Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

8-Cİ DƏRC                                                          

                                                                                 

Üç övlad anası olmasına baxmayaraq, Xavər xanım iradəsi hesabına yığcam, baxımlı görkəmini saxlaya bilmişdi. Səmədin təkidiylə ali təhsil də almağa imkan tapmışdı. Yüksək dairələrdə geyimi, davranışıyla seçilən, diqqətlə əhatə olunan təkəbbürlü Xavər başa düşürdü ki, onun, ailəsinin adı Səmədinin uğurları, şan-şöhrətiylə ölçülür. Bunu övladları da hiss edirdi.

Səmədin gözlənilməz xəstəliyi ilə illərlə qazanılan mövqe bir göz qırpımında itirilə bilərdi. Tale Xavəri həyatının ən böyük sınağına çəkdi. Səməd Moskvada Kreml xəstəxanasına yerləşdirildi. Onu əməliyyat edən xəstəxananın baş cərrahı Boris Petrovski yaranı açdıqda, gördüyündən məyus halda deyib:

- Starik projil svoyo (qoca öz həyatını yaşayıb artıq).

Əməliyyatda iştirak edən (Səməd Vurğunun qohumu, Səhiyyə Nazirliyinin məsul işçisi) Fəxri Vəkilov kədərlə dillənib:

- Kakoy starik? Emu net i pyatidesyati (Nə qoca, onun heç əlli yaşı yoxdur) .

Əməliyyata başlamadan yaranı tikən cərrah:

- Eqo orqanizm kak u çeloveka, projivşeqo vosemdesyat let, - deyərək, dərindən ah çəkib (Onun orqanizmi 80 yaşlı adamınkı kimidir).

37, 48 və 52-ci illərin faciəsini, iztirablarını, çarpışmalarını yaşayasan, təhdidlərə dözəsən, Stalinin ölümündən sonra bütün haqsızlıqlar üzə çıxıb aşkarlansın... Bütün bunlara tab gətirə bilərdimi həssas qəlbli Səməd Vurğun? Vaqif, Sən necə də haqlısan, Səməd Vurğun da repressiya qurbanıdır. Bəzən valideynin faciəsini övladlar daha ağır yaşayır. Faciənin mənəvi yükünü  ömürlərinin sonuna kimi ürəklərində daşıyırlar. Mən düşünürəm ki, atanın yaşadığı faciə həm də Sənin daxili faciən oldu. Mən heç vaxt Səninlə bu haqda danışmadım. Çünki elə həssas, incə məqamlar var ki, onlara toxunmamaq daha yaxşıdır... 

Uşaq kimi təmiz, məsum, iri gözlərinin qəmi, kədəri ancaq onlar yumulanda çəkilib getdi...

Tanrı Sənə çox böyük vergi vermişdi. İstər musiqidə, istərsə də hər hansı başqa sahədə bu vergi özünü mütləq göstərəcəkdi. Ancaq Sən şeir dünyasını seçdin. Sənin şair olmaq istəyin, bəlkə də Səməd Vurğun ağrılarından doğuldu. Sən “şeirimizə Səməd Vurğunun içində boğduğu, güclə cilovladığı Azadlığı kimi gəldin”. (Ədəbiyyatşünas alim İradə Musayeva)

Səməd son günlərini yaşayırdı. O, axıra kimi gücünü toplayaraq xəstəliyə sinə gərməyə çalışırdı. İncə, zərif hisslər bəslədiyi Xavərinə bu halında belə mehriban baxışlarla ürək-dirək vermək istəyirdi. Xavər hər dəfə Səmədin yaşından qabaq ağarmış yumşaq saçlarını oxşadıqda, onları öpdükdə göz yaşlarını gizlədərək özünü olduğundan güclü göstərmək istəyir, bəzən də iztirablarını büruzə verməmək üçün soyuqqanlılıq nümayiş etdirirdi. Bu gənc qadının nələr çəkdiyini yalnız onun etdiyi duaları eşidən kəslər duya bilərdi. Ancaq ölüm artıq öz seçimini etmişdi...

1956-cı il mayın 12-də Opera və Balet Teatrında Səməd Vurğunun 50 illik yubileyi böyük təntənəylə keçirildi. Bu yubiley mərasiminə dünyanın müxtəlif ölkələrindən qonaqlar qatılmışdı. Səhnəyə çıxanlar gecəyə gələ bilməyən Səməd Vurğuna müraciət edirdilər. Tədbir radioyla yayımlanırdı. Yubiley gecəsindən sonra yüzlərlə insan şairin yaşadığı evə doğru hərəkət etdi və sükut içində xeyli vaxt eyvanının qarşısında durdu.

