“O an Şəbnəm olduğumu unutmuşdum, əsas olan bayrağımız və ölkəm idi”- MÜSAHİBƏ Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Bu yaxınlarda Türkiyədə qiraət üzrə keçirilən müsabiqədə öz şeiri ilə III yerə çıxan qiraətçi, sənətşünas Şəbnəm Feyzili çox maraqlı xanımdır. Onun həyat və sənət barədəki düşüncələrinə, fikrimcə, diqqət etmək pis olmaz.

Odur ki “Təqdimat” rubrikamda bu gün sizlərə Nuray Rəşidin Şəbnəm Feyzili ilə müsahibəsini təqdim edirəm.

 

Şəbnəm xanım, öncəliklə sizi sizdən dinləyək. Şəbnəm Feyzili kimdir?

 

Düzdür, bu sualı cavablandırmaq mənim üçün bir az çətindir. Çünki bu barədə demək olar ki, heç danışmamışam. Amma qısaca desəm: mən sənətşünas, Türkiyədə magistratura təhsili alan tələbə və ömrünü şeirə adamış bir qiraətçiyəm.

 

Ötən illərə nəzər salsaq, təhsil və yaradıcılıq yolunuz necə başlanıb?

 

2019-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq ixtisasına qəbul olmuşam və 2023-cü ildə oranı bitirmişəm. Universitet illərindən başlayaraq həm oxumuşam, həm də çalışmışam. Fəaliyyətimə müxbir olaraq başlamışam, daha sonra araşdırmaçı-ssenarist kimi davam etmişəm.

Ən son isə Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan Qaradağ Gənclər Evində Yaradıcılıq Dərnəyinin rəhbəri kimi fəaliyyətə başladım. Orada moda dizaynı istiqamətində tələbələrim var idi. İşimə məsuliyyətlə yanaşdığım və nəticə göstərdiyim üçün qısa müddətdə müdir müavini — bizim sahədə "metodist" olaraq səslənən vəzifəyə yüksəldim. Daha sonra isə Türkiyədə burs qazanaraq qardaş ölkəyə gəldim və hazırda təhsilimi magistratura pilləsində davam etdirirəm.

On üç-on dörd yaşım olandan qiraət ilə məşğulam. Düzdür, o vaxtlar səhnənin nə olduğunu, qiraətin dərinliyini tam dərk etmirdim. Sadəcə olaraq şeiri öyrənir, gedir və çıxış edirdim. O zamanlar bunun mahiyyətini tam anlamırdım ta ki, özümü dərk edənə, şeirin ruhunu və əsl mahiyyətini bilənə qədər...

 

Hər insanın özünü kəşf etmə hekayəsi var. Siz özünüzdə incəsənətə və ədəbiyyata olan marağı ilk dəfə necə hiss etdiniz? Qısaca desək, hər şey necə başladı?

 

Bu sualı cavablandırmaq mənim üçün çox xoşdur, çünki çox xoş anlarım göz önündə canlanır. Bizim sinif rəhbərimiz dil-ədəbiyyat müəllimi - Zibaxanım müəllimə hər zaman şeirləri əzbərləməkdə mənə kömək edirdi. Amma deyim ki, bu sahədə xüsusi bir dərs almışam, yox. Sadəcə şeiri öyrənirdim, gedirdim müəllimimə danışırdım.

Məktəbimizdə dərs keçməyən, bir qurumda çalışan başqa bir müəllim də var idi. Gəlirdi, hər ay uşaqları toplayır, müxtəlif mövzularda müsabiqələr keçirirdi. Heç mən onda, nə yalan deyim, müsabiqənin nə olduğunu, nə etdiyimi, o şeiri niyə o səhnədə dediyimi tam olaraq anlamırdım. İçimdə kimsə ilə mübarizə aparmaq, insanlarla nəyinsə yarışında olmaq hissi yox idi. Sadəcə şeirləri öyrənirdim, gedirdim o səhnədə söyləyirdim. Sonda bir sertifikat qazanıb gəlirdim və bu məni çox sevindirirdi.

