“Qiraət saatı”nda Aysel Fikrətdən kiçik etüdləri Featured

Ülviyyə Əbülfəzqızı,

“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi

 

Salam, "Ədəbiyyat və İncəsənət" portalının sevimli izləyiciləri, xoş gördük. Bu dəfə Qiraət saatı rubrikamda poeziya ilə deyil, nəsr ilə Sizə qonaq gəlmişik.

Beləliklə, Aysel Fikrətdən kiçik etüdləri ilə tanış olun.

 

 

YAD

 

Əvvəlcə bir yada rast gəlirsən.

İllərlə o jadı doğma etmək dəlilik.

İnsan gərək əvvəldən öz doğmasını tapa.

Bu yad elə yadlığıyla sənə doğma gəlir.

Başqa adı yox, yad doğma.

Sonra görürsən ətrafın bir sürü tanımadığın insanla doludu,

Hamı yaddı sənə....

Əvvəl bir yada rast gəlirsən,

Sonra o arxasıyca bir sürü sənə yad insanı gətirir.

Ömrünü yadlar içində başa vurursan.

Özün də beləcə yadlaşırsan...

Yalnız bütün bunlardan əvvəl bir yada rast gəlirsən, unutma.

 

 

UÇAN XALÇA

 

Doqquz yaşım olardı məktəbdən evə həmişə ürəyimdə bir ümidlə qaçırdım. Bəlkə bir qonaq gələr.

Evin ən kiçik uşağı olmaq içimdə daima darıxan birinin olduğunu yadıma salırdı. Pillələri dörd-dörd çıxırdım. Bir otaqlı evimizdə çox əşya olmazdı. Atam müəllim, anamsa evdar qadın idi. Anam həmişə mətbəxdə zümzümə edir, nəsə hazırlardı. Anam üçün əsas odur ki, axşamlar üçümüz də onun qurduğu süfrədə oturaq.bu ki gözəldi. Atamın gəlişi bayram olurdu. Amma yemək yedikdən sonra anam ev işi, atam yazı masasının başına  keçirdi, mən isə bomboş otaqda qırıq qollu gəlinciyimlə tək qalırdım.

Bir az özümdən nağıllar uydurub yatırdım.

İndi bilmirəm bu uşaqlıq illərinə gözəl demək olarmı, ya yox baxır ömür yollarında başına nə gəlir.

Yalnız bu boz və eyni zamanda ürəyimin ümidli və işıqlı vaxtlarından sizə kiçik bir əhvalat danışmaq istəyirəm.

Uşaqlıqdan uçan xalçaya inanırdım. Bizim bir köhnə xalçamız var idi. Onun üstündə oturub gözlərimi möhkəm yumurdum. Sanki buludlar ayaqlarımın altında əriyirdi, özümü dünyanı aşıb duyğulardan uzaqda hiss edirdim. Bunu yalnız mən bacarırdım.

Bir gün yenə dərsdən evə gəldim. Soyuq, bumbuz otağıma girəndə birdən-birə gözlərimə inanmadım. Otaq boyu dünyanın bütün rənglərini özündə birləşdirən xalça vardı. Yox, bu xalça deyildi sehrli rənglərin şöləsi idi. bütün otağımı tutmuşdu. Gün işığı otağa düşdüyündən rənglər divarlarda bərq vururdu. Nəfəsimə sığmayan xoşbəxtlik hissi məni bürümüşdü. Yan otaqdan anamın nəfəsini duyurdum, amma bu möcüzənin bitməyini istəmirdim.

Xəyallardan ayrılmaq istəmirdim. Otaqdan qaçıb anamı möhkəm qucaqladım. “Çox sağ ol” deməyi bilmirdim onda, amma anamın mənim özümə də deməyə qıymadığım sevgimi duyması məni uçururdu. Ürəyim sinəmə sığmırdı. Bir az keçdi, otağa dönəndə anam yerdən xalçanı yığırdı. Onu iri bir bağlama halına gətirib qucağına götürüb otaqdan çıxdı.