Səməd Vurğun onun yubileyi münasibətiylə təsis edilən “Xalq şairi” fəxri adına layiq görüldü.  Lakin ölüm yatağında olan şair bu adın sevincini yaşaya bilmədi. 42 il sonra Yusif də atasının taleyi ilə qarşılaşdı. 1998-ci ildə ona “Xalq yazıçısı” adı veriləndə, o, yataqda ölümlə çarpışırdı. 2014-cü ildə Sən sağalmaz xəstəliyin girdabında olanda “İstiqlal” ordeninə layiq görüldün...

1956-cı ildə Sənin buraxılış imtahanın. Həyəcan, nigaranlıq içində mayın 13-dəki konsertə hazırlaşırsan. Musiqi məktəbinin (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) əlaçı məzunu kimi filarmoniyada maestro Niyazinin dirijorluğu altında orkestrlə Raxmaninovun birinci konsertini pianoda ifa etdin. Uğurlu ifa, alqışlar, güllər... O gecənin təsiri altında Yusif “Güllər” hekayəsini yazır, Sənə həsr edir. “...Konsert bitir. Onu alqışlayır, gül-çiçək dəstələri bağışlayırlar. Ancaq oğlanın gözlərində sevinc yerinə qüssə görünür. Çünki həmin anlarda evdə xəstə yatağında olan atasını düşünür. O, aldığı gül dəstələrini sinəsinə sıxıb konsert salonundan çıxır. Evə tələsir. Atasını görmək, gül dəstəsini ona vermək ən böyük arzusudur bu anlarda...”.

Bu hekayənin qəhrəmanı Sənsən. Yataqda həyatının son günlərini yaşayan xəstə atan Səməd Vurğundur. Bu çıxışından düz on dörd gün sonra, 1956-cı il may ayının 27-də atan dünyasını dəyişdi. Konsertdə  Sənə verilən gül dəstələrindən hələ də güldanda qalanları vardı, sevinc rəmzi olan o güllər atanın tabutu önünə qoyuldu, “...Bəzən göz yaşı gətirir bir çiçək yağışı...”. Sənin xatirələrindən: “Həmin günlərdə çəkdiyim mənəvi ağrıları, sən demə, mənim qədər anlayan bir insan var imiş. Bunu qardaşımın “Güllər” hekayəsini oxuyanda başa düşdüm...”.

Atanın ölümü Xavərin, gənclik dövrünüzü yaşayan sizin şüurunuzda alışdığınız aləmin dağılması idi. Sən bu itkinin acısıyla yaşadın illər uzunu...                                                                                                                          

 Həmişə bir yana, bir yerə gedəndə           

məktub göndərərdin            

Londondan, Berlindən,         

Vroslavdan, Pekindən.                                                                

Nə bilim,   

dünyanın min yerindən      

məktubların gələrdi qapımıza.      

Zərflərə yapışdırdığın neçə ölkənin,

 neçə rəsmli markalarından

duyardıq əlinin istisini,

 toxunardı üzümüzə

cavan ölmüş Məhbub nənəmin

 Salahlıdan dünyaya getmiş

 qarayanız oğlunun nəfəsi...                                   

Sənin həyatda qarşılaşacağın bütün çətinliklərin arxasında gözəgörünməz ata boşluğu duracaq...

          ...Atamı  səslədim

             köməyə gəlsin,   

            gördüm yox,

           arada qəbir dayanıb...                      

Bir dəfə Səndən soruşdum:

- Vaqif, keçmişindən kiminlə görüşmək istərdin?

- İlk növbədə atamla.

- Nə soruşardın ondan?

- Qucaqlayıb öpərdim və soruşardım: “Nə vaxt ova gedirik?” Nə ədəbiyyat, nə siyasət yadıma düşərdi. Yalnız ov, çöl, qamışlıq, tüfəng... Ata istisi, ata nəfəsi, onun papiros çəkməyi, ağ bığlarının nikotindən saralması, yəni ata... ancaq bağrıma basardım...       

Bilirsən, Vaqif, mən əminəm, əgər siz atanızı 50 yaşında itirməsəydiniz, üçünüzün də – Yusifin də, Aybənizin də, Sənin də taleyiniz tamam başqa cür olardı...

Səmədin yoxluğuyla Xavərin gözündə dünya da kiçildi. O, otaqları bir-bir gəzir, dolaşır, Səmədin kabinetinə girərək saatlarla oradan çıxmır, Səmədin əli dəyən əşyalarla təkbətək qalır, onlarla danışırdı sanki. Bu kədərli məqamlar Xavərin rahatlıq tapmayan ruhuna bir qədər sakitlik gətirirdi. (Ömrünün sonuna kimi bu varlıq rahatlıq tapmadı). Ürəyi Səmədin soyuq torpaqda yatmasıyla barışmasa da, ağılı deyirdi: “İndi ailənin kişisi də, arvadı da sənsən. Sən güclü olmalısan”. Səmədin ölümündən sonra ailənin dağılacağını deyən, uşaqların qeyri-müəyyən gələcəyi haqda düşünən bədxahlara layiqli cavab ailənin möhkəmliyi ola bilərdi.

