"Mütaliə saatı"nda Nüşabə Babayeva-Vəkilova, “Mən sənin yuxunam” Featured

XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLUYA İTHAF OLUNUR

 

“Ədəbiyyat və incəsənət” portalı  Nüşabə Babayeva-Vəkilovanın həyat yoldaşına – mərhum Xalq şairi, milyonların sevimlisi Vaqif Səmədoğluna ithaf etdiyi “Mən sənin yuxunam” əsərini hissə-hissə təqdim edir.

 

Burada onların tanışlıq səhnəsindən başlayaraq bir ömür qədər uzun görünən dolu-dolu yaşadıqları birgə günlər və əli xəncərli gələn amansız ayrılıq barədə hər şey var.

Əsərdə Vaqif Səmədoğlu ilə yanaşı Nüşabə Babayeva-Vəkilova özü də qəhrəman qismindədir. Onların hər birinin birgə hekayətlərindən başqa, həm də ayrı-ayrılıqdakı hekayətləri də əsərdə dolğun şəkildə yer alıb.

 

1-Cİ DƏRC                                                          

                                                                                 

Nüşabəyə                                                                                                                                                                                                                              

Mən sənin yuxunam,

oyansan, ölləm...                                                                                               

Mən sənin yolunam,    

dayansan,  ölləm...

Özgə yuxusuna

boyansan, ölləm                                   

Tale bizi belə   

dilə gətirdi,

Səninki, mənimki

belə gətirdi... 

            Vaqif  Səmədoğlu

 

Yəqin dünyada ən çətin iş bir insan haqqında kitab yazmaqdır. Sevdiyin, tanıdığın insan haqqında. Şişirtmədən, mübaliğəsiz. Səmimi, doğru kitab. Yadımdadır, hələ 10-15 il qabaq mən Sənin haqda dialoq formasında bir yazı yazmaq fikrinə düşmüşdüm. Sual-cavab. Həyatımın yeganə müsahibəsi olacaqdı. Sevdiyim insanla. Şair, dramaturq, musiqiçi, ictimai xadim Vaqif Səmədoğluyla, ailə başçısı Vaqiflə xanımının söhbəti...                                                                   

Bilirdim, ilk baxışdan cəlbedici görünsə də, çox məsuliyyət tələb edən bir söhbət olacaqdı bu. Suallarımı hazırlayıb, tələsmədən hərdənbir onlara cavab alırdım. Bəzən Sənin dəyişən əhvalını, yorğunluğunu görəndə suallarımı sonraya saxlayırdım.Gec bildim bəzi sualların Səninçün necə “ağır, ağrılı” olduğunu. İndi verdiyin cavabların özü də sual doğurur. Sənsizlik suallarımı günbəgün, aybaay daha da artırır.                                                                   

5 iyun 2016-cı ildə Sənin xatirənə həsr olunmuş gecə üçün müsahibələrini, videolarını seçdim, şeirlərini də əlavə edib, “Xanımının Vaqif Səmədoğluna verdiyi suallar” adında bir film hazırladım. Etmək istədiklərimin çox cüzi hissəsi idi bu iş.

İndi biz Səninlə həyatın başqa-başqa qatlarındayıq. Sənin hansı qatda olduğunu bilmirəm. Bəlkə həm Oradasan, həm də burada. Kim bilir?

Özün demişkən:

Əslində Allah bilir, harda, harda, hardayam...”.                                                                                         

Mən isə buradayam. Yoxluğunla Varlığının arasında. Dünənlə Bu gün arasında. Mən həmişə bu günlə yaşamağa çalışmışam. Şirinli-acılı, bəzən Mezazoy dövrünün qoxusu duyulan xatirələrimi yaddaşımın əlçatmaz bir guşəsində gizlədərək.

