“Ədəbiyyat və incəsənət” portalının “İstedadları tanıdaq” layihəsindəyik. Bu dəfə sizləri Rəsul Ümmətinin yaradıcılığı ilə tanış edəcəyik.
Rəsul Ümməti 2004-cü il 4 oktyabr tarixində Bakıda doğulub. 2025-ci ildə İdman Akademiyasını bitirib, hal-hazırda Naxçıvan Dövlət Universitetində magistratura təhsili alır. Əsasən klassik şeir üslubunda yazır.
RƏSUL ÜMMƏTİ,
“OLA BİLMƏZ”
Təşbeh gəzir əqlim üzünə, Ay ola bilməz,
Ayda ləkə var, Ay üzünə tay ola bilməz.
Hicrindən əzizim, elə oldum, elə rüsvay,
Məcnun belə gəlsə, belə rüsvay ola bilməz.
Pay etmə sınıq qəlbimi şan-şöhrətə xatir,
Bir şey ki sənə pay edilib, pay ola bilməz.
Aşiqlərə canan dedilər can tələb eylər,
Mən “oldu” dedim, özgələri “vay, ola bilməz”.
Xəlq içrə yayıldı dediyim kəlmə səninçün:
Kirpikləri tək ox, qaşı tək yay ola bilməz
Əvvəldən acı sözlər edib nitqini mənzil,
Bu nitq ilə axırda şirinçay ola bilməz.
Həqq əmri olub Ümmətiyə vəslinə yetmək,
Bir meylə görə yoxsa bu həqsay ola bilməz.
DƏRZİ QIZ
Bir fürsət gəzirəm neçə həftədir,
Nə işi qurtarır, nə dərsi qızın.
Paltarlar tikdikcə bir Allah bilir
Nə keçir qəlbindən bu dərzi qızın.
Arzusu, məqsədi nədir görəsən,
Gecə yarıyacan niyə işləyir?
Bəlkə təhsil haqqı borcu yığılıb,
Bəlkə yığılmasın deyə işləyir?
Gəldikcə gəlinlik sifarişləri
Evlilik onun da diqqətin çəkir.
Umsunur tikdiyi gəlinliklərə,
Məhərrəm ayının həsrətin çəkir.
Kaş indi şalvarım uzun gələydi,
Köynəyim əynimə yekə qalaydı.
Ya qəsdən bir ölçü yekə alaydım,
Bu hiylə qəlbimdə ləkə qalaydı.
Yoxsulluq əlindən cavan yaşında
Ürək ağrıları çox yorur onu.
Dərsi, ailəsi, işi, ev işi,
Həyat qayğıları çox yorur onu.
Azan oxunanda açır əllərin,
Sonra təbəssümlə başın bulayır.
Ayağı altında maşın istəyir,
Özüyçün bir geniş ev arzulayır.
Təkcə var əlimdə sözüm, şeirim,
O evi mən deyən söz tikə bilməz.
Sözlər dərzi qızı daha bezdirib,
O mənim sözümə göz tikə bilməz.
“Ədəbiyyat və incəsənət”
(06.10.2026)


