Mütaliə saatında Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

6-CI DƏRC                                                          

                                                                                 

Gündəliyindən: “Şükür, atdım yalqızlığın daşını...”

Yeddiillik tanışlığımızdan sonra mart ayında münasibətimiz rəsmiləşdi, möhürümüz vuruldu. Sonralar itirilən illərçün məni qınayacaqdın. Sən mart ayını həyatının ən uğurlu ayı hesab edirsən. 13 mart Ananın, 21 mart Atanın, 14 mart Anarın, 24 mart Mənim – həyatında mühüm rol oynamış insanların və 16 mart dostun Vaqif Mustafazadənin doğulduğu aydır. Buna görə mart çıxdı, dərd çıxdı atalar sözüylə heç cür razılaşmırdın...  

Sənin ailə qurmaq qərarına ürəkdən sevinənlərdən biri də anan Xavər xanım idi. O, Sənin yeni qurduğun ailəyə şərait yaratmaqçün birgə yaşadığınız Xaqani, 26 ünvanındakı ikiotaqlı mənzilindən qonşu binada yaşayan qızı Aybənizin evinə köçdü. Bir müddət sonra oradan onunçün doğma olan muzeyə, muzeydən də son mənzilə... Хavər хanım haqda danışmaq istəyirəm...

Xavər xanımla tanış olmaq üçün Sən məni evinizə dəvət etdin. Məni gülər üzlə qarşılayan Xavər xanımın eynəyinin arxasından zillənən baxışları məni xeyli “tədqiq” etdikdən sonra (İlahi, bu zaman Sən necə də anana oxşayırdın!), tilsimlənmiş nəzərlərini məndən çəkər-çəkməz təzə gəlini bəyəndiyini söylədi. İlk baxışdan Xavər xanımın səliqəli görünüşü, saç düzümü, zərif manikürü məndə xoş təəssürat yaratmaqla bərabər, yaşı 80-ə yaxın olan bu qadının özünə bu cür baxması ona qarşı məndə böyük rəğbət oyatdı. Gənclik yaşlarından zövqlə geyinməyi xoşlayan Xavər xanım qarşı tərəfin də bu xüsusiyyətinə fikir verirdi. Bu yerdə Sənin danışdığın əhvalat yadıma düşdü: “1986-cı ildə Moskvada Səməd Vurğunun 80 illiyi İttifaqlar Evinin “Sütunlu zal”ında keçirilirdi. Həmin gecədə Heydər Əliyev (o zaman o, SSRİ Nazirlər Sovetinin sədr müavini idi) və Yeqor Liqaçov (Sovet İttifaqı Kommunist Partiyasının katibi) da iştirak edirdilər. Rəsmi və bədii hissədən sonra Səməd Vurğunun ailəsini səhnə arxasına çağırdılar. Orada Heydər Əliyev və Liqaçovla görüşdük. Ayaqüstü söhbət etdik. Liqaçov Səməd Vurğun haqda, onun şeirləri haqda çox danışdı. Heydər Əliyev də söhbətə qoşulurdu. Sonra Siyasi Büronun gecə iclasının olması səbəbindən banketdə iştirak edə bilməyəcəklərini bildirib, bizimlə sağollaşdılar. Biz “Sütunlu zal”dan çıxanda birdən Xavər dedi: “Balam, mən bu yaşa çatmışam, hələ belə sırtıq adam görməmişəm”. Biz çaşıb qaldıq. “Mama, kimi deyirsən?” Xavər təəccüblə: “Necə kimi, Heydər Əliyevin şoferini deyirəm də. Görmədiz necə çox danışdı Səməddən. Sən kimsən ki, o boyda kişinin (Heydər Əliyevi nəzərdə tuturdu) yanında bu qədər danışırsan?”

Yusiflə mənim yorğunluğum keçib getdi. Görünür, Liqaçovun görünüşü Xavərə çox adi görünmüşdü...”.

