XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
7-Cİ DƏRC
Sənin xatirələrindən: “Atam Azərbaycan SSRİ Kommunist Partiyasının birinci katibi İmam Mustafayevə (1954-1956) məktub yazıb qoymuşdu. Məktubda hansı məsələlərə xüsusi diqqətin ayrılmalı olduğunu yazırdı: “Yollara, Azərbaycanın kənd rayonlarına, kiçik vətənim Qazağı unutmamaq, Cənubi Azərbaycan məsələsinə... Taxıl, taxıl, yenə də taxıl... taxıl məhsulunu artırmaq...
“Çörək bol olarsa, basılmaz vətən”, - deyərək, əminliklə vurğulayırdı: “Pambıqsız dolanmaq olar, çörəksiz yox...”
Səməd Vurğun ailəsinə, uşaqlarına bağlı idi. Qayğıkeş ər, ata idi. Əgər Xavər xanım uşaqlarına qarşı tələbkar idisə, Səmədin övladlarına verdiyi tərbiyə yalnız öz nümunəsi idi. O, uşaqlarıyla təkcə valideyn kimi yox, həm də yaxın bir dost kimi davranırdı. Öz övladlarına zorla nələri isə diqtə eləməyə cəhd göstərməzdi. Hər hansı bir problem olanda onu yalnız əmin-amanlıqla yoluna qoyardı. Onunla məsləhətləşmək işin xeyrinə olurdu.
Sənin xatirələrindən: “Ömrüm boyu çox yazıçılar, şairlər, alimlər, siyasi xadimlərlə durub-oturmuşam, ancaq daxilən Səməd Vurğun qədər demokratik adam görməmişəm. Musiqini sevirdi. Mənə Baxın “Fuqo”sunu, “Xoral”ını...” çaldırırdı. Qazax Seminariyasında skripka, saz, tütək çalmağı öyrənmişdi. Muğamatlarımızı, aşıq havalarını çox yaxşı bilirdi. Caz musiqisinin həvəskarı olmasa da, mənim caz çalmağıma mane olmurdu. Vaqif Mustafazadə və başqa məktəb yoldaşlarım yığışırdılar bizə, bəzən səhərə kimi caz çalardıq. Atam bir dəfə demirdi ki, bəsdirin, başım partlayır. Anam etiraz edəndə onu sakitləşdirərdi: “Xavər, təki çalsınlar, evdə, yanımızda olsunlar, qoymasaq, başqa yerə gedərlər...”.
Sən uşaqlıqda atanın nüfuzlu insan olduğunu hiss edirmişsən, həm də görürmüşsən ki, Stalin ondan böyükdür. Ona görə də Stalinin ölümünü arzulayırmışsan...
- Nuşa, uşaq idim, düşünürdüm, nə qədər Stalin sağdır, atam birinci şəxs ola bilməz...
- Elədir, Stalinin nüfuzuyla müqayisə olunmasa da, Səməd Vurğun 40-50-ci illərdə SSRİ məkanında ən çox tanınan, sevilən azərbaycanlı idi. Onu Moskva küçələrində tanıyır, salamlaşırdılar.
- Ətrafdakıların ona olan münasibətini, hörmətini, müəyyən mənada mifə çevrilməsini gözlərimlə görmüşəm. Moskvada, Sovet respublikalarında Səməd Vurğunu respublikanın nümayəndəsi kimi yox, özlərinə bərabər bir insan, böyük sənətkar, yaxın dost kimi qəbul edirdilər. Səməd Vurğun dostluq etməyi bacarırdı. Fadeyev, Şoloxov, Simonovla isti münasibətlər qurmuşdu. Sovet respublikalarında, Şərqi Avropa ölkələrində əziz qonaq idi. Onun əlaqələri Azərbaycan ədəbiyyatına, bütövlükdə mədəniyyəti və elminə çox şey verdi... Fadeyevin həyat yoldaşı Anqelina Stepanova deyirdi ki, insanın xarici görünüşünə görə onun hansı peşənin sahibi olduğunu demək çətindir. Yalnız iki nəfər – Boris Pasternak və Səməd Vurğun haqqında onların şair olduğunu səhvsiz demək mümkündür.
- Səməd Vurğunun yaddaqalan siması, xarizması ilə bağlı Sənin Londonda yaşadığın təsirli hadisəni xatırladım.
