Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Qənirə xanım haqqında danışarkən gözlərimin önünə Şərqin ilk diplomat qadını Sara xatun gəlir. Həm ana-qadın kimi uzaqgörən, mərhəmətli xanım, həm də diplomat kimi tədbirli siyasi xadim.
Bir də Qənirə xanım haqqında danışarkən onun dilindən eşitdiyim cümlələr qulağımda eşidilir: " Mən yıxıldımsa, kiminsə əlimdən tutmağını gözləmirəm, bir əlimlə o biri əlimə dəstək olub ayağa qalxıram".
Bu cümlə həyatım boyu büdrəyib yıxıldığım anlarda həmişə qulağımda səslənib və mən də bir xanım kimi zəriflik və gücün vəhdətini çiynimdə daşıyaraq ayağa qalxmışam.
Qənirə xanımın siyasi fəaliyyəti haqqında çox danışmaq olar, xalqın sevgisini hər kəs qazana bilmir, amma Qənirə xanımı hər kəs sevirdi, hər kəsin qəlbində indi də sevgi ilə anılır. Lakin mən, Ülviyyə Əbülfəzqızı yazar olaraq onun poeziyasındakı ruh haqqında danışmaq istərdim. Onun ürəklərdə qalan "Ana" şeiri oxunan zaman ürəklər, ruh titrəyir.
Ən çətin anlarımızda dilimizdə “Allah" "Ay ana" ifadələri səslənir.
Qənirə xanım da öz daxilindəki duyğularını anasına müraciət edərək bildirir.
Şeirdə qadın olmağın bədəlinin çox ağır olduğunu çatdırır. Yaş artdıqca qadın çiynindəki yüklərin də çəkisi sanki artır.
Lakin buna baxmayaraq əsl Azərbaycan xanımı kimi yüklər artdıqca gücünün də paralel olaraq artdığı vurğulanıb:
"Başım dimdik gəzməyi, yıxılmamağı öyrəndim, ana"!
Bəli, çox təəssüf ki, qadınlar bəzən cəmiyyət önündə Günəş təbəssümü ilə gülümsəyir, lakin daxilində qara buludlar üsyan edir:
Yalandan gülməyi elə öyrəndim ki, Gülməyin əslini unutdum...
Anaların nağıllarının sonu həyatımızdakı gerçəklərlə üst-üstə düşmür, real həyat nağıla bənzəmir, şər qüvvələr də qalib gəlir. Qənirə xanım bütün ağrı çəkən xanımların obrazını ümumiləşdirərək söyləyir:
Məni ağrılar böyütdü,
Daha güclü oldum, ana!
Qənirə xanımın kədərində atılmış körpələrin göz yaşı, yurdundan didərgin düşmüşlərin həsrəti, bəxtindən küsənlərin fəryadı da yer almışdır. Onun həssas qadın ürəyində bütün ağrılardan pay var.
Şeirdə Tomris, Janna, Nüşabə kimi cəsarətli, güclü qadın obrazları da xatırlanmışdır. Bununla da qadının zəriflik və güc simvolunu çiyinlərində daşımasını bir daha sübuta yetirir.
Şeirin sonunda Qənirə xanımın ruhunda "Ümid Günəşi" parıldayır, o həyatın xoşbəxt sonluqla bitən nağıllara bənzəməsinə ümid edir.
Bu da onun güclü və nikbin ruha sahib olmasını bildirir.
Qənirə xanım digər fəaliyyəti ilə yanaşı Ədəbiyyatımızda da öz üslubi ilə yaddaşımızda qalacaq.
Daimyaşar olmaq hər kəsin istədiyi bir arzudur, amma hər kəsin qismətində bu yazılmır. Qənirə xanım xalqının sevimli qızı kimi həmişə sevgi ilə anılacaq, qəlblərdə yaşayıb yaddaşlarda iz salacaq!
“Ədəbiyyat və incəsənət”
(21.09.2026)