İmkanlı ailədə dünyaya gələn Xavər xanımın əsli Dərbənddəndir. Atası Əhməd bəy Mirzəbəyov Dərbənddə bank xəzinədarı olub. Ailə Bakıya köçəndən sonra Əhməd bəy dünyasını dəyişib.  Bikə xanım kiçik qızı Xavərin qardaşı Yunus bəyin ailəsində böyüməsinə etiraz etməyib. Rusiyada mükəmməl təhsil alan Yunus bəy maliyyəçi idi. Gözəl, nəcib əmisi qızı Tutu xanımla ailə qurmuşdu. Onların öz övladları olmamış və bütün sevgilərini balaca Xavərə vermişlər. Uşaqlıqdan sevgi, qayğı, diqqət içində böyüyən Xavər ömrünün sonuna kimi Yunus bəyi “papa”, Tutu xanımı “mama” deyə çağırmışdı. Valideynləri qızcığazın istəyi ilə onu musiqi məktəbində fortepiano sinfinə qoymuş, burada Xavər gələcəyin böyük musiqiçiləri – Qara Qarayev, Cövdət Hacıyev və Tofiq Quliyevlə birgə təhsil almışdı. Sənə pianoda ilk notları Xavər xanım göstərmişdi. Tutu xanımın vaxtsız ölümü yeniyetməlik dövrünü yaşayan Xavər üçün çox sarsıdıcı olub. Baxmayaraq ki, o vaxtdan xeyli müddət keçmişdi, Xavər xanım Tutu xanımı, Yunus bəyi xatırlayanda dodaqlarına təbəssüm qonur, gözləri dolurdı.    

Bizim ilk tanışlıqdan Xavər xanımla söhbətimiz tutdu. Xavər xanım gah Sənin qayğıkeşliyindən, əliaçıqlığından həvəslə söz açır, gah da özünün Sənə göstərdiyi qayğısından, bağlılığından danışırdı. Sənin vərdişlərini sadalamağı da unutmurdu. Xavər xanım arabir kövrəlsə də, bu söhbətləri özünəməxsus yumorla etməsi mənim də həyəcanımı yavaş-yavaş azaldırdı. “Qızım, yemək sarıdan Vaqif heç adamı incitmir. Daşdan yumşaq qabağına nə qoysan, yeyəcək” deməsi Səni nədənsə hirsləndirdi. “Mama, əhsən sənə, adam da oğlunu gəlinə belə tanıdar?” Xavər xanımın bir az pərt olduğunu görüb, vəziyyəti yumşaltmağa çalışdım: “Vaqif, niyə hirslənirsən, əksinə maman Səni təriflədi, demək istədi ki, yemək sarıdan vasvasılığın yoxdur”. Sən mənə baxıb, gülümsündün. Xavər xanımın narahatlığını başa düşmək olardı. Uğursuz nikahdan sonra 16 il ona sığınmış, həyatının ziddiyyətli, keşməkeşli çağını onunla yaşamış oğlunun nazını çəkən ana indi onu “yad” əllərə verməyin həyəcanını yaşayırdı. “Vaqif ağzımda dilimdir, qızım, ondan muğayat ol, sənə tapşırıram onu. Göydə Allahdırsa, yerdə sənsən indi onun pənahı”. Qulağımda ana yalvarışı kimi səsləndi. Evliliyimizdən xeyli vaxt keçdikdən sonra Xavər xanımın: “İndi mən rahat ölə bilərəm, Vaqif sarıdan arxayınam”, – deməsi isə qayınananın gəlininə verdiyi ən yüksək qiymət sayıla bilər. 

Bu sözlər mənə necə də tanış idi. Nənəm də qohum-qonşuyla söhbətdə anama olan razılığını belə bildirirdi. Nənəmlə Xavər xanımın oxşar xüsusiyyətləri çox idi. O cəhətlər də nənəmdən atama, Xavər xanımdan Vaqifə keçmişdi. Bədxərcliyə qədər yüksələn əliaçıqlıqları, çox narahat adam olduqlarından bütün işlərini axırıncı dəqiqəyə saxlamamaları... Bir sözlə, əsl nizam-intizam əhli idilər. Vaxtlarına hörmət qoyurdular. Hər yerə – istər toy-qonaqlıq olsun, istər yas, dəqiqliyi sevirdilər, vağzala ya hava limanına 2-3 saat qabaq getməli idilər. “Dəqiqlik şahlara xas nəzakətdir” deyimini sübut edə-edə...                          