- 2002-ci ildə Milli Məclisin nümayəndə heyəti – deputatlar Səməd Seyidov, Asim Mollazadə, Azər Qasımov və mən Londonda olarkən İngiltərə parlamentinin deputatları bizi şam yeməyinə dəvət etdilər. Bizi ingilis deputatlarına təqdim etdilər. İlk olaraq məni təqdim edəndə, “Səməd” adını eşidən 90 yaşlı lord mənə diqqətlə baxıb, dedi: “Siz ikinci Səmədsiz ki, Tauerin qapısından keçirsiz. SSRİ-dən Suslovun rəhbərliyi ilə parlament üzvləri gələndə (1947-ci ildəki səfər nəzərdə tutulur), mən onda lordlar palatasında idim, nümayəndə heyətinin içində Bakıdan Səməd də vardı. Bizim qrupdan kimsə dedi: “Bu həmin Səmədin, Səməd Vurğunun oğludur”. “Mən elə də təxmin etdim. Siz atanıza oxşayırsız”, – deyən lord onun yanında oturmağı təklif etdi”.
Bu hadisəni eşidən Xavər xanım çox pərişan halda: “Səməd, Allah sənə rəhmət eləsin, uzaq İngiltərədə də yaddaşlardasan... yarım əsrdən çox vaxt keçib...”, – dedi.
Səməd adı Xavər xanımı nə qədər qürurlandırsa da, onun qəmə bürünmüş təəssüfünü də görməmək mümkün deyildi. Onun təəssüf hissinin dərinliyində gənc ikən itirdiyi ərinin, şair ömrüylə insan ömrünü qat-qat üstələyən Səmədinin yoxluğuyla heç cürə barışmaq istəməməsi gizlənirdi...
Səməd Vurğun ilk dəfə Xavəri sevimli şair, pedaqoq Abdulla Şaiq Talıbzadənin evində görüb vurulub. Abdulla Şaiq Xavərin böyük bacısı Şahzadə xanımla evli idi. O zaman Хavər 14 yaşında olub. Səmədin evlənmək istəyində inad etdiyini görəndən sonra böyüklər onların görüşməyinə icazə veriblər. Bu razılığın alınmasında “Səməd istedadlı şairdir, böyük gələcəyi var”, - deyən Hüseyn Cavidin də böyük rolu olub. Şaiq əfəndinin evində təşkil olunan görüşdə Xavərə keçdiyi çətin və əzablı həyat yolundan danışan, qarşısına çıxan qızların kasıb olduğu üçün onunla ailə qurmaqdan imtina etdiklərini söyləyən Səməd gənc qızı çox kövrəldib, eşitdiklərindən ürəyi yumşalan Xavər tərəddüd etsə də, şairlə ailə qurmağa razılıq verib. Həmin axşam Səməd gənc sevgilisinə məktub göndərib.
...Üzümə ilk dəfə gülən sən oldun,
Şairin qədrini bilən sən oldun.
...O gün qapınıza gəldi çoxları,
Fəqət sən dedin ki, ölməz sənətkar,
Mənim ölməzlərə məhəbbətim var.
İki il nişanlı qalandan sonra 1934-cü ildə Səmədlə Xavərə toy məclisi qurulub. O unudulmaz günü Xavər xanım tez-tez xatırlayırdı. Kimlər olmayıb o toyda. Anası Bikə xanımın açdığı təmtəraqlı toy süfrəsinin ətrafına Abdulla Şaiq, Mikayıl Müşfiq, Hüseyn Cavid, Mirzə İbrahimov, Sabit Rəhman, Mehdi Hüseyn, Yusif Vəzir Çəmənzəminli və o dövrün digər tanınmış şəxsləri yığışıb. Məclisin tamadası Əhməd Cavad olub. Xanəndə Hüseynağa Hacıbəyovun tarzən Qurban Pirimovun müşayiəti ilə oxuduğu təranələr toya xüsusi rəng qatıb.
Toy məclisinə bir dəstə qızın əhatəsində daxil olan ağ paltarlı, saçları ağ çiçəklərlə bəzədilmiş gənc gəlini görən Müşfiq ayağa qalxaraq, onun şərəfinə şeir deyir:
Gecəyə Aydımı, bəy gəlib çıxdı,
Günəşmi, yanında gəlinə bir bax!