Mən yenə bu günlə yaşayıram. Ancaq bir fərqlə. Sənə boyanan dünəni bu gün yaşayıb yaşatmaqla. Vaxt da dünənlə bu gün arasında vurnuxa-vurnuxa adınla addımlayır. Sən demə, Məhəbbət keçmişlə indiki zamanın bir-birinə qovuşduğu yerdə yaşayan qüvvə də ola bilirmiş. Bəlkə elə bu zaman kəsiyində Məhəbbət özünün ən böyük, ən həqiqi ömrünü yaşayır. Bu gün mənə güc verən qüvvə. Yoxluğunun cazibəsi çox güclü imiş. Onun da öz hökmü var imiş. Onun diqtəsidir bunları mənə yazdıran...

Bu dünyada hər şeyin öz çəkisi var. Həyatın, ömrün, insanın, məhəbbətin, xoşbəxtliyin, sözün. Mən həmişə düşünmüşəm ki, elə hisslər var ki, onları ifadə etməkçün söz tapmaq çətindir, bəzən heç mümkün də olmur. Bunları bilə-bilə altından necə çıxacağımı bilmədiyim işə girişirəm – ağlımda dəfələrlə götür-qoy etdiyim Sənli ömrümün kağız üzərinə köçürülməsinə. Ömrümün ən böyük, ən mühüm, ən dəyərli yazısına başlayıram. Yox, Səni ideallaşdırmaq fikrindən uzağam. Bu, Sənin də xoşuna gəlməzdi. Çalışacam, yazdıqlarım bəzək-düzəksiz olsun. Ancaq nə etmək, olan nəsnələri də Sən yaddaşımdan silib apardın.

Belə də olmalı idi.

Sənin Böyüklüyün qarşısında onlar heçə endi. Yazacaqlarımın hamısı Sənə olan Minnətdarlıq-etiraf olacaq.                                                                                                                                                                                                                             

Vaqif, Qaquş, mən çox xoşbəxt qadınam. Xoşbəxtəm ki, Tale dediyimiz Təsadüf Sənin həyatında məni seçdi. Birgə yaşadığımız ilk gündən mən bu seçimə layiq olduğumu sübut etməyə çalışdım. Mən Səninlə sanki yenidən doğuldum. Yaşadığımız o günlər üçün mən Taleyimizə minnətdaram. Tanrıya minnətdaram mənə verilən bu Missiya üçün...                                   

Dünyanın bir məmləkətində, məmləkətin bir şəhərində, şəhərin müхtəlif məhəllələrində gözəl, ağıllı bir qız və yaraşıqlı, igid bir oğlan yaşayırdı. İllərin bir ayında, ayın bir günündə onlar görüşdülər, sevdilər bir-birlərini, evləndilər və uzun illər şad, firavan ömür sürdülər. Bir yerdə qocaldılar və bir gündə, bir saatda da öldülər...

Uşaqlıqdan belə nağıllar eşidib, eşitdiyini öz həyatında yaşamağı arzulayanlardan biri də mən olmuşam. O nağılların içində nağıllaşmışam. Əsas qəhrəmanın öz sevgisinə çatmaq üçün yaşadığı iztirablara, əzab-əziyyətlərə, sevgilisinə qovuşmaq sevincinə mən də qatılmışam. Leyli və Məcnunun, Pedro və İneşin nakam məhəbbətini öz ağrım kimi yaşayıb, göz yaşı tökmüşəm. İçimdə yaratdığım sevgi dünyasını öz həyatımda yaşamaq istəmişəm. İnanmışam ki, bunun üçün mütləq sevib-sevilmək lazımdır. Sevirsənsə, deməli, yaşayırsan, sən varsan. Хoşbəхtlik də məhz bundadır. Sevgi və həyat eyni məna daşıyıb həmişə mənimçün.