Biz evləndikdən sonra Хavər хanım bizə tez-tez gələrdi. O zaman Sənin müntəzəm gəlirin yoх idi. Хavər хanım “oğlum gəlinin yanında başıaşağı olmasın” düşüncəsi ilə heç vaхt bizə əliboş gəlməzdi. Sənin sevdiyin kolbasadan, pendirdən və sairə ərzaqlardan alar, cibinə pul da qoyardı. Gündəlikdən: “Anam gəlmişdi bu gün. Yumurta, yağ, toyuq gətirib. 57 yaşlı oğula...”  Mən də öz tərəfimdən onu razı salmağa çalışır, ürəyindən keçən yeməkləri bişirərdim. “Ay gəlin, sənin bişirdiklərindən anam Bikəxanımın yeməklərinin dadı gəlir”, – deyə məni tərifləyər, onun yaşlı vaxtına düşdüyümdən mənə istədiyi diqqəti yetirə bilmədiyi üçün heyifsilənərdi. Ancaq bir dəfə öz yüksək xanımlıq bacarığını göstərməyə macal tapdı. Səni, Mirvarini və məni muzeyə şam yeməyinə dəvət etdi, unudulmaz bir gecə yaşatdı bizə. Masa onun zövqü ilə bəzədilmişdi. Gümüşü qablara qoyulmuş müxtəlif içli piroqlar, şirniyyatlarla, çərəzlərlə dolu süfrə göz doydururdu. İçməyə kakao, kofe, çay təklifi... Sən royal arxasına keçəndə, bayaqdan sevincinin həddi-hüdudu olmayan Xavər xanım kövrəldi. “Qızım, heyif ki, ailəmizin bir yerdə olduğu xoşbəxt günləri görmək sənə nəsib olmadı”, – deyərək, o göz yaşlarını sildi.                    

Həmin gün qarşımda vaxtıyla dövrünün tanınmış adamlarını düzəltdiyi təmtəraqlı ziyafətlərlə məftun edən mötəbər bir xanım dururdu. Hökmlü Xavər xanım. (Yaşlandıqca yumşalsa da). Xavər xanımın söhbətinin əvvəli də, sonu da mütləq Səmədin adıyla bağlı olurdu. “Qonaqlı-qaralı olub, qızım, Səmədin evi həmişə. Biz onda Fioletov küçəsində (indiki akademik Əlizadə küçəsi) yaşayırdıq. Kimlər olmayıb bizim o evdə. Təkcə tanınmış yazıçı, şair, bəstəkarlar yox, başqa peşə sahiblərindən tutmuş sadə adamlara kimi. Vaqifin onda 4-5 yaşı olardı, müharibə vaxtı idi, Sovet İttifaqı Qəhrəmanları, Şimal qütbünü fəth edən İvan Papanin, Otto Şmit bizə gəlmişdilər. İran şahı Məhəmməd Rza Pəhləvinin bacısı Əşrəf xanım, daha kimlər olmayıb bizdə... Qazax, Ağstafa, Borçalı, Sadıxlının çobanları evimizin qapısını döyürdülər tez-tez. Səmədin evinin gediş-gəlişli olduğunu görən zarafatcıl Süleyman Rüstəm evə “kolxoz kostinsası” adı qoymuşdu. Çox səxavətli, xeyirxah, rəhmdil idi Səməd, qızım. Quba, Qusar rayonlarından SSRİ Ali Sovetinə deputat seçilmişdi. O zaman müharibədən yenicə çıxmış camaatın əsas neftə, çaya, şəkərə, qaloşa çox böyük ehtiyacı vardı. Hər iki aydan bir Səməd “Sudabekir” maşını öz hesabına mallarla doldurub o rayonların əhalisinə göndərirdi. Neçə-neçə adamın elmə gəlməsi onun adıyla bağlıdır. Başqa şəhərlərə oxumağa göndərilənlərə, imkansız ailələrə kömək edirdi. Yoxdur indi elə kişilər, qızım, yoxdur”,  –  deyib, Xavər xanım sükuta qərq oldu.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2026)                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.