Taledəndimi bu, qənirsizdilər
Çəmənmi, əlində gülünə bir bax!
Bu el, bu obanın əziz Xavəri,
Olmaz mələklərdə tay bərabəri,
Çağırın, kimlərin yoxdu xəbəri,
Səmədə saldığı meylinə bir bax!
Şairlər yığnağı qan qardaşıdı,
Səməd bəy bu gülün sarmaşığıdı.
Xavər məclislərin yaraşığıdı,
Sünbülmü, süsənmi, telinə bir bax!
Bu yerdə alqış sədaları altında süfrəyə gətirilən plov dolu buludlara baxan Müşfiq gülə-gülə şeirini tamamlayıb:
Plov gəldi, Müşfiq, təbin dayandı,
Boşqablar səsləndi, məclis oyandı.
Alın çəngəlləri, o yan-bu yandı,
Boşqabın içinə, çölünə bir bax!
O gündən Səmədlə Xavərin birgə enişli-yoxuşlu ailə həyatı başlayıb. Xavər Səmədin ömrünə gözəllik gətirdi. Öz ailəsindən ilham alan şair daha məhsuldar işləyir, kitabları çıxdıqca ailənin ruzi-bərəkəti də artırdı. Səməd ömrünün sonuna kimi onun sevgisini rədd etmədiyinə, həyatda, sənətdə əldə etdiyi uğurlara görə Xavərə minnətdar oldu, qiymətli hədiyyələri ondan əsirgəmədi.
Onların həyatı çox ağır, çətin, sıxıntılarla, əsəb sarsıntılarıyla, haqsızlıqlarla dolu bir dövrə təsadüf etdi. O illərin ağrı-acısını Xavər də Səmədlə birgə yaşadı. Xalqın tarixi, keçmişi ilə bağlı yazdığı əsərlər ona baha otururdu. Millətçilikdə ittiham edilən Səməd Vurğun keçən əsrin 30-40-cı illərində təqib olunurdu.
– Nuşa, o kritik illərdən atamı onun səcdə qıldığım iradəsi çıxara bildi, bir də az da olsa ov...
Ovçuluq Vəkilovlarda nəsildən-nəslə keçib. Səməd Vurğunun ulu babası, atası Yusif ağa mahir ovçu olublar. Yusif ağa ova tüfənglə yox, qızılquşla çıxırmış. Ata-babalarının ovçuluq ənənəsi Səməd Vurğuna, ondan da Sənə keçib.
-Atam peşəkar ovçu, çox sərrast atıcı olub. Ov ona təkcə həvəsinə, marağına görə yox, həm də səhhətinə, əhval-ruhiyyəsinə görə lazım idi. O, heç olmasa, həftədə bir dəfə gərgin mühitdən aralanmalı, şəhərdən çıxmalı, təbiət qoynuna üz tutmalı idi. Ov ona hava-su kimi vacib idi. Ovla məşğul olmasaydı, Səməd Vurğun 50 yox, bəlkə də 40 il yaşayardı...”.
Xavərlə Səmədin üç uşağı dünyaya gəldi. Yusif, Aybəniz və Sən. 1935-ci il dekabrın 25-də doğulan ilk övladına Səməd atasının adını qoydu – Yusif. Onu “dədə” deyə çağırırdı. Yusifdən iki il sonra, 1937-ci il sentyabrın 9-da dünyaya göz açan Aybəniz Səmədin ən çox sevdiyi övladı idi. Lap uşaqkən anasını itirmiş Səməd Vurğun bu həsrətinə Aybənizlə son qoymuşdu. İki il sonra, 1939-cu il iyunun 5-də Sən dünyaya gəldin. Mikayıl Müşfiq və Frederik Qarsia Lorka ilə bir gündə.
Sizin hər üçünüzü Poeziyaya, Musiqiyə olan sevgi birləşdirir. Gitara səsini ispan poeziyasına hopduran Lorka, tar nəfəsini, “tar” sözünü şeirimizə qaytaran Müşfiq, klassik və caz musiqisini poeziyamıza gətirən Sən – Vaqif Səmədoğlu...
Lorka Franko diktaturasının, Müşfiq isə Stalin diktaturasının qurbanı oldu. Sən özünə qeyri-adi tərcümeyi-hal yazaraq, mənən onların aqibətini yaşadın: “Doğuldum 1939-da, tutuldum 1937-də...”.