Hətta bir dəfə yadıma gəlir, kiminsə sertifikatını vermişdilər ki, boşdur, istəyirsən götür, öz adını yazarsan. Mən o sertifikatı on üç yaşında yırtıb atmışdım ki: “Bu sertifikata mən layiq deyiləm. Mən bu sertifikatı qazanmamışam, ona görə bunu götürə bilmərəm”. Amma digər sertifikatları o qədər əzizləyirdim ki... Bilirdim ki, onlar dəyərli bir işin nəticəsidir.

Bir müddət sonra müsabiqələrdə iştirak etməyə başladım. İlk başda məktəb üzrə üçaylıq müsabiqə keçirildi və orada birinci yeri tutdum. Daha sonra Qaradağ rayonu üzrə birinci yerə layiq görüldüm. Bakı üzrə fərqlənməyə layiq görüldüm və Azərbaycan üzrə keçirilən respublika müsabiqəsində də finalçı oldum. Respublika üzrə cəmi on iki nəfər seçilmişdi ki, onlardan biri də mən idim. Belə-belə, addım-addım daha sonra yolumuz Türkiyəyə qədər uzandı…

 

Bəs, ilk şeiriniz necə yarandı? Xatırlayırsınızmı, o şeiri yazanda hansı duyğuların içində idiniz?

 

Belə deyim, yeddinci sinifdə oxuyanda mənim bir şeir dəftərim var idi. O vaxtlar ancaq vətən, ana, ailə, dostluq mövzusunda şeirlər yazırdım. Özümə qarşı da çox ciddi daxili tələblərim var idi. Məsələn, düşünürdüm ki, məktəbi bitirməyənə qədər sevgi şeirləri yazmayacağam bu, mənim yaşıma uyğun deyil.

Özümə belə daxili qayda-qanunlar qoymuşdum.

Düzü, o şeir dəftərini indi açıb oxuyanda hələ də məndə qəribə hisslər yaradır. Düşünürəm ki, mən bu şeirləri o yaşda necə yazmışam?

Amma o vaxtlar yazdıqlarımı insanlara göstərməyə utanırdım. Çünki mənim prinsipim belə idi: hər hansı bir işi çox yaxşı bacarmalıyam ki, onu insan içərinə çıxarım. O dövrdə şeir yazmaqda özümü o qədər iddialı hiss etmirdim deyə, bu barədə heç vaxt əminliklə danışa bilməmişəm. Amma qiraət mövzusunda, səhnədə şeir söyləmək məsələlərində isə heç vaxt təvazökarlıq etməmişəm.

 

Mən niyəsə düşünürəm ki, qiraət edə bilmək, mahnı oxumaq kimi, insana verilmiş ilahi istedadlardan biridir. Hər insanın səsiylə, ruhuyla alınan məsələ deyil. Siz nə düşünürsünüz? Sizin bu istedadınızı, fərqinizi kim kəşf etdi?

 

Doğrudur. Eynilə mən də sizin kimi düşünürəm. Çünki qiraət necə deyərlər, təkcə oxumaq deyil, az qala mahnı kimi ruhdan gələn bir şeydir. Bunlar mənə görə ilahi bir vergidir. Sonradan bu vergi insana verilə bilər, yəni çox insana nəsib olar. Amma insanın özündə bunu erkən yaşda kəşf etməsi önəmlidir.

Mən demirəm ki, bu, çox nadir hallarda, yalnız bir-iki insanda olur. Xeyr! Bəzi elə istedadlar var ki, insan hətta əlli yaşında olanda belə onu özündə kəşf edir. Mən də dediyim kimi, məktəbdə müəllimlərim sayəsində, ailəmin dəstəyi sayəsində bu istedadı vaxtında kəşf etdim. Amma bununla yanaşı, həm də öz əzmim və inadım sayəsində bu yoldan bir an olsun belə əl çəkmədim.

 

Qiraət sənətində maraqlı bir nüans var. Bəzən şairlər öz şeirlərini səsləndirəndə eyni effekti yarada bilmirlər. Amma sizin həm şeir yazmanız, həm də peşəkar qiraətçi olmağınız bu balansı necə tənzimləyir? Ümumiyyətlə, öz şeirinizi səsləndirmək necə bir hissdir?

