XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
9-CU DƏRC
Bizim Səninlə birgə həyatımız bir dam altında yaşamağa öyrəşməklə başladı. Yeddi ildir tanış olsaq da, elə bil bir-birimizi yenidən kəşf edirdik. Birdən-birə səbəbini anlamadığım tutulmağın olurdu, qısqanclıq da baş verirdi. İnciyirdik, barışırdıq. Bu, asan başa gəlmirdi Sənin həssas, kövrək şair təbiətini nəzərə alsam belə. Kəskinliyini, qəfildən üzünün döndüyünü, sərtləşdiyini görür, küsülülük dərinləşməsin deyə ilk addımı mən atırdım. Sənin əhvalını duymaq, ona uyğun davranmağı öyrənirdim. Dözümüm özümü də təəccübləndirirdi bəzən.
İnsanın sevgi həddi onun yaşadığı ömrə bərabərdir. Bu yaşda gələn sevgi (bəzən uğursuz nikahdan sonra da gələ bilir), əksər hallarda gənclikdə oyanan hisslərdən daha möhkəm olur. Əlbəttə, məhəbbətə hədd qoymaq olmaz, o da bizimlə birgə öz taleyini yaşayır, ancaq heç vaxt qocalmır. Yalnız gəncliyə məxsus ehtiras, şövq yaş ötdükcə yerini bağlılıq, qayğı kimi nəcib, həssas hisslərə verir. Sənə verilən hər günün, hər saatın qədrini bilirsən, sevdiyin insanı itirməkdən qorxursan. Qadının xəstə ərə sevgiylə qulluq edib, ürək yanğısıyla ona yanaşması da məhəbbətin göstəricisidir. Yaş ötdükcə qadın məhəbbəti daha mehriban, daha müdrik olur. Sevgi varsa, bu duyğular sona kimi onu tərk etmir.
Sənin həyatında əvvəllər də başqa qızlar, qadınlar olub. Kimsə xoşuna gəlib, kiməsə vurulmusan. Səni də sevən, arzulayan qızlar, qadınlar az olmayıb. Görüşmüsən, ayrılmısan. İki dəfə evli olmusan. Lakin bu münasibətlər çox sürməyib...
Mənə sevib ayrılmağa bir qadın verin,
Ürəyimdə bir ayrılıq qəribsəyib,
Və bu ayrılıqdan bir şeir...
M ə n i m l ə h ə r ş e y b a ş q a c ü r o l d u...
Yadımdadır, Nizami Muzeyində Sənin 60 illiyinə həsr edilmiş tədbirdəki çıxışında qeyd edəndə ki, sovet dövründə iki dəfə, müstəqilliyimizdən sonra bir dəfə evlənmişəm, Ramiz Rövşənin ucadan: “Müstəqilliyimiz əbədidir!” – deməsi...
İlk gündən Sən mənim anama böyük hörmətlə yanaşdın. Anamın baxımlı olması, nəzakətli davranışı, xanımlığı Sənin ailənə də sevdirmişdi onu. Deyirdin: “Qadına xas bütün gözəl keyfiyyətləri Şəfiqə xanımda görürəm. Ömür-gün yoldaşı, ana, nənə...”. Ailəmizdə atamın sevgiylə, hörmətlə yad edilməsini anamın müdrikliyində görür, yorulmadan təkrarlayırdın: “Kişinin möhkəm arxası olanda, ailəsi də möhkəm olur, işləri də uğurlu...”.
Bizim ailə altı nəfərdən ibarət idi: nənəm Püstəbəyim, atam Rəşid Qaraoğlu, anam Şəfiqə Nurəddinqızı, qardaşım Mobil, bacım Esmira və mən. Uşaqlıq xəyallarımda mənim quracağım ailə də altı nəfərdən ibarət olacaqdı. Otağımıza qoyulmuş palıd ağacından olan qədim, böyük, dəyirmi masa mənimçün hamımızı bir yerə yığan ailə rəmzi idi. Hərənin öz yeri vardı masa arxasında. Və buna ciddi riayət olunurdu. Əlamətdar günlərdə masa iki dəfə böyüyür, səxavətlə qoynundakı yeməkləri hamıyla bölüşürdü. Uşaq ikən düşünürdüm ki, anamın mənə verəcəyi ən qiymətli, xüsusi yeri, çəkisi olacaq cehiz ata evindən gətirəcəyim bu masa olacaq, ayaqlarındakı nəfis işləmələrə, naxışlara baxmaqdan doymadığım masa. Bu arzularla masaya özüm qulluq edirdim. Əsl sənət əsəri olan bu bəzəklərin tozunu alır, parıldasın deyə, xüsusi məhlulla silirdim. Anamın masanın üstünə örtdüyü, üzərində ipək saplardan salınmış zərif tikişləri olan süfrə masaya bir şahanəlik verirdi. Masa da bu qayğını, əzizləməni görüb, ikinci ömrünü yaşayırdı sanki. Sonradan bilmədim evimizmi bu masaya, ya masamı evimizə dar gəldi. Bildiyim o oldu ki, masanı yeni, müasir, görkəmsiz bir masayla əvəzlədilər. Nə məni eşitdilər, nə də göz yaşlarıma məhəl qoydular. Bunu bir uşaq şıltaqlığı sandılar. Elə həmin gün mənim uşaqlıq arzuma xitam verildi...