Sonra küçə qapısını açıb getdi. Bir müddət sonra qayıtdı, mətbəxə keçdi. Bütün bu vaxtı dəhlizdə kandarda oturub olanları sakitcə izləyirdim.

Uçan xalçalara inanmışdım onda. Mütləq bir xilaskar xalça məni arzularımın qanadında harasa çox uzaqlarda, yalnız gözəlliklərin olduğu bir dünyaya çəkib aparacaqdı.

İndi buradan baxınca, o çağlara boylananda anamın özgə evi üçün yuyub təmizlədiyi xalçanın heç zaman uça bilməməsi məni daha incitmirdi.

Qayıdım həmin günə. O gün axşam da yemək yemədim. Həyətə qaçdım. Var gücümlə qaçıb hamıdan uzaqlaşmaq istədim. Elə bilirdim ki, mənim indi bildiyim acı həqiqəti həyətimizdə bütün uşaqlar bilir.

Dərk edib anlayanda ki, anam qonşu evi üçün xalça yuyur, ev təmizləyir, həyətə düşüb uşaqlara tərəf qaçmadım. Tək-tənha ağacların ardında gizləndim. Uzaqdan işdən gələn atamı görəndə tutuldum. İlk dəfə idi onu görüb üstünə qaçıb sarılmaq istəmədim. Bu gün o, hər dəfəsindən daha yorğun, daha beli bükülmüş görünürdü.

Məhəlləmizdəki uşaqların mənim üstümdə baxışlarına kinim bir az da böyüyürdü.

Mən sonralar bütün bu ağrıları dəyişə bildim. Yalnız həmin gün ilk dəfə olaraq mən böyüdüyümü hiss etmişdim. İnsan xəyallarını itirə-itirə yaşa dolurmuş.

Mən həmin gün xalçaların uçmadığına əmin oldum. Böyüdüm.

Bəs sən nə zaman böyüdün?

Mənə öz hekayəni danış…

 

 

YANIQ QOXUSU

 

Əlində tutduğun məktublar. Mənim bir zamanlar sənə göndərdiyim ağrılarım idi. Qovrulub içimdə acı çəkməkdən yorulub sözlər uydururdum. Bu sözlərdə səni o qədər öyərdim ki, o qədər varlığından çox böyüdərdim ki, özünü belə tanımazdın. Halbuki, sən də hamı kimi qorxaq, anlamsız həyatda günü-günə satan, bu gününü sabaha güclə ötürən min insandan biri idin. Gözlərin dərin dənizi xatırladırdı. İnsan sevincə necə gözəl olurmuş. Bu gün əlində tutduğun sarı məktubun işığında, gözlərində sevgi yaranmışdı. Ünvanını bilmədiyin izaha gəlməyən acıyla birgə. Fikrini toplayıb üzünü yadıma salmağa başladın. Elə bu vaxt, qonşu otaqdan balaca toppuş ayaqlarını yerə möhkəm vura-vura qaçan nəvən göründü. Əlindən sarı kağız yığınını alıb qaçdı. Nə qədər qaçdınsa da, çata bilmədin. Ona çatdıqda, Sobaya atdığı məktubları seyr edib gülümsünürdü. Bir məktubun yanmağı nədir ki?! Sən unudulmağın dadını çıxart. Məktublarım yandıqca yaddaşıma nəsə olur. Hər dəfə yadıma salıb dönə-dönə qayıtdığım üzünü, yavaş-yavaş yaddaşımdan silirəm. Ən son gözlərini unuduram. İlk gözlərini sevmişdim deyə. Sən demə unutmaq böyük bir azadlıqdır. Susqun, xəfif yanıq qoxulu səma ürəyimə rahatlıq gətirir. Nə gözəl imiş, səni unutmaq.

Səhər açılır, əynini geyinib evdən çıxırsan. Dünyanı, mənsiz duyduğun ilk günündü. Əlini cibinə atıb, bir məktubluq canın var idi deyirsən. O da yandı kül oldu.

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.