 

Təbii ki, elə sənətkarlarımız var ki, sevilir, seçilir. Onlar öz şeirlərini səsləndirəndə insana o qədər xoş gəlir ki... Bilmirəm, bəlkə də onların səsinə, o səsin daşıdığı hüzura öyrəşmişik. Amma ümumilikdə götürəndə düşünürəm ki, bu fikirlə çox adam razılaşar. İnsanlar bəzən öz yazdığı şeiri səsləndirməkdə o qədər də uğurlu olmurlar.

Mən elə bu yaxınlarda da bu barədə düşünürdüm. Demək olar ki, yeni-yeni öz şeirlərimi səsləndirməyə başlamışam. Bəs bu, insanlar tərəfindən necə sevilir? Düşünürəm ki, ilk başda mənim qiraətçi təcrübəm olduğu üçün bu, məndə daha təbii alınır. Amma ümumilikdə, uzun illər boyu şeir yazıb, sonradan onu özü səsləndirən insanların çox nadir hallarda uğurlu olduğunu görürəm.

Açığı, mənə də çox xoş olar ki, mənim yazdığım şeirləri peşəkar qiraətçilər səsləndirsinlər. Bu, insana daha fərqli, daha gözəl hiss bağışlayar.

 

Bu sahədə sözsüz sayısız çıxışlarınız olub desəm yanılmaram. Ona görə bu sualı vermək istəyirəm. Sizin üçün ən unudulmaz səhnə hansı olub?

 

Səhnə... Düzünü desəm, yer aldığım səhnələrin hər biri mənim üçün unudulmazdır. Çünki onların hər birində fərqli həyəcan, böyük məsuliyyət və çox gözəl hisslər keçirmişəm. Mənə görə ümumiyyətlə mənim bütün səhnələrim unudulmaz olub, çünki hər biri mənim sənət yolumun ayrılmaz bir parçasıdır.

 

Bu yaxınlarda bir uğura imza atdınız. Türkiyədə qiraət üzrə III yerə layiq görüldünüz. Bu uğur sizin üçün nə ifadə edir?

 

Bəli, şükürlər olsun ki, belə bir uğur qazandım. Düzü, bir zamanlar evdə oturub məhz bunun xəyalını qururdum. Çünki elə bir şəraitdə düşünürdüm ki, nəinki Türkiyədə, heç Azərbaycanda belə istədiyim təhsili almağım çox çətin olar. Amma Allah elə bir qapı açdı ki, Türkiyədə burs qazanaraq qardaş ölkəyə gəldim və burada gözlədiyimdən də böyük uğurlara imza atdım. Bu, ömrümün sonuna qədər həyatıma təsir edəcək, heç vaxt unutmayacağım anlardan biridir.

Düzdür, içimdə kiçik də olsa bir ümid var idi. Amma Türkiyə kimi böyük bir dövlətdə, güclü rəqabətin olduğu bir yerdə üçüncü yerə layiq görülmək özü belə böyük bir qürurdur. Çünki mən cəmi on aydır ki, Türkiyədəyəm və bu qısa müddətin sonunda belə bir zirvəyə qalxa bilmək mənim üçün unudulmaz bir hissdir.

 

Həmin an səhnəyə çıxarkən ağlınızdan nələr keçirdi?

 

Mən orada sadəcə və sadəcə azərbaycanlı olduğumu düşünürdüm. Çünki insan xaricdə olanda bunu daha dərindən hiss edir. Hər zaman arzulayıram ki, xaricdə olan hər bir vətəndaşımız ilk növbədə özünün azərbaycanlı olduğunu dərk etsin və hərəkətləri ilə bunu layiqincə təmsil etsin. Mən də məhz Azərbaycanı təmsil edirdim. Çəkdiyim xatirə videolarında da qeyd etmişəm: məni ən çox təsirləndirən məhz ölkəmi bu səhnədə tanıtdırmaq oldu. Səhnəyə çıxanda Azərbaycan üçün gələn alqışları eşidəndə keçirdiyim duyğular məni elə həyəcanlandırdı ki... O an hətta orada Şəbnəm olduğumu belə unutmuşdum, mənim üçün əsas olan bayrağımız və ölkəm idi.

