifə, sonra gördüm ki, kitab əlimdən gedir, başladım ağlamağa...”.

Yusif uşaqlıqdan pərakəndə, əlinə hansı kitab keçdisə oxumayıb, sistemli şəkildə oxuyub. Deyirdin: “İstedadlı, istedadsız yazıçı olduğu kimi, istedadlı, istedadsız oxucu da olur. Bu mənada Yusif istedadlı oxucu olub”.

- Yusifin mütaliəsi ilə bağlı danışdığın əhvalatı xatırladım.

-1958-ci ildə anam, Yusif, Aybəniz və mən Kiyevdən Bakıya qatarla qayıdırdıq. Bizimlə bir vaqonda, qonşu kupedə bəstəkar Qara Qarayev də ailəsiylə Bakıya gəlirdi. Yusiflə mən vaqonun dəhlizinə çıxanda Qara Qarayev bizə yaxınlaşdı. Yusiflə Qara Qarayev pəncərənin qabağında dayanıb, ədəbiyyatdan danışmağa başladılar. Hərdən mən də onlara qoşulurdum. Bizimçün Qara Qarayev kimi böyük sənətkarla söhbət etmək, fikir mübadiləsi aparmaq, əlbəttə, çox maraqlıydı. Söhbət bir neçə saat davam etdi. Məni, yazıçı ailəsində böyüyən, neçə-neçə yazıçı, şair görən bir gənci Qara Qarayevi onlardan fərqləndirən yüksək səviyyəli mütaliəsi, heç bir yazıçıda görmədiyim ədəbiyyat yaddaşı, fəlsəfə yaddaşı heyrətləndirdi. Əgər qabaqlar mən onu böyük musiqiçi kimi qiymətləndirirdimsə, bu söhbətlərdən sonra onun ədəbiyyat sahəsindəki bilikləri məni məftun etdi. Qara Qarayevi isə onunla eyni səviyyədə söhbət aparan 23 yaşlı Yusif təəccübləndirdi. Söhbət XIX əsr Amerika şairi Edqar Po yaradıcılığından düşəndə Yusif Qara Qarayevin fikriylə razılaşmadı. Mübahisələrdə güzəştə getməyi sevməyən, öz nöqteyi-nəzərini inadla müdafiə etməsi ilə tanınan bəstəkar, Yusifin fikriylə razılaşmalı oldu. Qəflətən üzündə heyrətamiz ifadəylə dedi: “Allah Səmədə rəhmət eləsin, sizin kimi uşaqlar yetişdirib. Mən bunları bu yaşda bilirəm. Yusif, sən gənc yaşda mənim qarşımda dayandın. Mən yaşda olanda sənin qarşında kim dayana biləcək?”

 

“Ədəbiyyat və incəsənət”

(07.10.2026)                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.