XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR
“Ədəbiyyat və incəsənət” portalı Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.
Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.
Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.
5-Cİ DƏRC
Münasibətimiz ciddiləşir, amma tərəddüdlərim də artırdı. Haradasa inamsızlıq da vardı. Yadındamı, telefonda özünəməxsus etdiyin sevgi etirafı: “Mənim çoxdankı arzum idi sənin kimi qadına rast gəlmək, bilmək ki, harda olmağımdan asılı olmayaraq məni gözləyəcək, yükümü daşımaqdan çəkinməyəcək”.
Yaman qorxdum axı bu sözdən, onun ağırlığından. Öz sərbəstliyimi itirməkdən. Tez-tələsik: “Elə mən də yükümü daşımağa adam axtarırdım”, – dedim. Araya düşən dərin sükutdan sonra: “Mı s toboy dva bereqa u odnoy reki, i im nikoqda ne soytis, (biz səninlə heç vaxt birləşə bilməyəcək bir çayın iki sahiliyik )” –deyib, sağollaşdın. Bilirəm, incitdim Səni bu sözlərimlə. Axı Sən bu cavabı gözləmirdin məndən. Dediklərimin sənin kimi həssas adama necə pis təsir etdiyini təsəvvür etmək çətin deyil. Yuxun da qaçıb, bəlkə tənhalığın etibarından bir şeir də yazmısan...
...Bilmirəm,
bilmirəm nədən başlamaq lazımdır,
həyatdan, ya ölümdən,
yoxsa yenə, yenə də oturub,
ikisini də gözləmək lazımdır
bəxtin qapısı ağzında?
Aramızda yaranan soyuqluq çox sürmədi. Bir müddət keçəndən sonra yenidən bir yerdə olmaq təklifi və yenə də tərəddüdlər. 1993-cü ilin iyun ayında ayrıldıq, sözsüz-söhbətsiz...
Bilirsən, bu ayrılığın mənimçün belə çətin başa gələcəyini heç ağlıma gətirməzdim. İşlə başımı qatmağa çalışdım, əlavə tərcümələr də götürdüm. Eyni zamanda, yenidən xaricə işləməyə getmək fikrinə düşdüm. Oxuduğum bir fikir çox yerinə düşmüşdü: “Əgər kiməsə inamın yox, şübhən var, ondan uzaqlaş, azad burax onu. Əgər o sənindirsə, mütləq qayıdacaq və heç vaxt səni tərk etməyəcək, qayıtmayacaqsa, deməli, heç vaxt sənin olmayıb...”
1994-cü il dekabrın 12-də bacım Esmira mənə zəng edib, İstanbulda yaşayan Emin Sabitoğlunun хanımı Хədicə Abbasova ilə danışdığını dedi. Bacımla Xədicə mərhum pianoçu Gülarə Əliyevanın rəhbəri olduğu “Dan ulduzu” instrumental ansamblında çalışdıqları vaxtdan tanış idilər. Xədicə xanım Sənin Anar və bir neçə başqa həmkarınla İstanbulda ezamiyyətdə olarkən (1994-cü il dekabrın əvvəllərində) onlara qonaq getdiyinizi deyib və aranızda olan söhbəti danışıb. Sən Хədicənin “Niyə evlənmirsiz?” sualına sevdiyin qadınla küsülü olduğunu, onun daha heç vaxt Səni qəbul etməyəcəyini söyləmisən. O qadının kimliyi ilə maraqlanan Хədicə “Nüşabə” adını eşitdikdə məhz məni təsəvvür edib, Esmiranın bacısı olduğumu bildikdə isə yanılmadığına əmin olub.
Bu хəbər gözlənilməz olsa da, məni təəccübləndirmədi. Beşillik münasibətlər heç cür izsiz keçə bilməzdi. Mən də Səni unuda bilmirdim. Tez-tez yuxularıma girirdin. Çox kədərli, məyus, tənha...
1995-ci ilə qədəm qoyduğumuz gecə Sən zəng vurub, məni təbrik etdin. Bir müddət keçdikdən sonra görüşdük, arada il yarımlıq ayrılıq yoxmuş kimi... Yenə həmin doğmalıq... Sən demə, biz ikimiz də bu gün haqda düşünür, bu günü arzulayırmışıq. Əlbəttə, hər şey başqa cür də ola bilərdi. Ayrılıq öz sözünü deyərdi, bu zaman kəsiyində boşluqlar nələrləsə, kimlərləsə dolardı. O zaman Sən də, mən də ömrümüzün daha bir səhifəsinin oxunduğunu qəbul edərdik. Lakin... Bəlkə də bu ayrılıq sevgimizin zamanın ayrılıq sınağından keçməsi üçün bizə verilən möhlət imiş. Görüşümüzdə sözarası Sənə xaricə getmək üçün sənədlərimi göndərib, cavab gözlədiyimi söylədim. Özlüyümdə isə qərar verdim ki, bu, bizim son görüşümüzdür. Çünki əmin idim ki, qarşıda məni başqa ölkə, yeni həyat, yeni iş yeri gözləyir. Yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır...