Atam anamla Bakıda tanış olub. Atamın 19, anamın 17 yaşı olanda. Ağbəniz, nərmənazik, açıq şabalıdı saçlı, incə çöhrəli gənc qızı görən kimi atam ona vurulub. Anam o zaman tibb texnikumunda əczaçılıq üzrə təhsil alırdı. Əlaçı olan anamın arzusu təhsilini Tibb İnstitutunda davam etdirmək, həkim olmaq idi. Öz istəyində qətiyyətli olan atam anamın razılığını alsa da, Bahar nənəm qızının “gənc Gəncəli balasıynan” evliliyinə razı olmur (atam bunu hərdən yada salırdı). Gəncədən Bakıya elçiliyə gələn kişiləri qəbul edən anamın əmisi Sədi söhbət zamanı atamın mərhum atasını – Qara bəyi tanıyır: “O kişinin oğluna etibar etmək olar”, - deyərək, içilən çayları şirin edir. Zaman ötdükcə atam qayınanasının bütün şəkk-şübhələrini alt-üst etmiş, ona və yaxınlarına arxa, dayaq olmuşdu.
Bir il sonra atam anamı Gəncəyə gəlin aparır, mayın 14-də onlara toy məclisi qurulur. O günü atam həyatının ən xoşbəxt günü sayırdı və ömrünün sonuna kimi həyatında bir qadının olduğunu və yalnız onu sevdiyini deyirdi. Öz hisslərinə ağalıq etməyi bacaran anamdan “Atam səni özünə nəylə cəlb etdi?” soruşduqda, “iri, ala gözləri və inadkarlığıyla...” deyirdi.
Anamı həkim olmaq istəyindən atamla evliliyi, uşaqların doğulması uzaqlaşdırdı. Lakin ali təhsil almaq həvəsində israrlı olan anam mən doğulandan sonra Pedaqoji İnstitutun (indiki Pedaqoji Universitet) qiyabi şöbəsinə daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdi. Anamı dəfələrlə instituta dərs deməyə dəvət etsələr də, atam qətiyyətlə etiraz edib, “mən öləndən sonra işləyərsən” hökmünü verib. Atam anama qarşı qısqanclıqla yanaşsa da, bizə – övladlarına qarşı daha demokratik idi. Anam atamın adını həmişə uca tuturdu. Biz də onu o ucalıqda görürdük. Yadıma gəlmir ki, anam nə vaxtsa atamla mübahisə etsin, ucadan nəsə desin. Əgər aralarında, adətən anamdan gələn hər hansı bir inciklik, küskünlük baş verirdisə, bu, biz uşaqların yanında müzakirəyə çevrilmirdi. Hər sözünü ölçüb-biçirdi anam. Bizə deyərdi, heç vaxt axır sözünüzü əvvəl deməyin. Atamı dedi-qodulardan, xırda-xuruş söz-söhbətlərdən uzaq saxlayır, özü də bu cür çəkişmələrə baş qoşmurdu. Atamızın yanında bizi heç vaxt danlamazdı. Qohum-qonşu onun evdarlıq qabiliyyətindən, zövqlə qurub-yaratdığı rahatlıqdan danışır, ondan görüb-götürməyə çalışırdı. Öz görünüşünə həmişə fikir verərdi mənim gözəl anam. Atamın işdən gəlməsi üçün mütləq əynini dəyişər, ətirlənərdi. Anamda olan dözüm, təmkin, müdriklik, bəlkə də qəriblikdə ölmüş atasına olan nisgildən qaynaqlanırdı.