 

Bəs bu yarışmaya qatılmaq qərarını necə verdiniz? Qardaş ölkədə bu yolda ilk addımlarınız necə başladı?

 

Azərbaycanda Gənclər və İdman Nazirliyinin nəzdində çalışdığım üçün Türkiyəyə gələn kimi ilk işim Azərbaycanda topladığım təcrübələrlə buradakı Gənclər və İdman Nazirliyinin müvafiq mərkəzlərinə yaxınlaşmaq oldu ki, özümü yenə doğma mühitdə, gənclərin arasında tapım. Məhz onların sayəsində bu yarışmadan xəbərdar oldum və qatıldım.

 

Yarışa qatılarkən yer tutmaqla bağlı hədəf qarşınıza qoymuşdunuz?

 

Tamamilə əylənmək, gözəl vaxt keçirmək üçün qatılmışdım. Heç bir iddiam yox idi. Düşünürdüm ki, gedib gözəl səslər dinləyəcəm, dəyərli insanlar tanıyacam, vəssalam. Hətta nəticə elan olunanda və üçüncü yerə çıxanda necə şok olduğumu, necə inana bilmədiyimi təsəvvür belə edə bilməzsiniz. Özü də bu, mənim üçün tamamilə gözlənilməz və bir o qədər də qürurlu bir sonluq oldu.

 

Sizinlə bağlı mənə maraqlı olan məqamlardan biri də budur ki, o yarışa tanınmış qələm sahiblərinin şeirləri ilə də qatıla bilərdiniz. Siz amma özünüzün müəllifi olduğu şeirlə qatılmağı seçdiniz. Bu iddialı və uğurlu seçim necə formalaşdı? Və həmin şeirinizi seçməyinizin xüsusi səbəbi var idimi?

 

Maraqlısı odur ki, iştirakçılar arasında tək azərbaycanlı mən idim; qalanların hamısı türk qardaşlarımız idi. Düzdür, eyni kökə, eyni dilə sahibik, amma milli kimlik olaraq fərqliyik. Əslində, mən bu yarışmaya son anda qərar verdim. Qərara gəldim ki, öz yazdığım şeiri səsləndirim. Türk dilində yazdığım bu şeiri əslində məqalə üçün hazırlamışdım, dərc olunacaqdı. Dedim sadəcə səsləndirim, görüm türklərin reaksiyası necə olacaq.

 

Maraqlıdır, sizin üçün qiraət zamanı ən vacib olan nədir: düzgün intonasiya, səs, emosiyanı çatdırmaq, yoxsa şeirin ruhunu hiss etmək?

 

Məncə, sadaladığınız bütün meyarlar olmalıdır. Düzgün intonasiya mütləqdir. Səs, həyəcan, vurğu bir sözlə hamısı birlikdə emosiyanı qarşı tərəfə çatdırmağa xidmət etməlidir.

Amma ilk başda şeirin ruhunu məhz qiraətçi özü dərindən hiss etməlidir ki, onu dinləyiciyə də hiss etdirə bilsin. Əgər sən o duyğunu öz içindən süzüb keçirməsən, qarşısındakına həmin o təmiz duyğuları ötürə bilməzsən. Hər şey ilk növbədə o ruhu duymaqdan, hiss etməkdən başlayır.

 

Şeiri sevən, onu duyan biri olduğunuz üçün bu sualı vermək yerinə düşər məncə. Sevdiyiniz şair(lər) kimlərdir?

 

Həm yaradıcılığına görə, həm də yaşadığı çətinliklərə görə repressiya qurbanı olan Mikayıl Müşfiqin həyatı mənə çox təsir edir. Ümumiyyətlə, yazdığı misralar mənə çox təsir edir. O qədər çətinliklər görüb, ağır sınaqlardan keçsə də şeirlərinin çoxusunda həyat sevgisi, eşqin özü o qədər güclü vurğulanır ki...