Bir dəfə Səndən Müşfiq poeziyası haqqında fikrini soruşdum. Üzündəki ifadəni unuda bilmirəm. Təəssüflə, ürək yanğısıyla dedin: “Təpədən dırnağa şairdir. Hər nəfəsi, hər sözü yüksək poeziyadır. Heyif ondan...”.
Sən doğulandan cəmi bir neçə saat sonra Səməd doğum evinə, Xavərə bir şeir çatdırdı. İlk misraları belə idi:
Demək oğlumuzun Vaqifdir adı!
O da olacaqdır şeirin ustadı!
- Atanın şair fəhmiylə dediyi bu sözlər, o zaman bir ata arzusu kimi səslənsə də, Sənin gələcək taleyini müəyyən etdi.
- Məni ilk dəfə bu dünyada şair kimi elan edib, adımı qoyan və tanıyan adam məhz Səməd Vurğun olub. Halbuki, mənim də həyatım təsadüflərdən yoğurulmuş bir insan taleyidir, ancaq genetik amilləri də kənara qoymaq olmaz...
Lakin Sən dünyaya gəlməyə də bilərdin (bunu heç təsəvvür etmək belə istəmirəm!). Burada bizim talelərimiz çox oxşardır. Axı mənim də ailənin üçüncü övladı kimi, doğulmağım planlaşdırılmayıb. Üçüncü uşaq valideyndən, xüsusən də, anadan artıq zəhmət, qüvvə, vaxt tələb etdiyindən bəzən arzuolunmaz olur. Xavər xanım danışırdı ki, üçüncü uşağa hamilə qalanda, Səmədin etirazına baxmayaraq, necə olursa olsun ondan azad olmaq qərarına gəlib. Məlumdur ki, 1936-cı ildə SSRİ-də yaranmış mürəkkəb demoqrafik vəziyyət hakimiyyəti abortlara qadağa qoymağa məcbur etmişdi. Buna riayət etməyənləri – istər həkim olsun, istərsə də hamilə qadın – həbs cəzası gözləyirdi. Bu qadağalar çoxlu qadın ölümünə səbəb olan qeyri-leqal abortların sayını artırmışdı. Ancaq heç bir qadağa Xavəri qərarından döndərə bilmədi. Soraqlaşıb təcrübəli bir həkim taparaq Səmədlə onun qəbuluna getdi. Xavər prosedurun başlamasını gözlədiyi vaxt əllərini yuyub, ona yaxınlaşan həkim bərkdən asqırır. Tək səbr gətirir. Əlamətlərə inanan Xavər yerindən sıçrayaraq: “Yox, doktor, fikrimi dəyişdim, tək səbrin düşər-düşməzi olur”, - deyib, otaqdan çıxır. Qapının ağzında onu gözləyən Səməd işin nə yerdə olduğunu biləndə sevincək içəri keçib, həkimi bərk-bərk qucaqlayır. “Çox sağ olun doktor, nə yaxşı oldu, siz asqırdız, tək səbr gətirdiz”, – deyərək, çaşbaş qalmış həkimin böyük burnundan öpür. Xavərə də həmin gün bir üzük alır.
Anamın məni “məhv etmək” planını isə əmim arvadı alt-üst edib. Gəncədən gələn əmim arvadı anama səhər Qoriyə, atamın yanına gedəcəklərini bildirdikdə, anam məsələni ona danışır, səhər həkimə gedəcəyini söyləyir. Əmim arvadı Qoridə də həkimlərin olduğunu deyir. Anam tanımadığı yerdə, tanımadığı həkimlərə abort etdirməyə qorxur, sonradan məsələdən agah olan atam da anamı fikrindən daşındıra bilir. Hə, Vaqif, Sən bu dünyaya gəlməyinə görə tək səbrə minnətdar olmalısan, mənsə əmim arvadının gözlənilməz gəlişinə. Deyirlər, təsadüf olmur, qanunauyğunluq olur. O qanunauyğunluq ki, bizə – iki ailənin sonbeşiyinə, çox illər sonra onların görüşməsi üçün hər birinə ömür payı bağışlayıb...
“Ədəbiyyat və incəsənət”
(30.09.2026)