Anamın əsli-kökü Şamaxındandır. Şamaxıda ermənilərin yerli əhaliyə qarşı törətdiyi qırğın anamın anası Bahar nənəmin də ailəsindən yan keçməyib. Bahar nənəmin yadında qalanlardan: “Ailəmiz süfrə başına yenicə oturmuşdu, kimsə küçədə qışqırdı: “Ermənilər!” Atam anama dedi: “Uşaqları götür, tez qaçın. Özü və əmim qılınc, balta götürüb eşiyə qaçdılar. Anam yerə kimi uzun, qalın saçlarında qızılları gizlədib, hörük hörərək yığdı. Bacım, anamın qucağında kiçik qardaşım və mən dal qapıdan dağlara tərəf qaçdıq. Arxaya baxanda yanan evimizi gördük. Evdə atamın mənə Rusiyadan gətirdiyi sevimli gəlinciyim qalmışdı. Soyuq idi. Susuz-çörəksiz, sonu görünməyən daşlı-kəsəkli yollarda qardaş-bacımı itirdim. Anam xəstələndi. Görünməz əzab-əziyyətlə Ağdaşa çatdıq. Dayımgildə qaldıq. Anam yollarda keçirdiyi iztirablardan özünə gəlmədi, bir müddət sonra dünyasını dəyişdi. Ardınca atamın və əmimin savaşda həlak olması xəbərini aldıq. Bir müddət sonra bizə elçi gəldi. Gələcək qayınanam məni hamamda görüb bəyənmişdi. Dayımgil məni bir tacirə ərə verdi. Xoşbəxtlikdən bəxtimə alicənab adam çıxdı. Sonra Bakıya köçdük...”.
Anamın atası iki qardaş olublar: Nurəddin və Sədi. Onlar zəhmətləri hesabına var-dövlət toplaya bilmiş, Azərbaycanın bir neçə rayonunda çoxlu mal-qara saxlayıb, qatıq, xama, yağ, pendir hazırlayan fabriklər açmış, dükan sahibi olmuşlar. Tacir kimi Şərq ölkələrində çox gəzib-dolanıblar. Təkcə Bakıda bir neçə mülkün sahibi idilər. Sovet hökumətinin kəsən qılıncı anamgilin də ailəsini yaralamışdı. Anamın atası Nurəddin 1930-cu illərin əvvəllərində “qolçomaq” damğasıyla tutulmuş, evi müsadirə edilmiş, özü yayda qızmar, qışda sazaq Qazaxıstan çöllərinə sürgün edilmiş, orada da faciəli ömrü sona yetmişdi. Dörd uşağını, gənc arvadını başsız qoyaraq. Anamın uşaqlıq yaddaşında atası yuxu kimi qalmışdı. Anamın əmisi Sədi qardaşının ölümündən sonra onun ailəsini öz himayəsinə götürmüş, sonradan anasının tövsiyəsiylə Bahar nənəmlə ər-arvad olmuşlar. Onlar çox mehriban dolanırdılar. Anam, atam ona “əmi” deyirdi, bizimçünsə o, ən mehriban baba idi.
Bahar nənəm fəxrlə deyərdi ki, Səməd Vurğunla bir ildə, bir gündə doğulub. Oxumağa böyük həvəsli olan Bahar 2-3 il gecə məktəbində savad almış, sonra təhsilini davam etdirmək istəsə də, qayınanası imkan verməyib. Bahar nənəmin gözəl hafizəsi vardı. Xaqanini, Sabiri əzbərdən söyləyir, çoxlu tapmacalar, nağıllar bilir, yerli-yerində zərb-məsəllərdən istifadə etməyi xoşlayırdı. Yurd-yuvasını uşaq ikən tərk etsə də, içində bir Şamaxı həsrəti yaşayırdı. Hər hansı bir tanınmış adamın şamaxılı olmasını eşitdikdə ürəyi fərəhdən çırpınar, gözlərinin içi gülərdi. Onun biş-düşünə isə söz ola bilməzdi. Örtdüyü ipək örpəklər, vurduğu ətirlər Bahar nənəmin görkəmli görünüşünə xüsusi təravət verirdi.
Sən ilk tanışlığımızda soruşdun:
– Haralısan?
– Atam Gəncədəndir.
– Bizim adamdır, Gəncəbasar zonasındandır, - dedin.
“Ədəbiyyat və incəsənət”
(02.10.2026)