İnsan düşünüb öz-özünə sual verir ki, indiki dövrdə yaşadığımız xırda çətinliklərdən, balaca problemlərdən ötrü üsyan edərkən, o dövrdə o qədər ağır və dözülməz həyat yaşaya-yaşaya bir insan öz misralarında həyat sevgisini, həyat eşqini necə bu qədər saf, necə bu qədər canlı saxlaya və yaşada bilib? Məncə, Müşfiq fenomeni elə budur- hər şeyə rəğmən işıq saçmaq, qaranlığa qarşı sözlə üsyan etmək.

 

Siz də bir gənc olaraq bu günki gənclərin poeziyaya və qiraət sənətinə marağını necə dəyərləndirərdiniz? Sizi narahat edən məqamlar varmı?

 

İllər keçir, yaş üstünə yaş gəlir, amma ən çox eşitdiyim bu sual heç dəyişmir: “Yorulmadın şeir deməkdən? Nə qədər şeir deyəcəksən?” Daha çox yaşıdlarım deyir bunu: “Bu şeir demək sənə nə qazandırır? Pul yox, para yox...”

Təəssüf ki, pul hal-hazırda hamımız üçün gündəlik ehtiyacdır. Gənclərimizi də düşündürən əsas şey budur ki, əgər bir iş görülürsə, mütləq maddi qazancı olmalıdır. Amma mən tam əksini düşünürəm: insanın mənəviyyatı doymadıqdan, mənəviyyatı tox olmadıqdan sonra maddi qazanc heç vaxt onun həqiqi xoşbəxtliyinə yetə bilməz.

Bəli, məni gənclərdə narahat edən başqa bir məqam da məhz budur. Bəzən sırf trend olsun deyə şeirləri haldan hala salırlar. Çox vaxt görürəm ki, şeirin vurğusunu, hecasını, intonasiyasını, hətta onun o daxili gözəlliyini qorumadan səsləndirib misraların haqqını vermirlər. Bu, doğrudan da insanı üzür. Çox istəyərəm ki, gənclərimiz ədəbiyyata, sənətə və həyatımızda bizə mənəvi dəyər qatan hər şeyə sahib çıxmağı bacarsınlar. Qoy hər şey maddi gözləntilərlə deyil, ruhun zənginliyi ilə ölçülsün.

 

Sizin şeirlərinizdə daha çox hansı mövzulara rast gəlmək olar? Şəbnəm Feyzili özünü hansı mövzuların içində daha rahat ifadə edir?

 

Əslində, mən daha çox səsimə sevgi şeirlərini yaraşdırırdım və düşünürdüm ki, həmin şeirlər məndə daha uğurlu alınır.

Amma bu son uğurdan - "Vətən" şeirim ilə qazandığım o nailiyyətdən sonra anladım ki, yox, başqa mövzular da alınırmış, həm də çox uğurlu ola bilərmiş. Əsas məsələ şeirdə özümü tapmağımdır. Əgər o şeir mənim ürəyimdə hər hansı bir telə toxunursa, deməli, o şeir məndə uğurlu alınacaq deyə inanıram.

Ümumiyyətlə, şeiri səsləndirəndə onu daha çox öz həyatıma deyil, məhz şairin həyatına, onun dünyasına baxaraq oxumağı sevirəm. Çalışıram ki, şairin keçirdiyi hissləri, yazdığı misraların daxili yükünü onun öz istədiyi kimi insanlara, oxuculara ötürə bilim.

 

Və son olaraq... Əgər həyatınızı bir şeir kimi təsəvvür etsəydiniz, onun ilk misrası necə başlayardı?

 

Və əgər həyatımı bir şeirlə təsəvvür etsəydim, məhz Mikayıl Müşfiqin bu misraları ilə başlayardım:

“Mənim könlüm deyir ki, hələ bunlar nədir ki,

Böyük günlər, şanlı günlər, şən günlər,

Yoluna düşən günlər

Hələ qarşımızdadır.”

 

“Ədəbiyyat və incəsənət”

(28.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.