Heç vaхt sevgi aхtarışında olmamışam. Ancaq inanmışam ki, əgər insanın içi təmənnasız hisslərlə doludursa, məhəbbət özü onu tapacaq. Və onun varlığı, gerçəkliyi qarşındakını da silkələyəcək, inandıracaq bu məhəbbətin gücünə, ecazkarlığına. Sevilməyi hər insan arzulayır, sevməyi hər kəs bacarmasa da. Sevirsənsə, başdan-ayağa onun hökmranlığında olmalısan. Sevəndə elə sevməlisən ki, sanki həyatının ilk və son məhəbbətini yaşayırsan…

Hər yaşın öz taleyi var. Mən də ilk gənclik illərimin ömrünü yaşadım arzularımla, romantik хəyallarımla. Uydurduğum nağılda yaşamaq istədim. Ancaq reallıq çoх sərt və dumanlı oldu. İnanıb sığınmaq istədiyim nağılım uğursuz sonluqla bitdi. Ümidlər qırıldı, çaşqın qaldım həyat qarşısında…

 

...Bu yollara çıxıb indi,

Hara dönəsən biryolluq?

Döngələri didilibdir,

Ayrıcları yoluq-yoluq.

Bir bahardır dizi üstə

Düşüb göz yaşını tökür,

Əlacsız nağılların da

Dərdini uşaqlıq çəkir...

 

Xoşbəxtlikdən arxamda valideynlərim, yanımda qızım var idi. Həm şəxsi həyatda, həm də çalışdığın sahədə uğursuzluqlar zəncir kimi bir-birinin ardınca uzananda, hökm sürən usandırıcı həyatın ucu-bucağı görünməyəndə və ömrünün sonuna kimi heç vaxt heç nəyin dəyişməyəcəyini fikirləşəndə, dəhşət bürüyür səni. Hey vurnuxur, baş götürüb qaçmaq, qaçmaq istəyirsən...

 

...Burdan da bir çıxış yolu var,

  dünya burdan böyük,

 Allah burdakı insanlardan

 qüvvətlidir axı!  

 

Məhz belə bir vəziyyətimdə gözlənilmədən xaricdə işləmək imkanı yarandı. Mən ASSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsində çalışırdım. Sənin əmin Mehdixan Vəkilovun oğlu Cavanşir Vəkilovla bir şöbədə. Kənardan sakit görünən, inamsız adam təsiri bağışlayan Cavanşir çox diribaş idi. Gözündən heç nə qaçmazdı. İnsanlara düzgün qiymət verməyi bacarır, yeri gələndə sözünü deyir, nifrətini də gizlətmirdi. Özünə aid olan sualları həvəssiz, qısa cavablardırar, ətrafında baş verən hər bir işin içində olmaq üçün çoxlu suallar verərdi. Zarafatından da qalmazdı. Şöbənin qadınları onun xətrini çox istəyir, onunla məsləhətləşərdilər. Mənim Cavanşirlə münasibətim səmimi, etibarlı, həm də ərkyana idi. Tez-tez dərdləşərdik. 

1984-cü ilin, dəqiq yadımda deyil, ya yayı idi, ya da sentyabr ayı. Cavanşirin yanına kurs yoldaşı Qabil gəlmişdi. Əfqanıstandan qayıtmışdı. Oradakı vəziyyətdən danışırdı. Mən ora getməyin nə dərəcədə mümkün olub-olmamasıyla maraqlandım. Qabil “Mossovet”ə (özü də bu xətlə  Əfqanıstana getmişdi) zəng edib, dəqiqləşdirəcəyini söylədi. Mənim vəziyyətimi bilən Cavanşir də ondan bu işdə imkan dairəsində köməklik göstərməsini xahiş etdi. İki gün sonra Qabil gəldi. Moskvayla danışdığını, gələn ilin yay ayı üçün Kabildə “Ana və uşaq” mərkəzində tərcüməçi yerinin boşalacağını söylədi. “Mossovet”də bu işə Nazimov baxdığına görə, onunla əlaqə saxlamaqçün telefonunu verdi. Düzü, bu məsələnin belə tez və asanlıqla düzələcəyini gözləmirdim. Tərəddüd etməyə başladım. Cavanşir bunu hiss edirmiş kimi, məni ruhlandırdı: “Fikrə getmək vaxtı deyil, bu fürsəti əldən vermə, getməyin məsləhətdir...”.

