Esmira Abdullayeva,
“Ədəbiyyat və incəsənət”
Ədəbiyyatımız milli ruhu və milli düşüncəni amal etməli, millətə aid məsələləri kiçik də olsa insanlıq səmasında bir göy qurşağı halına gətirməlidir.
Ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir.
Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə yalnız onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.
26 sentyabr 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikası M.S.Ordubadi adına kitabxanada ədəbiyyatın,sözün işığına toplaşanlar şahid oldular ki, cəmiyyətın tərəqqi etməsi hər şeydən əvvəl dil və ədəbiyyatın tərəqqisi ilə bağlıdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist, "Kitablar Birliyinin" rəhbəri qismində bəndəniz - Esmira Abdullayeva və yazıçı-publisist Təranə Arifqızının rəhbərliyi altında fəaliyyət göstərən "Zərif Qadınlar" ədəbi qrupunun birgə layihəsi çərçivəsində "Söz sərhəd tanımır" adlı ədəbi tədbir həyata keçirildi.
Bu tədbir sadəcə ədəbiyyatın, söz adamlarının görüşü deyildi.
Bu tədbir iki şəhərin, iki ədəbi mühitin, iki Qadın Birliyinin dostluğa, yoldaşığa atdıqları uğurlu addım idi.
Tədbirdə Kitablar birliyinin üzvlərindən Nigar Səttarzadə, Mehriban Məmmədova, Sevil Ülvi, Rəna Cəbrayılova, Elmira Kərəmova və digərləri söz alaraq çıxış etdilər.
Sonra Naxçıvan Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar tədbir iştirakçılarını salamlayaraq, Naxçıvanda yazıb-yaradan ədəbiyyat, söz adamları haqqında məlumat verdi.
O öz çıxışında həmçinin gənc şair və yazıçılara dəstək olaraq, onların daima yanında olduğunu bildirdi.
Tədbirdə şair-publisist Sevinc Azadlı, Naxçıvan ədəbi mühitinin dəyərli nümayəndələri, şair-qəzəlxan İman Naminin rəhbərliyi ilə fəaliyyət göstərən “Sehirli misralar” ədəbi qrupunun bəy yazarları da şeir ovqatları ilə tədbir iştirakçılarını salamladılar.
Həmin gün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən M.S.Ordubadi adına kitabxana qapılarını söz aşiqlərinin üzünə açmışdı.
Tədbirdə Naxçıvanın digər ziyalı, gənc yazıçı və şairləri də söz aldılar.
Ən böyük qürurumuz isə torpaqlarımız uğrunda şəhid igidlərimizin yaxınlarının tədbirdə iştirakı idi.
Tədbirdən sonra torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs məzarlarını ziyarət etdik. Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ruhları qarşısında ehtiramla baş əydik, dualar oxuduq. Qardaş Türkiyə Cümhuriyyətinin şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etdik.
Bu görüşdə “Kitabçılar Birliyi” və “Zərif Qadınlar"- ədəbi qrupu kitablar vasitəsilə insanların düşüncələrini vəhdət halında birləşdirən və onların arasında sıx ünsiyyət yaradan mənəvi körpünün təməl daşını atdılar.
Arzu edirik ki, bizi bir araya gətirən bu mənəvi körpünün sütunları dərin və bərk olsun!
Yaşasın sərhəd tanımayan Söz!
Yaşasın Qadın birliyi.
“Ədəbiyyat və incəsənət”
(30.09.2026)