Fevralın 23-ü, aхşamüstü. Evdə anam, mən və qızım idik. Mən yatırdım. Anam məni oyadaraq: “Vaqif gəlib, səni çağırır”, – dedi. Yerimdən dik atıldım. Yuxulu-yuxulu, tələsik saçımı düzəldib, otaqdan çıxdım. Sən dəhlizdə dayanmışdın paltoda, yaxan açıq. Bütün görkəmindən həyəcan yağırdı. Məni görən kimi qucaqladın, burnuma içki qoxusu dəydi. Anama: “Qızınız mənim taleyimdir, biz bir yerdə olmalıyıq, mən burdan heç yana getməyəcəyəm”, – dedin. Sonradan həmin axşam bir kişi məclisində olduğunu, anidən gözünə göründüyümü, “ay axmaq, nə edirsən, qız əldən gedir, sənin də qalan ömrün beləcə tək-tənha kişi məclislərində keçəcək” düşünərək, tez oradan çıxıb birbaş bizə gəldiyini dedin.
Sənin bu inadkarlığın anama atamı xatırlatdı. Mən də atamı tez-tez yad edəcəyəm Səninlə birgə yaşadıqda. Atamın dəqiqliyini, əliaçıqlığını görəcəyəm Səndə. Ancaq o gün mən çaşqınlıq içində idim. Dilim tutulmuşdu, ağzımı aça bilmirdim. Sən zəng edib qardaşımı çağırdın. Bizim münasibətimizdən xəbərsiz olan Mobilçün bu elçilik gözlənilməz idi. O, çaşbaş halda gah Sənə, gah mənə baxırdı. Mən isə lal-dinməz oturub bu elçiliyin nəylə qurtaracağını gözləyirdim. Səni tanımaq olmurdu o gün. Hey danışırdın mənim də yerimə, öz yerinə də. Sənin gözlərində gördüklərim birdən ayıltdı məni... “Məhəbbətə yubanmaq olmaz bu yaşda...”
...Ölülərim, dirilərim
dolanır içimdə.
Xatirələr səyriyir gecəmdə,
təkliyimi minib at tək.
Yanır, sönür, ötür ömrüm
Ekspreslər dayanmayan,
Kiçik stansiyalar tək...
Deyirlər, kişi qadının yanına ondan yaxşısını tapmadıqda qayıdır. Qadın kişinin yanına gecəli-gündüzlü onun haqda düşünəndə, unuda bilməyəndə qayıdır. Mənə gəldikdə isə sevdiyim insanın mənim varlığıma böyük ehtiyac duymasını bilməyim vacibdir. Sənin gəlişin həm də bunu deyirdi...
1995-ci il fevral ayının 23-də il yarım ayrılıqdan sonra biz bir yerdə olmaq qərarına gəldik. Martın 8-də nişanımız oldu. Xavər xanım, Aybəniz xanım, qızı Aygün xanım və onun həyat yoldaşı Mehman və Sən bizə gəldiniz. Xonçalarla, şirniyyatlarla, gül-çiçəklə. Anamın hazırladığı ətli pirojkilər, piroqlar, tortlar, xüsusilə də “Napoleon”, qonaqlarımızın çox xoşuna gəldi. Sən mənim barmağıma, mən də Sənin barmağına nişan üzüyü taxdıq. Olduq nişanlı. O gün məni hədsiz sevən nənəmin, atamın yanımda olmadıqlarına çox heyifsiləndim. Sən də atanı xatırladın: “Atam səni görsəydi, çox istəyəcəkdi, səndən farsca bir şeir eşitməyincə də əl çəkməyəcəkdi...”.
Martın 16-da heç kəsə demədən ikimiz Molokan bağının (indiki Xaqani bağı) yaxınlığında yerləşən ZAQS-a getdik. İçəridə adam yox idi. Sən birbaş ZAQS müdirinin yanına keçdin. Sonra məni çağırdın. ZAQS müdiri orta yaşlarında, dolu bədənli bir xanım idi. Səni tanımışdı. Diqqətlə məni nəzərdən keçirdi. Bir-iki sual verdikdən sonra bizi ər-arvad elan etdi. Mendelsonun “Toy marşı” çalınmasa da, özümüz bu marşı zümzümə edə-edə ZAQS-dan çıxdıqda: “Sənə gəlinlik paltarı, fata çox yaraşardı”, – dedin və qolumdan bərk-bərk yapışdın.
Aprel ayının 8-də Aybənizgildə xudmani toy məclisi quruldu bizimçün.
“Ədəbiyyat və incəsənət”
(28.09.2026)