Yusif Qorki adına Moskva Ədəbiyyat İnstitutunun 5-ci kursundan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə keçdi. Evin böyük oğlunun Bakıda olması məsləhət görüldü. Vaqif Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsinin I kurs tələbəsi oldu, Aybəniz ADU-nun filologiya fakültəsində təhsil alırdı. Hər kəs öz işiylə məşğul idi. Ailə ətrafında səngimək bilməyən dedi-qodular onları tutduqları yolun düzgünlüyünə inamlarını artırırdı.          

Övladları analarının çəkdiyi ağrının ağırlığını duya bilməsələr də, ona qarşı diqqətli olmağa çalışırdılar. Çətinliklə də olsa, Xavər həyata qayıdırdı. Хavərin buz bağlamış ürəyini, evini ilk isidən Aybənizin qızının – ilk nəvəsi Aygünün dünyaya gəlməsi oldu. 40 yaşında hələ qadın xoşbəxtliyindən doymayan Xavər nicatını içində baş qaldıran ana, nənə hisslərinə bürünmüş sevgisində tapdı. Bir qədər sonra böyük oğlu Yusifin “evlənirəm” deməsi Səmədin ocağına gəlin gələcək fikrinin sevincini yaşatdı Xavərə. Bütün bunlar üçün, o, üstündən əskik olmayan Səmədin kölgəsinə, bir də Tanrıya minnətdar idi. Хavərin bütün həyatını uşaqlarının, nəvələrinin, xüsusilə yanında böyüyən Aygünün qayğısı, məhəbbəti tutmuşdu. Çətin günlərdə övladları korluq çəkməsinlər deyə Səmədin ona aldığı zinət əşyalarını satıb, onlara xərcləyirdi. Övlad nə qədər balacadır, valideyndən asılı olur. Valideyn yaşlananda doğmalarının diqqətinə ehtiyac duyur. Çünki insanı həyata bağlayan ən ümdə səbəb onun lazımlılığı, istənilməsidir, xüsusən də yaşlananda. Xavər də müstəqil həyata qədəm qoymuş, ailə sahibi olan uşaqlarından etdiklərinin müqabilində az da olsa cavab görmədikdə qəlbində baş qaldıran gərəksizlik hissi onu sovurub xatirələr məskəninə, Səmədli günlərinə aparırdı. İnciyirdi, küsürdü özündən, taleyindən, uşaqlarından. Ancaq ana ürəyidi, uzun sürmürdü narazılığı.    

Tale 80 yaşlı Xavər xanıma daha bir ağır zərbə vurdu. Oğul itkisini, Yusifin yoxluğunu yaşatdı ona. Sən dedin: “Anama baxıram, qucağı boşalıb, üç qarın doğsa da, sonsuz qadına bənzəməyə başlayıb...”. Xavər xanım son illərini Səmədlə ruhlarının qovuşacağı günün həsrətiylə yaşadı. “100 il Vurğuna Xavər yar olsun” deyən şairin arzusunun çin olmasına 2 ay 15 gün qalmış, 2006-cı il yanvarın 6-da, o, çox sakit, rahat bu dünyadan köçdü. “Mən Səmədi özütək sevməyi ölümündən sonra öyrəndim”, - deyən Xavər xanım şairin vəfatından sonra onun soyadını götürdü, bir nişan üzüyü alıb, içinə özünün və Səmədin adını yazdırdı. Vəsiyyət etdi ki, öləndə Səmədin şəklini, həmin nişan üzüyünü sinəsinin üstünə qoyub dəfn etsinlər. Lakin molla məsləhət görmədi. İndi həmin üzük Səməd Vurğunun ev muzeyində, Xavər xanımın guşəsində saxlanılır.  

Xavər xanım muzeydən götürüldü. Onu yola salmağa xeyli adam gəlmişdi, elə bil bütün Bakı  Səməd Vurğunun Xavəri ilə vidalaşırdı. Ananın itkisini Sən özünəməxsus tərzdə ifadə etdin:

           Səksən səkkiz yaşında

dəyişdin dünyanı.             

  Altmış altı yaşımda

  basdırdım səni.

  Səksən səkkiz – sən, 

   altmış altı – mən,

   Ana,    

  tez kəsdin məni süddən...   

Xavər xanım mənim anamdan sonra köçdü dünyadan. Onunla birgə həyatımızdan sonuncu ana qayğısı da getdi, baxmayaraq ki, Sən baba idin, mən nənə.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2026)                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.