Götür-qoy etdikcə fikrim qətiləşirdi; bu, mənimçün çıxış yolu ola bilərdi. Özümü inandırırdım ki, Kabil səfəri həyatıma yenilik gətirəcək, valideynlərimdən asılı olmamaq, iqtisadi müstəqillik əldə etmək, özümü sınamaq imkanı verəcək mənə.

Sovet dövründə xaricə işləməyə gedənlərin süzgəcdən keçirildiyi heç kəsə sirr deyil. Baxmayaraq ki, müharibə şəraitində olan ölkəyə gedirdim, qarşıda məni müəyyən mərhələləri keçərkən qısqanc baxışlı bəzi komissiya üzvlərinin mane olmaq cəhdləri gözləyirdi. Onlarla yerli-yersiz sual üstümə yağdırılacaq, Türkiyədə yaşayan qohumlar yada salınacaqdı.

Belə yoxlamaların birində komissiya üzvlərindən biri soruşdu:

– Bu gənc xanım hara gedir ki?

Kimsə dedi:

– Əfqanıstana.

– Mən elə bildim Fransaya, İngiltərəyə gedir. Müharibənin içinə gedən bu gənc xanıma ürək-dirək vermək yerinə, niyə onu incidirsiniz? 

Bir sözlə, atamın tanışları işə qarışmasaydı, kim bilir, bəlkə də bu səfər heç baş tutmayacaqdı. Çoxları mənim bu macəra axtarışımı xoş qarşılamadı. Qohum-qonşu, dost-tanış başa düşə bilmirdi ki, maddi cəhətdən ehtiyacım olmadığı halda məni müharibə şəraitində olan ölkəyə getməyə nə vadar edir. Hamıya qərarımı başa salmaq iqtidarında deyildim. Mənimçün əsas olan valideynlərimin fikri idi. Getmək niyyətim onların ürəyincə olmasa da, nə “hə” dedilər, nə “yox”. Başa düşməyə çalışdılar. Balaca qızımı isə aldatdım, Moskvaya, bir aylıq elmi ezamiyyətə getdiyimi dedim. Ona yalan dediyim üçün özümü böyük qəbahət sahibi sayır, üzünə baxa bilmirdim.    

Getmək vaxtı yaxınlaşdıqca mənə edilən gözlənilən-gözlənilməz sevgi etirafları da çoxalırdı. Qohumlar, dost-tanış saydığım adamlar elə bil məni gedər-gəlməzə yola salırmış, daha məni görmək imkanları olmayacaqmış kimi öz sevgilərini izhar etməyə can atırdılar. Bu etiraflar mənə cansıxıcı gəldiyi qədər də məzəli görünürdü. Mənim bircə istəyim tezliklə Bakıdan uzaqlaşmaq, bütün varlığımla can atdığım yeni həyata başlamaq idi - ilk dəfə tək yaşayacağım, tanımadığım yerdə, yad insanlar arasında yaşayacağım həyata. Bu qeyri-müəyyənlik cəlb etdiyi qədər də həyəcanlandırırdı məni. Əlbəttə, hər şey düşündüyüm kimi alınmaya da bilərdi. Kabildə uçduğumuz təyyarə vurula bilərdi, yaşadığım binanın önündən uçan raket qonşu evə yox, bizim binaya düşə bilərdi, Kabilin ucqar, dağlıq rayonunda yerləşən uşaq bağçalarına gedərkən maşınımız atəşə tutula bilərdi (sürücümüz deyirdi ki, sizə qədər heç kəs bu yerlərə gəlməmişdi). Yəni belə təhlükə ehtimalları vardı. Ancaq mən yalnız yaşamaq haqda düşünür və inanırdım ki,  mütləq sağ-salamat evə dönəcəyəm.  

Deyirdin: “Yaz Əfqanıstan xatirələrini...”

Tam da olmasa, müəyyən anları yazacağam...

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)                                                                                                    

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.